Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5041/2023 28.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Səfər qızının, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin ümumi dəhlizə açılan qapısının texniki pasporta əlavə edilməsi və yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən evin mülkiyyətçisi hazırkı iddiaçıdan əvvəl X4 olmuşdur. Onun yaşadığı vaxtda evin iki giriş qapısı var idi (italyan layihəli evlər). Qonşuların dəhlizə ümumi giriş-çıxışı var idi. Yardımçı sahə olan ayaqyolu da dəhlizdə yerləşirdi. Yəni bu layihə X1 2002-ci ilə aid texniki pasportunda qeyd olunmuşdur. Müəyyən müddət X4 evdə yaşamadığına görə qonşu ümumi dəhlizə açılan qapını özbaşına olaraq bağlamışdır. X4 yenidən evində qalmağa başladıqda qapısının bağlandığını müəyyən etmiş, bununla bağlı dəfələrlə qonşuya iradlarını bildirsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də X4 qonşusu X5 qarşı “əmlakdan istifadəyə məhdudiyyətin aradan qaldırılması və istifadəyə məhdudiyyətlə bağlı hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2016-cı il tarixli 2(009)-434/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş - X1 mənzilindən dəhlizə çıxışı təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-3343/2017 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)- 434/2016 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. X1 ümumi dəhlizə bağlanmış qapısı yenidən açılmışdır. Hazırkı iddiaçı ilə X4 arasında 2022-ci ildə alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzili almış və onun adına ********** saylı, xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Çıxarışla bərabər texniki pasport da təqdim edilmiş, lakin texniki pasport hazırlanarkən mənzilə baxış keçirən cavabdehin nümayəndəsi- mühəndis texniki pasportda qapını qeyd etməmişdir. Hətta qapıya bitişik pəncərəni də qeyd etməmişdir. İddiaçının haqlı narazılığından sonra yenidən texniki pasport hazırlanmış və yalnız pəncərə əlavə edilmişdir. Yenə də qapı göstərilməmişdir. İddiaçı qapının da texniki pasporta əlavə edilməsi barədə yazılı müraciət etsə də, imtina cavabı almışdır. Cavabdeh imtina məktubunda 2009-cu ilin texniki pasportuna istinad etdiyini qeyd etmişdir. Hazırda iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində (etirazında) bildirmişdir ki, iddiaçı müvafiq tələblə ********** daxil olma nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, mənzilə dair verilmiş xx.xx.2022-ci il tarixli, 04/926 inventar nömrəli texniki pasport xx.xx.2009-cu il tarixli verilmiş texniki pasporta əsasən qanunamüvafiq qaydada icra edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən sözügedən mənzilə baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin dəhliz mətbəx hissəsində olan pəncərə faktiki qapıdır və ümumi istifadə sahəsinə açılır. Ümumi istifadədə olan sahə isə mübahisəli olduğundan texniki pasport verilən zaman sözügedən qapı açılmamışdır. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfdən mümkün olmamış və bu barədə vətəndaşa **********89 saylı, xx.xx.2022-ci il tarixli cavab ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının ünvan 3 ünvanında yerləşən mənzilə dair sənədlərdə yaranmış uğursuzluğun araşdırılması ilə bağlı müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mənzilə dair verilmiş xx.xx.2022-ci il tarixli, 04/926 inventar nömrəli texniki pasport xx.xx.2009-cu il tarixli verilmiş texniki pasporta əsasən qanunamüvafiq qaydada icra edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 İddiaçı mülkiyyətindədir. -Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanı İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmin məktub həmçinin sözügedən mənzilə dair idarənin arxiv əsaslarında saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sənədlər aşağıdakılardan ibarətdir: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının adına ünvan 3-ya dair verilmiş reyestr nömrəsi **********65-05101-093005 olan xx.xx.2002-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, mübahisəli hissə texniki pasporta pəncərə kimi daxil edilmişdir. -Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X3 (hüquq sahibi) Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, ev 5, mənzil 5-6-ya verilmiş 982 t/p inventar nömrəli, xx.xx.2002-ci il tarixli texniki pasportun surətindən görünür ki, X1 istifadəsində olan mənzildən ümumi istifadədə olan dəhlizə çıxışın olduğu göstərilmişdir. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2000/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsindən görünür ki, həmin mülki iş üzrə iddiaçı X1 cavabdeh X7 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın hərrac yolu ilə satılaraq payların bölünməsi” tələbinə dair iddiası qismən təmin edilmiş Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi, 5 saylı evin, 5-6 saylı mənzili ümumi əmlak kimi paylara bölünməklə 3/5 (beşdə üç, 60%) hissəyə X1, 2/5 (beşdə iki, 40%) hissəyə isə X6 mülkiyyət hüquqları müəyyən edilmiş, Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi, 5 saylı evin, 5-6 saylı mənzili açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin X4 ilə X8 arasında onların paylarına mütənasib surətdə bölünməsi müəyyən edilmişdir. -AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2009-cu il, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində istifadədə olan 0,05394 ha torpaq sahəsində yerləşən 5/9 nömrəli, 4 mərtəbəli binanın 2-ci mərtəbəsində, 56,3 kv.m ümumi, 43 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 6 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 məxsus olmuşdur. -ünvan 4 ünvanına dair xx.xx.2009-cu il tarixdə tərtib edilmiş texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, mübahisəli hissə texniki pasporta pəncərə kimi qeyd edilmişdir. -Səbail Rayon Məhkəməsinin 2(009)-434/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, X1 X5 qarşı “əmlakdan istifadəyə məhdudiyyətin aradan qaldırılması və istifadəyə məhdudiyyətlə bağlı hərəkətlərin qadağan edilməsi” tələbi üzrə iddiası təmin edilərək Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi, 5/9 nömrəli evin 2-ci mərtəbəsində yerləşən, 5/6 və 8/7 nömrəli mənzillərin ümumi istifadəsində olan dəhlizdəmn 5/6 nömrəli mənzilin mülkiyyətçisi X1 istifadəsinə yaradılmış məhdudiyyətlər aradan qaldırılması və 5/6 nömrəli mənzildən həmin dəhlizə çıxışın təmin edilməsi, 5/6 nömrəli mənzilin sakinlərinin həmin dəhlizdən istifadəsinə hər hansı hərəkətlərin törədilməsi 8/7 nömrəli mənzilin mülkiyyətçisinə qadağan edilmişdir. Həmin qətnamənin təsviri hissəsində istinad olunan AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2016-cı il tarixli rəyində göstərilmişdir ki, Samirə Süleymanovanın mübahisələndirdiyi və mənzilin texniki pasportunda öz əksini tapan dəhlizə, həmin mənzildən nəzərdə tutulmuş qapı boşluğuna, dəhliz tərəfdən metal quraşdırılması müşahidə olunmuşdur. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Səbail Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi həmin iş üzrə cavabdeh tərəfindən mübahisələndirilmiş, lakin apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-434/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, ev 5/9, 6 saylı mənzilə dair arxiv qovluğunda 2002-ci il tarixli texniki pasportun etibarsız hesab edilməsi ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, ev 5/9, 6 saylı mənzilə dair müayinə aktının surətində mənzilin dəhliz mətbəx hissəsində olan pəncərənin faktiki qapı olduğu və ümumi istifadə sahəsinə açıldığı bildirilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, ev 5/9 ünvanında yerləşən 6 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi. Göründüyü kimi, tikintinin texniki pasportu qeydiyyat üçün əhəmiyyətlidir və tikililərin mövcud texniki cəhətlərini əks etdirməlidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunu 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Beləliklə, işin hallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi 5/9-da yerləşən 4 mərtəbəli ev kommunal tipli olmaqla, bəzi ümumi istifadədə olan sahələri var. İddiaçı həmin binada yerləşən 6 saylı mənzilin mülkiyyətçisidir. Bu barədə iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarış və xx.xx.2022-ci il tarixli texniki pasport tərtib edilərək verilmişdir. Lakin tərtib edilmiş texniki pasportda mənzildən binanın ümumi dəhlizinə açılan qapı texniki pasportda qeyd edilməmişdir. İddiaçı mənzilin ilkin (2002-ci ildə tərtib olunan) texniki pasportuna istinad edərək qeyd olunan qapının texniki pasporta əlavə edilməsi və yeni texniki pasportun verilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Məhkəmə hesab edir ki, iddia əsassız olmuşdur. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi 5/9-da yerləşən və hazırda iddiaçının mülkiyyətində olan mənzilin 982 t/p inventar nömrəli, xx.xx.2002-ci il tarixli texniki pasportundan görünür ki, həmin mənzilin ümumi dəhlizə çıxışı var. Bu məsələ həmçinin yuxarıda istinad olunan qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə də təsdiqini tapır. Cavabdeh inzibati orqandan alınmış məlumatdan da görünür ki, 2002-ci il tarixli texniki pasportun etibarsız hesab edilməsi ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli, 04/926 inventar nömrəli texniki pasportun 2002-ci il tarixli texniki pasporta uyğun tərtib edilməməsi əsaslandırılmamış, bununla bağlı istər inzibati icraat dövründə iddiaçıya, istərsə də hazırkı məhkəmə araşdırması dövründə məhkəməyə hər hansı mötəbər dəlil təqdim edilməmişdir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləmndirilməlidir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli və ünvan 1 ünvanında yerləşən mənzilin ümumi dəhlizə açılan qapısının texniki pasporta əlavə edilməsi və yeni texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilin ümumi dəhlizə açılan qapısının texniki pasporta əlavə edilməsi və yeni texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5041/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5041/2023
28.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver