Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5047/2023 19.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “yaşayış binalarının istismarına icazə verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “yaşayış binalarının istismarına icazə verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 iyul 2022-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: "xxxx" Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 ünvanında inşa edilmiş 2 ədəd 1 girişli 16 mərtəbəli yaşayış binalarının istismarına icazə verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə etdiyi müraciət yeni layihəyə uyğun tikintiyə icazə alınmaması əsası ilə təmin edilməmişdir. İddiaçılar X7, X4, X5, X6 və X8 cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binalarının (bina 1 və 2) istismarına icazə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısmm xx.xx.2014-cü il tarixli, 646 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 ünvanda mövcud tikililərin sökülməsi və yerində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmişdir. Qeyd olunan sərəncam əsasında yaşayış binalarının layihələri hazırlanmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 451 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 ünvanda baş plan üzrə 1 saylı yaşayış binasının tikintisi üçün "xxxx" MMC-yə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 61 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 ünvanda Baş Plan üzrə 2 saylı yaşayış binasının tikintisi üçün "xxxx" MMCyə icazə verilmişdir. 2018-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/46 nömrəli ayrıc aktı tərtib edilmişdir. Həmin akta əsasən tikinti 1,3250 ha ərazini əhatə edir. Daha sonra 1 və 2 saylı yaşayış binalarında zirzəminin təyinatının qeyri-yaşayış obyektinə dəyişdirilməsi və mansarda tikintisi üçün layihədə dəyişiklik edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli 04/16 saylı məktubuna əsasən həmin dəyişikliyə razılıq verilmişdir. Nəzərə alınmalıdır ki, müvafiq layihələndirmə işləri üzrə lisenziyası olan "xxxx" MMC tərəfindən yaşayış binasının işçi layihəsi hazırlanmışdır. Tikinti işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun həyata keçirilmişdir. FHN-nin X11 Xidmətinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən yaşayış binası yanğın təhlükəsizliyi tələblərinə cavab verməklə inşa edilmişdir və yanğın texniki ləvazimatlarla təchiz edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemologiya Mərkəzinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən yaşayış binaları sanitariya gigiyenik və epidemioloji tələblərə uyğun hesab edilmişdir. xx.xx.2019-cu il tarixdə FHN-nin Tikintidə Təhülkəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 003391 nömrəli istismara hazırlıq aktı tərtib edilmişdir. Həmçinin FHN-nin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən yaşayış binaları eskiz layihəsi və konstuktor cizgiləri əsasında inşa edilmişdir və hər hansı nöqsan aşkar edilməmişdir. Mənzillər su, qaz, elektrik və rabitə sistemləri ilə təmin edilmişdir. Binalarda mənzillər satılmışdır və həmin şəxslər artıq binada məskunlaşmışdırlar. Lakin cavabdeh əsassız olaraq binanın istismara qəbuluna icazə verməkdən imtina edir. Hətta bina sakinləri özləridə də müraciət etsələr də, cavabdeh bu müraciəti nəzərə almamışdır. Cavabdeh öz mövqeyini belə izah etmişdir ki, əlavə mansarda mərtəbəsi icazə alınmadan inşa edilmişdir. Halbuki həmin inşaat işləri yuxarıda göstərildiyi kimi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. Ümumilikdə nəzərə alınmalıdır ki, tikinti işləri başa çatmışdır və sakinlər binalarda məskunlaşmışdır. Cavabdeh müvafiq tikinti işlərinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olub-olmaması məsələsinə diqqət yetirmək əvəzinə, formal əsasla istismara icazə verməkdən imtina edir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2390-cı məhəllə ünvanda inşa edilmiş 2 ədəd 16 mərtəbəli 1 girişli yaşayış binasının tikintisinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 451 nömrəli və xx.xx.2018-ci il tarixli 61 nömrəli Sərəncamları və müvafiq tikintiyə icazə sənədləri ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icazə verilmiş, lakin sonradan, həmin binaların üzərində əlavə mansarda mərtəbəsinin tikintisinə dair hazırlanmış işçi layihəsinin memarlıq hissəsi Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2018-ci il tarixli 18/04-166 nömrəli məktubu ilə razılaşdırılsa da, əlavə mansarda mərtəbəsi müvafiq icazə alınmadan inşa edildiyindən, istismarına icazə verilməsi mümkün olmamışdır. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2390-cı məhəllə ünvanında inşa edilmiş yaşayış binalarının istismarına icazə verilməsi barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 66 nömrəli məktubuna və göstərilənlərlə bağlı sözügedən binaların sakinlərinin xx.xx.2021-ci il tarixli kollektiv müraciətinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmış və Baş İdarənin xx.xx.2021-ci il tarixli XO-xx-xx-2021-04367 nömrəli məktubu ilə məlumat verilmişdir. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2390-cı məhəllə ünvanda Baş plan üzrə 1 saylı binaya (əvvəlki 3 saylı) Məcəllənin tələblərinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Qərarının tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli Eİİ-11/22 (Tİ-40/21) nömrəli istismarına icazə verilmişdir. Ekspertizadan keçirilmiş tikinti layihələrinə konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişikliklər edildikdə, layihə sənədlərini hazırlayan şəxs (bundan sonra - layihəçi) həmin layihələri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması və tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi (dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərin smetaları üçün) üçün təkrar ekspertizaya təqdim edir. Ekspertizanın müsbət rəyi alındıqdan sonra, yeni tikintiyə icazə sənədi alınmalıdır. Baş plan üzrə 1 və 2 saylı diger yaşayış binalarında dəyişikliklərlə əlaqədar, həmçinin əlavə mansard (yaşayış) mərtəbələrinin tikintisinə dair hazırlanmış işçi layihəsinin memarlıq hissəsi Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən tikintiyə icazə sənədi alınmamış və tikintiyə icazə icraatı başa çatdırılmamışdır. Bu səbəbdən də sözügedən yaşayış binasının mansarda mərtəbəsinin tikintisi qanunsuz tikili hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarxili 309 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın 1.1-ci bəndinə əsasən tikinti obyektlərinin istismarına icazə üçün sifarişçi tərəfindən eyni zamanda tikintiyə icazə sənədi təqdim edilməlidir. İddiaçılar X7, X4, X5, X6, X8 və “Yusifoğlu MTK”-nın nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar X7, X4, X5, X8 və X2 əsl iddiaçı "xxxx" MTK ilə, cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin isə əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, ərizə təmin edilərək, əsl olmayan iddiaçılar X7, X4, X5, X6 və X8 əsl iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi ilə, cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə əvəz edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2390cı məhəllə ünvanda inşa edilmiş 2 ədəd 16 mərtəbəli 1 girişli yaşayış binasının tikintisinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 451 nömrəli və xx.xx.2018-ci il tarixli 61 nömrəli Sərəncamları və müvafiq tikintiyə icazə sənədləri ilə iddiaçıya icazə verilmiş, lakin sonradan, həmin binaların yeni layihələri razılaşdırılmışdır. Həmin yaşayış binalarının istismarına icazə verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə etdiyi müraciət yeni layihəyə uyğun tikintiyə icazə alınmaması əsası ilə təmin edilməmişdir. İddiaçı hazırda həmin binaların istismarına icazə barədə qərarın qəbul edilməsi tələbini irəli sürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur: … 3.0.42. sifarişçi – tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslər; … 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir; 102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, tikintisinə icazə tələb edilən tikinti obyekti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektinin istismarına icazə verilir, istismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. İşin mübahisəsiz halıdır ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2390-cı məhəllə ünvanda inşa edilmiş 2 ədəd 16 mərtəbəli 1 girişli yaşayış binasının tikintisinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 451 nömrəli və xx.xx.2018-ci il tarixli 61 nömrəli Sərəncamları və müvafiq tikintiyə icazə sənədləri ilə iddiaçıya icazə verilmiş, lakin sonradan, həmin binaların yeni layihələri razılaşdırılmışdır. Yeni layihə ilə həmin binaların üzərində əlavə mansarda mərtəbəsinin tikintisi nəzərdə tutulmuşdur. Xüsusi bilik tələb edilmədən, əlavə mərtəbənin inşa edilməsinin konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişiklik olması qənaətinə gəlmək mümkündür. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın 2.3-cü bəndinə əsasən, ekspertizadan keçirilmiş tikinti layihələrində konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişikliklər edildikdə, həmin layihələr bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş mənada təkrar ekspertizadan keçirilməlidir. Lakin iş materiallarından görünür ki, həmin mansarda mərtəbəsinin tikintisinə icazə alınmamış və tikintiyə icazə icraatı başa çatdırılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.5-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə əsasən bu Əsasnamənin 44.11.11.5-ci yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının, icra hakimiyyəti başçılarına aid edilmir. İddiaçı tərəfin qeyd etdiyi Ö/003391 nömrəli “istismara hazırlıq aktı”nda isə tikintiyə icazə sənədi kimi, əvvəlki layihə üzrə tikintiyə icazə sənədi olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 451 nömrəli və xx.xx.2018-ci il tarixli 61 nömrəli Sərəncamları göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 2014-cü il tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın: 1-ci bəndinə əsasən, tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 1.1. tikintiyə icazə; 1.2. xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar; 1.3. tikinti obyektinin ünvanı haqqında arayış; 1.4. liftlərin istismara qəbulu aktı; 1.5. kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin, Azərbaycan Respublikası Mənzil X3 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həmin Agentliyin arayışı; 1.6. tikinti obyektinin sanitar-gigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı; 1.7. obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış; 1.8. obyektə çəkilmiş maliyyə xərcləri (o cümlədən, tikinti-quraşdırma işlərinin dəyəri, avadanlıq, mebel və inventarın dəyəri, sair xərclər) haqqında arayış (obyekt dövlət vəsaiti hesabına tikildikdə); 1.9. obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt; 1.10. sənaye və istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı; 1.11. tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı); 1.12. sifarişçi tərəfindən hissələrlə (tikinti növbələri kimi) istismarına icazə alınmış obyektlərin bütövlüklə qəbula qədər istismara verilmiş hissələrinin icazə sənədləri. Göründüyü kimi, tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün təqdim edilməli olan ilk sənəd tikintiyə icazə sənədidir ki, hazırkı işdə mövcud deyil. Məhkəmə həmçinin vurğulayır ki, tikinti layihəsinin razılaşdırılması da özlüyündə həmin layihənin tikintisinə icazə kimi qiymətləndirililə bilməz. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “yaşayış binalarının istismarına icazə verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “yaşayış binalarının istismarına icazə verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-5047/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5047/2023
19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver