Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5042/2022 02.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı yazılı müraciətin araşdırılması tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27.11.2021-ci il tarixli yazılı müraciətinin araşdırılması öhdəliyinin cavabdeh irqanın üzərinə bir vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə iddia tələbinin “məhkəmədən xahiş edirəm” hissəsi üzrə göstərmiş olduğu “27 noyabr 2021-ci il tarixli yazılı müraciətimin araşdırılması öhdəliyi” sözünün “Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisad Kollegiyasının 05.12.2017-ci il tarixli qərardadının icraya yönəldilməsinin təmin olunması öhdəliyinin” sözü kimi qəbul edilməsini xahiş etmiş və məhkəmənin 24 fevral 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublika Ali Məhkəməsi İnzibati-İqtisad Kollegiyasının 05 dekabr 2017-ci il tarixli qərardadı ilə uzun müddət ərzində çalışdıgı Naxçıvan Dövlət Universiteti Elmi Şurasının, barəsində olan 03 mart 2015-ci il tarixli qərarının ona təqdim olunması qərara alınmışdır. 27 dekabr 2017-ci il tarixdə isə qərardad rəsmi qaydada tərəflərə göndərilmişdir. Dövlətin adından çıxarılan və icrası məcburi olan məhkəmə qərarına heç bir məhəl qoymayan və onu lazımsız kağız parçası adlandıran qarşı tərəf müxtəlif bəhanə və vasitələrlə barəsindəki sözügedən qərarı bu günə kimi ona təqdim etməkdən qərəzli məqsədlə yayınır. Bununla bağlı uzun müddətdir şikayətlər edir. Son olaraq 27 noyabr 2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə Naziri, Məhkəmə Hüquq Şurasının Sədri F.Məmmədov cənablarına müraciət etmişdir. Həmin orqan tərərfindən ona verilən 03 dekabr 2021-ci il tarixli müvafıq cavabdan bəlli olur ki, cavabdeh tərəf əvvəlki ənənəsinə bir daha sadiq qalaraq yenə də müraciətini baxılmaq üçün qanunsuz hərəkətlərindən şikayət etdiyi orqana göndərmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1986/2017 nömrəli, 27 dekabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2-1(087)-90/2017 nömrəli, 20 iyun 2017-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Dövlət Universitetinə qarşı qərarın təqdim olunması öhdəliyinin qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(108)-17/2017 nömrəli, 15 avqust 2017-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2-1(087)-90/2017 nömrəli, 20 iyun 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1986/2017 nömrəli, 27 dekabr 2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(108)-17/2017 nömrəli, 15 avqust 2017-ci il tarixli qərardadı ləğv edilmiş, iş üzrə icraata xitam verilmiş, Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 03 mart 2015-ci il tarixli qərarının İddiaçı təqdim edilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi İcra və probasiya şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 16.07.2021-ci il tarixli, 710 №-li məktubdan görünür ki, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə daxil olmuş 03 iyun 2021-ci il tarixli müraciətinə cavab olaraq bildirilir ki, ərizəsində göstərdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 dekabr 2017-ci il tarixli, 2-1(102)-1986/2017 saylı qərardadı ilə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının barəsində olan 03 mart 2015-ci il tarixli qərarının ona təqdim olunmasının cavabdehin üzərinə öhdəlik kimi qoyulması ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin icra və probasiya şöbə və bölmələrinin icraatına heç bir icra sənədi daxil olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının hər bir məhkəməsi müstəqil hüquqi şəxsdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. - 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. - 116.2-ci maddəsinə əsasən məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir. Müvafiq olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi və ya icraat materiallarının (apellyasiya və kassasiya şikayəti verilmiş işlər üzrə) məhkəməyə daxil olduğu gündən sonra birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr təxirə salınmadan məhkəmə qərarının icrasını təmin etməyə yönəlmiş vəzifələrini həyata keçirməlidirlər. Bu, həmin məhkəmələrin xidməti vəzifəsinə görə (ex officio) yerinə yetirməli olduğu borcunu təşkil edir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi məhkəmə qərarının icrası ilə bağlı məsələlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr tərəfindən həyata keçirilir. Hazırki iş üzrə ilkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1986/2017 nömrəli, 27 dekabr 2017-ci il tarixli qərarına əsasən Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 03 mart 2015-ci il tarixli qərarı İddiaçı təqdim edilməlidir. İddiaçı həmin məhkəmə qərardadının icra edilməməsi ilə bağlı cavabdeh orqana müraciətlər etmişdir və onun hazırki iddia tələbi qeyd olunan məhkəmə qərardadının icraya yönəldilməsinin cavabdeh tərəfindən təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələbi ilə bağlı cavabdeh qismində göstərilmiş inzibati orqan hər hansı cavabdehlik daşımadığından, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına toxunan hər hansı hallara yol verilmədiyindən, bununla da iddianın mümkünlük şərtləri yerinə yetririlmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5042/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5042/2022
02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver