Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5044/2022 21.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə texniki pasportun tərtib edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə texniki pasport verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********42 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyri-yaşayış sahəsinin arxiv sənədlərində yerləşmə mövqeyi və bölgü sxemi olmadığından ərizənin icrası mümkün olmamışdır. Qeyri-yaşayış sahəsinin yerləşmə sxemi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə işin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********57-06301-083718 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28 yanvar 2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən ümumi sahəsi 148.80 kv.metrdən ibarət qeyriyaşayış sahəsinə dair texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ********** qeydiyyat nömrəli, 28 yanvar 2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən ümumi sahəsi 148.80 kv.m-dən ibarət qeyri yaşayış sahəsi onun mülkiyyətindədir. O, daşınmaz əmlakın texniki pasportunun alınması məqsədi ilə 7 oktyabr 2021-ci il tarixdə cavabdehə müraciət etmişdir. İdarə 15 oktyabr 2021-ci il tarixli məktubla daşınmaz əmlaka dair yerləşmə sxeminin olmaması səbəbindən texniki pasportun verilməsindən imtina etmişdir. Əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına bu barədə reyestrdən çıxarış verilmişdir. Dövlət reyestrində hüquqlar qeydiyyata alınarkən həmin daşınmaz əmlakın texniki göstəricələrini əks etdirən texniki pasport da verilməlidir.. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya dair yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 (indiki adı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23) ünvanında olan, ümumi sahəsi 148.80 kv.m olan qeyri-yaşayış sahəsi notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda onun mülkiyyətindədir. Həmçinin qeyd olunan qeyri-yaşayış sahəsi hazırda xx.xx.2021-ci il tarixli, 53/107 nömrəli ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Xətai filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki mülkiyyətində olan qeyri-yaşayış sahəsinə texniki pasport ilə bağlı iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunan iş materiallarına əsasən: - MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində (indiki 8 Noyabr) istifadədə olan 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 8 mərtəbəli qeyri-yaşayış binasının 7-ci mərtəbəsində 21730.0 kv.metr ümumi, 17271.2 kv.metr əsas, 4458.8 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüququ xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin daşınmaz əmlak barədə xx.xx.2003-cü il tarixdə tərtib olunmuş texniki pasportdan görünür ki, bina 2006-cı il tarixdə tikilmiş, “A” tikilisi üzrə 7-ci mərtəbənin 8-ci korpusunda yerləşən 83 saylı ofis 148,8 kv.metr sahəyə malik olmuşdur. xx.xx.2007-ci il tarixli AN-İ №0148786 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən, 8 mərtəbəli qeyri-yaşayış binasının 7-ci mərtəbəsinin ümumi sahəsi 148,8 kv.m olan 83 saylı ofisini alıcı X3. - MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 148.80 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (83 saylı ofis) dair X10 mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2008-ci il tarixli AN-İ №0164950 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X15 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən 8 mərtəbəli qeyri-yaşayış binasının 7-ci mərtəbəsinin ümumi sahəsi 148.8 kv.m olan qeyri-yaşayış sahəsini ( 83 saylı ofis) alıcı X4. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən 148.80 kv.m qeyri-yaşayış sahəsinə (83 saylı ofis) dair X12 mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2014-cü il tarixli AN-İ №0445472 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X18 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən (83 saylı ofis) ümumi sahəsi 148.80 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus olan 148.80 kv.metrini alıcı X2. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən 148.80 kv.m qeyri-yaşayış sahəsinə (83 saylı ofis) dair X6 mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2020-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X9 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən, ümumi sahəsi 148.80 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus olan 148.80 kv.metr hissəsindən 98 kv.m hissəsini alıcı İddiaçı satmış, qalan 50.8 kv.m qeyri-yaşayış sahəsi satıcının mülkiyyətində qalmışdır. - İddiaçı 83 saylı ofisin 98 kv.metr hissəsinə paylı mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış və bu barədə iddiaçıya çıxarış verilmişdir. - xx.xx.2021-ci il tarixli AN-İ №0908501 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X9 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən, ümumi sahəsi 148.80 kv.m olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus olan 50 kv.m hissəsini alıcı İddiaçı satmışdır. - ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən 148.80 kv.m qeyri-yaşayış sahəsinə dair İddiaçı tam mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı hazırda həmin qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsini xahiş edir. Cavabdeh isə qeyri-yaşayış sahəsinin arxiv sənədlərində yerləşmə mövqeyi və bölgü sxemi olmadığından ərizənin təmin edilməsindən imtina edir. Məhkəmə bu imtina ilə razılaşmır və qeyd edir ki, iş materialları ilə iddiaçının sahəsi 148.8 kv.metr olan 83 saylı ofisin mülkiyyətçisi olması tam təsdiq olunur. Belə ki, xx.xx.2021-ci il tarixdə mübahisəli daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüququ qeydə alınarkən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda əmlakın 83 saylı ofis olması göstərilməsə də, işin yuxarıda sadalanan hallarından görünür ki, 83 saylı ofisə mülkiyyət hüququ xx.xx.2007-ci il tarixdə "xxxx"MMC-dən X11, xx.xx.2008-ci il tarixdə Y.X5, xx.xx.2014-cü ildə A.X1 və nəhayət xx.xx.2021-ci ildə İ.Quliyevdən iddiaçıya keçmişdir. İşdə olan xx.xx.2003-cü il tarixdə tərtib olunmuş texniki pasportda isə Nobel prospekti 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “A” tikilisi üzrə 7-ci mərtəbənin 8-ci korpusunda yerləşən 83 saylı ofisin yerləşmə mövqeyi göstərilmiş, sahəsinin 148,8 kv.metr olması təsbit edilmişdir. Həmçinin məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 83 saylı ofisin sahəsi arxivdə məlum olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına verilmiş ümumi OP 559 inventar nömrəli texniki pasportun 7-ci mərtəbəsində yerləşən 83 saylı yerləşgənin sahəsinə uyğun gəlir. Həmçinin faktiki olaraq göstərilən sahə həmin yerləşgədir. Göründüyü kimi, iddiaçı sənəd üzrə Nobel prospekti (hazırkı 8 Noyabr prospekti) 83 ünvanında yerləşən qeyri-yaşayış binasının 7-ci mərtəbəsindəki 83 saylı ofisin mülkiyyətçisi olmuş, faktiki olaraq da həmin sahəyə sahiblik etmişdir. Həmin ofis paylı mülkiyyətdə olmamış, tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.24-cü yarımbəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları"nın 23.4-cü bəndinə əsasən daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları"nın 13-cü bəndinə əsasən daşınmaz əmlak obyektlərinə dair texniki sənədlərin verilməsi fiziki və hüquqi şəxslərin ərizələri əsasında həyata keçirilir (bənd 13.1). Texniki sənədlər, o cümlədən texniki pasport dövlət və ya bələdiyyə orqanlarının sorğusu, daşınmaz əmlak obyektlərinin mülkiyyətçilərinin və ya onların səlahiyyətli nümayəndələrinin isə ərizəsi əsasında verilə bilər (13.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir (bənd 4.1). Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur (bənd 4.2). Beləliklə, istinad olunan normalardan görünür ki, texniki pasport inventarlaşdırma işlərinin aparılması nəticəsində tərtib edilən texniki sənəd olmaqla daşınmaz əmlaka hüquqların qeydiyyatı zamanı təqdim edilən sənədlərdən biridir və texniki pasport fiziki şəxsin ərizəsi əsasında tərtib edilir. İşdən görünür ki, cavabdeh iddiaçının Nobel prospekti 23 ünvanında yerləşən 83 saylı ofisə mülkiyyət hüququnu qeydə alsa da, həmin əmlakla bağlı texniki pasport tərtib etməkdən imtina etmiş, bununla da yuxarıda istinad olunan qanunvericiliyin tələblərini və iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən 148.8 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinə (83 saylı ofisə) dair texniki pasportun tərtib edilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-5044/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5044/2022
21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver