Məhkəmə qərarları › İş №2-1(112)-5053/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5053/2022

29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5053/2022 29.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası tarixçi) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “iddiaçının ünvan 1 ünvanında yerləşən evin 128 nömrəli mənzilinə pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə qarşı “iddiaçının ünvan 1 ünvanında yerləşən evin 128 nömrəli mənzilinə pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, İddiaçı 1-ci qrup gözdən əlildir. ƏƏSMN-nin 09.02.2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə ona ünvan 2 ünvanında inşa edilmiş 12 mərtəbəli 132 mənzilli yaşayış evindən 128 nömrəli mənzil verilmişdir. Həmin mənzilin kommunal xərcləri iddiaçı tərəfindən ödənilir. 2016-cı ilin avqust ayından etibarən həmin mənzildə yaşayır. Lakin mənzilə pasport qeydiyyatına alınmamışdr. Əldə etdiyi məlumata əsasən, həmin yaşayış binasında yaşayan əlillərin bir qismi artıq mənzilə pasport qeydiyyatına alınmışdır. O da bu hüquqdan yararlanmaq istədiyini qeyd edir. Qeydiyyatda olduğu Yasamal Rayon Polis idarəsinin inzibati binasi idi, inzibati binada qeydiyyatda olmaq bir çox sənədləşmələrdə ona əlavə problemlər yaratmış, eyni zamanda məlum olduğu kimi hazırda şəxsiyyət vəsiqəsi aktiv deyil. ƏƏSMN yanında DSMF 23.11.2018-ci il tarixli məktubla Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək, iddiaçının sözügedən mənzilə pasport qeydiyyatına götürülməsini xahiş etmişdir. Lakin cavabdeh orqan həmin müraciətə əməl etməmişdir. İddiaçı yaşadığı ünvana qeydiyyata alınması üçün ASAN xidmət mərkəzlərində şəxsiyyət vəsiqəsi bölməsinə müraciət etdikdə ondan order və ya DİN-nin qeydiyyata alınma barədə rəsmi məktubu tələb olunur. İddiaçı haqlı olaraq uzun illərdir faktiki yaşadığı və özünə məxsus olan həmin evdə pasport qeydiyyatına alınmaq niyyətinədir. İddiaçı dəfələrlə polis orqanlarına müraciət edərək qeydiyyat məsələsinin həll edilməsini xahiş etmişdir. Sonucu dəfə bu barədə ərizə ilə cavabdeh Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh orqan 23.12.2021-ci il tarixli imtina məktubunda qeydiyyata almaq üçün evin mülkiyyət hüququnu təsdiqedən sənədləri tələb etmiş və məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin 2.2.3-cü bəndinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 09 fevral 2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətində mənzil növbəsinə alınmış gözdən əlil şəxslərdən biri olan İddiaçı Radiq qızına ünvan 2 ünvanında inşa edilmiş 12 mərtəbəli 132 mənzilli yaşayış evindən 128 nömrəli mənzil verilmişdir. Qeyd olunur ki, ev Bakı şəhəri İcra Hakimiyyəti başçısının 17 avqust 2011-ci il tarxil 379 nömrəli sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilmişdir. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə iddia ərizəsinin məzmununa uyğun ərizə yazaraq yaşadığı ünvana pasport qeydiyyatına alınmasına göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Polis İdarəsi Qeydiyyat və şəxsiyyət şöbəsinə ünvanladığı 23 noyabr 2018-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin 09.02.2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə iddiaçıya ünvan 2 ünvanında inşa edilmiş 12 mərtəbəli 132 mənzilli yaşayış evindən 128 nömrəli mənzil verilmişdir. İddiaçı həmin mənzildə daimi pasport qeydiyyatına götürülməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İddiaçı ünvanladığı 23.12.2021-ci il tarixli məktubuna əsasən, iddiaçının ərizəsinin icrasından imtina edilərək iddiaçının Nərimanov rayonunda yerləşən mənzilinə pasport qeydiyyatına alınması üçün evin mülkiyyət hüququnu təsdiqedən sənədlər (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsini verən şəxsin razılıq ərizəsi və s.) tələb edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin iddiaçıya ünvanladığı 28.01.2021-ci il tarixli 018-45912T-3221 nömrəli məktubuna əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5 –ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində nəzərdə tutlan sənədlərin (dövlət reyestrindən çıxarış, order, icarə və kirayə müqaviləsi) təqdim edildiyi təqdirdə iddiaçının yaşadığı yer üzrə qeydiyyata alınacağı bildirilmişdir. Məhkəmə aşağıda göstərilənlərə görə iddiaçının iddiasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində göstərilən “yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 09 fevral 2016-cı il tarixli 11/7- 34 nömrəli əmri iddiaçının həmin mənzildə yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsasdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 14.06.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Cavabdeh və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, nzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə uyğun olaraq, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 15.1-ci maddəsinə görə, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Sözügedən Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.. Sözügedən Məcəllənin 68.2-ci maddəsinəuyğun olaraq, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin imtinası əsassız hesab edilməli, iddaiaçı İddiaçı ünvan 1 ünvanında yerləşən evin 128 nömrəli mənzilinə pasport qeydiyyatına alınması vəzifəsi cavabdeh Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsı İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 62, 68 – 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdehin imtinası əsasız hesab edilsin, İddiaçı ünvan 1 ünvanında yerləşən evin 128 nömrəli mənzilinə pasport qeydiyyatına alınması vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar