Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5068/2020 08.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinə qarşı “bölgə sxeminin tərtib olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18,5 kv.m yardımçı sahəyə bölgə sxeminin tərtib olunması və ona natura formada kompensasiya payının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, iddia tələbini olduğu kimi müdafiə edir. Hazırki iddia tələbi üzrə cavabdeh orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsidir, ona görə də onu cavabdeh kimi qeyd etmişdir. O, məhkəməyə müraciət etməmişdən əvvəl dəfələrlə cavabdehə müraciət etmişdir. İddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş və tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh məhkəməyə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan iddianın mümkünlüyü məsələsini araşdırmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbləri baxımından iddiaçıya hüquqi yardım göstərilməklə iddia tələbinin dəqiqləşdirilməsi, həmçinin müvafiq sübutların məhkəməyə təqdim edilməsi bildirilmişdir, lakin bununla bağlı iddiaçı tərəfindən heç bir hərəkət edilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddihüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. İddiaçının mövcud iddia tələbi ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etməklə bağlı tələb olmadığına görə mövcud iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün deyildir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 2-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. X1 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi inzibati orqan sırasına daxil edilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi ona qarşı irəli sürülmüş cavabdeh inzibati orqan deyildir. Buna görə də inzibati orqan olmayan cavabdehlə iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisə də mövcud deyildir. Bundan başqa, iddia ərizəsində göstərilən tələb cavabdehin yerinə yetirdiyi vəzifələrə aid deyildir. Ümumiyyətlə, iddia tələbi qeyri-müəyyəndir. İddianın mümkünlüyü məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, məcburetmə və öhdəliyin icrası növündə iddia tələbinin mümkünlüyü şərtlərindən biri bu barədə iddiaçının məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdeh orqana müraciət etməsidir. İddiaçı cavabdehə müraciət etməsini bildirsə etsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh orqana müraciət etməmişdir. Məhkəmə iclasında iddiaçıya təklif edilməsinə baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdeh orqana iddia tələbində göstərilən məsələ ilə əlaqədar müraciət edilməsinə dair sübutları məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bütün qeyd olunanlara əsasən, həmçinin iddia tələbi qeyri-müəyyən olduğundan iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5068/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5068/2020
08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver