Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5062/2021 19.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Sabirabad şhəri, M.Müşfiq küçəsi ev 76), cavabdehin nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi 8, ev 59; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Hüquq şöbəsi, baş mütəxəssis) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 3-cü şəxs - Sabirabad Rayon Mərkəzi Xəstəxanası qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiaçının xəstəliyi ilə bağlı ona xx.xx.2021-ci il tarixdən etibarən müdətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi ilə bağlı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz sayılması barədə qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı 20 ilə yaxın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili İşlər orqanları sıralarında polis əməkdaşı olaraq xidmət keçmişdir. Xidmətkeçmə dövründə sağlamlığını itirmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 30 saylı xəstəlik haqqında şəhadətnamə ilə şəhadətləndirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Ali Tibb-Ekspertizası Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixdə ona İİ (ikinci) dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarlarına dair» Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik fasiləsi olaraq 10(on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İddia ərizəsinə əlavə etdiyi TSEK-nın arayış və müainə aktlarında görünür ki, o, xx.xx.2011-ci, xx.xx.2012- ci, xx.xx.2013-cü, xx.xx.2014-cü, xx.xx.2015-ci, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə kimi komissiyasız olmaqla və tibbi-sosial yardımın təyin edilməməsi ilə müvafiq tibbi ekspertiza müainələrindən keçmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2016cı il tarixdə İddiaçı ikinci dərəcə əlilliyi beş il müddətinə uzadılmış, xx.xx.2021-ci il tarixdə müddəti başa çatmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında TSEK-lər tərəfindən adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan qiymətləndirilir. İddiaçının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0311003AAQ4Z saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilib əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Belə ki, göndərişdə əsas diaqnoz “Dəqiqləşdirilməmiş xroniki bronxit, Xroniki bronxit kəskinləşmə mərhələsində” şəklində, ağırlaşma “Xroniki respirator çatmamazlıq, Restruktiv tipin üstünlüyü ilə qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” şəklində, yanaşı xəstəlik isə “Vərəmin nəticələri, Keçirilmiş sol ağ ciyərin yuxarı payının vərəmindən sonraki qalıq əlamətləri fibroz və bərk ocaqlar şəklində” qeyd edilmişdir. Əsas xəstəlik əlilliyin təyininə əsas vermir. Ağırlaşmanı təsdiq edən spirometriya müayinəsinin nəticəsi qeyd edilməyib. Yanaşı xəstəlik isə vərəmin sağalma mərhələsini göstərir. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və stasionar şəraitdə diaqnozun dəqiqləşdirilməsi üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. “Qayda”nın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Sonuncu dəfə dövlət tibb müəssisəsinin 0311003AARUE saylı göndərişi əsasında İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş geri qaytarılmışdır. Belə ki, əsas diaqnoz kimi “Sadə xroniki bronxit, Xroniki bronxit kəskinləşmə mərhələsi.Əsas səbəb:Keçirilmiş sol ağciyərin yuxarı payının vərəmindən sonraki qalıq əlamətləri, çox saylı fibroz və bərk ocaqlar şəklində,əhəmiyyətli ventilyasiya pozğunluğu İİ dərəcəli tənəffüs çatışmamazlığı. (Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən edilməsi meyarlarının 2.2.3-cü və 2.2.4-cü bəndlərinə əsasən)” göstərilmişdir. Ağırlaşma kimi isə “Xroniki respirator çatmamazlıq, ildə azı 4 dəfə kəskinləşmə və İİ dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri. (Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən edilməsi meyarlarının 2.2.4-cü bəndinə əsasən)” diaqnozu göstərilmişdir. Əvvəlki göndərişdə olduğu kimi, bu göndərişdə də qeyd edilən diaqnoz vərəmin sağalma mərhələsində olduğunu göstərir. Diaqnozda ildə azı dörd dəfə kəskinləşmə qeyd edilsə də, sonuncu stasionar müalicə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi “Sadə xroniki bronxit” diaqnozu ilə olmuş, 2021-ci ildə isə cəmi iki ambulator müalicəsi olmuşdur. Eyni zamanda bildiririk ki, diaqnozda qeyd edilmiş əhəmiyyətli ventilyasiya pozğunluğunu təsdiq edən spirometriya müayinəsi qeyd edilməyib. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və əsaslı olaraq göndəriş geri qaytarılmışdır. Göndərişdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən edilməsi meyarlarının 2.2.3-cü və 2.2.4-cü bəndlərinə əsasən əlillik əlamətlərinin olması barədə qeydlərin olması qanunsuzdur, HMK səlahiyyətlərinə aid deyil. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən edilməsi meyarlarına dair Əsasnamənin 2.2.3-cü bəndində “ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə” olduğu halda ikinci dərəcə əlilliyin təyin edilməsi nəzərdə tutulur, göndərişdə isə fibroz və bərk ocaqlar qeyd edilmişdir. Tənəffüs çatmamazlığını göstərən spirometriya isə qeyd edilməmişdir. Əsasnamənin 2.2.4-cü bəndində isə “ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri” olduğu halda əlilliyin təyini nəzərdə tutulur. Lakin qeyd etdiyimiz kimi 2016-cı ildən 2021-ci ilə kimi olan beş il ərzində cəmi bir stationar müalicə və iki ambulator müraciət qeyd edilmiş, tənəffüs çatmamazlığını göstərən spirometriya müayinəsi isə qeyd edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 2.3-cü bəndlərində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2. maddəsində inzibati aktın anlayışı verilibdir. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddianın mümükünlüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. Təqdim edilən sənədlərin qiymətləndirmə üçün yetərli olmaması səbəbindən iddiaçı əlillik vəziyyəti ilə bağlı əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair yekun qərar qəbul edilmədiyindən hazırki iddia ərizəsi mümkünsüz hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, xx.xx.2016-cı il tarixdə iddiaçının ikinci dərəcə əlilliyi beş il müddətinə uzadılmış, xx.xx.2021-ci il tarixdə müddəti başa çatmışdır. İş materiallarından görünür ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İddiaçı barəsində tərtib edilmiş 0311003AAQ4Z nömrəli Göndərişi (Forma 88) cavabdeh inzibati orqana göndərilmişdir. İş materiallarından görünür ki, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsində iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina səbəbi kimi əlavə müalicəyə ehtiyacın olması göstərilmişdir. İş materiallarından görünür ki, iş materiallarından olan xəstənin ambulator müayinəsindən, həmçinin Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 0311003AAQ4Z nömrəli Göndərişindən və Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından da görünür ki, iddiaçının xəstəliyi 2009-cu ildə başlamış və iddiaçı müvafiq tibb müəssisəsində müxtəlif ixtisaslaşmış və stasionar müalicələr almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması Göndəriş verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci yarımbəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İş materiallarından müəyyən edilir ki, cavabdeh iddiaçıya əlilliyin təyin edilməsinə dair əsaslı şübhələr olduğunu (vərəmin sağalma mərhələsində olması və s.) qeyd etsə də bununla bağlı iddiaçını şəxsi əyani müayinəyə cəlb etməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilərkən müvafiq qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olması və bununla əlaqədar olaraq iddiaçının əyani müayinəyə cəlb edilməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Beləliklə də, cavabdeh inzibati orqan tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmuş qaydada inzibati icaatın tam və hərtərəfli olaraq aparılmadığı müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırması iş materialları ilə öz təsdiqini tapmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 28.1.1-ci maddəsinə əsasən iddiaçının ərizəsi inzibati icraatın başlanması üçün əsas kimi çıxış etmişdir. Həmin Qanunun 28.2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Həmin Qanunun 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən yuxarda qeyd olunan qanunvericiliyin normalarına uyğun tam və hərtərəfli inzibati icraat aparılmadığından, inzibati icraat yenidən aparılmalıdır. İPM-in 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən yuxarda qeyd olunan qanunvericiliyin normalarına uyğun tam və hərtərəfli inzibati icraat aparılmadığından, inzibati icraat yenidən aparılmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilir. İddiaçı əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı iddiaçının müraciətinə dair inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-5062/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5062/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver