Məhkəmə qərarları › İş №2-1(112)-5050/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5050/2020

04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5050/2020 04.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 mənzil 35 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona “müharibə veteranı” adının və vəqisəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlərin siyahısından çıxarılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1953 il tarixində Zərdab rayonunda anadan olmuşdur. Ali təhsillidir. 1979-cu ildən Azərbaycan Respublikası Rabitə Nazirliyində işləyir. 1989-cu ilin yanvar ayından başlayaraq 1992-ci ilin sonuna qədər olan müddət ərzində mütəmadi ezamiyyətdə olaraq Azərbaycan Respublikasının Ermənistanla sərhəd rayonlarında və DQMV ilə həmsərhəd olan azərbaycanlılar yaşayan yaşayış məntəqələrində rabitənin fasiləsiz işləməsinin təmin edilməsinə texniki köməklik göstərmişdir.Torpaqlarının erməni separatçları tərəfindən ələ keçirilməsinə başlanıldığı ilk günlərdən, o da ixtisası üzrə bu təcavüzün qarşısının alınması üçün əlindən gələn her şeyi etmişdir. Münaqişənin yarandığı ilk günlərdən münaqişə bölgələrində olmuş, ən zəruri olan rabitə əlaqələrinin yaradılmasını təmin etmişdir. Bilavasitə nizami ordu hissələri və ya könüllü müdafiə batalyonlarının tərkibində qeydiyyatda olmasa da daim ön cəbhələrə ezam olunmaqla, ən çətin hərbi əməliyyatların keçirilməsi zamanı rabitə əlaqəsini təmin etmiş, ön cəbhədə döyüş zonasında olmuşdur.Belə ki, xx.xx.1989-cu il tarixdə 10 gün müddətinə Şuşa şəhərinə ezam olunaraq Şuşa şəhəri ilə Ağdam-Bakı arasına birbaşa rabitənin təşkil edilməsini və müstəqil radioyayım avadanlığının quraşdırılmasını, xx.xx.1989-cu il tarixdə 5 gün müddətinə Mardakert (hazırkı Ağdərə) rayonunun mühasirə olan İmarət Qərvənd kəndinə ezam olunaraq, İmarət Qərvənd kəndi ilə Tərtər rayonu arasında efir rabitəsinin yaradılmasını, xx.xx.1990-cı il tarixdə 10 gün müddətinə Ağdam və Laçın rayonlarına ezam olunaraq Laçın rayonunun Ermənistanla sərhəd yaşayış məntəqələrində ( Hacılar, Sadıllar, Zağazur, Aşağı Cicimli, Qayğı qəsəbəsi və s.) DQMV ilə həmsərhəd olan yaşayış məntəqələrində ( Sarı-Su, Unannovu, YuxarıFərəcan və s.) yaradılmış DİN-nin Laçın rayon milis postları ilə efir rabitəsinin təşkil edilməsini, Əskəran rayonunun mühasirədə olan Meşəli kəndinə Bakı şəhər telefon nömrəsini qoşmaqla Xocalı şəhəri və Bakı şəhəri arasında efir vasitəsi ilə rabitənin yaradılmasını, xx.xx.1990-cı il tarixdə 7 gün müddətinə Laçın rayonuna ezam olunaraq rabitə avadanlıqlarında baş vermiş zədələnmələrin aradan qaldırılmasını, 05.08.991-ci il və xx.xx.1991-ci il tarixlərdə hər biri 5 gün olmaqla Stepanakert (hazırkı Xankəndi) şəhərinə ezam olunaraq, o vaxt Xankəndində fəaliyyət göstərən Təşkilat Komitəsi ilə Bakı şəhəri arasında birbaşa rabitənin yaradılmasını təmin etmişdir.xx.xx.1991-ci il tarixdə 10 gün müddətinə Laçın rayonu ərazisində Rabitə qurğularının fasiləsiz işləməsinin təmin edilməsi məqsədi ilə Laçın rayonuna ezam olunmuşdur.1992-ci ilin aprel ayından başlayaraq Azərbaycanın Ermənistanla sərhəd rayonlarında vəziyyətin gərginləşdiyi nəzərə alınaraq Rabitə Nazirliyi tərəfindən rabitəçilərdən ibarət yaradılmış qrupun tərkibində Müdafiə Nazirliyinin sərəncamına 4 ədəd R-140 radiostassiya qurğusuna malik avtonəqliyyat vasitəsi ilə birlikdə Fizuli, Ağdam, Şuşa və Kəlbəcər rayonlarına müharibə zonalarına göndərilərək orada döyüşən qüvvələrin Bakı şəhəri Müdafiə Nazirliyi ilə rabitə əlaqəsi təşkil edilmişdir. O, 4 nəfərdən ibarət qrupun rəhbəri ehtiyatda olan kapitan rütbəli zabit kimi hərbi geyimdə xx.xx.1992-ci il tarixdə 29 gün müddətinə əvvəlcə Fizuli rayonuna ezam olunaraq xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək döyüş bölgəsində fəaliyyət göstərən N saylı hərbi hissənin qərargahında, Şuşa alındıqdan sonra oradakı R-140 radistansiya qurğusu işləmədiyindən Müdafiə Nazirliyi göstərişi əsasında xx.xx.1992-ci il tarixədək Laçın-Şuşa arasında yerləşən Turş-Su yaşayış məntəqəsinə getməli olmuşlar. Orada briqada komandiri Elbrus Orucovun rəhbərlik etdiyi Qərargahla Müdafiə Nazirliyi arasında rabitə əlaqəsinin yaradılması təşkil edilmişdir. 1992-ci ilin may ayının 14 və 15-də Şuşa rayonunun Zarıslı və Turş-Su ərazisində gedən döyüşlər zamanı Qərargahın yerləşdiyi əraziyə düşmən tərəfindən Qrad mərmisi zərbələri endirilməsi səbəbindən baş vermiş partlayış nəticəsində cüzi qəlpə zədəsi almışdır. Respublikanın mərkəzində baş vermiş hadisələrlə əlaqədar olaraq Kirs dağında yerləşən Gəncə batalyonu, qərargahla olan zabit heyyəti və döyüşən qüvvələr Turş-Su yaşayış məntəqəsini tərk etdikdən sonra Müdafiə Nazirliyinin Rabitə İdarəsinin zabiti baş leytenant İsmayıl R-140 radiostaniya avtonəqliyyat vasitəsini Qubadlıya aparmasını bildirərək, nəqliyyat vasitəsini sürüb aparmışdır. O, Turş- Su yaşayış məntəqəsindən Laçına, sonra Fizuliyə gəlib ezamiyyə vərəqəsinə möhür vurduqdan sonra xx.xx.1992-ci ildə Bakı şəhərinə iş yerinə qayıtmışdır. Bir müddət müalicə olunduqdan sonra Azərbaycan Respublikasının Ermənistanla sərhəd Tovuz və Ağstafa rayonlarının kənd yaşayış məntəqələrində rabitə qurğularının işinin bərpasında iştirak etmişdir. xx.xx.1992-ci il tarixdə texniki kömək məqsədi ilə Gədəbəy rayonunun Saratovka kəndində 5 gün müddətinə ezam olunmuşdur.Bu faktları təsdiq edən sənədləri təqdim etməklə, qanunvericiliyin tələblərinə müvafiq olaraq ona “müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi xahişi ilə cavabdehlərin hər ikisinə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı”, “silahlı qüvvələr veteranı” və “əmək veteranı” adlarının verilməsi qaydaları və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının ərazisi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstəklərinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonların ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirlməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı şəxsləri adı və müvafiq veteran vesiqəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onuun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.Mövcud faktların və qanunvericiliyin tələbləri rəhbər tutmaqla cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət ünvanlamaqla ona “müharibə veteranı” adı verilməsini xahiş etmişdir. Müraciətinə onlar tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, 216 saylı cavab məktubunda ona bildirilmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təstiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara - müvafiq dövlət və hərbi idarərtmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizamı hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər,orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təstiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.Bu səbəbdən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyinə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün ona“Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən mümkün deyil.Ona ünvanlanan cavab məktubunda qanun norması qəsdən, bilərəkdən saxtalaşdırılmışdır. İstinad olunan Əsasnamədə ona “veteran adı” verilməsini mümkün sayan müddəası konteksdən çıxarılmışdır. Halbuki, həmin normada göstərilir ki, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.Bu rəsmi dövlət sənədlərinin ona Müharibə veteranı adı və müvafiq vəsiqə verilməsi üçün kifayət edəcəyini düşünərək bir neçə dəfə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Müvafiq xahiş ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə etdiyi müraciətə də anoloji cavab verilmişdir.Belə olan halda məhkəməyə müraciət etməklə hüquqlarının təmin edilməsini məhkəmə qaydasında tələb etmək zəruriyətində qalır. Hesab edir ki, müvafiq qanunvericilik ona “Müharibə veteranı” adı verilməsini qanuni sayır. O, mülki şəxs olsa da döyüş şəraitində vuruşan, orduya dəfələrlə ezam olunmuş və döyüş şəraitində olan ön cəbhədə vəzifə borcunu icra etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən hərbi geyimlə təmin olunaraq, hərbi tapşırıqlar yerinə yetirmişdir. Hesab edir ki, ona “Müharibə veteranı” adı verilməlidir.Əsasnamədə deyilir ki, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların verinə yetirlməsi üçün ezam olunmuş şəxslərə də müharibə veteranı adı verilməlidir. Onun təqdim etdiyi sənədlərlə də iddianın haqlı olduğu göz qabağındadır. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ona müvafiq ad və sənədin verilməsini mümkün saymır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, cavabdeh nümayəndəsini şifahi məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə onun döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olması müəyyən edilmir. İşdə olan “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 10 nömrəli əmrdən çıxarışdan görünür ki, rəis müavini İddiaçı 10 gün müddətinə texniki kömək məqsədilə təqdimat əsasında Şuşa RQ-na ezam olunmuşdur. İşdə olan “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 93 nömrəli əmrdən çıxarışdan görünür ki, rəis müavini İddiaçı 05 gün müddətinə texniki kömək məqsədilə təqdimat əsasında X1 kəndinə ezam olunmuşdur. İşdə olan “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 99 nömrəli əmrdən çıxarışdan görünür ki, rəis müavini İddiaçı 10 gün müddətinə texniki kömək məqsədilə təqdimat əsasında Ağdam, Laçın RQ-na ezam olunmuşdur. İşdə olan “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 152 nömrəli əmrdən çıxarışdan görünür ki, rəis müavini İddiaçı 07 gün müddətinə texniki kömək məqsədilə təqdimat əsasında Laçın RQ-na ezam olunmuşdur. İşdə olan “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 193 nömrəli əmrdən çıxarışdan görünür ki, rəis müavini İddiaçı 10 gün müddətinə texniki kömək məqsədilə təqdimat əsasında Laçın RQ-na ezam olunmuşdur. İşdə olan “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 115 nömrəli əmrdən çıxarışdan görünür ki, rəis müavini İddiaçı 05 gün müddətinə texniki kömək məqsədilə təqdimat əsasında Stepanakert RQ-na ezam olunmuşdur. İşdə olan “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 119 nömrəli əmrdən çıxarışdan görünür ki, rəis müavini İddiaçı 05 gün müddətinə texniki kömək məqsədilə təqdimat əsasında Stepanakert RQ-na ezam olunmuşdur. İşdə olan “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 30 nömrəli əmrdən çıxarışdan görünür ki, rəis İddiaçı 05 gün müddətinə texniki kömək məqsədilə təqdimat əsasında Ağdam RQ-na ezam olunmuşdur. İşdə olan “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 49 nömrəli əmrdən çıxarışdan görünür ki, rəis İddiaçı 29 gün müddətinə texniki kömək məqsədilə təqdimat əsasında Füzuli, Laçın (Müdafiə Nazirliyi) RQ-na ezam olunmuşdur. İşdə olan “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 175 nömrəli əmrdən çıxarışdan görünür ki, rəis İddiaçı 05 gün müddətinə texniki kömək məqsədilə təqdimat əsasında Gədəbəy, Saratovka RQ-na ezam olunmuşdur. İşdə olan Azərbaycan SSR Rabitə Nazirliyi “Rayon Rabitəsi” İstehsalat Birliyi tərəfindən verilmiş xx xxxxxx 1990-cı il tarixli, 102 saylı əmrdən görünür ki, “Rayon Rabitəsi” İB-nin işçiləri İddiaçı və Ə.N.Qasımov yoldaşlar xüsusi tapşırıqla DQMV ərazisində olmuş, Əsgəran rayonunun Meşəli kəndi ilə Xocalı şəhəri arasında UN-301 tipli avadanlığı quraşdırılaraq hava xətti ilə telefon rabitəsi yaradılmışdır. Bu da ağır şəraitdə yaşayan Meşəli kəndinin sakinlərinin respublikanın istənilən yaşayış məntəqəsi ilə əlaqə saxlamasına imkan verir. Həmçinin Şuşa şəhərində üç proqramlı naqilli yayış verilişini təmin etmiş və təmir işləri aparmışlar. Sərhəd rayonu olan Laçında naqilli yayış verilişinin işini bərpa etmiş və kənd yaşayış məntəqələrinə keyfiyyətli verilişin çatdırılmasında təsirli tədbirlər görmüşlər. Buna görə də sərhəd rayonu olan Laçında, DQMV-nin Şuşa, Xocalı şəhərlərində və Əsgəran rayonunun Meşəli kəndində rabitə işinin bərpası, təşkili və təmir işlərinin görülməsində göstərdikləri xidmətə görə B.C.Əmirəliyeb və Ə.B.Qasımov yoldaşlara təşəkkür elan edilmiş və mükafatlandırılmışlar. İşdə olan Azərbaycan Respublikası Rabitə Nazirliyi “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş 73 saylı, xx xxxx 1992-ci il tarixli əmrdən görünür ki, Füzuli, Laçın, Qubadlı, Zəngilan və Kəlbəcər rayonlarının Bakı ilə həm radiostansiya, həm də kabel xətti vasitəsilə rabitənin təşkil edilməsində xüsusi əmək xidmətlərinə görə və digər rabitəçilərin fəallığının artırılması məqsədilə, Laçın, Kəlbəcər, Qubdalı, Füzuli və digər rayonların Bakı ilə birbaşa efir rabitəsini təşkil etdiyini nəzərə alaraq, B.C.Əmrəliyevə təşəkkür elan edilərək, pulla mükafatlandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Rabitə Nazirliyi “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş 87 saylı, xx xxxx 1992-ci il tarixli əmrdən görünür ki, Ağstafa və Tovuz rayonlarının sərhədyanı kənd yaşayış məntəqələrində elektrik rabitəsini təşkil etdiyini nəzərə alaraq, B.C.Əmrəliyevə təşəkkür elan edilərək, pulla mükafatlandırılmışdır. İşdə olan cavabdeh tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, Ə/1163 saylı imtina məktubundan görünür ki, iddiaçının “müharibə veteranı” statusunun verilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, o, döyüş bölgələrinə döyüş tapşırığını yerinə yetirmək məqsədilə deyil, rabitəçi olaraq rabitənin təşkili və radioyayım avadanlıqlarının quraşdırılması məqsədilə ezam olunmuşdur. “Meharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarına istinad olunaraq, bu səbəbdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparıln döyüş əməliyyatlarında iştirak etməsinə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün ona “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsinin qeyd olunan qanunvericiliyin tələblərinə əsasən mümkün olmadığı bildirilmişdir. İşin hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi üzrə “Rayon Rabitəsi” İstehsalat Birliyində işlədiyi dövrlərdə döyüş bölgəsində yerləşən rayonlara ezam olunması barədə əmrlərə istinad edərək, mülki şəxs olsa da, döyüş şəraitində vuruşan orduya dəfələrlə ezam olunduğunu, döyüş şəraitində olan ön cəbhədə vəzifə borcunu icra etdiyini və hərbi geyimlə təmin olunaraq, hərbi tapşırıqlar yerinə yetirdiyini nəzərə alaraq, həmin ezamiyyətlərin döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olduğunu, buna görə də ona müharibə veteranı adının və statusunun verilməli olması ilə əsaslandırmışdır. Halbuki həmin əmrlərdən görünür ki, iddiaçının müharibə şəraitində olan rayonlara ezam olunması texniki kömək göstərilməsi məqsədi daşımış, döyüş təminatı ilə bağlı olmamışdır. Həmçinin işdə olan Azərbaycan Respublikası Rabitə Nazirliyi “Rayon Rabitəsi” İstehsalat Birliyi tərəfindən verilmiş iddiaçının mükafatlandırılması barədə əmrlərdən də görünür ki, iddiaçı ezamiyyətlərdə olarkən sərhəd rayonu olan Laçında, DQMV-nin Şuşa, Xocalı şəhərlərində və Əsgəran rayonunun Meşəli kəndində rabitə işinin bərpası, təşkili və təmir işlərini gördüyünə, Laçın, Kəlbəcər, Qubdalı, Füzuli və digər rayonların Bakı ilə birbaşa efir rabitəsini təşkil etdiyinə, Ağstafa və Tovuz rayonlarının sərhədyanı kənd yaşayış məntəqələrində elektrik rabitəsini təşkil etdiyinə görə ona təşəkkür elan edilərək, pulla mükafatlandırılmışdır. Həmin əmrlərdən də göründüyü kimi iddiaçının göstərilən rayonlara ezam olunması onun döyüş təminatı ilə bağlı tapşırığın yerinə yetirilməsi ilə deyil, xidməti vəzifələrinə uyğun olaraq rabitə işinin bərpası, təşkili və təmir işləri ilə bağlı olmuşdur. Göstərdiyi xidmətin qarşılığında həmin dövrdə ona təşəkkür elan edilərək, pulla mükafatlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olması iş materialları ilə müəyyən edilmədiyi üçün iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar