Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5061/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi» dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 1 avqust 1963-cü il tarixdə doğulmuşdur, Azərbaycan Dövlət X3 üzücü heyətinin nəqliyyat donanması gəmilərində 14 yanvar 1985ci il tarixdən 1 aprel 2005-ci il tarixədək, 16 iyun 2005-ci il tarixdən 16 noyabr 2005-ci il tarixədək və 5 dekabr 2005-ci il tarixdən 22 fevral 2006-cl il tarixədək motorçu, 4-cü mexanik, 3-cü mexanik, 2-ci mexanik və baş mexanik vəzifələrində çalışmışdır. Onun həmin sahədə iş stajı 20 il 10 ay 4 gündür. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahısının XXVİİİ hissəsinin 3-cü bəndinin (********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Göstərilən faktları təsdiq edən "xxxx" QSC- nin 23 fevral 2021-ci il tarixli AM03/02-178 nömrəli arayışı və 28 mart 2022-ci il tarixli 01/17-59 nömrəli arxiv arayışı mövcuddur. Bundan əlavə ИТ-11137019 nömrəli əmək kitabçasına əsasən iddiaçının (İddiaçı) 1 yanvar 2006-cı il tarixədək olan stajı 25 il 01 ay 13 gün təşkil edir ki, bu müddətin də 20 il 10 ay 04 gününü o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə çalışmışdır. Buna görə də iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət edilmişdir. Lakin cavabdeh 8 dekabr 2022-ci il tarixli imtina məktubu ilə cavab verərək bildirmişdir ki, müəyyən vaxtlarda iddiaçıya əmək haqqı hesablanmamışdır, bu səbəbdən onun ümumi iş stajı 25 ildən az təşkil edir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2006-cı il tarixli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 22, 24-cü maddələrinə əsaslanaraq, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən pensiyanın ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 16 iyun 2023-cü il tarixli məktubunda iddiaya etiraz olaraq qeyd olunur ki, İddiaçı 2 noyabr 2022-ci il tarixdə cavabdehə təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən vətəndaşın tələb olunan 25 il ümumi iş stajının olmaması səbəbindən ona pensiya təyin edilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" QSC-nin 6 oktyabr 2021-ci il tarixli 01/17-167 nömrəli arayışında iddiaçının 14 yanvar 1985-ci il tarixdən 1 aprel 2005-ci il tarixədək və 5 dekabr 2005-ci il tarixdən 3 may 2011-ci il tarixədək olan dövrlər ərzində X3 “Cambul Cabayev”, “Qafur Məmmədov”, “Zəngilan”, “İslam Səfərli”, “General Abbasov” və “Naftalan” gəmilərində motorçu, mexanik, baş mexanik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Eyni zamanda, sözügedən arayışda xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2003xx.xx.2003-cü il, xx.xx.2004-31,05.2004-cü il, xx.xx.2004-xx.xx.2004-cü il, xx.xx.2005- 01,04.2005-ci il və xx.xx.2005-xx.xx.2005-ci il tarixlər arasındakı dövrlər üzrə adıçəkilən şəxsə əmək haqqı hesablanmadığı qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün («Əmək pensiyaları haqqında» Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) qeyd olunan dövrləri İddiaçı iş stajına daxil etmək mümkün deyil. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. AR Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 3-cü maddəsinin “a” bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlərin – DSMF-yə sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da görünür ki, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərtişlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Müəssisə tərəfindən verilmiş müvafiq arayışda iddiaçının xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2003xx.xx.2003-cü il, xx.xx.2004-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2004-cü il, xx.xx.2005xx.xx.2005-ci il və xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlərdə əməkhaqqı ödənilməmiş və əməkhaqqdan sosial sığorta haqları tutulmamışdır. Bu səbəbdən də həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. İşdəki xüsusatlardan da aşkardır ki, iddiaçının əməkhaqqı almadığı dövrlər sosial sığorta stajına daxil edilmədiyindən iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 3 ay 22 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1999cu il, xx.xx.2000-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2004-cü il və xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub- olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsi (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Həmçinin sözügedən icmal məktubunda qeyd edilir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Göstərilənlərə və əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1 avqust 1963-cü il tarixdə doğulmuşdur, 2006-cı ilin yanvar ayının 1-dək 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən “motorçu”, “mexanik” və “baş mexanik” vəzifələrində çalışmışdır və həmin vəzifələr AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın “XXVİİİ. Nəqliyyat” bölməsində 23003020 – 14706 (bütün adlarda motorçular) və 23003020 – 23484 (mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər) kodları ilə nəzərdə tutulmuşdur (bu barədə müvafiq arayış iş materiuallarında mövcuddur və bu, işin mübahisə olunmayan hallarına aiddir). İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəsi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi imtinaya səbəb kimi, onun ümumi iş stajının 25 ildən az olmasını əsas gətirmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsində dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) üzrə “bütün adlarda motorçular” və “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” vəzifələri 23003020 – 14706 və 23003020 – 23484 kodları ilənəzərdə tutulmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 55 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəllərinin aşkar edilməməsinə görə baş tutmaması onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi birbaşa təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Bundan başqa, İddiaçı X4 işlədiyi və sığorta stajı kimi nəzərə alınmasını tələb etdiyi əmək fəaliyyətinin bir hissəsi 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti qoyula bilməz. İş fəaliyyətinin 1 yanvar 2002-ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək olan hissəsinə gəldikdə, nəzərə alınmalıdır ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Digər tərəfdən nəzərdə alınmalıdır ki, həmin müddətin bir hissəsi üzrə iddiaçıya əmək haqqı ödənilməsi aşkar edildiyind\n, cavabdeh inzibati orqan qeyd olunan dövrü onun sığorta statı kimi qəbul etmişdir. Qeyd olunanlara, habelə 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək kitabçasında əks olunmuş 2000-ci ilin yanvar – oktyabr ayları, 2003-cü ilin sentyabr ayı, 2004-cü ilin may, noyabr, dekabr ayları, 2005-cin ilin yanvar, fevral, mart və dekabr ayları üzrə iş stajının onun sığorta stajına daxil edilməməsi qanuna ziddir. Belə olan halda, iddiaçının 1 yanvar 2006-cı il tarixədək 25 ildən artıq ümumi stajı toplanmış olunur. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “tələb olunan 25 il sığorta stajının toplanmaması” səbəbi ilə imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İddiaçıya 57 yaşdan (1 avqust 2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və həmin tarixdən ödənilməmiş fərq məbləği ödənilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının müraciəti 5 noyabr 2022-ci il tarixə, pensiya hüququnun yaranması isə, 1 avqust 2020-ci il tarixə təsadüf edir, bu isə o deməkdir ki, pensiya məbləğinin tələb olunan keçmiş dövrü üzrə müddət “üç il”lik vaxtı aşmır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 57 yaşdan (1 avqust 2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin həmin tarixdən ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan (1 avqust 2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin həmin tarixdən ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5061/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5061/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver