Məhkəmə qərarları › İş №2-1(112)-5061/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5061/2020

03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5061/2020 03.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X5, üçüncü şəxsin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X10 üzrə Mərkəzi Filialı üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməklə “qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətlərinin ikiqat ölçüdə hesablanmaqla əmək pensiyasının təyin edilməsinə dair məlumat vərəqəsinin aidiyyəti qaydada göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi X3rşı “əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinə görə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş X1rşı iddia tələbi üzrə 2017-ci il 14 yanvar tarixli, 2-1(82)- 2985/2017 saylı qərar xx xxxxxx 2018-ci il tarixdə qanuni qüvvəsini almışdır. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş X2 xidmət müddətinin 11 il, 00 ay, 24 gün, yəni 20 təqvim ilindən az olduğunu səbəb kimi göstərməklə ona pensiya təyinatının aparılması ilə bağlı müraciətlərinin həllindən imtina etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinin 0xx/xx-11121B-3220 nömrəli, xx.xx.2020-ci il tarixli məktubunda da “Əmək pensiyaları haqqında” Qanunun 24.0.2-ci maddəsinə əsasən şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətlərinin ikiqat ölçüdə hesablanaraq əmək pensiyası hüququ verən sığorta stajına güzəştli şərtlərlə daxil edilməsi qeyd olunsa da, iddiaçının ümumi stajının 20 ildən az təşkil etdiyi göstərməklə məlumat vərəqəsinin göndərilməsinin mümkünsüz olduğu bildirilmişdir. İddiaçı hesab edir ki, bu hal qanunaziddir və onun qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri ikiqat ölçüdə daxili işlər orqanlarında xidmət müddətinə hesablanmalıdır. Beləliklə, onun daxili işlər orqanlarında xidmət müddəti 20 ildən artıq olur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. Hazırlıq icraatının gedişində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə dair dəqiqləşdirmənin aşağıdakı məzmunda icraata qəbul edilməsini xahiş etmişdir: “Onun qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətlərinin ikiqat ölçüdə, yəni 10 (on) il xidmət müddəti kimi hesablanaraq, ümumilikdə, 20 ildən artıq iş stajının olması nəzərə alınmaqla, əmək pensiyası təyin edilməsinə dair məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X10 üzrə Mərkəzi Filialına təqdim edilməsi vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması”. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5061/2020 saylı qərardadına əsasən iddia tələbi “İddiaçı oğlunun qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətlərinin ikiqat ölçüdə, yəni 10 (on) il xidmət müddəti kimi hesablanaraq, ümumilikdə, 20 ildən artıq iş stajının olması nəzərə alınmaqla, əmək pensiyası təyin edilməsinə dair məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X10 üzrə Mərkəzi Filialına təqdim edilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun” məzmunda icraata qəbul edilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X11 İş idarəsinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinin işdə cavabdehlər kimi prosessual iştiraklarına xitam verilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X10 üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi izahatında bildirdi ki, İddiaçı bir neçə dəfə daxili işlər orqanlarının aidiyyəti qurumlarına müraciət edərək, qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətlərinin ikiqat ölçüdə hesablanmaqla ona daxili işlər orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsinə dair məlumat vərəqəsinin aidiyyəti qaydada göndərilməsini xahiş etmiş, müraciətlərinin müsbət həlli mümkün olmamışdır. Ona ünvanlanmış cavab məktublarında dəfələrlə bildirilmişdir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən ona daxili işlər orqanlarının əməkdaşı kimi pensiya təyin edilməsi üçün daxili işlər orqanlarında xidmət müddətinin ən azı 20 il təşkil etməsi zəruridir. Lakin onun xidmət illəri 20 ildən az təşkil etdiyindən müraciətləri təmin edilməmişdir. Nümayəndə izahatının sonunda iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçıya pensiya təyin edilməsinə dair məlumat vərəqəsi Filiala göndərilmədiyindən ona daxili işlər orqanlarının əməkdaşı kimi pensiya təyin edilməmişdir. Aparılmış hesablamalara əsasən İddiaçı daxili işlər orqanlarında xidmət müddəti 20 ildən az təşkil edir. Nümayəndə bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 müvafiq tələbnamə yoxlanıldıqdan sonra xx.xx.2020-ci il tarixli, 012- 22594-1220 saylı məktuba əlavə edilərək məhkəməyə təqdim etdiyi İddiaçı cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğu barədə məlumatlardan müəyyən edilir ki, o, xx.xx.1971-ci il tarixdə Azərbaycan SSR Bakı şəhər DİN İstintaq İdarəsi tərəfindən həbs edilmiş, Azərbaycan SSR Ali Məhkəməsinin xx.xx.1972-ci il tarixli hökmünə əsasən 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Qaradağ rayon Xalq Məhkəməsinin xx.xx.1972-ci il tarixli qərarı ilə SSRİ X14 Heyətinin xx.xx.1964cü il tarixli Fərmanına əsasən 03 il, 02 ay, 27 gün müddətinə şərti olaraq azad edilmiş, Azərbaycan SSR Ali Məhkəməsinin xx.xx.1989-cu il tarixli qərarı ilə xx.xx.1972-ci il tarixli hökmü ləğv edilərək cinayət işinə Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin 10-cu maddəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir. İşdə olan Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin xx.xx.1989-cu il tarixli 4-73/89 nömrəli qərarının surətindən müəyyən olunur ki, İddiaçı barəsində qəbul edilmiş Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının xx xxxxx 1972-ci il tarixli hökmü ləğv edilmiş və əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin icraatına xitam verilmişdir. İşdə olan Azərbaycan SSR Ali Məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.1989-cu il tarixli, 4-73/89 saylı məktubda bildirilmişdir ki, Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 1972-ci il 17 aprel tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 167-ci maddəsinin 1-ci hissəsi və 172-ci maddəsi ilə cəmi 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunması barədə cinayət işinə 1989-cu il mart ayının 21-də Azərbaycan SSR Ali Məhkəməsi Rəyasət Heyətində baxılmış, hökm əməldə cinayət tərkibi olmadığına görə ləğv edilmiş və işin icraatına xitam verilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2017-ci il tarixli, ***- *******17 saylı cavab məktubuna əlavə edilmiş Azərbaycan SSR DİN-nin şəxsi heyət üzrə xx.xx.1970-ci il tarixli 225 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətindən müəyyən olunur ki, həmin əmrə əsasən milis kapitanı Bakı şəhər X13 əlahiddə yol nəzarəti divizionunun yol nəzarəti baş inspektoru İddiaçı şəxsi heyəti adına xələl gətirən hərəkətlər törətdiyinə görə xx.xx.1970-ci il tarixdən xidmətdən xaric edilmiş və onun xx.xx.1970-ci il tarixə xidmət müddəti 08 il 06 ay 24 gün təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 045-828- 3220 saylı məktubdan müəyyən edilir ki, İddiaçı daxili işlər orqanlarının əməkdaşı kimi pensiya təyin olunması ilə əlaqədar müraciətlərinə baxılmış, cavab olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə istinad edilməklə onun xidmət müddətinin təqvimi hesablama ilə 11 il, 00 ay, 24 gün təşkil etməsi səbəbindən müraciətlərinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi ona istinad edir ki, Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 1972-ci il 17 aprel tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 167-ci maddəsinin 1-ci hissəsinə və 172-ci maddəsinə əsasən təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin xx.xx.1989-cu il tarixli, 4-73/89 nömrəli qərarı ilə barəsində qəbul edilmiş Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının xx xxxxx 1972-ci il tarixli hökmü ləğv edilmiş və əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin icraatına xitam verilmişdir. Buna görə də, onun qanunsuz olaraq azadlıqdan məhrum edildiyi müddət güzəştli şərtlərlə, yəni ikiqat ölçüdə daxili işlər orqanlarında xidmət müddətinə hesablanmalıdır. Məhkəmə iddiaçının gətirdiyi dəlillərlə razılaşmır, ona görə ki, iş materiallarından da göründüyü kimi, o, Azərbaycan SSR DİN-nin şəxsi heyət üzrə xx.xx.1970-ci il tarixli, 225 nömrəli əmrinə əsasən şəxsi heyət adına xələl gətirən hərəkətlər törətdiyinə görə xx.xx.1970-ci il tarixdən xidmətdən xaric edilmiş, yalnız bundan sonra, yəni xx.xx.1971-ci il tarixdə həbs edilərək cəza çəkmiş, sonradan isə barəsində olan xx xxxxx 1972-ci il tarixli hökmü ləğv edilmiş və əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə bu halla bağlı qeyd edir ki, iddiaçı barəsində olan hökm ləğv edildiyinə baxmayaraq onun daxili işlər orqanlarından xidmətdən xaric edilməsinə dair verilmiş əmri, ümumiyyətlə, mübahisələndirməmiş, beləliklə də daxili işlər orqanlarında xidmətə bərpa edilməmiş və qanuni əsaslarla ehtiyata buraxılmamışdır. Təsadüfi deyildir ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 148-ci maddəsində də göstərilmişdir ki, bu Əsasnamə ilə müəyyən edilmiş əsaslar olmadan xidmət keçmə yerləri dəyişdirilən, tutduğu vəzifələrdən azad edilib aşağı vəzifələrə keçirilən, daxili işlər orqanlarında xidmətdən xaric edilən əməkdaşlar müvafiq olaraq vəzifəyə və daxili işlər orqanlarında xidmətə bərpa edilməlidirlər. Həmin Əsasnamənin 149-cu maddəsinə görə daxili işlər orqanlarında vəzifələrə, xüsusi rütbələrə və xidmətə bərpa olunma üçün əsaslar aşağıdakılardır: xidməti yoxlamaların nəticələri üzrə rəy, məhkəmənin qüvvəyə minmiş qərarı, yaxud qanunvericiliklə müəyyən edilmiş qaydada bəraət qazanmış şəxsin xidmətə bərpa olunması barədə ərizəsi. Həmin Əsasnamənin 152-ci maddəsinə əsasən bu Əsasnamənin 148-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə bərpa edilən əməkdaşlara növbəti xüsusi rütbənin, eləcə də əlavələrin verilməsi və ya pensiyanın təyin edilməsi üçün xidmət illərinin hesablanması zamanı, daxili işlər orqanlarından xaric edildikləri gündən xidmətə bərpa olunma haqqında əmrin imza edildiyi günədək olan müddət fasiləsiz xidmət stajına daxil edilir. Qeyd edilən əsaslar SSRİ Nazirlər Sovetinin 1973-cü il 23 oktyabr tarixli, 778 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR Nazirlər Sovetinin «Daxili işlər orqanlarının sıravi və rəis heyətinin xidmət keçməsi barədə Əsasnamə”də göstərilən əsaslarla da uyğunluq təşkil edir. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olur ki, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan daxili işlər orqanlarından xidmətdən xaric edilmiş şəxslərə münasibətdə xidmətdən xaric edildikdən sonrakı müddət o şərtlə onların daxili işlər orqanlarında xidmət müddətinə (fasiləsiz xidmət stajına) daxil edilə bilər ki, daxili işlər orqanlarından xidmətdən xaric edilmənin əsassızlığı öz təsdiqi tapdıqdan sonra həmin şəxslər xidmətə yenidən bərpa edilmiş olsunlar. “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə görə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən hərbi qulluqçulara Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə-Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydaları müəyyən edilir. Qaydanın 2-ci bəndində qeyd olunur ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Məhkəmə araşdırması zamanı isə iddiaçının daxili işlər orqanlarına xidmətə bərpa edilməsi və qanuni əsaslarla xidmətdən ehtiyata buraxılmasına dair hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə iddiaçının qanunsuz olaraq cəza çəkdiyi müddətin onun daxili işlər orqanlarında xidmət illərinə daxil edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, həmin müddətin güzəştli qaydada hesablanmasından da, ümumiyyətlə, söhbət gedə bilməz. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. İş materialları ilə müəyyən edilir ki, iddiaçının daxili işlər orqanlarında xidmət müddəti qanunvericiliklə tələb edilən qədər deyildir. Buna görə cavabdeh orqanın imtinası nəticə etibarilə düzgün olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (52-ci maddə). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X10 üzrə Mərkəzi Filialı üçüncü şəxs kimi işə cəlb edilməklə “qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətlərinin ikiqat ölçüdə hesablanmaqla əmək pensiyasının təyin edilməsinə dair məlumat vərəqəsinin aidiyyəti qaydada göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X10 üzrə Mərkəzi Filialı üçüncü şəxs kimi işə cəlb edilməklə “qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətlərinin ikiqat ölçüdə hesablanmaqla əmək pensiyasının təyin edilməsinə dair məlumat vərəqəsinin aidiyyəti qaydada göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbi təmin edilməsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar