Məhkəmə qərarları › İş №2-1(112)-5041/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5041/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5041/2020 07.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti) “birdəfəlik ödəmənin verilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmək və X7 Nazirliyinin ona verdiyi cavabın qanunsuz hesab edilməsi, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması, cavabdehdən ona vurulmuş mənəvi ziyana görə 4000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 127 saylı qərarına əsasən, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COV1D-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi müəyyən edilmişdir. Həmin qərara əsasən şərtlər və qaydalar müəyyən edilmişdir.Bundan sonra o, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində aylıq birdəfəlik ödəmənin alınması məqsədi ilə işsiz kimi qeydiyyata düşmüşdür. Bir müddətdən sonra ona SMS vasitəsi ilə cavab verərək bildirilmişdir ki, «əmək müqaviləsi aşkarlandığı üçün 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir». Elektron sistemdə onun əmək müqaviləsi göstərilsə də, o, işləmir, işsizdir, əvvəl işlədiyi yerdə işəgötürən tərəfindən əmək müqaviləsi elektron informasiya sistemindən silinməmişdir. O, 2014-cü ildən 2017-ci ilədək və 2017-ci ildən xx.xx.2019-cu ilədək ayrı-ayrı fərdi sahibkarla əmək müqaviləsi əsasında işləmişdir, həmin tarixdən isə işləmir, işsizdir. Cavabdeh isə onu işəgötürənin əmək müqaviləsini elektron informasiya sisteminə daxil edib-etməməsi vəzifəsini yerinə yetirməsindən asılı vəziyyətə salır. Bununla bağlı onun təqsiri yoxdur. O, işsizdir və hesab edir ki, həmin ödəmə ona da verilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və X6, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin Mərkəzləşdirilmiş sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) aylıq birdıfəlik ödəmənin alınması məqsədilə işsiz kimi qeydiyyata düşdüyünü bildirmiş və bununla da məhkəməyə yalan məlumat vermişdir. Çünki “Məşğulluq haqqıda” qanunun 5.12-ci maddəsində məşğul şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir. İddiaçının həmin vaxtı “Əmək müqaviləsi bildirişi” altsistemində xxxxxxx000200 nömrəli xx xxxxxxx 2014-cu ildə bağlanmış və hazırda aktiv (müddətsiz) əmək müqaviləsi vardır. Beləliklə, iddiaçı “Məşğulluq haqqıda” qanunun 5.12ci maddəsinə əsasən işsiz kimi qeydiyyata alınmamış və bununla da 190 manat (aprel və may ayları üçün) birdəfəlik ödəməni almaq hüququ yaranmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçı Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin Mərkəzləşdirilmiş sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) işsiz kimi qeydiyyatda olmamışdır. İddiaçı müraciət edən zaman onun adına əmək müqaviləsi olmuşdur. İddiaçının adına əmək müqaviləsi aşkarlandığı üçün işsiz kimi qeydiyyata alınmasından imtina edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********6 saylı məktubda qeyd edilir: X5 tərəfindən hüquqlarınızın pozulması barədə müraciətinizə Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində baxılmışdır. Müraciətdə qeyd olunan məsələlərə münasibət bildirilməsi və qanunverilicikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı fiziki şəxsin ünvanına tərəfimizdən rəsmi məktub göndərilmiş, lakin bugünədək məktuba cavab verilməmişdir. Eyni zamanda məlum edirik ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra huquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2014-cü ıl tarixli, № 183 qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildiririk kı, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə və ya etibarsız olunması üçün məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan yoxlamaların avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı əmək müqaviləsi vardır – işə götürən X5, iş yeri – əsas iş yeri, əmək müqaviləsinin müddəti – müddətsiz, müqavilənin bitmə tarixi – xx.xx.2014-cü il, müqavilənin statusu – qüvvədədir. İş materiallarında olan E-SOSİAL.AZ ünvanından İddiaçı göndərilmiş SMS-in surətindən görünür ki, onun adına əmək müqaviləsi aşkarlandığı üçün işsiz kimi qeydiyyata alınmasından imtina edilmişdir. Eyni zamanda İddiaçı göndərilmiş SMS-in surətindən görünür ki, adına əmək müqaviləsi olduğuna görə birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir; 5.12-ci maddəsinə əsasən aşağıdakı şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir: 5.12.1. bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxslərə aid edilənlər; 5.12.2. 15 yaşına çatmayanlar; 5.12.3. təhsil müəssisəsində əyani təhsil alanlar; 5.12.4. “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər; 5.12.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində və 75-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində göstərilən, habelə işsiz və işaxtaran şəxslərin haqqı ödənilən ictimai işlər ilə bağlı əmək münasibətlərinə xitam verildiyi hallar istisna olmaqla, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər, 6 (altı) ay müddətində. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın: 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3-ci bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4-ci bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində aylıq birdəfəlik ödəmənin alınması məqsədi ilə işsiz kimi qeydiyyata düşdüyünü qeyd etsə də, iddiaçının adına əmək müqaviləsi vardır, əmək müqaviləsinə əsasən iş yeri əsas iş yeridir, əmək müqaviləsi xx.xx.2014-cü ildə bağlanılmışdır və əmək müqaviləsi müddətsiz bağlanılmışdır, hazırda qüvvədədir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda deyildir, adına olan əmək müqaviləsi qüvvədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın tələblərindən də göründüyü kimi, birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq 2020-ci il 1 aprel tarixinə Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə qeyd olunan “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir. İş materiallarından da görünür ki, iddiaçı birdəfəlik ödəmənin alınması üçün müraciət etdiyi dövrdə adına əmək müqaviləsi olmuş və bu səbəbdən o, qeyd olunan “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmamışdır və ona görə də ona birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən iddia tələbi imtinanın qanunsuz hesab edilməsi və birdəfəlik ödəmənin verilməsi hissəsələrində əsassız hesab edilməli və təmin edilməməlidir. Eyni zamanda məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti) “birdəfəlik ödəmənin verilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar