Məhkəmə qərarları › İş №2-1(112)-507/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-507/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-507/2024 18.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında qərarın iddiaçıya münasibətdə ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli qərarın iddiaçıya aid olan hissədə və antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında xx.xx.2022-ci il tarixli Göstərişin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında” xx.xx.2022-ci il tarixli Göstərişin ləğv edilməsi hissəsində mümkünlük məsələsinin müzakirə edilməsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili iddanı olduğu kimi müdafiə edərək tam şəkildə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyd olunan hissədə mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqi q edilmiş: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış və işə baxılmasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, “Sun Food" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN: **********) “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyri-qanuni faaliyyətin dayandırılması və duz məhsullarının topdansatışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılması və gələcək fəaliyyətində hökmran mövqedəan sui-istifadə etməyərək bazarın rəqabət qabiliyyətliliyini nəzərə alaraq qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsi, duz məhsullarının topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü və 7-ci bəndlərinin tələblərini pozmaqla həyata keçirdiyi, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində eldə etdiyi 567974 (beş yüz altmış yeddi min doqquz yüz yetmiş dörd) manat 39 qəpik məbləğində mənfəətin 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi barədə göstərişin verilməsi qərara alınmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında” xx.xx.2022-ci il tarixli Göstərişində aşağıdakılar qeyd olunmuşdur:

1. İddiaçı MMC (VÖEN **********) fəaliyyətində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin dayandırılmasını, duz məhsullarının topdansatışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılmasını və gələcək fəaliyyətində hökmran mövqedən sui-istifadə etməyərək bazarın rəqabətliliyini nəzərə alaraq qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsinin təmin etsin və bu barədə 20 (iyirmi) iş günü müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat versin. 2. İddiaçı MMC (VÖEN **********) fəaliyyətində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 7-ci bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin dayandırılmasını, gələcək fəaliyyətində digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrıseçkiliyə yol verilməməsini təmin etsin və bu barədə 20 (iyirmi) iş günü müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat versin. 3. İddiaçı MMC (VÖEN **********) fəaliyyətində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4cü və 7-ci bəndlərinin tələblərini pozmaqla həyata keçirdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 567974 (beş yüz altmış yeddi min doqquz yüz yetmiş dörd) manat 39 qəpik məbləğində mənfəətin 30 gün ərzində müvafiq hesaba köçürülməsini təmin etsin. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1-2.1-ci bəndlər). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (bənd 8.6). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (bənd 11). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (bənd 12). İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; -2.0.9. aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İddia ərizəsindən məlum olur ki, iddiaçı cavabdeh inzibati orqanın “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında” xx.xx.2022-ci il tarixli Göstərişinin ləğv edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, inzibati aktın hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi Göstəriş inzibati akt hesab edilə bilməz. Çünki, yuxarıda istinad olunan normalardan göründüyü kimi, inzibati akt müəyyən tələblərə cavab verməlidir. Başqa sözlə, həmin akt publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmalı və ya həll etməli, eyni zamanda da ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalıdır. İddiaçının mübahisələndirdiyi Göstəriş isə bu xüsusiyyətlərə malik olmadığından inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi yolverilməzdir. Belə ki, qeyd olunan Göstəriş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İddiaçı MMC barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli Qərarında nəzərdə tutulmuş tələblərin bilavasitə icrasına yönəlmiş, yəni həmin qərardan asılı olan sənəddir. Başqa sözlə, sözügedən xx.xx.2022-ci il tarixli göstəriş əsas inzibati akta – xx.xx.2022-ci il tarixli qərara bağlıdır və həmin inzibati aktdan irəli gəlir. İnzibati akt ləğv olunduğu təqdirdə, xx.xx.2022-ci il tarixli göstərişin əsası aradan qalxdığı üçün həmin göstəriş də hər hansı hüquqi əhəmiyyətə malik olmayacaqdır. Bu mənada, göstərişin mübahisələndirilməsinə dair iddiaçının hər hansı hüquqi marağı da yaranmır. Bu isə onu deməyə əsas verir ki, mübahisələndirilən göstəriş iddiaçı hüquqi şəxsin hüquqi vəziyyətini dəyişdirməmiş, onun üçün hər hansı hüquqi nəticə yaratmamış və nəticədə onun üzərinə hər hansı bir öhdəlik qoymamışdır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli göstəriş inzibati akt hesab edilmədiyindən işə inzibati qaydada baxıla bilməz. Odur ki, iddiaçının hazırkı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilməməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia tələbi antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında xx.xx.2022-ci il tarixli Göstərişin ləğv edilməsi hissəsində mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar