Məhkəmə qərarları › İş №2-1(112)-5064/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5064/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5064/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında qapalı məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə əsasən hərbi xidmətdən tərxis edilməsi barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əmrinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçının hərbi xidmətdən tərxis edilməsi barədə əmr qanunsuz və əsassızdır. Belə ki, iddiaçı 06.09.2021-ci il tarixində öd kissəsində kəskin ağrı şikayəti ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına müraciət etmiş və həmin zaman ağrıların kəskin olması səbəbindən iddiaçıya ağrıkəsici dərmanlar vurulmuşdur. Bununla əlaqədar, iddiaçı 08.09.2021-ci il tarixində cərrahiyyə əməliyyatı keçirmiş, 10.09.2021-ci il tarixində ambulator müalicə üçün evə buraxılmışdır. İddiaçı 05.10.2021-ci il tarixində narkotik maddələrin istifadəsi ilə bağlı analiz vermişdir. Məhz keçirilmiş cərrahiyyə əməliyyatı sonrası iddiaçı narkotik vasitələrin analizini vermişdir. Məlumdur ki, cərrahiyyə əməliyyatı zamanı xəstələr ağrıkəsici və keyidici dərmanlar qəbul edirlər. Hətta əməliyyat zamanı da bu cür dərmanlar xəstələrin özləri də bilmədən bədəninə yeridilir. Bununla belə qənaətə gəlmək olar ki, narkotik vasitələrin analizinin nəticəsinin müsbət çıxması iddiaçının cərrahiyyə əməliyyatından sonra analiz nümunələrini verməsi ilə birbaşa bağlıdır. Bundan əlavə əməliyyatdan sonra iddiaçıya həkim tərəfindən “Menloksan”, “Nomicine”, “Pantoran”, "Melorna”, “Ornoenzym” adlı müxtəlif dərmanların qəbulu tövsiyə olunmuşdur. İddiaçı tövsiyə olunmuş bu dərmanları mütəmadi olaraq qəbul etmişdir. Bu dərman vasitələrinin mütəmadi olaraq birlikdə qəbul edilməsinin narkotik vasitələrin analizində müsbət nəticə vermə ehtimalı da istisna edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzinin 09 dekabr 2021-ci il tarixli narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında 1279 nömrəli aktından məlum olur ki, iddiaçının sidik analizinin nəticələrində heç bir narkotik və psixotrop maddələrin izləri aşkar edilməmişdir. Bu, bir daha onu deməyə əsas verir ki, iddiaçı narkotik və psixotrop maddələrinin aludəçisi deyil, DTX-nin Hərbi Hospitalında narkotik vasitələrin təyin edilməsi üçün verilmiş analiz nəticələri həqiqəti əks etdirmir. Əgər iddiaçı analiz nəticələrində aşkar edilmiş narkotik və psixotrop maddələri mütəmadi olaraq qəbul edirdisə, bu, sonuncu verilmiş analiz nəticələrində də öz əksini tapmalı idi. DTX-nin Hərbi Hospitalında narkotik vasitələrin təyin edilməsi üçün verilmiş analiz nəticələri tədqiqat metodikasının yanlış seçilməsi nəticəsində təhrif edilmişdir. Bu nəticələr əsasında isə iddiaçı qanunsuz əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən tərxis edilmişdir. İddiaçı 2008-ci ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına daxil olmuş, 2013-cü ildə təhsil müəssisəsini bitirərək, zabit qismində xidmətini davam etdirmişdir. Xidmət dövründə heç bir intizam məsuliyyətinə cəlb edilməmiş, qüsursuz xidmətlərinə görə müxtəlif vaxtlarda təltif olunmuş, pul mükafatları almışdır. Silahlı Qüvvələrin 95, 100 illik yubiley medalları ilə və təhlükəsizlik orqanlarının 100 illik yubiley medalı ilə təltif edilmişdir. Xidmət dövründə nümunəvi, əmr və təlimatların tələblərinə riayət edən, vətənpərvər hərbçi kimi xarakterizə edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi təqdim edilmişdir. Etiraz ərizəsində qeyd edilir: İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair ərizəsinə baxılmışdır. Daxil olmuş iddia ərizəsi ilə bağlı aidiyyəti strukturların verdiyi məlumatlar əsasında araşdırma aparılmış və iddiaçı tərəfindən verilmiş iddia əsassız hesab olunmuşdur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 182 nömrəli Qərarı ilə təsdiq edilmiş Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydasının 2-ci bəndinə görə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması onların şəhadətləndirilməsi və dispanserizasiyası yolu ilə həyata keçirilir. Həmin Qaydanın 6-cı bəndinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının dispanserizasiyası ildə bir dəfə həmin subyektlərin rəhbərləri tərəfindən təsdiq edilmiş müvafiq normativ sənədlərə əsasən həyata keçirilir. DTX-də qəbul olunmuş normativ akta əsasən növbəti dispanser müayinəsi zamanı İddiaçı orqanizmində narkotik vasitənin izlərinin müşahidə olunmasına dair daxil olmuş məlumat əsasında barəsində xidməti yoxlama aparılmışdır. Yoxlama zamanı İddiaçı qeyri-səmimilik nümayiş etdirərək orqanizmində narkotik vasitənin aşkarlanmasını 2021-ci ilin sentyabr ayında keçirdiyi cərrahiyyə əməliyyatından sonra həkimin təyinatı üzrə qəbul etdiyi dərman preparatları ilə əlaqələndirməyə çalışsa da, ondan götürülmüş müvafiq nümunələrin xromotoqrafik analizi nəticəsində orqanizmində marixuana narkotik vasitəsi və midozalam benzodiazepin qrupuna aid olan psixotrop maddələr aşkar edilmişdir. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, İddiaçı cərrahiyyə əməliyyatı zamanı istifadə olunan, habelə əməliyyatdan sonra təyin edilmiş dərman preparatlarının heç birinin tərkibində “marixuana (TCH)” narkotik maddəsi mövcud deyildir. İddiaçı götürülmüş qan və sidik nümunələri bu sahə üzrə “beynəlxalq qızıl standart” sayılan maye-xromotoqrafik (LC-MS-MS) analiz metodu ilə yoxlanılmış və bunun nəticəsində “marixuana (TCH)” narkotik maddəsi aşkar edilmişdir. Eyni zamanda, İddiaçı hüquqlarını müdafiə edən 21 saylı Vəkillər bürosunun vəkili Vəkil 10 dekabr 2021-ci il tarixli 122 nömrəli müraciəti əsasında iddiaçının xəstəlik tarixindən çıxarış, onun əməliyyat zamanı istifadə olunan, eləcə də əməliyyatdan sonra təyin edilmiş dərmanlar barədə, həmçinin narkotik maddələrin nəticəsinə dair məlumatlar, ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin surətləri tərəfimizdən vəkilə təqdim edilmişdir. Aparılmış xidməti yoxlamanın nəticəsi olaraq DTX-nin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının etik davranış Qaydaları”nda təsbit olunmuş tələbləri və bununla bağlı üzərinə götürdüyü öhdəlikləri pozaraq xidmətdənkənar davranışında DTX əməkdaşının şərəfini ləkələyən hərəkətlərə yol verdiyinə görə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göstərilənləri nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini əsassız hesab edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək iddiaçının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin digər nümayəndəsi X4 iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 tərəfindən iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr, tibbi sənədlər hakimə təqdim edildi və hakim tərəfindən baxış keçirilərək həmin sənədlər cavabdehin nümayəndəsinə qaytarıldı. Məhkəmə tərəfindən müəyyən edildi ki, növbəti dispanser müayinəsi zamanı İddiaçı orqanizmində narkotik vasitənin izlərinin müşahidə olunmasına dair daxil olmuş məlumat əsasında barəsində xidməti yoxlama aparılmışdır. İddiaçıdan götürülmüş müvafiq nümunələrin xromotoqrafik analizi nəticəsində orqanizmində marixuana narkotik vasitəsi və midozalam benzodiazepin qrupuna aid olan psixotrop maddələr aşkar edilmişdir. Aparılmış xidməti yoxlamanın nəticəsi olaraq “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının etik davranış Qaydaları”nda təsbit olunmuş tələbləri və bununla bağlı üzərinə götürdüyü öhdəlikləri pozaraq xidmətdənkənar davranışında DTX əməkdaşının şərəfini ləkələyən hərəkətlərə yol verdiyinə görə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qanunvericiliyin tələblərinə əməl olunmaqla həyata keçirilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması» Qaydasının 2-ci bəndinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması onların şəhadətləndirilməsi və dispanserizasiyası (dövri tibbi müayinəsi) yolu ilə həyata keçirilir. Həmin Qaydanın 6-cı bəndinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının dispanserizasiyası ildə bir dəfə həmin subyektlərin rəhbərləri tərəfindən təsdiq edilmiş müvafiq normativ sənədlərə əsasən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar