Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-507/2021 28.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması, vurulmuş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı kimi tanınması, ona dəymiş maddi və mənəvi ziyana görə 20 (iyirmi) min manat məbləğində kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 izahatında bildirdi ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Qobustan Həbsxanasının rəisinin adına bildiriş gəlmişdir. Sözügedən bildirişdə şəxsən iddiaçıya məlumat verilmədən, heç bir məhkəmənin qərarına istinad edilmədən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığından məhrum olması nəzərə çatdırılmışdır. Bu, qanuna və etik normalara zidd qərardan iddiaçı şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmə onun müraciətinə baxmış və 26.09.2019-cu il tarixdə 6405/2019 saylı qərarla iddiaçıya tövsiyə edilmişdir ki, vətəndaşlığının bərpası ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir, cavabdeh tərəfindən iddiaçı barəsində müsbət qərar qəbul olunmadığı təqdirdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməlidir. İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisinin adına yazdığı müraciətdə onun vətəndaşlığını sübüt edən sənədlərin surətlərini (hərbi bilet, pasport və digər sənədlər) əlavə etmişdir. İddiaçının SSRİ vətəndaşının pasportu Qobustan Həbsxanasının xüsusi şöbəsində 2003-cü ildən saxlanılır və lazım olan təqdirdə şöbənin əməkdaşları tərəfindən təqdim olunması üçün surəti çap olunur. İddiaçının ünvanladığı müraciət aidiyyəti üzrə cavabdeh tərəfindən baxılmış və 29.11.2019-cu il tarixli 4554 saylı qərarı ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 18.03.2015-ci il tarixli 84 nömrəli Qərarının 2.2.1 və 4.1.1-ci yarımbəndlərinə, həmçinin həmin qərarın 3.8-ci yarımbəndinə əsasən iddiaçını Azərbaycan Respublikasının vətəndaşı kimi tanımamışlar və əlavə olaraq bildirmişlər ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli qanununun 14-cü maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. İddiaçının cavabdehə təqdim etdiyi sənədlər tam şəkildə sübüt edir ki, iddiaçının daimi yaşayış yeri olmuş və o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 05.07.2018-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən onun Azərbaycan Respublikası vətəndaşı olmadığı barədə 06.07.2018-ci il tarixdə ******* nömrəli qərar qəbul edilmişdir. Dövlət Miqrasiya Xidməti sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasında iddiaçının pasport qeydiyyatında olması barədə məlumat yoxdur. Qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o, adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in - vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-507/2021 saylı 28.12.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması, vurulmuş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi “vurulmuş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” 06.07.2018-ci il tarixli ******* saylı arayışından görünür ki, 27 may 1970-ci il təvəllüdlü İddiaçı 13846/m nömrəli, 05 iyul 2018-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən Azərbayan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Həbsxanasının rəisinə ünvanlanmış 07.01.2019-cu il tarixli 08/63-BÇ saylı məktubda qeyd olunur: Sizin 18.12.2018-ci il tarixli, 17/35-2510 saylı sorğunuza Dövlət Miqrasiya Xidmətində aidiyyəti üzrə baxılmışdır. 27.05.1970-cı il təvəllüdlü İddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbayan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Həbsxanasının rəisinə ünvanlanmış 26.09.2019-cu il tarixli məktubda qeyd olunur: Məhkum İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanladığı 17/351512 nömrəli müraciətinə baxılmışdır. İddiaçı təkrarən izah olunur ki, vətəndaşlığın bərpası ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət olunmalı, həmin xidmət vətəndaşlığın bərpa olunmasından imtina etdiyi təqdirdə onun qərar və ya hərəkətləri ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edə bilərsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Təşkilati- Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 29.11.2019-cu il tarixli R/İNZ-4554 saylı məktubda qeyd olunur: Sizin 08.11.2019-cu il tarixli, İNZ-224 daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinizə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində aidiyyəti uzrə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 18.03.2015-ci il tarixli 84 nömrəli Qərarının 2.2.1 və 4.1.1-ci yarımbəndlərinin tələblərinə əsasən, şəxsin "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır və şəxslər həmin Qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respubİikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Həmçinin, həmin Qərarın 3.8-ci yarımbəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığ haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi xidmət dövrü Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Göründüyü kimi, Siz “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-cı il oktyabrın 7-dək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmadığınız (bu barədə DİN tərəfindən müvafiq məlumat təqdim olunmuşdur) və eləcə də, həmin vaxt hərbi xidmətdə olmadığınız üçün Sizin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətiniz tanınmamışdır. Əlavə olaraq bildiririk ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, Sizin 1989-cu il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövət Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz. İş materiallarında olan 10 fevral 1992-ci il tarixdə verilmiş B seriyalı 225287 saylı diplomun surətindən görünür ki, İddiaçı 01.09.1986-cı ildə Azərbaycan Respublikası Mingəçevir şəhəri 69 nömrəli texniki pəşə məktəbinə daxil olmuş və 07.07.1989-cu il tarixdə orta təhsil almaqla elektrik avadanlığına xidmət üzrə elektrik mantyoru peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək orta təhsil almışdır. İş materiallarında olan Azərbaycan SSR Mingəçevir şəhəri İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən 11.04.1989-cu il tarixdə verilmiş XXİİ-JQ seriyalı 747408 nömrəli SSRİ vətəndaşının pasportun surətindən görünür ki, İddiaçı 27.05.1970-ci il tarixdə Donetsk vilayəti, Slavyansk şəhərində doğulmuşdur. Pasportda olan qeyddən görünür ki, o, ünvan 2 ünvanına 31.12.1987-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan cavabdeh tərəfindən etiraza əlavə edilmiş DİN-in MAPS şöbəsinin 06.07.2018-ci il tarixli məlumatına əsasən İddiaçı Azərbaycan Respublikasında qeydiyyatı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 14.10.2020-ci il tarixli məktubdan görünür ki, 27.05.1970-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 09.08.2021-ci il və 22.11.2021-ci il tarixli məktublardan görünür ki, 27.05.1970-ci il təvəllüdıü İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat yoxdur. İş materiallarında olan Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin A-0075 saylı 20 fevral 2003-cü il tarixli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7, 228.1 və 234.1 maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-nin 120.2.4 və 120.2.7 maddələri ilə ömürlük azadlıqdan məhrümetmə cəzasına, CM-nin 228.1 maddəsi ilə 3 (üç) il müddətinə, CM-nin 234.1 maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə üzərində ömürlük azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Həbsxanasının arayışından görünür ki, 27.05.1970-ci il təvəllüdlü, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 20.02.2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İddiaçı hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Həbsxanasında cəza çəkir. Cəzasının əvvəli: 17.06.2002-ci il. İş materiallarında olan Mingəçevir şəhər Mənzil İstismar sahəsinin 13.09.2021-ci il tarixli 463 saylı arayışından görünür ki, İddiaçı həqiqətən Mingəçevir şəhərində A.Məmmədov küçəsi, ev 9, mənzil 18 ünvanında 1981-ci ildən 2002-ci ilə qədər yaşamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 15.03.2021-ci il tarixli 409 saylı məktubda qeyd olunur: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsində saxlanmada qalan qeydiyyat sənədlərinə əsasən 27.05.1970-ci il təvəllüdlü Mustafayev X2 ŞHK-ğı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq 07.07.1989-cu il tarixdən 16.05.1991-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir; 09.08.1992-ci il tarixdə Mingəçevir ŞHK-ğı tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmış İddiaçı Milli Orduda xidmət müddəti haqqında rəsmi məlumat ünvanımıza daxil olmamışdır; qeydiyyat kartasında "Qarabağ Hərbi Prokurorluğunun 14.02.2003-cü il tarixli qərarı ilə hərbi hissəni (161 №-li) tərk etməsi faktı üzrə cinayət işinin başlanması rədd olunub" qeydi var. Əlavə olaraq məlum edirəm ki, 24.07.1991-ci il tarixdən Mingəçevir ŞHK-nın qeydiyyatında olmuş İddiaçı məhkum olunduğu üçün 10.06.1998-ci il tarixdə hərbi üçotdan çıxarılmışdır. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi» Qaydasının 2.2.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslardan biridir. Həmin Qaydanın 3.4.3-cü bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərdən biridir. Həmin Qaydanın 4.1.1-ci bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı 27 may 1970-ci ildə Donetsk vilayəti, Slavyansk şəhərində doğulmuşdur. O, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etsə də, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 07.10.1998-ci ilədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatının olmadığı müəyyən edildiyindən, cavabdeh orqanın qərarı ilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. İddiaçının "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı sayılması üçün o, həmin qanunun qüvvəyə mindiyi günədək, yəni 07.10.1998-ci il tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmalı idi. Lakin iş materialları ilə müəyyən edildi ki, iddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktublardan da görünür ki, iddiaçının Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından cavabdeh tərəfindən qanuni əsaslarla imtina olunmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-507/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-507/2021
28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver