Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5051/2023 19.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq arayışının verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 102 saylı 500 kv. metr torpaq sahəsi üzərində atası X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə ona müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyumasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 6/255 saylı xx.xx.1989-cu il tarixli qərarına əsasən Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə iclasının 3 saylı xx.xx.1989-cu il tarixli protokolu və Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” bağçılıq yoldaşlığının xx.xx.1990-cı il tarixli 39 №-li üzvlük kitabçası ilə ünvan 1 ünvanda yerləşən 500 kv. m. torpaq sahəsinin iddiaçının mərhum X1na məxsusluğu (mülkiyyət hüququ ilə) barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 6/255 saylı qərarı ilə Azərbaycan Neft və Kimya İnstitutunun əməkdaşlarından bağçılıq yoldaşlığı üzvü olmaq arzusunda olan əməkdaşlar üçün Lenin (indiki Sabunçu) rayonunun Nardaran qəsəbəsi yaxınlığındakı Ləhiş bağ massivinin “Gülüstan” bağ sahəsində hər adama 500 kv. metr torpaq sahəsi vermək üçün 150 nəfərə ayrılmış sahə nömrələnmiş və püşkatma yolu ilə həmin şəxslər arasında bölünərək siyahı tutulmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasda Bağçılıq Yoldaşlığı üzvləri bir-bir səsə qoyulmuş və “Gülüstan” bağ sahəsindəki 102 saylı, sahəsi 500 kv. m. olan torpaq sahəsi mərhum X1nun hesab edilərək, ona Bağçılıq Yoldaşlığının üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır. 25 sentyabr 1990-cı il tarixdə sözügedən bağ sahəsinə dair X1na Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” bağçılıq yoldaşlığının üzvlük kitabçası verilmişdir. Həmin vaxtdan da uzun müddət ərzində Ləhiş bağ massivinin “Gülüstan” bağ sahəsində yerləşən 102 saylı 500 kv. m. torpaq sahəsi onların sahiblik və istifadələrində olmuşdur. X1 06 sentyabr 2018-ci il tarixdə ölmüşdür. Tərəflərindən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, Bakı şəhəri. Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 500 kv. m. torpaq sahəsi üzərində X1nun hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə ona müvafiq arayışın verilməsi xahiş edilmişdir. Lakin müraciətinə verilmiş 18 noyabr 2022-ci il tarixli cavab məktubu ilə müraciəti təmin edilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 22 dekabr 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə daxil olmuşdur. Cavabdeh tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan əlavə, təqdim edilmiş üzvlük kitabçasında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin ərizəyə əlavə olunmuş protokoldan çıxarışda “Gülüstan” bağçılıqyoldaşlıq təsərrüfatının möhürü yoxdur. Qeyd olunan səbəblərə görə ərizənin icrası tərəflərindən mümkün olmamış, bununla bağlı iddiaçıya **********16 saylı, xx.xx.2022-ci il və **********09 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Bakı ŞİHBnın xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamının icrası ilə bağlı tərtib edilmiş və Bağlar idarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli Akta əsasən Azərbaycan Dövlət Neft Akademiyasına xx.xx.1989-cu il tarixdə 11/387 saylı qərarla verilmiş bağ sahələrinə dair kitabçaları və orderləri ləğv edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-5653/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində hər-hansı əmlakın aşkar edilməsi və həmin tələbin borclunun əmlakına yönəldilməsi məqsədi ilə “İcra haqqında” Qanunun 8-ci maddəsinə əsasən adları qeyd olunan borcluların mülkiyyətində hər-hansı daşınmaz əmlakın, nəqliyyat vasitəsinin və hesablaşma hesabının, əmanətin olub-olmaması, borclu fiziki şəxsin pensiya alıbalmaması və ya işləyib-işləməməsi barədə, qeyd edilən əmlak aşkar olunduğu təqdirdə isə həmin əmlakın üzərinə həbs qoyulmasına dair müvafiq məhkəmə qərarı göndərilənədək hər-hansı sənədləşdirmə aparılma zamanı məlumat verilməsinə dair Bakı şəhəri, Binəqədi rayon icra şöbəsinin xx/xx-11665/20 saylı, xx.xx.2016-cı il tarixli məktubu idarəyə daxil olmuşdur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. DƏDKR publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının mərhum atası X3 vərəsəsi kimi hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan: xx.xx.1981-ci ildə Oktyabr rayon VVAQ şöbəsi tərəfindən verilmiş 325706 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuşdur. Doğum haqqında şəhadətnamənin “atası” qrafasında X11 qeyd olunmuşdur. xx.xx.1961-ci il tarixdə doldurulmuş əmək kitabçasının təsdiq olunmuş surətindəki qeydlərə əsasən X11 xx.xx.1967-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunda işə daxil olmuş və xx.xx.2016-cı il tarixədək həmin İnstitutda müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın 3 saylı 10 mart 1989-cu il tarixli protokolundan çıxarışdan müəyyən olunur ki, Az.SSR NS və AHİŞ-nın 122 saylı, 12.04.85-ci il tarixli qərarı ilə BY-nın nümunəvi nizamnaməsinə əsasən AzNKİ rektoruluğunun və HİK-nın birgə iclasında “Gülüstan” bağ sahəsində 102 saylı torpaq sahəsinin (500 kv. m.) X4 hesab olunması və ona Bağçılıq Yoldaşlıq üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır. Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” bağçılıq yoldaşlığı tərəfindən xx.xx.1990-cı il tarixdə üzvlüyə qəbul olunmuş X7 xx.xx.1990-cı il tarixdə 102 №li bağ sahəsinə dair 39 №-li üzvlük kitabçası verilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 966623 №-li, xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X11 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 09-cu ayının 11-ci günündə 1707 №-li ilə qeyd edilmişdir. ünvan 3 ünvanladığı 29 №-li, xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, X3 adında qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 27 saylı notariat kontoruna İddiaçı tərəfindən müraciət olunmuşdur. X4 xx.xx.2018-ci il tarixdə vəfatı ilə əlaqədar olaraq vərəsə İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, “Gülü3stan” bağ sahəsində 102 saylı (500 kv.m) torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün çıxarış verilməsi xahiş olunmuşdur. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən təqdim olunmuş: DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********48 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının bağçılıq yoldaşlığı üzvlərinin “Gülüstan-1” sahəsi üzrə siyahısı İdarənin arxiv qovluğunda mövcuddur. Həmin siyahıda 102 sıra nömrəsində X5 (siyahıda olduğu kimi) adına 102 saylı bağ sahəsi qeyd edilmişdir, bağ sahəsinin ölçüsü isə göstərilməmişdir. Həmçinin, “Gülüstan-1” bağçılıq yoldaşlığının Ləhiş bağ massivində yerləşən 102 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər (üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar olunmamışdır və “Gülüstan-1” bağçılıq yoldaşlığı, Ləhiş bağ massivi, 102 bağ nömrə ilə bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. Məktuba əlavə olunmuş Azərbaycan Dövlət Neft Akademiyası Əməkdaşlarının bağçılıq yoldaşlığı üzvlərinin “Gülüstan-1” sahəsi üzrə siyahısının 102-ci sıra nömrəsində Ümumi kimya kafedrasının dosenti X5 adı qeyd olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-72623/20 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, 09 oktyabr 2006-cı il təvəllüdlü X13 və 05 mart 2011-ci il təvəllüdlü X14 nigah pozulduqdan sonra anaları X9 yanında saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün borclu İddiaçı X9 xeyrinə xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay uşağa görə hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğidə aliment tutulması barədə Binəqədi Rayon Məkəməsinin 2(001)-5653/2016 saylı iş üzrə qəbul edilmiş xx.xx.2016-cı il tarixli icra sənədi şöbənin icraatına xx.xx.2016-ci il tarixdə daxil olmuş və xx.xx.2016-ci il tarixli qərarla icraata başlanaraq icraya yönəlmişdir. İddiaçı tələbkar X9 xeyrinə aliment tutularaq ödənilməsi davam etdirilir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının 3-52/2-1758/2023 saylı, xx.xx.2023cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsi ilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” 941 №-li, xx.xx.1992-ci il tarixli sərəncamının surətindən müəyyən olunur ki, 1988-ci ildən Bağlar təsərrüfatı idarəsinin boş bağlar balansında olan bağ sahələri bağ-tikinti kooperativlərinin tərkibində vətəndaşların istifadələrinə verilmiş və bir çox vətəndaşlar bu günə kimi onlar üçün ayrılmış bağ sahələrindən heç bir abadlıq və becərmə işləri aparmamışdır. İstifadə olunmayan belə bağlar barədə aşağıda qeyd olunanlar qərara alınmışdır: - Bağlar təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yenidən akt tərtib etsinlər. - Akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələri geri alınsın və onlardakı orderlər etibarsız sayılsın. - Geri alınmış bağ sahələri Balar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilsin. DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********77 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamı və Azərbaycan Dövlət Neft Akademiyasına xx.xx.1989-cu il tarixli 11/387 saylı qərarla verilmiş bağ sahələrinə dair kitabçaların və orderlərin ləğv edilməsi ilə bağlı tərtib edilmiş və Bağlar İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli Aktın surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, “Gülüstan-1” b/y-nın 51 saylı bağ sahəsi xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (reyestr nömrəsi **********29) Daşınmaz əmlakın Dövlət reyestrində 398 nömrəli reyestr kitabının 37672 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə X6 adına qeydə alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, “Gülüstan-1” b/y-nın 51 saylı bağ sahəsinin xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (reyestr nömrəsi **********29) Daşınmaz əmlakın Dövlət reyestrində 398 nömrəli reyestr kitabının 37672 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə X6 adına qeydə alınmasına əsas olan sənədlərin məhkəməyə təqdim olunması barədə məhkəmənin müvafiq sorğusuna cavab olaraq DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********71 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş aşağıda qeyd olunan sənədlərdən görünür ki: - Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın 3 saylı 10 sentyabr 1989-cu il tarixli protokolundan çıxarışa əsasən Az.SSR NS və AHİŞ-nın 122 saylı, 12.04.85-ci il tarixli qərarı ilə BY-nın nümunəvi nizamnaməsinə əsasən AzNKİ rektoruluğunun və HİK-nın birgə iclasında qərara alınmışdır: “Gülüstan-1 bağ sahəsində 51 saylı torpaq sahəsi (500 kv. m.) X6 hesab olunsun və ona BY üzvlük vəsiqəsi verilsin. Qərarın surəti Bakı şəhər İK-nə göndərilsin. Azərbaycan Neft Kimya İnstutu “Gülüstan” bağçılıq yoldaşlığı tərəfindən verilmiş 60 №-li xx.xx.1990-cı il tarixli üzvlük kitabçasının surətindən müəyyən olunur ki, X12 xx.xx.1989-cu il tarixdə üvzvlüyə qəbul olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən müəyyən olunur ki, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən X10 Bakı şəhəri XDS İK-nin xx.xx.1989-cu il tarixli 6/255 saylı Qərarı və “Gülüstan-1” b/y-nın xx.xx.1989-cu il tarixli 3 saylı protokoluna əsasən 51 saylı bağ evinin tikintisi üçün 500 kv.m. torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsinə dair X6 adına torpaq sahəsinin plan ölçüsü hazırlanmış, dövlət kadastr kitabında xx.xx.2021-ci il tarixdə 32404 nömrə ilə uçota alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciəti ilə bağlı cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********16 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan əlavə, təqdim edilmiş üzvlük kitabçasında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin ərizəyə əlavə olunmuş protokoldan çıxarışda “Gülüstan” bağçılıq-yoldaşlıq təsərrüfatının möhürü yoxdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. - 9. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). - 10.2.1. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. - 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. İddiaçının istinad etdiyi xx.xx.1989-cu il tarixli protokol və üzvlük kitabçasıdır. "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərində Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının bağçılıq yoldaşlığı üzvlərinin “Gülüstan-1” sahəsi üzrə siyahısı mövcuddur. Həmin siyahıda 102 sıra nömrəsində X5 (siyahıda olduğu kimi) adına 102 saylı bağ sahəsi qeyd edilmişdir. İddiaçının mərhum atasına məxsus mübahisəli torpaq sahəsi hazırda onun faktiki istifadəsindədir. Daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatının həyata keçirilməsi ilə bağlı torpaq sahələrinin inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin, torpaq sahələrinin planının və ölçüsünün tərtib edilməsi cavabdeh inzibati orqanın vəzifələrinə aiddir. Nəzərə almaq lazımdır ki, iddiaçının mərhum atası ilə bərabər eyni müəssisənin üzvü olan digər şəxsə torpaq sahəsinin ayrılması barədə eyni hüquqmüəyyənedici sənədlərlə onun hüquqları qeydə alındığı və ona bu barədə müvafiq çıxarışın verildiyi halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Beləliklə cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhər XDS İcraiyyə Komitəsinin 6/255 saylı xx.xx.1989-cu il tarixli qərarına əsasən Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə iclasının 3 saylı xx.xx.1989-cu il tarixli protokolu və Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” bağçılıq yoldaşlığının xx.xx.1990-cı il tarixli 39 №-li üzvlük kitabçası ilə ünvan 1 ünvanda yerləşən 500 kv. m. torpaq sahəsinin iddiaçının mərhum X1na məxsusluğu (mülkiyyət hüququ ilə) barədə arayışın (çıxarış) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5051/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5051/2023
19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver