Məhkəmə qərarları › İş №2-1(112)-5055/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5055/2025

14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5055/2025 14.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər X8, X13, X10, X18, X6 və X11 “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X8, X13, X10, X18, X6 və X11 üçüncü şəxs qismində cəlb edilməklə) “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, Yasamal rayonu, X1, ev 7 ünvanında yerləşən nömrəsiz mənzil, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı (bundan sonra – iddiaçı) xüsusi mülkiyyətindədir. Mənzilin sənəd üzrə sahəsi 59.32 kv.metrdir. İddiaçı həmin mənzildə baş vermiş yanğın hadisəsindən sonra təmir-bərpa və əlavə tikinti işləri aparmış və əlavə tikinti işlərindən sonra ”Məkan” MMM tərəfindən mənzilin mövcud vəziyyətinə dair eskiz layihəsi tərtib edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 18/03-8/1358 nömrəli məktubu ilə X9, 7 saylı ünvanda yerləşən evin üzərində iddiaçı tərəfindən aparılmış əlavə tikinti işlərinin mövcud vəziyyətinə dair təqdim olunmuş memarlıq-planlaşdırmasının həlli layihəsi, xx.xx.2017-ci il tarixli, 18/03-8/1420 nömrəli məktubla işçi layihəsinin memarlıq hissəsini razılaşdırmışdır. Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının 157 №-li, xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 18/03-8/1358 nömrəli və xx.xx.2017-ci il tarixli, 18/03- 8/1420 nömrəli məktubları və iddiaçının müraciəti nəzərə alınaraq Yasamal rayonu, X9, 7 saylı ünvanda yerləşən mənzilin mülkiyyətçisi vət. İddiaçı mənzildə baş vermiş yanğın hadisəsindən sonrakı təmir-bərpa işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tikinti işləri mövcud vəziyyətində razılaşdırılmış layihəyə uyğun ölçülərdə onun adına sənədləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X20 Xidməti tərəfindən tərtib edilmiş, “Bakı şəhəri, Yasamal rayonu, X9, 7 saylı ünvanda yerləşən dört mərtəbəli yaşayış evinin 3-cü və 4-cü mərtəblərinin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında” xx.xx.2018-ci il tarixli, 0588 № li aktda qeyd edilmişdir ki, “təqdim olunmuş sənədlərin araşdırılmış və yerində yanğın-texniki müayinədən obyektin qüvvədə olan 2.6-1 «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması» Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 «İctimai bina və qurğular» Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su təchizatı xarici xətlər və qurğular” TN və Q-nın; 2.04-09-84 «Bina və qurğuların yanğın avtomatikası)) Tikinti Norma və Qaydalarının, “X2 Qayadaları”nın, 2.02.01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi)) yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmiş və yanğın-texniki ləvazimatlarla təmin edilmişdir”. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi “Azərdövlətsənayelahiyə” DLİ-nin Bakı şəhəri Yasamal rayonu, X9 7 saylı ünvanda mövcud 2 mərtəbəli binanın və üzərində inşa edilmiş üçüncü, dördüncü mərtəbələrinin müayinəsi haqqında 2020-ci il tarixli Texniki rəydən görünür ki, Bakı şəhəri Yasamal rayonu, X9 7 saylı ünvanda mövcüd 2 mərtəbəli binanın və üzərində inşa edilmiş üçüncü, dördüncü mərtəbələrinin müayinəsi zamanı tikilinin mövcud vəziyyəti qənaətbəxşdir. Binanın yükdaşıyan konstruksiyalarında zədələr müşahidə olunmamışdır. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X1, ev 7 ünvanında mövcuz vəziyyətdə üzərindəki hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 03 aprel 2024-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı əlavə mərtəbələrin binanın tərkib hissəsinin mülkiyyətçilərinə məxsus olan ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrdə inşa edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra-çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, X9 7 saylı ünvanda inşa edilmiş mövcud 851,6 kv.m sahə, yəni 2 mərtəbəli bina və üzərində inşa edilmiş üçüncü, dördüncü mərtəbələrə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, mülkiyyətində olan evin 918.82 kv.m sahəsi aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən razılaşdırılmış və Sərəncam ilə onun mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət edilməsi tövsiyə edilmişdir. Həmin ünvanda yerləşən 918,82 kv.m sahənin mülkiyyət hüququnun qeydiyyata alınmaması onun konstitusion mülkiyyət hüquqlarına ziddir. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Etirazda əlavə olaraq bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı əlavə mərtəbələrin binanın tərkib hissəsinin mülkiyyətçilərinə məxsus olan ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrdə inşa edildiyi, həmçinin faktiki ölçüsünün 834.4 kv.m olduğu müəyyən olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Gülnarə Novruzova izahatında bildirdi ki, həmin ünvanda yerləşən mülkiyyətində olan mənzilində yaşayır, iddiaçının əlavə apardığı tikintilərə mülkiyyət hüququnun qeydə alınmasına heç bir etirazı yoxdur. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər və səbəbləri barədə hər-hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tədqiq edilən sübutlar: - Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti başçısının 2.05.2025-ci il tarixli, 5-21/2-808/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “Bakı şəhəri Yasamal rayonu, X9 7 saylı ünvanda yerləşən mənzilin mülkiyyətçisi vətəndaş İddiaçı mənzilində baş vermiş yanğın hadisəsindən sonrakı təmir-bərpa işləri ilə əlaqədar apardığı əlavə tikinti işlərinin mövcud vəziyyətində tərtib edilmiş layihəsi Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 30 may 2017-ci il tarixli, 18/03- 8/1358 nömrəli məktubu ilə razılaşdırılmış və Yasamal rayon İcra Hakimiyyətinin 157 nömrəli, 05 iyun 2017-ci il tarixli sərəncamı ilə sənədləşdirilmişdir. Qeyd edilən tikilidən yaşayış və hotel kimi istifadə olunur”. - Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025ci il tarixli məktuba əlavə edilmiş Bakı şəhəri Yasamal rayonu, X9 7 saylı ünvanda yerləşən binada qeydiyyatdan keçmiş mənzillərin mülkiyyətçiləri barədə cədvəl məhkəməyə təqdim edilmişdir. Həmin cədvəldən müəyyən edilir ki, sözügedən ünvanda yerləşən 2, 13, 25, 32, 59 və 63 saylı mənzillər iddiaçının, digər mənzillər isə hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş şəxslərin mülkiyyətindədir. - Məhkəmə sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş Bakı şəhəri Yasamal rayonu, X9 7 saylı ünvanda yerləşən binanın balanssaxlayıcı barədə dövlət əmlakının Registirindın çıxarışdan müəyyən edilir ki, həmin bina Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti, Yasamal rayon Mənzil-X5 Balansındadır. - Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X20 Xidməti 2-ci Ərazi X20 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)- 5055/2025 nömrəli müraciəti ilə əlaqədar göstərilən işin obyektiv araşdırılması məqsədilə Bakı şəhəri, Yasamal rayonu, X9 7 ünvanda inşa edilmiş yaşayış binasına, mərtəbələrə baxış keçirilərək, yanğın təhlükəsizliyi baxımından mövcud vəziyyəti əks etdirən yanğın-texniki müayinə aktı tərtib edilmişdir. Baxış zamanı aşağıda qeyd olunanlar müəyyən edilmişdir; Yasamal rayonu, X9 7 ünvanda yerləşən yaşayış binası 4 mərtəbəlidir. Binanın 2, 3 və 4-cü mərtəbələri otel kimi fəaliyyət göstərir; 2-ci mərtəbənin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Çıxarış”ı mövcuddur; Binanın 3-cü və 4-cü mərtəbəsi 2017-ci ildə inşa edilmişdir. İşlər Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 18/03- 8/1358 nömrəli məktubla həmin evin üzərində aparılmış əlavə tikinti işlərinin mövcud vəziyyətinə dair təqdim olunmuş memarlıq planlaşdırılmasının həlli layihəsini, xx.xx.2017ci il tarixli 18/038/1420 nömrəli məktubla işçi layihəsinin memarlıq hissəsi razılaşdırıldığı üçün Bakı şəhəri,Yasamal rayonu İcra Hakimiyyəti başçısının sərəncamı mövcuddur; Qeyd olunan Sərəncam (xx.xx.2017-ci il tarixli, 157 nömrəli) müvafiq sənədlərin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuşdur; Aparılmış inşa işlərinin razılaşdırılması barədə Memarlıq və Şəhərsalma Baş İdarəsinin, həmçinin Fövqəladə Hallar Nazirliyinin X20 Xidmətinin Rəyi və Aktı mövcuddur; həmçinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi tərəfindən Rəy verilmişdir; Müayinə zamanı inşa edilmiş 3 və 4-cü mərtəbənin yanğın siqnalizasiya sistemi ilə təchiz edildiyi və ehtiyyat çıxışların mövcudluğu müəyyən edilmişdir. - Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X9, 7 ünvanında vətəndaş İddiaçı mənzilində baş vermiş yanğın hadisəsindən sonrakı təmirbərpa işləri ilə əlaqədar bildiririk ki, aparılan əlavə tikinti işlərinin mənzilin mövcud vəziyyətində tərtib edilmiş layihəsi Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli 18/03-8/1358 nömrəli məktubu ilə razılaşdırılmış və Yasamal Rayon İcra Hakimiyyətinin 05 iyun 2017-ci il tarixli 157 nömrəli Sərəncamı ilə sənədləşdirilmişdir. Hazırda qeyd edilən tikilidən yaşayış və hotel kimi istifadə olunur. - Üçüncü şəxs X11 tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş xx.xx.2017-ci il tarixli ərizədə qeyd edilmişdir ki, “Bakı şəhəri, Yasamal rayonu, X9 7, mənzil 12 ünvanında yerləşən və mülkiyyətində olan mənziln dam hissəsində mərtəbə tikintisinə etiraz etmir və gələcəkdə hər hansı məhkəmə iddiası irəli sürməyəcək”. - Üçüncü şəxslər X8, X11, X18, X13 tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş eyni məzmunlu ərizələrdə qeyd edilmişdir ki, “iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X9 7 ünvanda inşa edilmiş mövcud 918,82 kv.metr sahənin, yəni 2 mərtəbəli bina və üzərində inşa edilmiş üçüncü və dördüncü mərtəbələrin cavabdeh tərəfindən mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına etiraz etmirlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 23. Yaşayış sahəsinin yenidən qurulmasının və yenidən planlaşdırılmasının növləri 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Maddə 24. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. (“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir) 24.5. Razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 24.6. Bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır. 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 60.1. Bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər bu Məcəllənin 15.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir. Maddə 15.1. Şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminə aşağıdakılar daxildir: ... 15.1.4. tikinti obyektlərinin etibarlılıq göstəricilərini, yanğın və partlayış təhlükəsizliyini, təbii və texnogen xarakterli təhlükəli (zərərli) təsirlərdən müdafiə tələblərini, tikinti materiallarının, məmulat və konstruksiyalarının keyfiyyət və uyğunluğunu müəyyənləşdirən texniki normativ hüquqi aktlar; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən hallarına əsasən Bakı şəhəri, Yasamal rayonu, X1, ev 7 ünvanında yerləşən nömrəsiz mənzil iddiaçıya məsus olmuşdur. 2017-ci ildə iddiaçıya məxsus mənzildə yanğın hadisəsi baş vermiş və iddiaçı həmin mənzildə baş vermiş yanğın hadisəsindən sonra təmir-bərpa və əlavə tikinti işləri aparmış və əlavə tikinti işlərindən sonra ”Məkan” MMM tərəfindən mənzilin mövcud vəziyyətinə dair eskiz layihəsi tərtib edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 18/03-8/1358 nömrəli məktubu ilə X9, 7 saylı ünvanda yerləşən evin üzərində iddiaçı tərəfindən aparılmış əlavə tikinti işlərinin mövcud vəziyyətinə dair təqdim olunmuş memarlıq-planlaşdırmasının həlli layihəsi, xx.xx.2017-ci il tarixli, 18/03-8/1420 nömrəli məktubla işçi layihəsinin memarlıq hissəsini razılaşdırmışdır. Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının 157 №-li, xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən iddiaçının apardığı əlavə tikinti işləri mövcud vəziyyətində razılaşdırılmış layihəyə uyğun ölçülərdə onun adına sənədləşdirilməsi qərara alınmışdır. Aparılmış təmir-bərpa və əlavə tikinti işlərinin yanğımn təhlükəsiliyinə davamlılığı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X20 Xidməti tərəfindən, tikilinin dayandıqlılığı isə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi “Azərdövlətsənayelahiyə” DLİ tərəfindən tərtib edilmiş rəylərlə müəyyən edilmişdir. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı həmin yaşayış sahələrinin yeni ölçüsü ilə birlikdə dövlət reyestrində qeydə alınmasının cavabdehə həvalə edilməsidir. Cavabdeh tərəfindən iddiaçının yeni tikilərlə bağlı hüquqmüəyyənedici sənədlərə malik olması mübahisələndirilmir. Cavabdehin imtinasının yeganə dəlili ondan ibarətdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı əlavə mərtəbələrin binanın tərkib hissəsinin mülkiyyətçilərinə məxsus olan ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrdə inşa edildiyi, həmçinin faktiki ölçüsünün 851.6 kv.m olduğu müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabehin imtinası və etirazının dəlili kimi istinad etdiyi bu hallar əsassızdır. Belə ki, öhdəliyin icrası haqqında iddialarda ilk növbədə iddia tələbinin qanuni əsasının müəyyən edilməsi və tələbin qanuni əsasının dispozisiya şərtlərinin işin hallarına uyğunluğunun müəyyən edilməsi araşdırılmalıdır. Hazırkı mübahisədə iddia tələbinin qanuni əsası Mənzil Məcəlləsinin 23-24-cü maddələridir. Məcəllənin 23-24-cü maddələri yaşayış sahəsinin yenidənqurma və yenidən planlaşdırılmasını tənzimləyir. Qeyd olunan məsələ ilə bağlı səlahiyyətli qurum yerli icra hakimiyyəti orqanlarıdır. İddiaçıya məxsus mənzildə yenidənqurma işlərinin aparılması və bu işlərin səlahiyyəti qurum olan yerli icra hakimiyyəti orqanı tərəfindən verilən Sərəncamla öz təsdiqini tapmışdır. Məhkəmə cavabehin zamanı əlavə mərtəbələrin binanın tərkib hissəsinin mülkiyyətçilərinə məxsus olan ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrdə inşa edilməsi dəlili ilə bağlı qeyd edir ki, məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən 14 may 2025-ci il tarixli məktubula sözügedən binada qeydiyyadan keçmiş mənzillərin mülkiyyətçiləri barədə məlumat cədvəli təqdim edilmişdir: Bakı şəhəri, Yasamal rayonu, X1, ev 7, mənzil 7-sahəsi 18,11; hüquq sahibi - X8. Bakı şəhəri, Yasamal rayonu, X1, ev 7, mənzil- sahəsi 63,13; İddiaçı. Bakı şəhəri, Yasamal rayonu, X1, ev 7, mənzil 6-sahəsi 43, hüquq sahibi - X13. Bakı şəhəri, Yasamal rayonu, X1, ev 7, mənzil 14-sahəsi 29, hüquq sahibi - X10. Bakı şəhəri, Yasamal rayonu, X1, ev 7, mənzil 2-sahəsi 43,1 hüquq sahibi - X18. Bakı şəhəri, Yasamal rayonu, X1, ev 7, mənzil 16-sahəsi 52,2, hüquq sahibi - X6. Bakı şəhəri, Yasamal rayonu, X1, ev 7, mənzil 22-sahəsi 25,2 hüquq sahibi - İddiaçı. Bakı şəhəri, Yasamal rayonu, X1, ev 7, mənzil 12-sahəsi 33,4 hüquq sahibi - X11. Bakı şəhəri, Yasamal rayonu, X1, ev 7, mənzil 3-sahəsi 37,5 hüquq sahibi - X13. Bakı şəhəri, Yasamal rayonu, X1, ev 7, mənzil-sahəsi 59,32 hüquq sahibi - İddiaçı. Göründüyü kimi, sözügedən ünvanda yerləşən 2, 13, 25, 32, 59 və 63 saylı mənzillər iddiaçının, digər mənzillər isə hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş şəxslərin mülkiyyətindədir. Üçüncü şəxslər X8, X11, X18, X13 tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş eyni məzmunlu ərizələrdə qeyd edilmişdir ki, “İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X9 7 ünvanda inşa edilmiş mövcud 918,82 kv.metr sahənin, yəni 2 mərtəbəli bina və üzərində inşa edilmiş üçüncü və dördüncü mərtəbələrin cavabdeh tərəfindən mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına etiraz etmirlər. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X9 7 ünvanda yerləşən binaya yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən əlavə inşa edilmiş mərtəbələr, onun mülkiyyətində olan yaşayış sahələrinin və iş üzrə notarial qaydada razılıq ərizələri vermiş mülkiyyətçilərin mənzillərinin üzərində yerləşir. Göründüyü kimi, cavabdehin yeganə imtinna dəlili kimi istinad etdiyi hal əsassızdır. Cavabdeh ümumiyyətlə iddiaçının müraciəti ilə bağlı inzibati icraat aparmamış, binanın mülkiyyətçilərinin qeyd edilən məsələyə razılığının olub-olmamsını araşdırmamışdır. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə cavabdehin etirazının dəlili kimi istinad etdiyi halla bağlı qeyd edir ki, iddiaçı tələbinə dəqiqləşmə vermiş və yaşayış sahəsinin faktiki vəziyyətinə uyğun, yəni 851.6 kv.m sahəyə hüququnun qeydə alınmasını xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı iddianın dəyişdirilməsi icraata qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının əsassız hesab edir. Odur ki, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, X9 7 saylı ünvanda inşa edilmiş mövcud 851,6 kv.m sahə, yəni 2 mərtəbəli bina və üzərində inşa edilmiş üçüncü, dördüncü mərtəbələrə İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar