Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-505/2023 05.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X5 hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 05 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X5 hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, onun dövlət qullqçusu kimi aylıq pensiya məbləğinin 1043,46 manat təyin edilməsi və göstərilən cədvəl üzrə hesabladığı ödənilməmiş 67.522,12 manat məbləğin ona birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bir sıra prosessual hərəkətlər edildikdən sonra iddiaçı yenidən xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 99.943,88 manatın birdəfəyə alınaraq ona verilməsi və pensiyasının xx.xx.2023-cü il tarixdən 1519,66 manat olmaqla hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1967-1969-cu illərdə Hərbi xidmətdə olmuş, 1970-ci ildən Əmək fəaliyyətinə başlamış, 10 mart 1977-ci ildən Bakı şəhər 26 Bakı komissarı adına rayon xalq məhkəməsində məhkəmə icraçısı vəzifəsinə təyin edilmiş, 15 mart 1978-ci ildə həmin məhkəmədə baş məhkəmə icraçısı vəzifəsinə təyin olunmuşdur. 01 mart 1993-cu ildə həmin məhkəmədə baş inspektor vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci il tutduğu vəzifədən azad olunmuşdur. 05 noyabr 2007-ci ildən bu günə kimi Azərbaycan Respublikasının vəkillər kolegiyasının həqiqi üzvüdür. 15 dekabr 2011-ci ildən dövlət qulluqçusu kimi təqaüddədir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” və “Dövlət qulluqçuların pensiya təminatı haqqında” Qanunlarına əsasən 05 iyun 2005-ci il tarixdən dövlət qulluqçularına şamil edilən imtiyazlara uyğun ona pensiya düzgün hesablamamışdır. Göstərilən tarixdən aylıq vəzifə haqqı 805 manat olmasına baxmayaraq ona 490 manat pensiya məbləği təyin olunmuş və həmin məbləğin tərkibi nələrdən ibarət olması (vəzifə maaşı, staj illərinə görə, maddi yardım-mükafat, vəzifəyə görə, ixtisas dərəcəsinə görə və aylıq müavinat) ona məlum deyil. Bu barədə Azərbaycan Respublikası ƏƏSM Nazirliyin çoxsaylı müraciətlərinə baxmayaraq ona cavab verilməmişdir. İddiaçı onu da qeyd edir ki, ona təyin edilmiş əmək pensiyası sonraki artırımlar və əlavələr də nəzərə alınmaqla yenidən hesablanmamış, bununlada onun pensiya almaq hüquqları kobudcasına pozulmuşdur. Yəni iddiaçıya pensiya hesablandıqa vəzifə maaşı 805 manat, qulluq illərinə görə vəzifə maaşının 30%-zı həcmində 241.50 manat, ixtisas dərəcəsinə görə, maddi yardımmükafat, dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15%-zı həcmində 805 x 15%-120.75 manat və və bir aylıq vəzifə maaşı həcmində maddi yardım 805:12 ay=67 manat nəzərə alınmalıdır. Bir aylıq pensiya məbləği: -vəzifə maaşı-805 manat; -qulluq illərinə görə-805 x 30% =241.50 manat, -ixtisas dərəcəsinə görə-70 manat -hakimiyyət səlahiyyətinə görə- 805:12 ay= 67.8 manat Cəmi 1304,33 x 80%=1043.46 manat. Beləliklə, ona ödənilməli olan bir aylıq pensiya məbləği1043,46 manat olmalıdır. Belə ki “Dövlət qulluq haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən, dövlət qulluqçularının ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan sitifadə etmək hüququ vardır. Həmin qanunun 17.1-ci maddəsinə əsasən, ixtisas dərəcələri bu Qanunun 16.1-ci maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajina və ixtisas dərəcəsinə- qulluq müddətinə uyğun olaraq verilir. Azərbaycan Respublikası Prezidentinin 03 sentyabr 2001ci il tarixli, 569-saylı Fərmanının 12-ci bəndinə əsasən Dövlət qulluqçusuna ixtisas dərəcələrinin verildiyi gündən başlayaraq hər ay vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq ödənilməlidir: xı,xıı-2011=2 ay 1-2012-xıı=120ay, cəmi 122 ay x 70 manat = 8540 manat. Həmin Qanunun 22.8-ci maddəsinə müvafiq olaraq dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq Qanunları ilə müəyyən edilir. Beləliklə, noyabr 2011-ci il tarixdən dekabr 2021-ci il daxil olmaqla 122 aya görə az ödənilmiş pensiya məbləği 1043- 490.0=533.46xl22ay=67522.12 manat olmaqla ona ödənilməmişdir. Bu əsaslarla da onun aylıq pensya məbləği 1043.46 manat təyin olunmağı ona yuxarıda göstərdiyi cədvəl üzrə hesabladığı ödənilməyən 67522.12 manat birdəfəlik olaraq ödənilməlidir. Belə ki, o uzun müddət baş məhkəmə icraçısı işləyən zaman icra şöbəsinin rəisi ştat vahidi olmadığından baş icraçı ona aid salahiyyətləri icra etmişdir. Yəni daxil olan işlərin əməkdaşlar arasında bölüşdürülməsi, şöbədə umumi əməkdaşlar tərəfindən vaxtı-vaxtında icra fəaliyyətinə nəzarət funksiyasının həyata keçirilməsi, eləcə də şöbəyə daxil olan ərizə və şikayətlərin qeydiyyatı üzrə əməkdaşlara verilməsi və ələcədən onlara düzgün və vaxtinda cavab verilməsi funksiyası və s. icra şöbəsinin rəisi səlahiyyətlərinə aidi vəzifələri icra etmişdir. Cavabdehin etirazı: Etiraza əsasən cavabdeh qeyd edir ki, İddiaçı Dövlət Sosial X5 hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2021-ci il tarixdə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını və fərqin ödənilməsini xahiş etmişdir. Mərkəzi Filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli **********9 nömrəli cavab məktubunda bildirilmişdir ki, əmək pensiyası yenidən hesablanaraq 489,06 manatdan 509,60 manata çatdırılmış və xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün yenidən hesablanaraq, 451,88 manat fərq məbləği cari ayda əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Cavabdeh bildirir ki, pensiya işinə dair sənədlərdə A.G.X3 rayon şöbəsi tərəfindən 1 yanvar 2012-ci il tarixdən ədliyyə orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Müraciətinə əsasən əmək pensiyası yenidən hesablanaraq 489,06 manatdan 509,60 manata çatdırılmış və xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ‘“'Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli, 03/2020 saylı qərardadına əsasən, ‘‘Əmək pensiyaları haqqında” azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan ‘‘müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası penisya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərardadından da göründüyü kimi, iddiaçıya yalnız müraciət etdiyi tarixdən əvvəlki 3 (üç) il ödənilməsi qanunamüvafiqdir. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 451,88 manat fərq məbləği cari ayda əmək pensiyasının (509,60 manat) üzərinə əlavə olunmaqla (451,88+509,60=961,48 manat) müvafiq kart hesabına köçürülmüşdür. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən 01 yanvar 2012-ci il tarixdən ədliyyə orqanlarının sabiq əməkdaşı kimi, 22 il 04 ay 03 gün qulluq stajına uyğun olaraq əmək haqqının 80 faizi məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətə əsasən əmək pensiyası yenidən hesablanaraq 489,06 manatdan 509,60 manata çatdırılmış və xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün yenidən hesablanaraq aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) 20.19. Bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: ... 20.19.3. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 10 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə—orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir;
109. Prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir; 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 110.2. Sosial təminat mübahisələri ilə bağlı işlər üzrə (əmək pensiyasının, sosial müavinətin təyin olunması və s.) dövlət orqanının xeyrinə qərar qəbul edildiyi hallarda, bu Məcəllənin 110.1-ci maddəsi tətbiq olunmur.
Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi, əmək pensiyası yaşına çatmış sabiq hakimlərin əmək pensiyasına əlavələr hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 20.19.3-cü maddəsinə əsasən, 22 il 04 ay 03 gün qulluq stajına uyğun olaraq, 403 manat (vəzifə maaşı – 310,00 manat, qulluq stajına görə vəzifə maaşına əlavəsi 93,00 manat) əmək haqqının 80 faizi məbləğində, 322,40 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş pensiyanın məbləğinin düzgünlüyü iş üzrə ekspert rəyi ilə də təsdiqini tapmışdır. İddiaçı vəzifə maaşının 805 manat olmasını iddia etsə də, bununla bağlı nə cavabdeh inzibati orqana, nə də məhkəməyə hər hansı əmək haqqı arayışı təqdim etməmişdir. İddiaçının əmək pensiyasının məbləği hesablanarkən nəzərə alınmasını tələb etdiyi ödənclər – hakimiyyət səlahiyyətlərinin icrasına görə 15% (805x15%=120,75 manat); ixtisas dərəcəsinə görə 70 manat; vəzifə maaşının üç misli həcmində mükafat 201,25 manat (805x3/12); bir aylıq müavinət 67,08 (iddia ərizəsinə əlavədə 67,8 yazılmışdır) manat (805/12) iddiaçının əmək pensiyası hesablanarkən əsas götürülən 24 aylıq dövr ərzində (1998-2000) onun əmək haqqına daxil olmamışdır. Həmin ödəncləri iddiaçı almamışdır. Qeyd edilən fakt iddiaçı tərəfindən də təkzib edilməmişdir. Lakin hesab edir ki, onları almasa belə pensiyasına hesablanmalıdır. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsi Plenumunmun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, ... şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, ... “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə Konsitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq, qeyd edir ki, şəxsə pensiya təyin edilərkən və ya yenidən hesablanarkən işlədiyi dövrdə təyinat (status) baxımından almadığı əlavələrə edilən artımlar nəzərə alına bilməz. Konkret hazırkı iş üzrə, iddiaçı o halda hazırda həmin vəzifədə işləyən şəxsin əmək haqqına daxil olan əlavələrin (ödənclərin) onun pensiyası təyin edilərkən (yenidən hesablanarkən) nəzərə alınmasını tələb edə bilər ki, təyinat (status) baxımından həmin növ əlavəni (ödənci) işlədiyi dövrdə almış olsun. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının əmək pensiyasının məbləği hesablanarkən nəzərə alınmasını tələb etdiyi ödənclər – hakimiyyət səlahiyyətlərinin icrasına görə 15% (805x15%=120,75 manat); ixtisas dərəcəsinə görə 70 manat; vəzifə maaşının üç misli həcmində mükafat 201,25 manat (805x3/12); bir aylıq müavinət 67,08 (iddia ərizəsinə əlavədə 67,8 yazılmışdır) manat (805/12) iddiaçının əmək pensiyası hesablanarkən əsas götürülən 24 aylıq dövr ərzində (1998-2000) onun əmək haqqına daxil olmamışdır. Həmin ödəncləri iddiaçı almadığından onun pensiyası təyin edilərkən (yenidən hesablanarkən) nəzərə alına bilməz. İddiaçının pensiyası hesablanarkən, vəzifə maaşı və qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi əsas götürülməklə “Əmək pensiyaları haqqında” Qanunun 20.19.3-cü maddəsinə əsasən 22 il 04 ay 03 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya müəyyən edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilir. Lakin iddiaçı özünün hesabladığı pensiya məbləğinə əlavə olaraq 10% maddi yardım da tələb edir ki, iddianın əvvəlki hissələrinin əsassızlığı, hazırkı tələbin də təmin edilməməsini şərtləndirir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiyanın yenidən hesablanması” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. Prosessual xərclərin ödənilməsi ilə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, 150 (bir yüz əlli) manat ekspertiza xərclərinə dair bildiriş məhkəməyə təqdim edilmişdir. Lakin İPM-in 110.2-ci maddəsinin tələbinə uyğun olaraq həmin xərc iddiaçıya aid edilə bilməz.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X5 hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov