Məhkəmə qərarları › İş №2-1(112)-505/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-505/2021

05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-505/2021 05.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 iştirakı ilə, iddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6 Xidmətinə qarşı “qeyri-yaşayış sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6 Xidmətinə (əvvəlki Azərbaycan Respublikası X6 Komitəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən binalarının 1-ci mərtəbəsində 192 kv.m kooperativin üzvlərinin şərikli mülkü olan xeyir-şər zalının dövlət mülkiyyətində olan əmlak kimi X2 qeydiyyata alınmasının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-342/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır (iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olmadıqlarına görə). Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1018/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı2 apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 342/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2238/19 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2-1(103)- 1018/2019 saylı qərardadından cavabdeh X6 Komitəsi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-505/2021 saylı xx xxxx 2021-ci il tarixli qərardadı ilə iddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6 Xidmətinə qarşı “qeyri-yaşayış sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata İddiaçı2 aid hissədə xitam verilməsi qərara alınmışdır (şəxs vəfat etdiyinə görə). Məhkəmə iclasında iştirak edən İddiaçı3 izahatında bildirdi ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Komitəsi tərəfindən onlara verilmiş xx xxxxxx 2018-cı il tarixli **********65 saylı məktubla Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təstiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” qaydalarına əsasən, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov ev 2 ünvanında yerləşən 59 saylı MTK-ya məxsus yaşayış binasının 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsi dövlət mülkiyyətinə olan əmlak hesab edilir. Göstərilənləri nəzərə alaraq sahəsi 192.0 kv.m təşkil edən həmin qeyriyaşayış sahəsi dövlət mülkiyyətində olan əmlak kimi X2 qeydiyyata alınmış və bu barədə məktub verilmişdir. Bu məktub qeyri-qanuni, əsassızdır və registr qeydiyyatı ləğv olunmalıdır. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 2 ünvanında (keçmiş 3-cü Zavodskaya 2) 1969-ci ildə 99 nəfərdən ibarət 59 saylı (keçmiş JCK BQİ №59) kooperativin keçmiş Sovetin nümunəvi nizamnamə əsasında yaranması, təsis olunması və fəaliyyətinə başlanması barədə ümumi iclas keçirilmişdir. 9 mərtəbəli 2 bloklu kooperativ binanın ümumi smeta dəyəri (mənzillər, zirzəmi, bloklar, 1-ci mərtəbədə xeyir-şər zalı, həyatyanı ərazinin yaşıllaşdırılması, su nasosların və gözətçi otaqlarının, yanğın hovuzunun, 2 ədəd liftin quraşdırılması və elektrik yarımstansiya daxil olmaqla) 99 nəfər təsisçilərin arasında bölünmüşdir. 1974-ci ildə 99 payçılardan ibarət 9 mərtəbəli 2 bloklu yaşayış binası tam şəkildə tikilmiş, istismara verilmiş və hal-hazırda şərikli mülkiyyət hüququ əsasında fəaliyyət ğöstərir. Heç bir dövlət qurumu 59 saylı Mənzil-Tikinti Kooperativinin 9 mərtəbəli binasının inşaatında iştirak etməmiş, binanın və birinci mərtəbəsində yerləşən xeyir-şər zalının tikintisində hec bir pul vəsaiti dövlət tərəfindən xərclənməmişdir. Bundan əlavə, 59 saylı Mənzil-Tikinti Kooperativinin Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamına heç bir aidiyyəti yoxdur. Onların binasında yerləşən qeyri-yaşayış sahələri dövlət vəsaiti hesabına inşa edilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 365 saylı xx.xx.2011-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, «araşdırma zamanı müəyyən edilmişdir ki, göstərilən bina rəhbəri olduğunuz Kooperativin balansındadır. Mənzil-tikinti kooperativləri evlərin istismarı və təmir-abadlıq xərcləri kooperativlərin vəsaiti hesabına maliyyələşdirilir. Dövlət vəsaiti hesabına isə yalnız dövlət mənzil fondunda olan binalarda bu və ya digər təmir-abadlıq işləri aparılır. Yuxarıda qeyd edilənlərlə əlaqədar bildiririk ki, bina kooperativ üzvlərinin mülkiyyətidir». Eyni məzmunda Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən onlara verilmiş 181 saylı xx.xx.2018-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, həmin ünvanda 9 mərtəbəli çoxmənzilli bina 1974-cü ildə payçıların şəxsi maliyyə vəsaiti hesabına inşa olunmuş kooperativ binadır və dövlət mənzil fondunun balansına daxil deyil. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli 5 saylı Qərarında deyilir: “Azərbaycan SSRdə mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsinə əsasən mənzil-tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binanın inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir.” Daşınmaz Əmlakın Dövlət Komitəsi nə onların 59 saylı Mənzil-Tikinti Kooperativinin razılıq ərizəsini, nə həmin qeyri-yaşayış sahəsinin dövlət hesabına tikilməsini təsdiq edən sənədlərin, nə də binanın 1-ci mərtəbəsində 192 kv.m kooperativin üzvlərinin şərikli mülkü olan xeyir-şər zalının hansı ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisinin və idarələrinin balansında olunması və həmin qeyri-yaşayış sahəsinin 1974-ci ildən bu günə kimi tikilməsi üçün aparılmış dövlət ödənişlərinin bank qəbzlərinin və kimin hesabına köçürülməsi barədə sənədləri təqdim edə bilməmişdir. Belə olan halda Daşınmaz Əmlakın Dövlət Komitəsi tərəfindən binanın 1ci mərtəbəsində 192 kv.m kooperativin üzvlərinin şərikli mülkü olan xeyir-şər zalını dövlət mülkiyyətində olan əmlak kimi X2 qeydiyyata alınması qeyri-qanunidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən digər iddiaçılar İddiaçı1 və İddiaçı4 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 oğlu iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddia 59 saylı Mənzil-Tikinti Kooperativi tərəfindən qaldırılmış və həmin kooperativin təsisçiləri adından İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən imzalanmışdır. Lakin nə “59 saylı Mənzil-Tikinti Kooperativi” adlı hüquqi şəxsin mövcud olması, nə də adları çəkilən şəxslərin həmin kooperativin adından iddianı imzalamaq səlahiyyətinə malik olması barədə iddia ərizəsinə hər hansı mötəbər sənəd əlavə olunmamışdır. İddiaçılar tərəfindən iddia ərizəsinə əlavə edilmiş “59 saylı MTK-nın xx xxxxxxxx 2018-ci il tarixli ümumi iclasının protokolu”xxxx“59 saylı Mənzil-Tikinti Kooperativi” adında hüquqi şəxs mövcud olmadığından, onun təsisçiləri adından keçirilmiş hər hansı iclas qanuni sayıla bilməz. Eyni zamanda, həmin hüquqi şəxs tərəfindən qaldırılmış iddiaya da məhkəmə tərəfindən baxıla bilməz. 59 saylı Mənzil-Tikinti Kooperativi o halda hüquqlara, o cümlədən məhkəmədə iddia qaldırmaq hüququna malik ola bilər ki, hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış olsun. Lakin 59 saylı Mənzil- Tikinti Kooperativi adlı hüquqi şəxsin mövcud olması barədə işin materiallarında heç bir mötəbər sübut yoxdur. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli, 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə əsasən mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Eyni zamanda Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-4886/2018 nömrəli qətnaməsi ilə Xətai rayonu, Sabit Orucov ev 2 ünvanında yerləşən 59 saylı MTK-ya məxsus yaşayış binasının 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun tanınması barədə iddiaçıların iddia tələbi təmin edilməmişdir. Beləliklə, qeyd edilən binada yerləşən qeyri-yaşayış sahəsi dövlət büdcəsinin vəsaiti hesabına inşa edildiyindən həmin sahə dövlət mülkiyyətindədir və bu barədə X6 Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999- cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə uyğun olaraq X2 qeydiyyat aparılmışdır. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər İddiaçı5 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu ildə verilmiş AZ-İİ serialı 029969 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 1109 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X6 Komitəsi tərəfindən 59 saylı Mənzil-Tikinti Kooperativinə ünvanlanmış xx.xx.2018-ci il tarixli **********65 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 2 ünvanında yerləşən 59 saylı Mənzil tikinti kooperativinə məxsus yaşayış binasının 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsinin hansı əsaslarla X2 qeydə alınması barədə xx.xx.2018-ci il tarixli, 799 nömrəli müraciətinizə X6 Komitəsində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” qaydalarına əsasən həmin binada yerləşən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olan əmlak hesab edilir. Göstərilənləri nəzərə alaraq sahəsi 190.2 kv.m təşkil edən həmin qeyriyaşayış sahəsi dövlət mülkiyyətində olan əmlak kimi X2 qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 59 saylı Mənzil-Tikinti Kooperativinə ünvanlanmış xx.xx.2018ci il tarixli 181 saylı məktubda qeyd edilir: Sizin, Xətai rayonu, Sabit Orucov küçəsi 2 ünvanda yerləşən yaşayış binasının və həyətyanı ərazinin dövlət vəsaiti hesabına inşa edilmədiyinə dair məlumat verilməsi barədə daxil olmuş sorğu məktubu əsasında bildiririk ki, həmin ünvanda 9 mərtəbəli çoxmənzilli bina 1974-cü ildə payçıların şəxsi maliyə vəsaiti hesabına inşa olunmuş kooperativ binadır və dövlət mənzil fondunun balansına daxil deyil. Xətai rayonu, Sabit Orucov küçəsi 2 ünvanda yerləşən 59 saylı MTK hazırda Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin tabeçiliyindədir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-4886/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, X3, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası X6 Komitəsinə qarşı “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 12159/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4886/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4886/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası X6 Komitəsi X1 çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 2 ünvanında yerləşən 59 saylı MTK-nın yaşayış binasının qeyri-yaşayış sahəsi X2 (Kod 825, registr nömrəsi ***-*******1) qeydiyyata alınmışdır, 9 mərtəbənin birinci mərtəbəsində olan tikilinin ümumi sahəsi 190.2 kv.m-dir. MTK-nın yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan SSR Nazirlər Sovetinin “Mənzil-Kooperativ Tikintisinin sonrakı inkişafı haqqında” xx xxxxxx 1965-ci il tarixli 05 saylı qərarının 2-ci hissəsinə və Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təstiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarına əsasən həmin əmlak dövlət əmlakı hesab edilir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)-5795/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1, X7 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası X6 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə qarşı «çıxarışın ləğvi» tələbinə dair iddia təmin edilmiş, Azərbaycan Respublikası X6 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş X4 adına ********* qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmiş Bakı şəhəri, Xətai rayonu, Sabir Orucov küçəsində 2 nömrəli binada yerləşən qeyri-yaşayış sahəsinin qeydiyyatı barədə MH seriyalı, ******* nömrəli, xx xxxx 2007-ci il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)- 1901/2017 saylı qətnaməsinin surətindən görünür ki, X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5795/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-4197/2017 saylı qərarının surətindən görünür ki, X5 və vəkili Əliyev Nihad Sahib oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-1901/2017 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası X6 Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxx 2020-ci il tarixli **********59 saylı məktubda qeyd edilir: Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli, 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə əsasən mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Həmin tikililərin inşası mənzil-tikinti kooperativlərinin vəsaiti hesabına maliyyələşdirilə bilməz. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Qeyd edilən normativ hüquqi aktlara əsasən Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 2 ünvanında yerləşən 9 mərtəbəli kooperativ binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olmasına dair X2 qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6 Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********81 saylı məktubda qeyd edilir: Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli, 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 2 ünvanında yerləşən 9 mərtəbəli kooperativ binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi dövlət vəsaiti hesabına inşa edilməklə dövlət mülkiyyətindədir və həmin əmlaka dair X2 qeydiyyat aparılmışdır. Qeyd edilən qeyri-yaşayış sahəsinin istismarının hansı müəssisə tərəfindən həyata keçirilməsinə dair X2 məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli **********346300 saylı məktubdan görünür ki, dövlət reyestrində 59 saylı Mənzil-Tikinti Kooperativi adlı hüquqi şəxsin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları»nın: 1-ci bəndinə əsasən bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın (bundan sonra - İİ Dövlət Proqramı) həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin (bundan sonra - qeyri-yaşayış sahələri) özəlləşdirilməsi qaydalarını tənzimləyir; 2-ci bəndinə əsasən qeyri-yaşayış sahələrinə aşağıdakılar aiddir: ayrıca tikilmiş qeyri-yaşayış binaları; yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri; mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri. «Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 20 iyun tarixli 732 nömrəli Fərmanının 1ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında X2 daşınmaz əmlakın qeydiyyatının aparılması, Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin mərkəzi registrdən və yerli registrlərdən ibarət olması, Azərbaycan Respublikasının X6 Komitəsinin Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin aparıcısı olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 09 dekabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə»nin: 3-cü bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registri respublikanın informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir; 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının dövlət əmlakının Registri Azərbaycan Respublikasının mülkiyyətidir; 8-ci bəndinə əsasən Azərbaycan Respublikasında daşınmaz dövlət əmlakının Registri Azərbaycan Respublikasının X6 Komitəsi tərəfindən dövlət əmlakının mərkəzi registri və yerli registrləri əsasında tərtib edilir; 10-cu bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registri kartoteka (sənəd) və maqnit daşıyıcıları vasitəsilə aparılır. Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin aparılması qeydiyyat obyektləri, onların yaradılması barədə məlumatın (yazıların), qeydiyyat obyektlərinin üzərində mülkiyyət hüququnun (əşya hüquqlarının) keçməsi, onların öhdəliklərlə yüklənməsi, onlara xitam verilməsi, o cümlədən dövlət mülkiyyət hüququna xitam verilməsi barəsində məlumatların Registrə daxil olunmasında, bu məlumatlara dair Registrdə olan məlumatın təzələnməsindən və ya silinməsindən ibarətdir; 11-ci bəndinə əsasən Azərbaycan Respublikasında X2 məlumat (yazılar) daşınmaz dövlət əmlakına münasibətdə əşya hüquqlarına, onun öhdəliklərlə yüklənməsinə və dövlət mülkiyyət hüququna xitam verildikdə silinir. Bu bəndin birinci abzasında nəzərdə tutulan hallarda Azərbaycan Respublikasında X2 silinən məlumat (yazılar) həmin Registrin arxivinə keçirilir; 17-ci bəndinə əsasən Azərbaycan Respublikasında X2 qeydə alınan bütün qeydiyyat obyektlərinə registr nömrəsi verilir və sərəncamında həmin obyektlər olan subyektlərə bu barədə müvafiq «Registrdən çıxarış» təqdim edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 2 ünvanında yerləşən 59 saylı MTK-nın yaşayış binasının birinci mərtəbəsində olan 190.2 kv.m qeyri-yaşayış sahəsi X2 (Kod 825, registr nömrəsi ***-*******1) qeydiyyata alınmışdır. Hazırda iddiaçılar qeyd olunan qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olan əmlak kimi X2 qeydiyyata alınmasının ləğv edilməsini tələb edirlər. Lakin məhkəmədə araşdırılan sübutlarla müəyyən edildi ki, həmin qeyri-yaşayış sahəsi dövlət vəsaiti hesabına inşa edilmişdir və dövlət mülkiyyətindədir. İddiaçı tərəf qeyd olunan Registrdə qeydiyyatın ləğv edilməsini tələb etsə də, həmin qeydiyyatın qanunsuz və əsassız olmasına dair sübutları məhkəməyə təqdim edə bilmədi və məhkəmə araşdırması zamanı qeyd olunan hal öz təsdiqini tapmadı, habelə Registrdə qeydiyyatın aparılması zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilmədi. Həmin əmlak dövlət mülkiyyəti hesab edildiyi üçün dövlət mülkiyyətində olan əmlak kimi X2 qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6 Xidmətinə qarşı “qeyri-yaşayış sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar