Məhkəmə qərarları › İş №2-1(112)-5041/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5041/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5041/2025 19.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair inzibati işə hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı " MECC” MMC (bundan sonra – iddiaçı və ya MMC) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 9 avqust 2024-cü il tarixdə 3-21-2-3/2-52526/2024 nömrəli Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə Qərarın tam və 25 oktyabr 2024-cü tarixli 3-21-2-3/2-236716/2024 nömrəli Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə Qərarın qismən (hesablanmış 57700 manat məbləğin 20 faiz hissəsi olan 11540 manat hesablanmış əlavə vergi və ya sığorta haqqının) ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh elektron kabinet vasitəsi ilə vəsatət verərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf iddia müddətini ötürmüşdür. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələ (iddia müddətinin ötürülməsi) iş üzrə tərəflərlə müzakirə edildi. İddiaçının nümayəndəsi iddia müddətinin ötürülmədiyini, iddiaçının qərarların ləğvi ilə bağlı cavabdehə müraciət etdiyini bildirmiş və iddianın mümkün hesab edilərək baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin iclasın təxirə salınmasının üzrlü hesab edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi məhkəmənin əvvəlki iclasında vəsatəti müdafiə edərək təmin edilməsin və iddianın mümkünsüz sayılmasını xahiş etdi. Əlavə olaraq izahatında qeyd etdi ki, iddiaçı qərarların ləğv edilməsi ilə bağlı yuxarı inzibati orqana deyil, cavabdehin özünə müraciət etmişdir. Yuxarı inzibati orqana qərarın ləğv edilməsi ilə bağlı şikayətin müraciət forması ayrıdır. Məhkəmə iş materiallarını araşdıraraq və iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Baxılan işdə iddiaçı cavabdehin 9.08.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarları mübahisələndirir və iddia ərizəsi 6.12.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Cavabdehin təqdim etdiyi sənədlərdən isə müəyyən edilir ki, mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmişdir. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə görə, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Vergi Məcəlləsinə əsasən: - maddə 13.2.72. elektron kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. - maddə 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. - maddə 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: - maddə 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Mübahisələndirilən qərar iddiaçının elektron kabinetinə göndərilmiş və belə olan halda Vergi Məcəlləsinin və “İnzibati İcraat haqqnda” Qanunun istinad olunan normalarının tələblərinə əsasən iddiaçıya rəsmi qaydada təqdim edilmiş sayılır. Bundan başqa iddiaçının həmin qərarlardan məlumatlı olması, onun AVİS sistemi vasitəsi ilə cavabdehə müraciətindən də müəyyən edilir. Belə ki, iddiaçı iddia ərizəsinə cavadehə xx.xx.2024-cü il tarixdə müraciət məktubu əlavə etmişdir. Məktubun məzmunu aşağıdakı kimidir: “iddiaçı "xxxx" MMC ilə müqavilə ilə mallar almış və həmin malların dəyərini qanunvericiliyin tələbinə uyğun olaraq əsas məbləği bank, ədv məbləği ədv depozit hesabına köçürmüşdür. Qeyd edilən dövr ərində "xxxx" MMC-nin məlumatları Vergilər Nazirliyinin uçot baza məlumatlarında yoxlayaraq riskli vergi ödəyicisi olmadığı yoxlanılmışdır. Biz faktiki aldığımız mallara əsasən elektron qaimə faktura əldə etdiyimizi bildiririk. Lakin daha sonra həmin şirkət riskli vergi ödəyicisi kimi qeyd edilmişdir. Bunun bizimlə heç bir əlaqəsi yoxdur. Biz həmin şirkətlə çalışdığımız zaman riskli vergi ödəyicisi olmayan şirkətin daha sonra belə bir problem yaşamasına görə bizə əlavə vergilər hesablanmışdır. Xahiş edirik qeyd etdiklərimizi nəzərə alaraq bizə məlumat verəsiniz və hesablanmış kameral rəqəmləri ləğv edəsiniz”. Cavabdeh tərəfindən müraciətə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, müəssisə tərəfindən daxil olmuş xx.xx.2024-cü il məktuba (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********331200 nömrəli) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində baxılmışdır. Bildiririk ki, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Əlavə olaraq bildiririk ki, riskli elektron qaimə fakturaların müvafiq risk siyahısından çıxarılması məsələsi həmin qaiməni fakturaları təqdim edən vergi ödəyicilərinin müraciəti əsasında araşdırılır. Əlavə məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytına (www.taxes.gov.az) müraciət etməklə və (və ya) 195 nömrəli Çağrı Mərkəzinə zəng etməklə, eləcə də vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz. Göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müeraciət edərkən hazırda mübahisələndirdiyi qərarlardan məlumatlı olmuş, həmçinin həmin qərarların hansı əsaslara görə (riskli vergi ödəyicisi "xxxx" MMC ilə apardığı əmtəəsiz əməliyyatlara görə) qəbul edildiyini bilmişdir. Belə olan halda, iddiaçı 6.12.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək 30 günlük iddia müddətini ötürmüşdür. Məhkəmə iddiaçıya hüquqi yardımla bağlı bildirir ki, iddiaçının nümayəndəsi və vəkili qərarların ləğvi ilə bağlı cavabdehə müraciətinin olmasını bildirərərək iddia müddətinin ötürülməməsini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, İPM-in 38.3-cü maddəsinin tələblərinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Sadalanan normaların məzmunundan göründüyü kimi, inzibati orqanın qəbul etdiyi inzibati aktdan 30 gün müddətində şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir və şikayət verildiyi halda, İPM-in 38.1-ci maddəsində göstərilən müddətin axımı şikayət üzrə qəbul edilmiş qərar (verilmiş yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı 9.08.2024-cü il tarixli qərarla bağlı xx.xx.2024cü il tarixdə cavabdehə müraciət edərək şikayət müddətini ötürmüşdür. Digər tərəfdən iddiaçı tərəfindən edilmiş müraciətdən görünür ki, iddiaçı şikayət instansiyasına qərarların ləğv edilməsi ilə bağlı inzibati şikayət deyil, cavabdehin özünə müraciət edərək məlumat verilməsi və hesablanmış kameral rəqəmlərin ləğv edilməsini xahiş etmişdir. Belə olan halda, iddiaçının müraciəti inzibati qərardan şikayət instansiyasına verilmiş şikayət kimi qəbul edilə bilməz və iddiaçı mübahisələndirdiyi qərarlardan məlumatlı olduğu halda, qanunla müəəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməyərək iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar