Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-507/2022 24.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, "xxxx" İnkişaf Şirkəti) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, "xxxx" İnkişaf Şirkəti) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020 il tarixli **********77 saylı cavab məktubunun qanunsuz hesab olunması və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995 il tarixli 350 saylı sərəncamı ilə ona fardi ev tikintisi üçün ayrılmış Bakı şəhəri, Turşu küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə "xxxx" İnkişaf Şirkəti, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995 il tarixli 350 saylı sərəncamı ilə iddiaçıya Bakı şəhəri, Turşu küçəsintəd yerləşən 0,06 ha torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. Qeyd olunan torpaq sahəsində tərəfimdən dörd otaqlı mənzil tikilmiş və DƏDRX tərəfindən özəlləşdirilərək ona Reyestr kitabında 244 sayla qeydiyya alınmaqla xx.xx.1999 il tarixli 30/16761 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. İddiaçı istifadəsində olan 0,06 ha torpaq sahəsini özəlləşdirmək və dövlət reyestrində qeydiyyata alınması barədə cavabdeh təşkilata xx.xx.2020 il tarixli ********** saylı ərizə ilə müraciət etmiş və həmin təşkilatdan ona ünvanlanmış xx.xx.2020 il tarixli **********77 saylı cavab məktubu ilə rədd cavabı verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının sözügedən məsələ ilə əlaqədar İdarəyə müraciəti daxil olmuşdur. Bununla əlaqədar bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə "xxxx" İnkişaf Şirkətinə ayrılmış ümumi ərazi daxilində yerləşir. Bu səbəbdən ərizənin icrası mükün olmamış və bu barədə vətəndaşa **********77 saylı xx.xx.2020-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş verilmişdir. Əlavə olaraq qeyd edirlər ki, Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 350 nömrəli sərəncamında 0.05 ha torpaq sahəsi, texniki pasportda isə 725 kv.m (həqiqi sahə) torpaq sahəsinin ayrılmasının qeyd olunmasına baxmayaraq, iddia ərizəsində 0.06 ha torpaq sahəsinin qeyd alınmasının İdarəyə həvalə edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə xx.xx.2020-ci il tarixli məktubu. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər. - Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli məktub və ona əlavə edilmiş sənəd. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/4101 nömrəli Ekspert rəyi. ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 372 nömrəli Fərmanında göstərilmişdir: “4.Şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir. 5. Rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar. Rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərirlər. 6. Rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibati-ərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir.” xx.xx.2001-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 10-cu maddəsinin 4-cü bəndinə əsasən torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün verilir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci cümləsinə əsasən xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Həmin Məcəllənin 20-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və ictimai ehtiyaclar üçün qiymətli kənd təsərrüfatı torpaqlarını (suvarılan əkin yerləri və çoxillik əkmələrin tutduğu torpaqlar), şəhərətrafı yaşıllıq zonası torpaqlarını, elmi tədqiqat idarələri və tədris müəssisələrinin təcrübə sahələri torpaqlarını, birinci qrup meşə torpaqlarını; habelə, mühafizə olunan təbii və tarix-mədəniyyət obyektlərinin yerləşdiyi, torpaqları geri almaq və vermək Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aiddir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqlar müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: - (maddə 8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (mərkəzi və yerli icra hakimiyyəti orqanları) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (maddə 8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunla müəyyən edilmiş qaydada müvafiq orqanlar tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə və istifadəyə verilməsi barədə qəbul olunmuş aktlar bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Dövlət Arxivinin Bakı Filialı məhkəmənin sorğusuna cavab olaraq keçmiş Xətai RİH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli 350 saylı sərəncamının surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının “Fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında” 350 nömrəli xx.xx.1995-ci il tarixli sərəncamına əsasən İddiaçı Turşu küçəsində 0,06 ha sahədə fərdi ev tikintisinə icazə verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli Sərəncamından çıxarışa əsasənTurşu küçəsindəki 23/8 n-li evin İddiaçı məxsus ümumi torpaq 0,05 ha yaşayış sahəsi 128 kv.m köməkçi sahəsi 101,6 k.m ibarət olan fərdi yaşayış evi istismara qəbul edilmişdir. İş materiallarında olan xx.xx.1999-cu il tarixli Müqavilədən görünür ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli Sərəncamı ilə Turşu küçəsi 23/8 ünvanda ev tikdirən vətəndaş İddiaçı ümumi sahəsi 500 kv.m olan müddətsiz istifadə etmək hüququ əsasında torpaq sahəsi verilmişdir. İş materiallarından görünür ki, Turşu küçəsi 23/8 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı 000124 nömrəli xx.xx.1999-cu il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Turşu küçəsində yerləşən 23/8 nömrəli fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan öz etirazını onunla əsaslandırmışdır ki, qeyd olunan torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə "xxxx" İnkişaf Şirkətinə ayrılmış ümumi ərazi daxilində yerləşir. Əlavə olaraq qeyd edirlər ki, Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 350 nömrəli sərəncamında 0.05 ha torpaq sahəsi, texniki pasportda isə 725 kv.m (həqiqi sahə) torpaq sahəsinin ayrılmasının qeyd olunmasına baxmayaraq, iddia ərizəsində 0.06 ha torpaq sahəsinin qeyd alınmasının İdarəyə həvalə edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın “qeyd olunan torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə "xxxx" İnkişaf Şirkətinə ayrılmış ümumi ərazi daxilində yerləşir” dəlili ilə bağlı qeyd edir ki, qeyd edilən əsas «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək üçün nəzərdə tutulan əsaslar sırasında müəyyən olunmamışdır. Məhkəmə cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi digər dəlillərə münasibətdə aşağıdakıları qeyd edir: Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 350 nömrəli sərəncamında torpaq sahəsinin ölçüsü 0.05 ha deyil 0.06 ha göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/4101 nömrəli Ekspert rəyində göstərilmişdir “Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, iddiaçının faktiki istifadəsində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına tərtib edilmiş 30/547 saylı, xx.xx.1999-cu il tarixli texniki pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir.” Həmçinin, məhkəmə qeyd edir ki, qeyd edilən dəlillər (sənədlər arasında olan ölçü fərqləri) iddiaçının iradəsindən irəli gələn hallar deyil və bunun aradan qaldırılması cavabdehin özünün səlahiyyətləri daxilindədir. Belə hallar hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 350 saylı sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Turşu küçəsində ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqların İddiaçı adına dövlət reyestrindən qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 350 saylı sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Turşu küçəsində ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqların İddiaçı adına dövlət reyestrindən qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev