Məhkəmə qərarları › İş №2-1(112)-507/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-507/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-507/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 Filialına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) “qərarın və borcun ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 filalının iddiaçının pensiyasının azaldılması, artıq ödənilmiş kimi göstərilmiş 15373,38 manatın pensiyadan tutulmasına razılıq verilməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının vəkilinin ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-12963/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi və iddiaçıya hesablanmış 15373.38 manat borcun ləğv edilməsi” kimi dəqiqləşdirilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3408/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3408/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2-1(112)-3408/2024 saylı qərarının ləğv edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3408/2024 saylı işi üzrə icraatın təzələnməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

5. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı ildən əmək pensiyası alır və həmin vaxt ona 942,60 manat pensiya hesablanıb. İllər üzrə artırmalar nəzərə alınaraq 2023-cü ildə pensiyası 2544,80 manata çatdırılıb. 2023-cü ilin iyun ayından etibarən pensiyası 503,70 manat azaldılıb. Eyni zamanda Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 filalının (bundan sonra cavabdehin) hesablamalarına görə pensiya aldığı dövrdə ona 15373,38 manat artıq pensiya ödənilib. Artıq ödənilmiş məbləğin pensiyasından tutulması üçün razılıq verməyi tələb olunur. Pensiyanın azaldılması və artıq ödənilmiş vəsaitin pensiyasından tutulmasına razılıq verməyi barədə cavabdehin tələbi qanunsuzdur. Qanunsuzluqların aradan qaldırılması ilə əlaqədar işin məhkəmədən kənar həll edilməsi barədə müraciəti müsbət həll olunmamışdır. Azərbaycan Respublikası ƏƏSMN-nə ünvanladığı şikayət ərizəsinə cavabdeh tərəfindən verilən tarixsiz cavab məktubdan görünür ki, cavabdeh pensiyanın qanunsuz olaraq azaldılmasına cavab verməkdən yayınır və yalnız artıq ödənilmiş məbləğin qaytarılmasına razılıq verməyini tələb edirlər. Cavabdehin bəhs olunan cavab məktubu xx.xx.2023-cü ildə qəbulda olarkən təqdim olunub. Pensiyanın artıq hesablanaraq ödənilməsi hissəsi qanunsuz olduğundan 15373,38 manat vəsaitin geri qaytanlıması tələbi də qanunsuzdur. Belə ki, ikinci tələb birincidən yaranır, nazir Sahil Babayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli şikayət ərizəsində illər üzrə pensiyanın hesablanması göstərilib. Pensiya təyin olunarkən vəzifə maaşı, rütbə pulu və xidmət illərinə və mükafata görə verilən məbləğlər qanuna uyğun olaraq nəzərə alınıb. Cavabdeh pensiyanın düzgün hesablanmaması barədə müraciətini cavablandırmaqdan yayınması onun buna dair dəlili olmamasını göstərir. Əks təqdirdə pensiyanın azaldılması hüquqi cəhətdən əsaslandırılmalı idi. Artıq ödənilmiş kimi göstərilən 15373,38 manatın pensiyadan tutulmasına razılıq verilməsi barədə tələb də hüquqi cəhətdən əsaslandırılmayıb. Pensiya artıq ödənilib və cavabdehə ziyan vurubsa belə vəziyyətdə vurulmuş zərərə görə məsuliyyəti zərər vuran, yəni pensiyanı hesablayan şəxs daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1129.2. maddəsinə əsasən işin və xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. Pensiyanın yaranması və hesablanması fəlsəfəsinin əsasını məcburi sosial sığortaya cəlb olunan ödənişlər təşkil edir. Azərbaycan Respublikası ƏƏSMN-i Sahil Babayevə ünvanladığı şikayət ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, işlədiyi dövrdə aldığı vəzifə maaşı, rütbə pulu və xidmət illərinə və mükafata görə verilən məbləğlər sosial sığortaya cəlb edilmişdir. Pensiya hesablanarkən məhz həmin məlumatlar əsas götürülmüşdür. Əgər sonradan vətəndaşın vəziyyətini ağırlaşdıran qanun qəbul edilmişdirsə belə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən geriyə şamil oluna bilməz.

6. İddiaçının müraciətinə verilmiş imtinada bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 Filialı tərəfindən 11 avqust 2023-cü il tarixli 3-17-1/2-G-182438/2023 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 4 sentyabr 2023-cü il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıq ödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Yuxarıda qeyd edilən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla aparılan araşdırma nəticəsində cari ilin iyun ayında 2041,10 manat məbləğində müəyyən edilib, həmçinin sizə xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15373,38 manat artıq pul vəsaitinin ödənildiyi aşkar olunub. Həmin artıq ödənilmiş 15373,38 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əlavə olaraq bildiririk ki, əmək pensiyanızın hesablanması haqqında tərəfimizdən sizə 25 iyun 2023-cü il tarixli 3-17-1/2-G-147484/2023 nömrəli məktubla ətraflı məlumat verilib.”

7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçıya pensiya işinə aid sənədlərdə Fondun Abşeron rayon şöbəsi tərəfindən 1 dekabr 2016-cı il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 dekabr 2016-cı il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 310,00 manat, qulluq stajına görə əlavəsi 35,25 manat, rütbəyə görə əlavəsi 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 790,25 manat, digər növ əlavəsi 74.40 manat olmaqla orta aylıq əmək haqqı 1248,90 manat təşkil edib. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 23 il 3 ay 18 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1248,90 manat) 80 faizi-999,12 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 23 il 3 ay 18 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 74,75 faiz təşkil edir. Vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 341,00 manat, qulluq stajına görə əlavəsi 35,25 manat, rütbəyə görə əlavəsi 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 869,27 manat, digər növ əlavəsi 74,40 manat olmaqla orta aylıq əmək haqqı 1358,92 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1248,90 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1358,92 manat) arasındakı fərq məbləğinin (110,02 manat) 74,75 faizi-82,24 manat 1 mart 2018-ci il tarixinədək iddiaçının hesablanmış pensiyasının (999,12 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1081,36 manat məbləğində hesablanıb. Vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq stajına görə əlavəsi 35,25 manat, rütbəyə görə əlavəsi 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 1300,08 manat, digər növ əlavəsi 74,40 manat olmaqla orta aylıq əmək haqqı 1958,73 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1358,92 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1958,73 manat) arasındakı fərq məbləğinin (599,81 manat) 74,75 faizi- 448,36 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (1081,36 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1529,72 manat məbləğində hesablanıb. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 153,00 manat, rütbəyə görə əlavəsi 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 1300,08 manat, digər növ əlavəsi 74,40 manat olmaqla orta aylıq əmək haqqı 2076,48 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1958,73 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (2076,48 manat) arasındakı fərq məbləğinin (117,75 manat) 74,75 faizi- 88,02 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyasının (1529,72 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1617,74 manat məbləğində hesablanmalı olduğu halda, 2016,96 manat müəyyən edilməklə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 12375,82 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 2041.10 manat məbləğində hesablanmalı olduğu halda, 2544,80 manat müəyyən edilməklə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə ona 2518,50 manat artıq pul vəsaiti hesablanıb. Əlavə olaraq, ona xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1941,29 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 2420,35 manat ödənilib. Nəticədə həmin dövr üzrə ona 479,06 manat artıq maddi yardım ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 15373,38 (12375,82+2518,50+479,06) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 15373,38 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunub.

8. İddiaçının etiraza münasibəti onunla əsaslandırılmışdır ki, 2016-cı ildə iddiaçının orta aylıq əmək haqqı 1248,90 manat olması nəzərə alaraq aylıq əmək haqqının 80 faizi olaraq ona 999,12 manat pensiya hesablanıb. Lakin Əmək pensiyaları haqqında qanunun 29-1 maddəsinə uyğun olaraq indeksləşdirmə və sonrakı artırımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanı ilə təstiq edilmiş qaydaların 2.3. bəndinə uyğun olmamaış, xx.xx.2020xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya 12375,82 manat, xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasında 2518,50 manat, həmin dövr ərzində 479,06 manat, ümumilikdə son üç il ərzində iddiaçıya 15373,38 manat artıq pul vəsaiti ödənilib. Etirazın hüquqi əsası kimi indeksləşdirmə və sonrakı artırımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanına istinad olunub. İddiaçıya pensiya xx.xx.2016-cı ildə təyin olunub. Yəni qanunun zamana görə qüvvəsi prinsipinə görə sözügedən fərman geriyə şamil oluna bilməz. Etirazda pensiyanın təyin olunması və 2017-2019-cu illlərdə pensiyanın yenidən düzgün hesablanmması mübahisə olunmayıb. Yalnız 2020-2023-cü illərdə pensiyanın hesablanmasında səhvə yol verildiyi göstərilərək cavabdehə 15373,38 manat ziyan vurulduğuna istinad olunub. Hesablama real rəqəmlərə əsaslanmır və ümumi sözlərdən ibarətdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli əmək pensiyaları haqqında məlumata qulluq stajına görə əlavə, rütbəyə görə əlavə, mükafatlara görə əlavə və digər növ əlavələr daxil edilməmişdir. Buna görə də həmin məlumata əsaslanan hesablamalar qəbul edilə bilməz. İddiaçıya pensiya cavabdeh tərəfdən hesablanaraq ödənilir. Hətta fərz etsək ki, pensiya düzgün hesablanmayıb, belə şəraitdə zərər cavabdehin işçiləri tərəfindən yetirilmiş olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1129.2 maddəsi əsasən işin və xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzi işi görmüşvə ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. Əmək pensiyaları haqqında qanunda da səhvən ödənilmiş pensiyaya görə pensiya alanın məsuliyyəti nəzərdə tutulmayıb. Yəni hansı prizmadan yanaşmamızdan asılı olmayaraq iddiaya qarşı verilmiş etiraz əsassızdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilir.

9. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, İddiaçı pensiya işinə aid sənədlərdə ona Fondun Abşeron rayon şöbəsi tərəfindən 1 dekabr 2016-cı il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən İddiaçı artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Belə ki, 1 dekabr 2016-cı il tarixində İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 310,00 manat, qulluq illərinə görə əlavəsi 35,25 manat, rütbəyə görə əlavəsi 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 790,25 manat, digər növ əlavəsi 74,40 manat olmaqla orta aylıq əmək haqqısı 1248,90 manat təşkil edib. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 23 il 3 ay 18 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqısının (1248,90 manat) 80 faizi-999,12 manat məbləğində hesablanıb. Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 23 il 3 ay 18 gün qulluq illərinə görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 74,75 faiz təşkil edir. Vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 341,00 manat, qulluq illərinə görə əlavəsi 35,25 manat, rütbəyə görə əlavəsi 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 869,27 manat, digər növ əlavəsi 74,40 manat olmaqla orta aylıq əmək haqqısı 1358,92 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1248,90 manat) ilə 1 mart 2018ci il tarixindən sonrakı orta aylıq əmək haqqısının (1358,92 manat) arasındakı fərq məbləğinin (110,02 manat) 74,75 faizi-82,24 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (999,12 manat) üzərinə əlavə olunmaqla adıçəkilən şəxsin əmək pensiyası 1081,36 manat məbləğində hesablanıb. Vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq illərinə görə əlavəsi 35,25 manat, rütbəyə görə əlavəsi 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 1300,08 manat, digər növ əlavəsi 74,40 manat olmaqla orta aylıq əmək haqqısı 1958,73 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1358,92 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısının (1958,73 manat) arasındakı fərq məbləğinin (599,81 manat) 74,75 faizi- 448,36 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (1081,36 manat) üzərinə əlavə olunmaqla adıçəkilən şəxsin əmək pensiyası 1529,72 manat məbləğində hesablanıb. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq illərinə görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 153,00 manat, rütbəyə görə əlavəsi 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 1300,08 manat, digər növ əlavəsi 74,40 manat olmaqla orta aylıq əmək haqqısı 2076,48 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1958,73 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısının (2076,48 manat) arasındakı fərq məbləğinin (117,75 manat) 74,75 faizi-88,02 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyasının (1529,72 manat) üzərinə əlavə olunmaqla adıçəkilən şəxsin əmək pensiyası 1617,74 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2016,96 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə İddiaçı 12375,82 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023cü il tarixindən İddiaçı əmək pensiyası 2041,10 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2544,80 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə İddiaçı 2518,50 manat artıq pul vəsaiti hesablanıb. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün İddiaçı 479,06 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə İddiaçı ümumilikdə 15373,38 (12375,82+2518,50+479,06) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar İddiaçı pensiyası cari ilin fevral ayında 2269,71 manata artırılıb, həmçinin yanvar ayı üzrə ona ödənilməli olan 228,61 manat fərq məbləği hesablanıb. Həmin 228,61 manat fərq məbləği İddiaçı son üç il üzrə məhdudlaşdırılaraq artıq ödənilmiş 15373,38 manatdan çıxılaraq büdcəyə bərpa edilib. İddiaçı artıq ödənilmiş qalıq vəsait 15144,77 manat təşkil edir.

10. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı ödənilmiş əmək haqqı barədə cavabdehin müraciətinə əsasən bildirilmişdir ki, 2016-cı ilin noyabr ayında “əsas əmək haqqı” sütununda göstərilən 11034.57 manat vəsait qeyd oluna hissələrdən ibarətdir (əmək haqqı 310.0 manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 239.96 manat, istifadə edilməmiş məzuniyyətə görə Kompensasiya 10484.61 manat). Ey zamanda son iki ilə məzuniyyətə görə kompensasiya 1785.7 manat təşkil edir.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 12963/2023 nömrəli qərarına əsasən hesablama tarixinə qədər iddiaçının pensiya məbləği 2544,80 manat olmuş və inventarlaşdarma səbəbi ilə yenidən hesablanmışdır. Qərarının “ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləğləri haqqında məlumat” bölümünə əsasən İddiaçı xx.xx.2020-xx.xx.2022-ci il üzrə 1617,74 manat, xx.xx.2023-cü il tarixdən müddətsiz 2041,10 manat pensiya təyin edilmişdir.

12. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.

13. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

15. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlı qərarın ləğvi və nəticədə yaranmış borcun ləğv edilməsi ilə bağlıdır.

16. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-12963/2023 nömrəli nömrəli qərar qəbul edilərək, pensiya məbləği yenidən hesablanmışıdr.

17. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

18. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

19. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə X4 Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə X4 Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

21. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

22. İddianın növü mübahisələndirmə haqqında iddiadır.

23. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü ildə təqdim edilmişdir.

24. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

25. “Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası.

26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

27. Məhkəmə iddianının birinci hissəsinə münasibətdə aşağıdakılar qeyd edir.

28. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər.

29. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi” Qaydalarının:

7. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən aşağıdakı dövrlər nəzərə alınır: dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı; dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq stajı; məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma dövrü; dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti; dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət; əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət; ödənişli məzuniyyət dövrləri, o cümlədən uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət müddəti; müddətli həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl dövlət qulluğu vəzifəsində qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmiş dövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqları müddət. Bu hissədə və 7-1-ci hissədə nəzərdə tutulmayan digər fasilələr dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 7-1. Dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.

8. Dövlət qulluqçusunun qulluq stajının hesablanması onun qulluq etdiyi dövlət orqanı tərəfindən həyata keçirilir.

9. Dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.

10. Dövlət qulluğunda qulluq stajı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda isə əmək kitabçasına əsasən müəyyən edilir.

11. Bu Qaydanın 7-ci və 9-cu hissələrinin tətbiqi ilə əlaqədar yaranmış mübahisələri Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası həll edir.

30. 08 fevral 2022-ci ildə qəbul edilmiş “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 1.2. bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulmuş indeksləşdirməyə əlavə olaraq, 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsini təmin etsin.

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Hal-hazırda olan redaksiyasıdır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

32. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsi ləğv edilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

33. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında Qanunda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Qanunla həmin Qanunun 1-ci, 6-ci, 20-ci, 26-ci, 29-cu və 45-ci maddələri yeni redaksiyada qəbul edilmiş və xx.xx.2023-cü il tarixdən qüvvəyə minmişdir.

34. “Əmək pensiyaları haqqında” Qanununda əvvəlki redaksiyada deyilirdi: 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

35. Göründüyü kimi həmin dəyişikliyin qüvvəyə minməsindən əvvəl, yəni Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

36. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın (1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuşdur): 2.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur.

37. 1 may 2020-ci il tarixli 76-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddə yeni redaksiyada verilmişdir. Bu Qanun 2020-ci il yanvarın 1-dən tətbiq edilir. Yeni redaksiyada deyilir:

73. Vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir: 1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində; 5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində; 10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində; 15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində.

38. Məhkəmə qeyd edir ki, iddiaçıya vaxtı ilə əmək pensiyası hesablanarkən son iki il müddətində istifadə etmədiyi məzuniyyətə görə 1785.7 manat kompensasiya məbləğin 24 aya bölmək yerinə, cavabdeh orqan 10484.61 manat məbləğin 24 aya bölmüşdür. Baxmayaraq ki, 10484.61 manat bütün illər üzrə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya məbləğidir.

39. Qeyd olunanları nəzərə alaraq cavabdeh tərəfindən iddiaçının pensiya məbləği yenidən hesablanmış, ona xx.xx.2020-xx.xx.2022-ci il üzrə 1617,74 manat, xx.xx.2023-cü il tarixdən müddətsiz 2041,10 manat pensiya təyin edilmişdir.

40. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

41. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

42. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

43. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;..

44. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar iddiaçıya son üç il üzrə yaranmış pensiya məbləğinin təyin olunması ilə əlaqədar cavabdehin yenidən hesablama barədə qərarı qanuni və əsaslı hesab edilməlidir.

45. Eyni zamanda qeyd olunmalıdır ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz.

46. Məhkəmə iddianının ikinci hissəsinə münasibətdə aşağıdakılar qeyd edir.

47. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.

48. Məhkəmə tərəfindən müəyyən olunur ki, cavabdehin qərarı ilə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının əmək pensiyasının yenidən hesablanaraq 2041,10 manat məbləğində müəyyən edilməsindən əlavə, həmçinin ona xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15373,38 manat artıq ödənilmiş pul vəsaiti hesablanmışdır.

49. İddiaçının əmək pensiyasından tutulma ilə bağlı faktiki xarakterli hərəkətlərə münasibətdə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

50. Məhkəmə qeyd edir ki, əmək pensiyaçısının razılığı olmadığı təqdirdə əmək pensiyasından inzibati orqanın qərarı və ya faktiki xarakterli hərəkəti əsasında tutmanın həyata keçirilməsinə dair norma qanunvericilikdə nəzərdə tutulmamışdır, əksinə müvafiq razılıq olmadıqda tutma məhkəmə qaydasında həyata keçirilməlidir.

51. İddiaçıya artıq ödənilmiş məbləğ xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-12963/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının 13-cü bəndindəki qeydinə müvafiq olaraq xx.xx.2020-xx.xx.2023-cü illəri əhatə edən dövrə şamil edilməklə 15373,38 manat təşkil edib və həmin məbləğin ödənilməsinə dair razılığn verilməsi xahiş edilib.

52. Əmək pensiyasından tutulma ilə bağlı iddiaçının razılıq ərizəsi və pensiyadan tutma aparılmasına dair qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

53. Məhkəmə hesab edir ki, artıq ödənilmiş pensiya məbləğinin tutulması cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq pozulmasına və vətəndaşın üzərinə həddindən artıq yük qoyulması ilə nəticələnə bilər.

54. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçıya hesablanmış 15373.38 manat borc ləğv edilməli, iddia qalan hissədə rədd edilməlidir.

55. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

56. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-12963/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərar nəticəsində hesablanmış 15373.38 manat borc məbləği ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar