Məhkəmə qərarları › İş №2-1(112)-5070/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5070/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5070/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “uşaqlara vurulmuş 510 manat məbləğində ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq icraatının iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Koronavirus (COVİD-19) pandemiya dövründə xüsusi karantin rejiminin tətbiqi olunması ilə əlaqədar yetkinlik yaşına çatmayan üç uşaqına aprel ayında vurulmuş ziyanın 510 manat məbləğində ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi barədə ərizənin təqdim edilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1962-ci il təvəllüdlü İddiaçı ehtiyyatda olan zabitdir. Kommunal ödənişlərlə bağlı Qarabağ müharibə veteranlarına dövlət tərəfindən verilmiş imtiyazlar 80 manat məbləğində təqaüdlə əvəzləşdirilmişdir. Həmin təqaüd ünvanlı olduğuna görə ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. Yetkinlik yaşına çatmayan üç övladının müraciətlərinə baxmayaraq, 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. xx xxx 2020-ci il tarixində iddiaçı rəsmin olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsindən irəli gələn “Vətəndaşların müraciəyyətinə baxılması qaydası haqqında” Qanununa istinad edərək, şikayət ərizəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edərək, “Koronavirus (COVİD-19) pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar yetkinlik yaşına çatmayan üç uşağına vurulmuş ziyanın 510 manat məbləğində ödənilməsinə müvafiq göstəriş verilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçının müraciətinə cavab verməmişdir. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq icraatının iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı barədə tərəflərə bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın mümkün sayılmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə Koronavirus (Covid-19) pandemiya dövründə onun üç uşağına dəymiş 510 manat məbləğində ziyanın ödənilməsini tələb edir və bu halı Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununda uşağlar üçün yaşayış minimum məbləğinin 170 manat məbləğində olması ilə əsaslandırır. İlk öncə Məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıbdaşımamasını, həmçinin yaşayış minimumu məbləğində uşaq pulunu tələb edilməsinin mümkün olub-olmamasını müəyyən etməlidir. Bunun üçün Məhkəmə ilkin olaraq yaşayış minimumunun təyinatının hansı xüsuslar və sənədlər əsasında həyata keçirildiyi müəyyən edilməlidir. Belə ki, “Yaşayış minimumu haqqında”Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsinə əsasən, minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normaya yaşayış minimumu deyilir. Həmin Qanunun 2-ci maddəsinə görə, aşayış minimumundan aşağıdakı məqsədlər üçün istifadə olunur:aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi sisteminin formalaşdırılmasında və tətbiqində (2.0.1);aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyasının və Dövlət Proqramlarının hazırlanmasında (2.0.2);əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında (2.0.3);fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında (2.0.4);əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində (2.0.5);dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında (2.0.6). Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə görə, 2020-ci ilin üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Şərh olunan qanunvericiliyin tələblərindən irəli çıxaraq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, 2020-ci il üçün Azərbaycan Respublikasında yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilsə də, həmin məbləğin uşaq pulu kimi ödənilməsi nəzərdə tutulmamışdır. Belə ki, yaşayış minimumunun təyinatının dairəsi Qanunun 2-ci maddəsinə ətraflı olaraq göstərilmiş və yalnız həmin hallardan biri mövcüd olduğu təqdirdə yaşayış minimumunun təyinatına yol verilməsi mümkündür. Nəzərə almaq lazımdır ki, qanunvericilikdə uşaqlara sosial yardımın ödənilməsi “Uşaq hüquqları haqqında” Qanununda nəzərdə tutulmuşdur. Belə ki, “Uşaq hüquqları haqqında” Qanunun 29-cu maddəsinə əsasən, dövlət uşaqlara birdəfəlik ödəmələr, aylıq müavinətlər, kompensasiyalar formasında sosial yardımlar verir. Ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanları əlavə yardım və imtiyazlar tətbiq edə bilər. Sosial yardımlar uşaqların mənafelərinə uyğun sərf olunmalıdır. “Sosial müavinətlər haqqında”Azərbaycan Respublikasının Qanunun 4.0.1.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət təyin edilir. Həmin Qanunun 7.0.8-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət bəzi kateqoriya şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən onu alma hüququ müəyyən edildikdə müavinət təyin olunur. Həmin Qanunun 9.1.7-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət: uşağın 16 yaşı tamam olan ayın sonunadək (9.1.7.1) və ümumtəhsil məktəblərində əyani təhsil alanlara – 18 yaşı tamam olan ayın sonunadək (təhsil müddətindən çox olmamaqla) Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Dövlət X3 Nizamnaməsinin 1.1-ci və 1.2-ci maddələrinə əsasən, Dövlət X4 (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 1.2. Fond Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. Həmin Nizamnamənin 2.1.4-cü maddəsinə əsasən, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aiddir. Göründüyü kimi, vətəndaşlara ünvanlı sosial yardımın, həmçinin sosial müavinətlərin təyin edilməsi və ödənilməsi öhdəliyi müvafiq icra hakimiyyəti orqanlarının, yəni ərazi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət X3 səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hətta, ünvanlı sosial yardımın və ya sosial müavinətlərin təyin olunması ilə bağlı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim etsə belə, həmin tələb üzrə cavabdehlik daşıyan orqan kimi Azərbaycan Respublikası Nazirlər Kabineti çıxış edə bilməzdi. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxxx 2017-ci il tarixli, 1627 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Nazirlər X1 2-ci maddəsinə görə, Nazirlər Kabineti Aparatının fəaliyyət istiqaməti Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş və Azərbaycan Respublikası Prezidentinin aktları ilə həvalə olunmuş səlahiyyətlərin (bundan sonra - Nazirlər Kabinetinin səlahiyyətləri) Nazirlər Kabineti tərəfindən həyata keçirilməsini təşkil və təmin etməkdən ibarətdir. Nazirlər Kabineti Aparatının vəzifələri Əsasnamənin 3-cü maddəsində göstərilmişdir. Belə olan halda, Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının hazırki iddia tələbi ilə uşaqlara dəymiş 510 manat məbləğində ziyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, həmçinin, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (ünvanlı sosial yardımın və ya sosial müavinət ödənilməsi) təqdim edildiyi halda belə, Azərbaycan Respublikası Nazirlər Kabineti cavabdehlik daşımadığından, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti arasında hüquqi mübahisə və iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması halı aşkar olunmamışdır. Qüvvədə olan qanunvericiliyin və işin hallarını rəhbər tutaraq, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “uşağa vurulmuş 510 manat məbləğində ziyanın ödənilməsi” tələbinədair iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 35-ci və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “uşaqlara vurulmuş 510 manat məbləğində ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar