Məhkəmə qərarları › İş №2-1(112)-5048/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5048/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5048/2022 26.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinn Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinn Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı metal qırıntıları toplayıb satmaqla məşğuldur. Topladığı metal qırıntılarını müxtəlif metal əritmə müəssisələrinə təqdim etmişdir. Həmin malları satarkən alıcılar tərəfindən bildirilmişdir ki, onun heç bir vergi öhdəliyi yoxdur. Eyni zamanda dəfələrlə 195 çağrı mərkəzindən və vergi ödəyicilərinə xidmət mərkəzlərindən məlumat almışdır ki, metal qırıntıları toplayıb satan şəxslərin vergi öhdəliyi alıcı tərəfindən ödəmə mənbəyində 2% məbləğində vergi tutulmaqla icra olunur. İddiaçı da işini buna uyğun olaraq qurmaqla fəaliyyət göstərmişdir. Ona heç bir xəbərdarlıq elmədən 29 iyul 2021-ci il tarixli “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən 5.109,54 manat məbləğində gəlir vergisi hesablanmışdır. Həmin qərarın əsaslandırılma hissəsində qeyd olunur ki, Vergi Məcəlləsinin müddəalarına əsasən ona gəlir vergisi həyənnaməsi təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablanmışdır. İddiaçı 21 sentyabr 2021-ci il tarixdə 2020-ci ildə heç bir fəaliyyətinin olmaması barədə “fiziki şəxsin gəlir vergisi bəyənnaməsi” təqdim etsə də, vergi orqanı tərəfindən 28 oktyabr 2021-ci il tarixli **********311200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən yenidən 5.109,54 manat məbləğində gəlir vergisi hesablanmışdır. Bu qanunsuzluqlarla bağlı iddiaçı Dövlət Vergi Xidmətinə inzibati şikayətlə müraciət etmişdir. Həmin inzibati şikayət Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 3 dekabr 2021-ci il tarixli **********031700 saylı qərarı ilə təmin edilməmişdir. Daha sonra 21 dekabr 2021-ci il tarixdə yenidən 2020-ci ildə heç bir fəaliyyətinin olmaması barədə “fiziki şəxsin gəlir vergisi bəyənnaməsi” təqdim etsə də, vergi orqanı tərəfindən 21 dekabr 2021-ci il tarixli **********607300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən yenidən 5.109,54 manat məbləğində gəlir vergisi hesablanmışdır. Vergi orqanının mövqeyi tamamilə qanunsuz və əsassızdır. Belə ki. «Nağdstz hesablaşmalar haqqında» Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsinə əsasən əlvan və qara metal qırıntıları vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın ahna bilər. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60, 73.2, 127-ci maddələrinə, Vergi Məcəlləsinin 3, 12.3, 13.2.16, 36.2, 71-2.1, 101.6, 150.1.14-ci maddələrinə, İPM-in 2.2.1, 8, 13, 32.1-ci maddələrinə əsaslanaraq, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 Baş İdarəsinin 21 dekabr 202l-ci il tarixli **********607300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv olunması məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin məhkəməyə ünvanlanmış 15 fevral 2022-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi İddiaçı iddiasına etiraz edir. Vergi orqanında mövcud olan uçot-baza məlumatlarına əsasən İddiaçı tərəfindən 2020-ci il ərzində tərtib edilmiş elektron alış aktları üzrə 102.190,83 manat dəyərində mal və ya xidmət təqdim olunduğu müəyyən edilmişdir. İddiaçıya 18 mart 2021-ci il tarixli **********445400 nömrəli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilmişdir. İddiaçı tərəfindən 5 gün ərzində vergi uçotuna alınmaq üçün vergi orqanına ərizə ilə müraciət edilmədiyindən, 8 iyun 2021-ci il tarixdən vergi orqanı tərəfindən uçota alınmışdır. Vergi ödəyicisi kimi elektron qaimə-faktura təqdim edilməli olduğu halda vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərməklə 2020-ci il ərzində elektron alış aktları əsasında 102.190,83 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq, 2020-ci il gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 25 iyun 2021-ci il tarixli **********861500 nömrəli məktub (poçt vasitəsi ilə) göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə, araşdırma üçün zəruri olan sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci il üçün 5.109,54 manat gəlir vergisi hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 iyul 2021-ci il tarixli **********710900 nömrəli qərar qəbul olunmuşdur. Sonradan vergi ödəyicisi tərəfindən hər hansı bir təsdiqedici sənəd və əsaslı məlumat təqdim etmədən 21 sentyabr 2021-ci il tarixdə 2020-ci il üzrə boş (göstəricisiz) gəlir vergisi bəyannaməsi təqdim edildiyinə görə kameral vergi yoxlaması ilə hesablanmış məbləğ vergi ödəyicisinin bəyannaməsinə bərpa edilərək 28 oktyabr 2021-ci il tarixli **********311200 nömrəli qərar qəbul olunmuşdur. Fərdi sahibkar tərəfindən vergi orqanının hesablamasından 22 sentyabr 2021-ci il tarixli **********500300 nömrəli inzibati qaydada şikayət verilmiş və 3 dekabr 2021-ci il tarixli **********031700 nömrəli qərar ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmiş və vergi orqanının 28 oktyabr 2021-ci il tarixli **********311200 qərarı qüvvədə saxlanılmışdır. Fərdi sahibkara inzibati araşdırma zamanı müraciətinin araşdırılmasında şəxsən (şikayət verən fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri) və ya səlahiyyətli nümayəndəsi (qanuni nümayəndəsi) və ya vəkili vasitəsilə iştirak etməsi üçün 26 noyabr 2021-ci il tarixli **********874800 nömrəli məktub göndərilərək Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmişdir. Fərdi sahibkarın və eyni zamanda “X5” MMC-nin nümayəndəsi olan X2 28 sentyabr 2021-ci il tarixdə birgə araşdırmada iştirak etmiş və təqdim etdiyi izahata əsasən dəmir qırıntılarının tədarükçülər (satıcılar) tərəfindən ərazilərdən yığıldığı, bu səbəbdən dəmir qırıntılarının mənbəyi barədə hər hansı bir sənədin mövcud olmadığına görə təqdim edilməyəcəyi, malların fərdi sahibkar tərəfindən şəxsi evində toplandığı, bir yerdən digər yerə daşınması isə şəxsi avtomobil vasitəsilə həyata keçirildiyi və ödənişin nağd qaydada aparıldığı bildirilmişdir. İnzibati araşdırma zamanı fərdi sahibkar tərəfindən “X5” MMC-yə 28 aprel 2020-ci il tarixdə 12.022,45 kq (ümumi dəyəri 102.190,83 manat) olmaqla malların alış aktı (elektron) ilə müxtəlif növ metal tullantılarının (mis qırıntıları) təqdim edildiyi müəyyən edilmişdir. İnzibati araşdırma dövründə vergi ödəyicisinin işçi qüvvəsinin, nəqliyyat vasitəsinin, cəlb olunmuş nəqliyyat vasitəsinin və ya metal tullantılarının toplanması (tədarük edilməsi), daşınması üçün hər hansı resursların olması müəyyən edilməmişdir. Həmçinin, uçot baza məlumatlarına əsasən İddiaçı “X5” MMC-də 4 aprel 2017-ci il tarixdən 3 aprel 2021-ci il tarixədək əmək müqaviləsi əsasında tikinti və yollar üzrə ixtisassız fəhlə vəzifəsində və 24 sentyabr 2021-ci il tarixindən bugünədək anbardar vəzifəsində işlədiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 10 noyabr 2021-ci il tarixdə 2020-ci il üzrə boş (göstəricisiz) dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edildiyinə görə kameral vergi yoxlaması ilə hesablanmış məbləğ vergi ödəyicisinin bəyannaməsinə bərpa edilərək 21 dekabr 2021-ci il tarixli **********607300 nömrəli qərar qəbul olunmuşdur. «İstehsalat və məişət tullantıları haqqında» 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 12-2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının idarə olunması və onların özgəninkiləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsi, həmçinin qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsi məsuliyyətə səbəb olur. Əlvan və qara metal qırıntılarının qəbulu ilə məşğul olan tədarükçülər əhalidən (vətəndaşlardan) kiçik həcmli partiyalarla malların qəbul edərkən həmin şəxslərə aparılan ödənişlərdən ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutur. Sahibkarlar tərəfindən həmin şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin FİN, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir. «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsi vergi ödəyicisi kimi uçotda olmayan, təqdimetmə halı sahibkarlıq fəaliyyəti hesab edilməyən (xırda mal partiyası şəklində, mütəmadi xarakter daşımayan, az həcmdə və digər oxşar hallarla xarakterizə olunan) şəxslərə və onların təqdim etdiyi mallara münasibətdə tətbiq edilir. Eyni zamanda, malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Göstərilənlərə və Vergi Məcəlləsinin 13.2.37, 16.1.11-6, 23.1.1, 36, 37.1-ci maddələrinə, İPM-in 32.1, 68.1-ci maddələrinə əsaslanaraq, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 13.1-ci maddəsinə görə bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. Həmin Məcəllənin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti – şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 71-2-ci maddəsinə görə bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: - (102.1.7) qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinə görə vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: (3.5.1) kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; (3.5.2) əlvan və qara metal qırıntılarının qəbulu; (3.5.3) utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; (3.5.4) utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; (3.5.5) xam dərinin tədarükü (alışı). «Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən qiymətli metallar – istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallarıdır (palladium, iridium, osmium, rodium və rutenum). Həmin Qanunun 1.1.3-cü maddəsinə əsasən qiymətli metallardan və qiymətli daşlardan məmulatlar – qiymətli metallardan və onların əlvan metallarla ərintilərindən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətlİ və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyalarıdır. Həmin Qanunun 1.1.4-cü maddəsinə əsasən qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları – fiziki, kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən ayrılmış və bir qayda olaraq öz ilkin təyinatında istifadə edilə bilinməyən qiymətli metalların və qiymətli daşların hissələridir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, mövcud qanunvericilik gəlir vergisindən fiziki şəxslərin yalnız “qiymətli daşlar və metallar, qiymətli daşlar və metalların məmulatları, incəsənət əsərləri, əntiq əşyalar və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlak”ın təqdim edilməsindən əldə edilən gəlirini azad etmir, digər daşınan maddi əmlakın təqdim edilməsindən gəliri isə həmin verginin vergitutma obyekti heab etmir. Hazırkı işin hallarına görə, İddiaçı topladığı metal tullantıları və məmulatlarını təqdim etdiyi halda, hansı ki, «Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə görə qiymətli metal, qiymətli metal məmulatı və qırıntısı sayılmır, vergi orqanı tərəfindən həmin əməliyyatdan gəlirinə münasibətdə ona gəlir vergisi hesablanmışdır. Məhkəmənin qənaətinə görə iddiaçıya qeyd olunan malların təqdim edilməsindən əldə olunan gəlirə gəlir vergisinin hesablanması «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 16, 58-ci maddələrinin, eləcə də Vergi Məcəlləsinin 3.8 və 102.1.7-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa, məhkəmə vurğulayır ki, vergi qanunvericiliyinin qüvvədə olan normaları kameral vergi yoxlamasının müvafiq vergi bəyannaməsinin vergi ödəyicisi tərəfindən təqdim olunduğu vaxtdan 30 iş günü müddətində keçirilməsini nəzərdə tutur, gəlir vergisi üzrə müvafiq bəyannamə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına təqdim edilməlidir. Hazırkı işin hallarına görə isə, 2020-ci il üzrə bəyannamənin 2021-ci ilin mart ayının 31dən sonrakı vaxtda, yəni Vergi Məcəlləsi ilə müəyyən olunmuş tarixdən gec təqdim edilibedilməməsi ilə bağlı cavabdeh inzibati orqan heç bir münasibət bildirməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə həmin dövr üzrə kameral vergi yoxlaması ən geci 2021-ci ilin mart ayının 31-dən 30 iş günü günü keçənədək keçirilə bilərdi. Halbuki, inzibati orqan nəticəsi barədə 21 dekabr 2021-ci il tarixli **********607300 nömrəli qərar qəbul etdiyi kameral vergi yoxlamasını onun üçün müəyyən olunmuş müddəti təxminən 6 ay vaxt pozmaqla keçirmişdir. Bununla da, 21 dekabr 2021-ci il tarixli **********607300 nömrəli qərar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, eləcə də «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, cavabdehin kameral vergi yoxlaması üzrə yuxarıda qeyd olunan əsaslarla əlavə vergi məbləğinin hesablanması barədə 21 dekabr 202l-ci il tarixli **********607300 nömrəli qərarı – əlverişsiz inzibati aktı qanunsuz sayılmalıdır. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (maddə 61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; (maddə 61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; (maddə 61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; (maddə 61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə xüsusilə vurğulayır ki, inzibati orqanın (vergi orqanının) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 dekabr 2021-ci il tarixli **********607300 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59.1, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuya dair qərar qərar qəbul olunarkən hesablamanın səbəblərini və düstürunu aydın şəkildə göstərməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə uzlaşmır. Həmçinin məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 dekabr 202l-ci il tarixli **********607300 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 dekabr 202l-ci il tarixli **********607300 nömrəli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 dekabr 2021-ci il tarixli **********607300 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar