Məhkəmə qərarları › İş №2-1(112)-505/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-505/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-505/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “ixtisasın tanınması və ekvivalentlik haqqında Şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “X2”nun bitirməsi haqqında verilmiş xx.xx.2012-ci il tarixli BSQ nömrəli apostil edilmiş diplomunun Azərbaycan Respublikası ərazisində tanınması (yəni nostrifkasıyası) vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli cavab məktubu ilə ərizənin qəbulu yalnış elektron qaydada www.tkta.edu.az internet səhifəsi vasitəsi ilə həyata keşirilməsi qeyd edilmişdir. Qeyd edilən elektron səhifədə tələb olunan sənədlərin siyahısı və yükləmə qaydası ətraflı qeyd olunduğu göstərilmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2(112)-3027/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadı ilə iddia mümkün sayılmamışdır. İş materiallarından görünür ki, iddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-1738/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2(112)-3027/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş məhkəməyə qaytarıldıqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli iddiaya dair yazılı etiraz məktubunu məhkəmənin dəftərxanası vasitəsilə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etsə də, kvalifikasiyanın tanınması prosedurunun həyata keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na əsasən təqdim edilməli olunan sənədləri lazımi qaydada cavabdehə təqdim etməmişdir (qeyd olunan xidmətin göstərilməsi üçün nəzərdə tutulmuş xidmət haqqı lazımi qaydada ödənilməmiş və elektron ərizə ərizəçi tərəfindən təsdiq edilməmişdir) və bu səbəbdən inzibati orqan tərəfindən ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.1-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizəyə) ali təhsil haqqında sənəd əlavə edilir. Ali təhsil haqqında sənəd və ona əlavənin Azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiqi bir qayda olaraq, Azərbaycan Respublikasının ali təhsil haqqında sənəd verən ölkədəki Səfirliyində (Konsulluğunda) və ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində leqallaşdırılmalıdır. Eyni zamanda sözügedən Qaydaların 2.1-1-ci bəndinə əsasən Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması sahəsində göstərilən xidmətlərə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. xx.xx.2021-ci il tarixində İddiaçı elektron kabinetində onun elektron ərizəsində təqdim etdiyi sənədlərin natamam olması, habelə göstərilən xidmət üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqının ödənilməməsi barədə məlumat yerləşdirilmişdir. İddiaçı müvafiq məlumatları ərizəsinə əlavə etmədiyi üçün və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqının ödənilməsini həyata keçirmədiyi üçün onun ərizəsinin icraatı dayandırılmışdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iddiaçıya izah edilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. İş materiallarında olan poçt xəbərnaməsindən (SS788183645AZ) görünür ki, göndərilmiş hüquqi yardım haqqında məktub xx.xx.2022-ci il tarixdə iddiaçıya çatdırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etiraza uyğun izahat verərək həmin tələb üzrə işə mahiyyəti üzrə baxılmamasını və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Teleqramdan görünür ki, iddiaçı işi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, hesab edir ki hazırki iddia tələbinə İPM-nin müddəalarına uyğun olaraq mümkün sayılmamalıdır. Hazırkı mübahisə iddiaçının “X2”nu bitirməsi haqqında verilmiş xx.xx.2012-ci il tarixli BSQ nömrəli apostil edilmiş diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) ilə bağlıdır. Belə ki, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində qeyd edilmişdir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarının 2.1 və 2.1-1ci bəndlərində qeyd edilmişdir: Ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizəyə) aşağıdakılar əlavə edilir: ali təhsil haqqında sənəd; tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə. Ərizəçi öz hazırlıq səviyyəsinin müvafiq peşə fəaliyyətinə icazə verməsini və praktik təcrübəsini təsdiq edən sənədlər də təqdim edə bilər. Ali təhsil haqqında sənəd və ona əlavənin Azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiqi bir qayda olaraq, Azərbaycan Respublikasının ali təhsil haqqında sənəd verən ölkədəki Səfirliyində (Konsulluğunda) və ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində leqallaşdırılmalıdır. Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması sahəsində göstərilən xidmətlərə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. “Xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 24 dekabr tarixli 507 nömrəli qərarına əsasən xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği 250 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan iddiaçının müraciəti ilə bağlı Elektron ərizə sistemindən çıxarışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na əsasən təqdim edilməli olan sənədlər lazımi qaydada cavabdehə təqdim etməmiş, yəni qeyd olunan xidmətin göstərilməsi üçün nəzərdə tutulmuş xidmət haqqı lazımi qaydada ödənilməmiş və elektron ərizə ərizəçi tərəfindən təsdiq edilməmişdir. Odur ki, iddiaçının elektron müraciəti tamamlanmamış ərizə kimi cavabdeh inzibati orqan tərəfindən geri qaytarılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati icraatın aparılması üçün lazım olan sənədlər inzibati orqana təqdim edilmədiyindən və həmin sənədlərin inzibati orqana təqdim edilməsinə dair sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1- 8.4-cü bəndlərində qeyd edilir ki, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Məhkəmə qeyd edir ki, iddianın qeyri-mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar