Məhkəmə qərarları › İş №2-1(112)-5043/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5043/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5043/2024 25.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində mərhum anası X2 ayrılmış torpaq sahəsinə cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində mərhum anası X2 ayrılmış torpaq sahəsinə cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992ci il tarixli, 611 saylı sərəncamı əsasında iddiaçının mərhum anası X2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində iddiaçının valideynləri fərdi yaşayış evi də tikmişdir. İddiaçının anası X5 xx.xx.2017-ci ildə vəfat etmişdir. Bakı şəhəri 17 saylı Notariat ofisinə iddiaçı anasının vərəsəsi kimi müraciət etmişdir. Həmin notariat ofisi tərəfindən cavabdeh quruma xx.xx.2023-cü il tarixli məktub göndərilərək, miras əmlaka dair mərhumun adına arayış verilməsi xahiş edilmişdir. İddiaçı ərizə ilə cavabdeh quruma müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən torpaq sahəsinə cizginin verilməsini xahiş etmişdir. Sabunçu RİH başçısının 1-ci müavininin xx.xx.2023-cü il tarixli məktubunda Abşeron Rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin ayrıc aktları, baş planları və koordinatları Cavabdehnə təhvil verilmədiyindən torpaq sahəsinin cizgisinin verilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Bundan əlavə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubda imtina səbəbi kimi göstərilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsi Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazi hüdudları daxilində yerləşdiyindən həmin sovxozun direktorunun əmri, əmrin arxiv arayışı və yerləşmə cizgisi təqdim edilməlidir. Təqdim edilmiş arxiv arayışının isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 611 saylı sərəncamı əsasında Maştağa Tərəvəzçilik-Südçülük sovxozuna ayrılmış ümumi torpaq sahəsi ilə bağlı olduğu qeyd olunmuşdur. Əlavə olaraq elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsinin orta təzyiqli qaz xəttinin mühafizə zonasında yerləşdiyi göstərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-18/2-S-146-091/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin ayrıc aktları, baş planları və koordinatları Cavabdehnə təhvil verilmədiyindən ayrılmış torpaq sahəsinə cizginin verilməsi mümkün deyil. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, cavabdeh orqan onun müraciətini əsassız hesab edərək müraciətin təmin olunmasından imtina etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarında olan aşadğıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir: 305218 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə anadan olmuşdur, X1, anası X4r. 843195 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. 166850 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 611 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamından görünür ki, Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun xx.xx.1991-ci il tarixli 856 nömrəli müraciəti nəzərə alınmış, fərdi yaşayış evlərinin ləhiyələndirilməsinə və inşa edilməsinə icazə verilmişdir. Abşeron rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 879 nömrəli məktubunda qeyd olunur ki, Abşeron rayon XDS İK-nın xx.xx.1991-ci il tarixli 195 nömrəli qərarında vətəndaş X3 adı aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-S-051718/2023 nömrəli məktubunda qeyd olunur ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsi Maştağa Tərəvəzçilik- Südçülük sovxozunun ərazi hüdudları daxilində yerləşdiyindən həmin sovxozun direktorunun əmri, əmrin arxiv arayışı və yerləşmə cizgisi təqdim edilməlidir. Bundan əlavə, arxiv arayışı təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 611 saylı sərəncamı Maştağa Tərəvəzçilik-Südçülük sovxozuna ayrılmış ümumi torpaq sahəsi ilə bağlıdır. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi orta təzyiqli qaz xəttinin mühafizə zonasında yerləşir. Bakı Şəhər İcra Hakimiyyətinin məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-52/2-2675/2024 nörməli məktubunda qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 611 nömrəli sərəncamı böyük həcmlidir və həmin sərəncam ilə X2 torpaq sahəsinin ayrılması aşkar edilməmişdir. İddiaçı izahatında mübahisəli torpaq sahəsinin faktiki istifadələrində olmadığını bildirmişdir. Məhkəmə işin hallarını aşağıdakı qanunvericilik normalarının tətbiqi baxımından araşdıraraq hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. 27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: Maddə 14 (Torpaq sahələrindən daimi istifadə) Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; ... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 56. ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli, 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinə əsasən: Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında” Əsasnaməyə əsasən:

2. Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır.

3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir.

4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması. Beləliklə, məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən müvafiq səlahiyyətli inzibati orqanlar öz inzibati əraziləri daxilində torpaq sahəsini ayırdığı zaman bir qaydada olaraq torpaq sahəsinin naturada yerini müəyyən etməlidir. Hazırkı iddia tələbinə münasibətdə isə, iddianın təmin olunması üçün ilkin zəruri şərt torpaq sahəsinin şəxsə ayrılmasını və faktiki olaraq mübahisəli torpaq sahəsinin onun istifadəsinə, qanuni sahibliyinə və ya mülkiyyətinə verilməsini təsdiq edən sənədlərin mövcud olması ilə bağlıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı mərhum anası X2 Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 611 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinə cizginin verilməsinə nail olmaqdan ibarətdir. Lakin məhkəmə araşdırması ilə iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi sərəncam mərhum X2 torpaq sahəsinin ayrılmasını nəzərdə tutmamışdır. Belə ki, sözügedən sərəncamla Maştağa Tərəvəzçilik-Südçülük sovxozuna fərdi yaşayış evlərinin ləhiyələndirilməsinə və inşa edilməsinə icazə verilmişdir. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin məhkəməyə daxil olmuş məktubunda da Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 611 saylı sərəncamı ilə X2 torpaq sahəsinin ayrılmasının aşkar edilmədiyi qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı isə mübahisəli torpaq sahəsinin faktiki istifadəsində olmadığını bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsinin iddiaçının vərəsəsi olduğu Z.Sultanovaya ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənədlər (inzibati akt) müəyyən edilməmiş, torpaq sahəsinin onun faktiki istifadəsinə verilməsini təsdiq edən sübutlar aşkar olunmamış, eyni zamanda mübahisəli torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində mərhum anası X2 ayrılmış torpaq sahəsinə cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X12.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar