Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5064/2024 18.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “05/01 nömrəli xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə İddiaçı 05/01 nömrəli xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı ünvan 1 ünvanında yerləşməklə dövlət mülkiyyətində olmuş 27 saylı t/h mağazasının müdiri olmuşdur. 30 mart 1999-cu il tarixdə keçirilmiş həmin mağazanın satılması ilə bağlı auksionda iştirak etmiş və həmin auksionun qalibi olmuşdur. Auksiondan sonra ödənməli olan məbləği tam həcmdə ödədikdən sonra mağaza 05/01 nömrəli xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmışdır. Lakin həmin mağazanın satılması üzrə alqı-satqı müqaviləsinin nüsxəsi ona təqdim edilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə adı çəkilən alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətinin verilməsi ilə bağlı ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 27 saylı mağazaya dair alqı-satqı müqaviləsinin nüsxəsi Xidmətin arxivində saxlanılmamışdır. İddiaçı hesab edirki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddiaçının müraiətinə cavab olaraq xx.xx.2023-cü il tarixli, 3-21-3/2-Ə- 1683/xx-xx/2023 nömrəli məktubunda bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 27 saylı mağazaya dair xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətinin verilməsi barədə xx.xx.2023-cü il tarixli məktubuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, yuxarıda qeyd olunan 27 saylı mağazaya dair alqı-satqı müqaviləsinin nüsxəsi Xidmətin arxivində saxlanılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. İş üzrə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi arxivdə belə bir müqavilənin mövcud olmadığını, iddiaçıya bu barədə cavab və məlumat verildiyini bildirmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, **********66 nömrəli məktubu ilə göndərilmiş sənədlərə əsasən: Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2006-cı il tarixli, 000156 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 27 saylı mağazanı qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Alınmış mağaza: 27 saylı mağaza, ümumi sahəsi 132,8 kv.m-dir. 30 mart 1999-cu il tarixli (05 auksion) 01 nömrəli Auksion protokolundan görünür ki, Təbriz küçəsi 27-də yerləşən 27 saylı t/h mağaza 66.212.000 (altmış altı milyon iki yüz on iki min) manat dəyərinə İddiaçı satılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 3-21-3-60/2-1595/2024 nömrəli məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində xx.xx.1999-cu il tarixli auksionun nəticəsi olaraq Əmlak Məsələləri Dövlət Xidməti ilə X1 arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmamasına dair məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 17 iyul 2024-cü il tarixli, 3-21-3/2-11925/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 27 saylı mağazaya dair 05/01 nömrəli xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinin nüsxəsi Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində saxlanılmamışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilənin mövcudluğunu təsdiq etmək üçün məhkəməyə təqdim edilmiş Auksion yolu ilə özəlləşdirilən kiçik dövlət müəssisələrinin (obyektlərinin) hesab vərəqəsində “alqı-satqı müqaviləsinin nömrəsi və tarixi” qrafasında göstərilmiş “05/01/xx.xx.1999” qeydi, Auksion protokolunun nömrəsi və tarixini ifadə etməkdədir. Belə ki, Auksion protokolunun giriş hissəsində nömrə olaraq “05 auksion 01 №-li protokol” qeydi aparılmış, auksionun keçirilmə tarixi və vaxtı olaraq 30 mart 1999-cu il saat 16:00 göstərilmişdir. İddiaçı tərəfindən də onunla belə bir müqavilənin bağlanmasını təsdiq edən hərhansı sübut və ya sənəd (yaxud müqavilənin surəti) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokolun mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas olduğunu iddiaçının nümayəndəsinin diqqətinə çatdıraraq qeydiyyatın auksion protokolu əsasında aparılması və şəhadətnamənin verildiyini bildirmişdir. İddiaçının nümayəndəsi cavabdehlə aralarında olan kompensasiya tələbinə dair mülki mübahisə üzrə işin araşdırılması çərçivəsində müqavilənin olmamasının onlara irad olaraq bildirildiyini deyərək, məhz bu səbəbdən inzibati məhkəməyə hazırkı tələblə müraciət etdiklərini bildirmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının hazırkı halda iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı faktiki olaraq tələb edilən müqavilənin mövcud olmadığının məhkəmə aktında öz təsdiqini tapmasına nail olmaqdan ibarət olmuşdur. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilən normaların tələbindən də göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının faktiki olaraq hüquqi marağı tələb edilən müqavilənin mövcud olmadığının məhkəmə aktında öz təsdiqini tapmasına nail olmaqdan ibarət olsa da, belə bir müqavilənin mövcud olmaması cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubla təsdiq edilmişdir. Belə ki, iddiaçı tərəfindən imtina kimi istinad olunan xx.xx.2023cü il tarixli məktubda cavabdeh tərəfindən iddiaçının müraciəti “alqı-satqı müqaviləsinin nüsxəsi Xidmətin arxivində saxlanılmamışdır” şəkilndə cavablandırılmaqla onun hüquqi marağı təmin edilmişdir. Yəni iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən onun hüquqi müdafiəyə ehtiyacı artıq aradan qalxmışdı. Belə bir müqavilənin mövcudluğu məhkəmə araşdırması ilə də müəyyən edilməmişdir. Digər tərəfdən inzibati məhkəmə icraatında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi və ya bənzəri şəkildə iddiaların qaldırılması yolverilməzdir. Cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozuntusuna yol verilməmişdir. Belə ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İPM-in 13-cü maddəsindən çıxış edən məhkəmə işin sözügedən hallarına münasibətdə iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin şərtlərini professional hüquqi yardım alan iddiaçıya münasibətdə onun vəkili və nümayəndəsi ilə müzakirə etmiş, iddiaçıya nəzərən dinlənilmə hüququ təmin edilmişdir. İddiaçının vəkili göstərilən halların məhkəmə aktında öz əksini tapması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etdiklərini bildirərək, iddianın mümkünlüyü məsələsinə qiymət verilməsinə etiraz etmədiyini bildirmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hazırkı tələbi məhkəmədə iddia qaldırılmamışdan əvvəl təmin olunduğundan və müqavilənin mövcudluğu öz təsdiqini tapmadığından, tərəflər arasında mübahisə və iddiaçının hüquqi müdafiəyə ehtiyacı olmadığı üçün iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “05/01 nömrəli xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X3.
Məhkəmə qərarları › İş №2-1(112)-5064/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5064/2024
18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver