Məhkəmə qərarları › İş №2-1(112)-5041/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5041/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5041/2022 01.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 1000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair reyestrdən çıxarışın və planölçünün verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 1000 kv.m torpaq sahəsi 09 noyabr 1999-cu il tarixli, 07 nömrəli əmrlə Abşeron Rayon İcra Hakimiyyətinin 236 nömrəli sərəncamı əsasında fərdi ev tikintisi üçün iddiaçıya ayrılmışdır. Lakin həmin ünvanda yerləşən 1000 kv.m torpaq sahəsi uzun müddətdir ki, iddiaçının faktiki mülkiyyətində olsa da, lakin həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Sözügedən torpaq sahəsi uzun müddətdir ki, mübahisəsiz olaraq iddiaçı tərəfindən təyinatı üzrə istifadə edilir və torpaq vergisi onun tərəfindən ödənilməkdədir. Hal-hazırda faktiki olaraq iddiaçı mülkiyyətində olan 1000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasını istəyir. Bu səbəbdən də uzun müddətdən bəridir ki, mübahisəsiz olaraq iddiaçının faktiki mülkiyyətində olan 1000 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair yeni reyestrdən çıxarışın və plan-ölçünün verilməsi ilə bağlı qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlərlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə onun tərəfindən xx.xx.2021-ci il tarixdə müraciət olunmuş, lakin cavabdeh inzibati orqan qanunsuz olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqanın ********** nömrəli və xx.xx.2021-ci il tarixli imtina məktubunda imtina səbəbi kimi “yerləşmə cizgisinin həqiqiliyinə dair qeydiyyat orqanının ciddi şübhəsi olduğu üçün aidiyyəti üzrə Abşeron Rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq göndərilmiş 6X/1751 nömrəli, xx.xx.2021-ci il tarixdə məktubda bildirilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyətində adıçəkilən yerləşmə çizgisi barədə məlumat olmadığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədləri hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır və “Daşınmaz əmlakın dövlət reyesteri haqqında” Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edildiyi” qeyd edilmişdir. Cavabdehin imtinası qanunsuzdur və cavabdeh inzibati orqan hüquqlarını pozmaqla əsassız olaraq onun müraciətini təmin etməmişdir və nəticədə onun Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə təsbit edilən mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, yerləşmə cizgisinin həqiqiliyinə dair qeydiyyat orqanının ciddi şübhəsi olduğu üçün aidiyyəti üzrə Abşeron Rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq göndərilmiş 6/X/1751 nömrəli, xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyətində adıçəkilən yerləşmə cizgisi barədə heç bir məlumat yoxdur. Həmçinin müvafiq torpaq sahəsinə digər fiziki şəxs X3 İdarəyə müraciəti daxil olmuşdur. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********66 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən qeydiyyat orqanında təqdim edilmiş hər hansı sənədlə bağlı onun həqiqiliyinə dair şübhəsi olduqda müvafiq icra hakimiyyəti orqanlarına sorğu göndərmək hüququna malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 1 nömrəli Zeytun sovxozunun 09 noyabr 1999-cu il tarixli 07 nömrəli əmrinə əsasən Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 236 nömrəli sərəncamına əsasən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən sovxoza məxsus ərazidə fərdi ev tikmək üçün aşağıdakıların hər birinə 1000 kv.m torpaq sahəsi ayrılsın: İddiaçı. Əsas: Sovxoz həmkarlar təşkilatının 05 nömrəli 09 noyabr 1999cu il tarixli protokolu. İş materiallarına əlavə edilmiş 1 nömrəli Zeytun sovxozunun möhürü ilə təsdiq edilmiş akta əsasən 1 nömrəli Zeytun Sovxozunun həmkarlar təşkilatının sədri Bayramov B.Ə, Sovxozun baş aqronomu Babayev B.A, Sovxozun evlər müdiri Qarayev B.C iştirakları ilə Abşeron Rayon İHB-nin 236 saylı 04 iyul 1996-cı il tarixli sərəncamına əsasən sovxoz həmkarlar təşkilatının 05 nömrəli xx.xx.1999-cu il tarixli əmrinə əsasən vətəndaş İddiaçı ayrılmış torpaq sahəsini ölçüb sərhədinə taxta nişangah qoyulduqdan sonra vətəndaş İddiaçı təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri-baş memar tərəfindən Abşeron rayonu 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən İddiaçı ayrılmış torpaq sahəsinin situasiya planında ayrılmış 0,10 ha torpaq sahəsinin yerləşmə koordinatları göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********69 nömrəli məktubu ilə göndərilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilmişdir ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 1000.0 kv.m, faktiki isə 1020.0 kv.m sahəni əhatə edir. Torpaq sahəsi dörd tərəfdən mişar daşla hasarlanıb. Torpaq sahəsində 4 ədəd bir mərtəbəli yaşayış evi və həyət tikilisi mövcuddur. Məhkəmənin sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 1/692 nömrəli məktubunda bildirilmişdir ki, sorğuda rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri tərəfindən Abşeron rayonu 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən İddiaçı ayrılmış torpaq sahəsinin situasiya planı, yerləşmə xəritəsi və torpaq sahəsinin koordinatlarının müəyyən edilməsinə əsas olmuş sənədlərin təqdim olunması xahiş olunur. Bildirilir ki, sorğuda qeyd olunan texniki sənədlər rayon İcra Hakimiyyətində saxlanılmadığından müraciətin təmin olunması mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyəti Abçeron Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, H182 nömrəli məktubunda bildirilmişdir ki, 1 nömrəli Zeytun sovxozunun 09 noyabr 1999-cu il tarixli 07 saylı əmri ilə vətəndaşlara torpaq sahəsi ayrılmışdır və adlı siyahı tərtib edilmişdir. Vətəndaş İddiaçı adı bu siyahıya daxil edilmişdir. Həmin məktuba 1 nömrəli Zeytun sovxozunun 09 noyabr 1999-cu il tarixli 07 nömrəli əmrinin olduğu əmrlər kitabından çıxarış əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş X3 məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində Bakı şəhri, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin qardaşı İddiaçı adına özəlləşdirilməsinə və reyestrdən çıxarış verilməsinə etiraz etmədiyini bildirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, **********66 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, yerləşmə cizgisinin həqiqiliyinə dair qeydiyyat orqanının ciddi şübhəsi olduğu üçün aidiyyəti üzrə Abşeron Rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq göndərilmiş 6/X/1751 nömrəli, xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyətində adıçəkilən yerləşmə cizgisi barədə heç bir məlumat yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı ona 1 nömrəli Zeytun sovxozunun 09 noyabr 1999-cu il tarixli 07 nömrəli əmri ilə ona 1000 kv.m ölçüdə torpaq sahəsinin ayrıldığını əsas götürərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin yerləşmə cizgisi barədə Abşeron Rayon İcra Hakimiyyətində heç bir məlumatın olmadığına istinad edərək müraciətin təminindən imtina etmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının qanunsuz olmasını iddia edərək sözügedən torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3, 4, 5-ci bəndlərinə əsasən əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən 2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir. Hazırkı iş üzrə 1000 kv.m torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 04 iyul 1996-cı il tarixli 236 nömrəli sərəncamına əsasında 1 nömrəli Zeytun sovxozunun 09 noyabr 1999-cu il tarixli 07 nömrəli əmrinə əsasən İddiaçı ayrılmışdır. Torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilərək aktla İddiaçı təhvil verilmişdir. Torpaq sahəsinin ayılması barədə sovxozun əmri dövlət arxivində mövcuddur. Sözügedən torpaq sahəsinin yerləşmə cizgisinə uyğun olaraq koordinatları müəyyən edilərək Abşeron Rayon İcra Hakimiyyəti memarlıq və tikinti şöbəsinin memarı tərəfindən tərtib edilmiş və şöbənin möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda cavabdeh orqanın mütəxəssisi tərəfindən tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktında torpaq sahəsinin hasarlandığı, üzərində tikililər olmaqla faktiki istifadədə olduğu müəyyən olunmuşdur. Bundan əlavə, məhkəmənin sorğusu əsasında cavabdeh orqanın elektron bazasından təqdim edilmiş ortofoto planında 1 nömrəli Zeytun Sovxozunun ərazisinin görüntüsü təqdim edilmiş və mübahisə predmeti olan torpaq sahəsinin qeyd edilən 1 nömrəli Zeytun Sovxozunun ərazisində yerləşdiyi müəyyən olunmuşdur. Beləliklə, iddiaçının iddia etdiyi torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlər - Sovxozun əmri, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd - torpaq sahəsinin təhkim aktı yuxarıda qeyd olunan normalara əsasən mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas kimi çıxış edir. Cavabdehin imtina və etirazında qeyd etdiyi torpaq sahəsi ilə bağlı tərtib edilmiş yerləşmə cizgisi barədə Abşeron Rayon İcra Hakimiyyətində heç bir məlumatın olmaması qeydiyyatın aparılmamasına əsas vermir. Belə ki, yuxarıda sadalanan sənədlərdən də müəyyən olunur ki, sözgedən torpaq sahəsinin ayrılması barədə əmrə onun yerləşmə cizgisi əlavə edilmiş, eyni zamanda cavabdeh orqan özünün təqdim etdiyi ortofoto planında torpaq sahəsinin sovxozun hüdudları daxilində yerləşdiyini göstərmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin memarı tərəfindən tərtib edilmiş situasiya planı isə yalnız iddia olunan torpaq sahəsinin yerləşmə koordinatları barədədir. Cavabdeh orqan özü də qeyd edilən torpaq sahəsinin təqdim olunan hüquqmüəyyənedici sənədlər əsasında yerində koordinatlarını müəyyən etmək imkanına malikdir. Cavabdeh həmin torpaq sahəsinin sovxozun ərazisində yerləşməməsi, başqasına aid torpaq sahəsi ilə üst-üstə düşməsi, naturada göstərilən torpaq sahəsinin əmrlə ayrılmış torpaq sahəsi olmadığı və ya ümumən iddianın təmin edilməsini istisna edəcək torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlı hər hansı əsaslı dəlil irəli sürməmişdir. Müvafiq torpaq sahəsinə digər fiziki şəxs X3 müraciətinin daxil olması dəlilinə gəlincə isə məhkəməyə təqdim edilmiş adıçəkilən X3 notarial qaydada təsdiqlənmiş ərizəsində sözügedən torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan əlavə, yerli müayinə aktında da göstərilən torpaq sahəsi ilə hər hansı fiziki şəxsin mübahisəsinin olduğu barədə qeydlər edilməmiş, hazırkı iş üzrə də belə hal müəyyən olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ünvan 1 ünvanda yerləşən 1000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair reyestrdən çıxarışın və planölçünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 ünvanda yerləşən 1000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar