Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5058/2023 26.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehə qarşı “güzəştli şərtlərlə mənzillə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən verilmiş 12 dekabr 2022-ci il tarixli **********9 saylı imtina məktubunu qeyri-qanuni hesab edilərək, İddiaçı güzəştli şərtlərlə mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmış, 2-ci qrup əlil kimi ordudan tərxis edilmişdir. Bir müddətdən sonra Sabunçu Rayon İcra Hakimiyyətində ev növbəsinə durmuş və 2004-cü il tarixdə dövlət tərəfindən Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən binadan 2 otaqlı, ümumi sahəsi 69,3 kv.metr, yaşayış sahəsi 33,88 olan mənzillə təmin olunmuşdur. Lakin onun ailə üzvlərinin sayına görə onlara verilən mənzilin sahəsi çox azdır. Bununla bağlı narazılığını bildirdikdə, cavabdeh qurumun nümayəndəsi tərəfindən tezliklə onun evinin qarşısında yeni bina tikiləcəyi və ona həmin binadan əlavə 2 otaqlı mənzil veriləcəyi bildirilmiş və o, buna görə gözləmişdir. Bir müddətdən sonra, yəni 04 aprel 2017-ci il tarixdə o, yenidən Sabunçu Rayon İcra Hakimiyyətində mənzilə ehtiyacı olan Qarabağ əlili kimi altı nəfərlik ailə üzvlərilə birlikdə ev növbəsinə durmuş, lakin bu günə qədər yeni mənzillə təmin olunmamışdır. Bununla bağlı Sosial Xidmətlər Agentliyinə müraciət etmiş, və aşağıdakı məzmunda xx.xx.2022-ci il tarixli imtina cavabı almışdır: “Sizin müraciətinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılışdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın birinədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyata (uçota) alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və Şəhid ailələrinin, habelə qeydiyyata alınma tarixindən asılı olmayaraq Çernobıl aes-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyata alınmış 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və Şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri, Sabunçu Rayonu İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş siyahılarda 4 aprel 2017-ci il tarixdən 6 nəfər (özünüz, həyat yoldaşınız, 2 oğlunuz, qızınız və nəvəniz) ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığınız göstərilmişdir. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim etdiyiniz sənədlərə baxılarkən Nazirlik tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hacınski küçəsi, ev 33 ünvanında 30 saylı (nömrəli) mənzillə təmin edildiyinizdən sosilal-məişət şəraitinizin yenidən yaxşılaşdırılması mümkün deyil”. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı sonradan məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsinə sair ərizəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı artıq dövlət tərəfindən 2004-cü il tarixdə ünvan 2 ünvanında yerləşən binadan ümumi sahəsi 69,3 kv.metr, yaşayış sahəsi 33,88 kv.metr olan mənzillə təmin olunmuş və hal-hazırda da həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Təkrarən eyni imtiyaza görə Sabunçu rayon İcra Hakimiyyətinin sərəncamına əsasən 1-ci qrup Qarabağ müharibəsi əlili kimi 6 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Bildirilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin nümunəvi Qaydaları”nın 26-cı bəndinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi həddində, lakin hər adama 8 kv.metrdən az olmamaqla verilir. Bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən vətəndaşlar üçün, habelə gördükləri işin şəraitinə və xarakterinə görə belə sahə alması lazım olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər. Yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun. Maddədən aydın olduğu kimi, adambaşı normadan artıq ölçüdə yaşayış sahəsi ancaq o halda verilə bilər ki, həmin mənzil bir otaqdan ibarət olsun. Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Vətəndaş normaya uyğun ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş, vətəndaşa əlavə mənzilin verilməsi əsassız olmaqla yanaşı həm dəə dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir. Cavabdeh əlavə olaraq onu da qeyd etmişdir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respoublikası Konstitusiya Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin sərəncamları- qeyri-normativ hüquqi aktdır və konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilir və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulur. Belə ki, vətəndaş artıq bir dəfə sərəncamın icrası çərçivəsində mənzillə təmin olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh iddia tələbinin təmin olunamaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazda gösətrilən dəlillərə uyğun məzmunda cavab verilərək məsələnin həllindən imtina edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X15 küçəsi, ev 33 ünvanında yerləşən 30 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. -Müvafiq elektron sistemdən çıxarış şəklində verilmiş sosial arayışdan görünür ki, iddiaçıya xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi səbəbi ilə ikinci dərəcəli müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin ünvanda həmçinin, xx.xx.1995-ci il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2000-ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.1976-cı il təvəllüdlü X5 da yaşayış yeri üzrə qeydiyyatdadırlar. -Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 139 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamının surətindən görünür ki, Sabunçu rayon MKTB 47 saylı MKİS tərəfindən verilmiş 10 saylı, xx.xx.2017-ci il tarixli (2 saylı forma) arayışa əsasən İddiaçı 6 nəfər ailə üzvü ilə Bakıxanov qəsəbəsi, Hacınski küçəsində yerləşən 33 saylı evin yaşayış sahəsi 33,88 kv.m olan 2 otaqlı, 30 saylı mənzilində 2017-ci ildən qeydiyyatda olmaqla yaşayır. İddiaçı 1986-cı ildən 20017-ci ilədək ailə tərkibi 10 nəfər olmaqla Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsində yerləşən 15/74 saylı evin sahəsi 63,32 kv.m olan 104 saylı mənzilində yaşamışdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundakı müharibə zamanı İİ qrup əlil olmuşdur. (Əsas: 3 saylı zona Tibbi SEK-nın ser AR № 382242 saylı arayışı) Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 42 saylı arayışdan görünür ki, o, İİ qrup “Qarabağ müharibəsi” əlili kimi Azərbaycan Respublikası Prezidenti təqaüdünü alır. Sabunçu Rayon İcra Hakimiyyətinin Mənzil məsələləri üzrə komissiyası (xx.xx.2017-ci il tarixli, 05 saylı protokol) İddiaçı ailə tərkibi 6 nəfər olmaqla (özü, h/yoldaşı, 2 oğlu, qızı və nəvəsi) imtiyazlı əsaslarla (İİ qrup “Qarabağ müharibəsi” əlili) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmasını təklif edir. Qeyd edilənlər nəzərə alınaraq İddiaçı ailə tərkibi 6 nəfər (özü, h/yoldaşı, 2 oğlu, qızı və nəvəsi) olmaqla imtiyazlı əsaslarla (İİ qrup Qarabağ müharibəsi əlili) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmuş və onun mənzil növbəsi imtiyazlı əsaslarla olan siyahıya əlavə edilmişdir. -Sabunçu rayon MKTB 47 saylı MKİS-in 109 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ailə tərkibi aşağıdakılardan ibarətdir: həyat yoldaşı- X5 (1976), qızı Baxışova Rəvanə (1995), oğlu Quliyev Hüseyn (2000), oğlu Quliyev Həsən (2000), nəvələri Baxışova Nəzrin (2016) və Baxışova Nihad (2017). -AR Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının 12 oktyabr 2004-cü il tarixli, 653 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, İİ qrup Qarabağ əlili, ailə tərkibi 5 nəfər (özü, yoldaşı, 3 uşağı) olmaqla xx.xx.1998-cı il tarixindən Qarabağ əlili kimi Sabunçu RİH-də yaşayış yeri üzrə mənzil növbəsində dayanmış İddiaçı verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilmış kollegiyanın 18 saylı, 09 oktyabr 2004-cü il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınskı küçəsi, 4083-cü məhəllədə inşa edilmiş 36 mənzilli yaşayış binasından Sabunçu RİH-ə 2 otaqlı 30 saylı mənzil ayrılmışdır. Sabunçu RİH-in MM üzrə İK-sı xx.xx.2004-cü il tarixli 16 nömrəli protokolu ilə göstərilən mənzilin İddiaçı verilməsini təklif edir. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınskı küçəsi, 4083-cü məhəllədə inşa edilmiş ümumi sahəsi 69.24 kv.m., faydalı sahəsi 33.88 kv.metr olan, 2 otaqlı 30 saylı mənzil İddiaçı verilmişdir. Orderə iddiaçı ilə yanaşı, X1 - 1976-cı il (yoldaşı), X3 - 1996-cı il (qızı), X6 - 1998-ci il (oğlu), X4 - 2000-ci il (oğlu) adları daxil edilmiş, İddiaçı mənzil növbəsindən çıxarılması qərara alınmışdır. -Məhkəmənin sorğusuna cavab olaraq DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.H.Hacınski küçəsi, ev 30-da yerləşən 33 saylı mənzilin arxiv əsaslarında olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən əlavə edilmiş: -Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 000583 nömrəli orderin surətindən görünür ki, Sabunçu RİHB-nin xx.xx.2004-cü il tarixli sərəncamı əsasında 1998-ci ildən mənzil növbəsində dayanması ilə əlaqədar 2-ci qrup Qarabağ əlili kimi İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınskı küçəsi, 4083-cü məhəllədə inşa edilmiş ümumi sahəsi 69.24 kv.m. olan faydalı sahəsi 33.88 kv.metr olan 2 otaqlı 30 saylı mənzil verilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.1998-cı il tarixindən Qarabağ əlili kimi Sabunçu RİH-də yaşayış yeri üzrə mənzil növbəsində dayanmış İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə rayon icra hakimiyyətinin xx.xx.2004-cü il tarixli sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınskı küçəsi, 4083-cü məhəllədə inşa edilmiş ümumi sahəsi 69.24 kv.m., yaşayış sahəsi 33.88 kv.metr olan 2 otaqlı 30 saylı mənzil ayrılmışdır. İddiaçı həmin vaxtdan qeyd olunan mənzildə yaşamış və onun mənzil üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı sonradan, yəni 2017-ci ildə eyni əsaslarla (Qarabağ müharibəsi əlili kimi) ailə tərkibi ilə (6 nəfər) yaşayış yeri üzrə mənzil növbəsinə alınmışdır. İddiaçı ailə tərkibində artım olduğunu və ona ayrılan yaşayış sahəsinin ayrılma normasından az olduğunu əsas gətirərək yeni mənzillə təmin edilməsini xahiş etmişdir. Lakin cavabdeh Sosial Xidmətlər Agentliyi ona bir dəfə mənzil ayrıldığını əsas gətirərək müraciəti təmin etməkdən imtina etmişdir. İddiaçı hazırkı ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olduğunu hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5-ci maddəsinə əsasən Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3-ci maddəsinə əsasən yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4-ci maddəsinə əsasən bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarı: Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər. Məhkəmə qeyd edir ki, iddiaçı 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi əlili kimi 6 nəfərlik ailə tərkibi ilə yenidən yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınsa da, ona 2004-cü il tarixdə eyni əsasla mənzil növbəsi üzrə yaşayış sahəsi ayrılması işin mübahisə olunmayan halını təşkil edir. Bu baxımdan, iddiaçıya yaşayış sahəsi verildikdən sonra onun ailə vəziyyətində dəyişiklik olması və təkrar mənzil növbəsinə götürülməsi ona yenidən mənzil verilməsi üçün zəmin yaratmır. Belə ki, ilk növbədə bildirilməlidir ki, iddiaçıya mənzil sahəsi ayrılan dövrdə adambaşına düşən yaşayış sahəsini müəyyən edən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin nümunəvi Qaydaları”nın 26-cı bəndində göstərilirdi ki, yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadrat metrdən az olmamaqla verilir. Vurğulandığı kimi, iddiaçı 1998-ci ildə mənzil növbəsinə götürülərkən ailə tərkibi özü də daxil olmaqla 5 nəfərdən ibarət olmuşdur. Ona ayrılmış mənzilin ümumi sahəsi 69.3 kv.metrdən ibarət, 2 otaqlı olmuşdur. Göründüyü kimi iddiaçı 5 nəfər ailə üzvünə uyğun, yəni adambaşına 8 kv.metrdən artıq 69.3 kv.metr sahəsi olan mənzillə təmin edilmişdir. Digər tərəfdən, mövcud minimum yaşayış normasının 16 kv.m təşkil etdiyi nəzərə alınarsa, iddiaçının ailə üzvlərinə ümumi sahəsi 80 kv.m verilməli idi ki, bu da hazırda iddiaçının mülkiyyətində olan 69.3 kv.m sahə ilə nisbətdə böyük fərq təşkil etmir (10,7 kv.m). Belə olan halda, mütənasiblik prinsipi nəzərə alınmalı və qeyd olunan fərqə görə cavabdehin üzərinə iddiaçının xahişinin icra edilməsi öhdəliyinin qoyulması məqsədəuyğun sayılmamalıdır. Məhkəmə məsələyə həm də belə yanaşır ki, iddiaçının ailə tərkibinin gələcəkdə də genişlənmə ehtimalı istisna olunmadığından onun hazırda ailə tərkibində dəyişiklik olması faktının nəzərə alınaraq yenidən mənzillə təmin olunması eyni imtiyazlı əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülmüş və hazıradək yaşayış sahəsi ilə təmin edilməyən şəxslərin hüquqlarına toxuna bilər. Bundan başqa, nəzərə alınmalıdır ki, mövcud qanunvericilik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada uçota alınmaqla yaşayış sahələri ilə təmin olunmasını nəzərdə tutur və bunu sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsi və digər amillərlə şərtləndirir. İddiaçıya dövlət mənzil fonduna aid olan 2 otaqlı yaşayış sahəsi ayrılmış və həmin yaşayış sahəsi iddiaçı tərəfindən özəlləşdirilmişdir. Göründüyü kimi, iddiaçı ona verilmiş hüquqdan, yəni əvəzsiz olaraq mənzil almaq hüququndan artıq bir dəfə istifadə etmiş və bu əmlakını öz mülkiyyətinə keçirmişdir. Həmçinin qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli sərəncamı yaşayış sahəsinə ehtiyacı olan şəxslərə aid olduğundan və iddiaçının mülkiyyətində mənzilin olması onun yaşayış sahəsinə ehtiyacı olmayan şəxs kimi qəbul edilməsinə əsas verir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanunazidd olmadığından iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməməlidir. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növünə aid olduğundan qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov