Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5045/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək pensiyasının yenidən hesablanması və yenidən hesablanarkən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin, hakimlərə səlaiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatının və Lerik rayon məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10 faizi həcmində pul təminatının ödənilməsinin nəzərə alınması, eləcə də əmək pensiyasının az hesablanması ilə əlaqədar yaranmış fərqin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, o Azərbaycan Respublikası DSMF-nun X6 İdarəsindən yaşa görə sabiq hakim əmənik pensiyası alır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə edilmiş və xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş xx xxxx 2019-cu il tarixli Qanunda göstərilir ki, hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşı əlavə ödənilir: Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Milli Məclisinin sədrinin aylıq vəzifə maaşı həcmində (2475 manat) müəyyən edilir; hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatı ödənilər. Ali Məhkəmənin sədrinin vəzifə maaşı Milli Məclisin sədrinin aylıq vəzifə maaşı həcmində 2475 manat müəyyən edildiyinə görə rayon məhkəmə sədrinin aylıq vəzifə maaşı onun 70 faizi olmaqla 1732 manat müəyən edilmişdir. Bundan əvvəl isə 1596 manat olmuşdur. DSMF-nun Yasamal rayon şöbəsi tərəfindən 2019-cu ilin oktyabr ayına dair iddiaçının əmək pensiyası hesablanarkən rayon məhkəmə sədrlərinin aylıq vəzifə maaşının 1732 manat olması nəzərə alınmış, lakin hakimlərə ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşının əlavə ödənilməsi və hakimlərə səlahiyyətlərini yerinə yetirilməsi ilə bağlı ödənilən 25 faiz pul təminatının yeni artırılmış 10 faizi nəzərə alınmamışdır. Bundan əlavə əmək pensiyasıı hesablanarkən 1982-1987-ci illərdə Lerik rayon məhkəməsinin hakimi vəzifəsində işlədiyinə görə “Dövlət qulluqçularının vəzifə maaşlarının yerli əmsalların müəyyən edilməsi haqqında” Qanuna əsasən Lerik rayon məhkəməsinin hakiminə ödənilən vəzifə maaşının 10 faizi həcmində pul təminatının ödənilməsi də nəzərə almalı olduğu halda nəzərə alınmamışdır. Eyni zamanda onu da qeyd edir ki, xx xxxx 2019-cu il tarixli dəyişiklik edilənə qədər rayon məhkəmə sədrlərinin vəzifə maaşı 1596 manat olarkən əmək pensiyası 2813 manat hesablanmalı olduğu halda, düzgün olmayaraq 2586 manat hesablanmaqla əmək pensiyası 2018-ci ilin may ayının 1-dən hər ay 227 manat, xx xxxxxxxx 2019-cu il tarixdən isə hakimlərə ödənilən bir aylıq vəzifə həcmində vəzifə maaşının əlavə ödənilməsi, hakimlərə vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı ödənilən 25 faiz pul təminatının 10 faizi və Dövlət qulluqçularının vəzifə maaşlarının yerli əmsalların müəyyən edilməsi haqqında Qanuna əsasən Lerik rayon məhkəməsinin hakiminə ödənilən vəzilə maaşının 10 faizi nəzərə alınmadan 3192 manat hesablanmalı olduğu halda 2783 manat hesablanmaqla hər ay 409 manat az ödənilmişdir. Onun pensiya işi DSMF-nun Yasamal şöbəsindən cavabdeh X7 İdarəsinə göndərilmiş və həmin idarədə də onun pensiyası DSMF-nun Yasamal şöbəsi tərəfindən hesablanan kimi səhv hesablanmışdır. Hətta məhkəmə qərarı əsasında ona ödənilən borc əsassız olaraq tam ödənilmədən dayandırılmışdır. Qanununun tələbinə görə hakimlərə əmək pensiyası hesablanarkən hakimlərin əmək haqqına sonrakı bütün artımlar nəzərə alınmalıdır. Qanunda hər hansı artımın, o cümlədən bir aylıq vəzifə maaşı həcmində xəzifə maaşı əlavəsinin nəzərə alınmaması qeyd edilməmişdir. “Q.Gərəhməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2013-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenumunun qərarında göstərilir ki, Konstitusiuya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrıseçgiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriuyaya aid olan şəxslərin pensiva hüququnun fərqləndirilınəməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. “Göründüyü kimi “Əmək pensiyaları haqqında" Qanunun 20.7-ci maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin, “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 14-cü maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum Qərarının tələbinə görə onun əmək pensiyası hesablanarkən “Məhkəmələr və hakimlər haqqında" Qanunun 106-cı maddəsində edilmiş dəyişiklik haqqında" Qanunda qeyd edilmiş hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşının əlavə ödənilməsi və hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi deyil, 25 faizi həcmində vergidən azad pul təminatının, ödənilməsi “Dövlət qulluqçularının vəzifə maaşılarına yerli əmsalların müəyyən edilməsi haqqında" Qanununa əsasən Lerik rayon məhkəməsinin hakimlərinə ödənilən vəzifə maaşının 10 faizi miqdarında pul təminatı ödənilməsi nəzərə alınmaqla hesablanmalıdır. O əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2020-ci il tarixli ərizəylə müraciət etmişdir. Lakin heç bir cavab verilməmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı Niyazi Bəşir oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 X4 üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması və yenidən hesablanarkən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin, hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatının və Lerik Rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10 faizi həcmində pul təminatının ödənilməsinin nəzərə alınması, eləcə də əməl pensiyasının az hesablanması ilə əlaqədar yaranmış fərqin ona ödənilməsi tələbi məhkəməyə müraciət etmişdir. İddiaçının tələbini əsassız hesab edirlər. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, “əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtləri müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölüm ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Bildirirlər ki, iddiaçı işlədiyi dövrdə iddia tələbində göstərdiyi hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavəni və Lerik Rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10 faizi həcmində pul təminatını almamışdır. Belə olan halda ödənilməmiş vəsaitin pensiya hesablanarkən nəzərə alınması ümumilikdə əmək pensiyasının “itirilmiş gəlirlərin kompensasiyası” prinsipinə ziddir. Eyni zamanda həmin qanununun 1.0.8-ci maddəsində göstərilir ki, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı işlədiyi dövrdə sözügedən məbləğləri almadığı üçün müvafiq olaraq, həmin məbləğlər məcburi dövlət sosial sığorta haqqına da cəlb edilməmişdir. İddia tələbinin hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatının ödənilməsi ilə bağlı hissəsinə gəldikdə qeyd edirlər ki, həmin pul təminatının yenidən hesablanması üçün iddiaçının cavabdeh orqana müraciəti olmamışdır. Göstərilənləri nəzərə alaraq, cavabdeh İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 X4 üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Yasamal RPİ tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZE №-0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü ildə Ağcabədi şəhərində rayonunda anadan olmuş, halhazırda ünvan 1 ünvanda pasport qeydiyyatındadır. İş materiallarına əlavə olunmuş xx.xx.1970-ci il tarixli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1982-ci ildən 2000-ci ilədək hakim vəzifəsinə işləmiş, 2000-ci ilin sentyabr ayında səlahiyyət müddətinin qurtarması ilə əlaqədar hakim səlahiyyətlərinə xitam verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqddim edilmiş pensiya işi tədqiq edilərək, həmin pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin pensiya və onlara əlavə olunan müavinət təyin edən komissiyanın xx xxxxx 2016-cı il tarixli Qərarından müəyyən edilir ki, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xx xxx 2016-cı il tarixdən ömürlük əmək pensiyası təyin edilmişdir. Həmin Qərardan görünür ki, iddiaçıya təyin edilmiş pensiyanın məbləği 1938,56 manat məbləğində hesablanmışdır. İşin hallarından görünür ki, iddiaçıya xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə ömürlük əmək pensiyası təyin edilmiş, pensiyasının aylıq məbləği “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il tarixli Qanunun tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 80 faizi məbləğində müəyyən edilmişdir. Lakin iddiaçı əmək pensiyasının yenidən hesablanarkən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin, hakimlərə səlaiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatının və Lerik rayon məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10 faizi həcmində pul təminatının ödənilməsinin nəzərə alınması, eləcə də əmək pensiyasının az hesablanması ilə əlaqədar yaranmış fərqin ona ödənilməsi tələb edir. İddiaçı hazırki tələbinə uyğun olaraq ərizə ilə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının ərizəsinə cavab verilməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə ərizəyə cavab verilməməsini faktiki olaraq imtina kimi qəbul etmişdir. Göründüyü kimi iddiaçıya hakim kimi əmək pensiyası təyin olunsa da, hakimlər üçün qanunvericlikdə nəzərdə tutulmuş maddi təminatların bir qismi nəzərə alınmamışdır. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizədən görünür ki, iddiaçı poçt vasitəsilə hazırkı tələblərlə cavabdehə müraciət etsə də, onun müraciətinə cavab verilməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əmək pensiyasının yenidən hesablanarkən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin, Lerik rayon məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10 faizi həcmində pul təminatının ödənilməsinin nəzərə alınması hissəsi istisna olmaqla, qalan hissədə əsaslı olduğundan təmin edilməlidir. İddiaçı ilk növbədə ona pensiyanın hesablanarkən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci hissəsinə uyğun olaraq “Hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” müddəasını əsas götürülməklə hakimlərə ödənilən bir aylıq vəzifə maaşının həcmində əlavənin ödənilməsini və 1982-1987-ci illərdə Lerik rayon məhkəməsinin hakimi vəzifəsində işlədiyinə görə “Dövlət qulluqçularının vəzifə maaşlarının yerli əmsalların müəyyən edilməsi haqqında” Qanuna istinad etməklə Lerik rayon məhkəməsinin hakiminə ödənilən vəzifə maaşının 10 faizi həcmində pul təminatının ödənilməsinin nəzərə alınmaqla ona təyin edilən pensiyanın yenidən hesablanmasını tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, “əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtləri müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölüm ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı işlədiyi dövrdə iddia tələbində göstərdiyi hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavəni və Lerik Rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10 faizi həcmində pul təminatını almamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə müvafiq olaraq fərdi hesabın sığorta hissəsinin - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. O cümlədən “ Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” xx xxx 2002-ci il tarixli Azərbaycan Respublikasinin Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının təbii-iqlim şəraiti nəzərə alınmaqla, dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalları müəyyən edir; 4-cü maddəsinə əsasən dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların tətbiqi dövlət qulluqçusunun qulluq keçdiyi müvafiq dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək haqqı fondu həddində həyata keçirilir. Sadalananlara əsasən məhkəmə, iddiaçının işlədiyi dövr ərzində hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavəni və Lerik Rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10 faizi həcmində pul təminatını almadığını, buna müvafiq olaraq həmin məbləğlər üzrə məcburi dövlət sosial sığorta haqqının tutulmadığını nəzərə alaraq, hesab edir ki, iddia qeyd olunan hissələrdə təmin edilə bilməz. O cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Göründüyü kimi şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı əmək haqqı və dövlət məvacibinə münasibətdə sosial sığorta haqqı ödənildiyi halda həmin vəsaitlər nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əmək pensiyasının yenidən hesablanarkən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin, Lerik rayon məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10 faizi həcmində pul təminatının ödənilməsinin nəzərə alınması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının tələbinin digər hissəsinin, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin 3-cü hissəsinə əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunun xx xxxx 2019-cu il tarixli redaksiyasına əsasən “Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir” tələbi baxımından iddiaçıya münasibətdə tətbiq olunaraq səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatının nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması hissəsində əsaslıdır və təmin edilməlidir. Qeyd olunan tələb iddiaçının əmək pensiyasına əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanması barədə olmaqla “Əmək pensiyaları haqqında” Azəbraycan Respublikası Qanunu ilə təsbit edilmiş hüquqlarından irəli gəlir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə aşağıdakı məzmunda “Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir” dəyişiklik edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə əmək pensiyasına əlavələr təyin edilir. Lakin işin hallarından görünür ki, iddiaçıya pensiya hesablanan zaman «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin müddəaları tətbiq olunmamışdır. Məhkəmə qeyd edir ki, BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş məhkəmə hakimiyyətinin əsas prinsiplərinin 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər bir dövlət məhkəmə hakimiyyətinin mütləq şəkildə öz funksiyalarını yerinə yetirə bilməsi üçün kifayət qədər vəsait ayırmağa borcludur. Hakimlərin statusuna dair Avropa Xartiyasının 6.1-ci maddəsində göstərilir ki, hakimlər öz funksiyalarını həyata keçirərkən, onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətlərİ çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər. Həmin Xartiyanın 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. Hakimlərin müstəqilliyi, səmərəliliyi və rolu haqqında Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyəsinə görə isə hakimləri peşə nüfuzuna və məsuliyyət dərəcəsinə uyğun statusla təmin etmək və həvəsləndirməklə onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq yaranacaq pensiya məbləği fərqin ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq yaranacaq pensiya məbləği fərqin ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5045/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5045/2020
16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver