Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5049/2022 28.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı soyadın dəyişdirilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adının “Rişad"dan "Rəşad"a dəyişdirilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, İddiaçı adını "Rişad“dan "Rəşad"a dəyişdirmək üçün Nərimanov Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraeiət etmişdir. Müraciətinə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021 -ci il tarixli, 274 №li imtina məktubu ilə cavab verilmişdir. İmtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi haqqında" xx.xx.2011-ci il tarixli, 79 saylı qərarının 6.3-cii bəndinə istinad edilərək bildirilmişdir ki, adın ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) yol verilmir. Məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İddiaçı bildirir ki, ilkin doğum haqqında şəhadətnamə əsasən adı “Rəşad" olmuşdur. Lakin xx.xx.2019-cu il tarixdə Nərimanov Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək adını “Rəşad"dan “Rişad"a dəyişdirmişdir. Lakin hazırda adını yenidən “Rişad"dan “Rəşad"a dəyişdirilməsinə zərurət yaranmışdır. Belə ki, qızı X6 Rusiyada doğulmuşdur. Bu faktı təsdiq edən 1-AK 666685 №li doğum haqqında şəhadətnamənin surətini və onun notarial tərcümə-təsdiq olunmuş surətini iddia ərizəsinə əlavə edirəm. Qızının doğum haqqında şəhadətnaməsindən göründüyü kimi, ata adı hissəsində müvafiq olaraq X7 qeyd olunmuşdur. Hazırda isə onun ad soyad ata adının isə İddiaçıdur. Bu səbəbdən qızının doğum haqqında şəhadətnaməsində qeyd olunan ata adı ilə onun hazırki adı arasında fərqlilik mövcud olduğu üçün qızına şəxsiyyət vəsiqəsi almaqda problemlər yaranır. Faktiki olaraq onun adı ilə, doğum haqqında şəhadətnamədə qeyd olunan ad üst-üstə düşmədiyi üçün qızına şəxsiyyət vəsiqəsi almaqda çətinlik çəkir. Qeyd olunanlara əsasən iddiaçının adının “Rişad"dan “Rəşad”a dəyişdirilməsi onlar üçün böyük əhəmiyyət daşıyır. İddiaçı onu da qeyd edir ki, bir sıra hüquq və vəzifələri icra etmək üçün, həmçinin hüquqmüəyyənedici sənəd qismində şəxsiyyət vəsiqəsi mühüm rol oynayır. Ona görə də hazırki məsələ ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Cavabdeh tərəfindən məhkəməyə məktub ünvanlanaraq işə onların nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyərək, iş materiallarını araşdıraraq, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: - 17 dekabr 1971-ci il tarixdə Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 148777 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 17 dekabr 1971-ci il tarixdə 3045 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X3, ana qrafasında X4 adı yazılmışdır. - AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1971-ci il tarixdə doğulmuşdur. -xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ 019970 saylı adın, ata adının və soy adının dəyişdirilməsi haqqında Şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1971-ci il təvəllüdlü X5 adı “Rəşad”-dan “Rişad”a dəyişdirilmişdir. - xx.xx.2002-ci il tarixdə verilmiş İ-AK 666685 №li Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, 15 iyul 1998-ci il tarixdə Sankt-Peterburqda doğulmuş X2 ata adı, ata adı qrafasında Rəşad kimi qeyd olunmuşdur. -Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 28 dekabr 2021-ci il tarixli, 274 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi haqqında” 12 may 2011-ci il tarixli 79 saylı qərarına əsasən adın, at adının və soyadının növbəti dəfə dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü maddəsinə əsasən “Rişad” adının “Rəşad” adına dəyişdirilməsinin mümkün olmadığı qeyd edilərək imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Beləliklə işin hallarından görünür ki, iddiaçının əvvəlki adı “Rəşad” adı olmuş, daha sonra o adını “Rişad” adına dəyişdirmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı ona məxsus sənədlərdə, hüquqmüəyyənedici sənədlərdə, həmçinin qızına məxsus sənədlərdə adının “Rəşad” qeyd olunduğuna, lakin şəxsiyyət vəsiqəsində “Rişad” adının qeyd olunduğuna və bu halın ona çətinlik yaratdığına istinad edərək, məhkəmədən “Rişad” adının əvvəlki adı olan “Rəşad” adına dəyişdirmək barədə tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması dövründə sorğu əsasında xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (Rəşad) Kamal oğlunun məhkumluğunun olub-olmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi Nərimanov Rayon Polis İdarəsindən tələb olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən 16 mart 2022-ci il tarixdə verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat aşkarlanmamışdır. Məhkəmə araşdırması dövründə həmçinin İddiaçı və X5 Azərbaycan Respublikasının sərhədlərinin giriş-çıxış barədə, həmçinin giriş-çıxışına hər hansı məhdudiyyətin qoyulub-qoyulmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən sorğu əsasında tələb edilmişdir. Məkhəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli, 33/861 saylı məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyətin tətbiq olunmadığı bildirilmişdir. İmtinada qeyd olunan halların araşdırılması məqsədilə məhkəmə tərəfindən Nərimanov rayon Qeydiyyat Şöbəsinə xx xxxxxx 1971-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı doğum haqqında akt qeydindən çıxarışın surətin məhkəməyə təqdim olunması barədə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçının doğum və soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydlərinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim olunan **********7121971 №li doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçının adıRəşad qeyd olunmuş, sonradan 04 yanvar 2019-cu il tarixdə akt qeydinə dəyişiklik edilərək Rəşad adının Rişad adına dəyişdirilməsi qeydi aparılmışdır. Beləliklə işin hallarından görünür ki, xx xxxxxx 1971-ci il təvəllüdlü İddiaçı ona məxsus doğum akt qeydində və digər müvafiq sənədlərdə adının “Rəşad” olaraq qeyd olunduğuna istinad edərək, həmin səbəbdən “Rişad” adından “Rəşad” adına dəyişdirilməsi barədə Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarının 6.3-cü bəndinə istinad olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Mülki Məcəllənin 26.1 və 26.4-cü maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydası”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Lakin məhkəmə iddiaçının tələbinin sözügedən Qaydaların 6.3-cü bəndinin tələbinin təsiri altına düşmədiyi qənaətindədir. Belə ki, məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırki halda adının “Rişad” adından “Rəşad” adına dəyişdirilməsini tələb edərkən ikinci dəfə, yəni yenidən dəyişdirilməsini deyil, məhz əvvəlki adına dəyişdirilməsini istəyir. Belə olan halda məhkəmə iddiaçıya məxsus sənədlərdə adının “Rişad” qeyd olunduğunu və bu halın onun üçün məlum və aşılmaz əngəllər yaratdığını və beləliklə konstitusion hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxardığını nəzərə alaraq və nəhayətdə başqa adla deyil, əvvəlki adına qayıtmaq niyətində olduğunu nəzərə alaraq, sosial ədalət prinsipi baxımından iddiaçının tələbində haqlı olduğu ilə razılaşır. Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istina olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı adının “Rişad"dan "Rəşad"a dəyişdirilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı adının “Rişad"dan "Rəşad"a dəyişdirilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5049/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5049/2022
28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver