Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5059/2023 13.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X7, X8 və X11) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. xx.xx.2022-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən ümumi sahəsi 35.29 kv.metr olan 4 nömrəli mənzil İddiaçı (bundan sonra-İddiaçı) mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən xx.xx.1994-cü il təvəllüdlü X7, xx.xx.1992-ci il təvəllüdlü X8 və xx.xx.1996-cı il təvəllüdlü X11 Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzildə qeydiyyatdadırlar.
3. İddiaçı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra- Cavabdeh) müraciət edərək X7, X8 və X4 Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh 059-44776Ə-3222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən həmin şəxslərin ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu iddiaçıya izah edilmişdir.
5. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7, X8 və X4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7, X8 və X11 (bundan sonraüçüncü şəxslər) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
7. Daha sonra iddiaçı tələbinin həcmini azaldaraq, onun şəxsi mülkiyyətində olan ünvan 2 ünvanında qeydiyyatda olan X8 və X4 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5059/2023 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, X2 hazırkı məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. II. Tərəflərin əsaslandırması:
8. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 30 mart 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 35.29 kvadratmetrdə ibarət mənzili X5 almışdır. Bundan sonra, mənzil üzərində mülkiyyət hüquqlarını xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla tam mülkiyyət hüququ ilə rəsmiləşdirmişdir. O, mənzili almazdan qısa müddət əvvəl həmin mənzildə cavabdehlər X7, X8, X11, X9 və X10, mənzili aldığı vaxt isə X7, X8, X11 qeydiyyatda olmuşlar və hazırda da qeydiyyatdadırlar. Həmin şəxslər alqı-satqı müqaviləsi bağlandıqdan sonra 6 ay ərzində mənzildən pasport qeydiyyatından çıxacaqlarını notariat ofisinə ünvanlanmış ərizələri ilə öhdələrinə götürsələr də, dəfələrlə müraciət edilməsinə baxmayaraq hələ də iddiaçının mülkiyyətində olan mənzildə yaşamağa davam etməklə pasport qeydiyyatından çıxmağı yubadır və əmlakı qanuni sahibinə verməkdən boyun qaçırırlar. Cavabdehlərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə müraciət etsə də, cavab məktubu ilə qeydiyyatdan çıxarmaqdan imtina etməklə mülkiyyət hüquqlarını pozmuşdur. Həmin şəxslərin əsassız olaraq onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalması onun mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır.
9. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. 10.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. 11.Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. 12.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
13. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
14. Belə ki, iddia mümkün iddiadır, çünki mülkiyyətçi olan iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.
15. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan “Elektron notariat” X1 Çıxarışa əsasən mülkiyyətçi X10 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 35.29 kv.m., yaşayış sahəsi 16.59 kv.m. olan 1 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus olan hissəni alıcı X6 mülkiyyətinə vermişdir. Notartiat hərəkəti xx.xx.2021-ci il tarixdə 1978 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi **********DW70701 olan arayışa əsasən müqavilə bağlanan anda ünvan 2 ünvanında yerləşən mənzil yüklüdür.
16. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzil tam mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X6 adına qeydiyyata alınmışdır.
17. İş materiallarında olan ******* nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X12 ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzilini alıcı İddiaçı mülkiyyətinə verilmişdir. Müqavilənin 8-ci bəndinə əsasən satcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi, xx.xx.2022-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.
18. Müqaviləyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X8, X7 və X11 Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzilin satılmasına etiraz etməmişlər və müqavilədə göstərilən müddətdə mənzili tərk etməyi və qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər.
19. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzil tam mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrə ilə iddiaçının adına qeydiyyata alınmışdır.
20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 18/2-5294/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X8 xx.xx.2022-ci il, xx.xx.1996-cı il təvəllüdlü X11 xx.xx.2021ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadırlar.
21. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-4235/2023 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzilə dair X8 və X4 istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat idarənin arxivində aşkar edilməmişdir.
22. Beləliklə, Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzilin iddiaçının mülkiyyətində olması, üçüncü şəxslərin həmin mənzil iddiaçıya satılarkən etiraz etməmələri və mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürməsi məhkəmə iclasında tədqiq olunan sübutlarla tam təsdiq olunur.
23. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
24. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
25. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, yaxud həmin yaşayış sahəsində yaşamırsa, aydındır ki, çıxarılma və ya istifadə hüququna xitam verilmə barədə qətnamə də mövcud olmayacaqdır.
26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
27. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2). Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
29. Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə qərarının 15-22-ci bəndlərində sadalanan sübutlara əsasən üçüncü şəxslərin mübahisəli yaşayış sahəsinə hər hansı bir hüququnun olması və həmin evdə yaşaması müəyyən edilmir. İddiaçı mübahisəli evin mülkiyyətçisi kimi ona məxsus yaşayış sahəsində yaşamayan və hüququ olmayan həmin şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş edir. Məhkəmə hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarında təsbit olunan şərtlərin mövcud olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı bu tələbində haqlı olduğundan cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Buna görə də iddia təmin olunmalıdır.
30. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.1994-cü il təvəllüdlü X2, xx.xx.1992-ci il təvəllüdlü X3, xx.xx.1996-cı il təvəllüdlü X4 Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova