Məhkəmə qərarları › İş №2-1(112)-5070/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5070/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5070/2021 29.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair cizginin təsdiq edilməsi vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X2 Bakı şəhər İH-nin 659 saylı 02.05.1994-cü il tarixli sərəncamı ilə ayrılmış 600 kv metr torpaq sahəsinin cizgisinin təsdiq edilməsi vəzifəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 13 nömrəli 11.01.1998-ci il tarixli sərəncamına əsasən X3 fərdi ev tikintisi məqsədilə BŞlH-in 659 saylı 02.05.1994-cü il tarixli sərəncamı ilə “Binəqədineft” NQÇİ-nin işçilərinə ayrılmış ərazidən təqdim edilmiş cizgi əsasında 600 kv metr torpaq sahəsi ayrılmışdır. “Binəqədineft" NQÇİ-nin rəisinin Binəqədi rayon İcra Hakimiyyətinə ünvanladığı 06-4/953 saylı 03.11.1998-ci il tarixli məktubundan görünür ki, “Binəqədineft” NQÇİ vətəndaş X4 Bakı şəhər İcra Hakimiyyətinin 659 saylı 02.05.1994-cü il tarixli sərəncamı ilə ayrılmış massivdən fərdi ev tikmək üçün bir pay torpaq sahəsi ayrılmasına etiraz etməmiş və torpaq sahəsinin sxemi də məktuba əlavə edilmişdir. X1 torpaq sahəsinin cizgisini təsdiq etdirə bilməmişdir. Belə ki, o, 21.03.2010-cu il tarixdə vəfat etmişdir. İddiaçı onun həyat yoldaşı olub və hazırda qeyd edilən torpaq sahəsi onun istifadəsindədir. Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X2 Bakı şəhər İH-nin 659 saylı 02.05.1994-cü il tarixli sərəncamı ilə ayrılmış 600 kv. m. torpaq sahəsinin cizgisinin təsdiq edilməsi ilə bağlı 15.02.2021-ci il tarixdə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən indiyə kimi heç bir rəsmi cavab verilməmişdir. Əvvəlki müraciətinə cavabda isə təqdim edilən cizgi ilə torpaq sahəsinin mövcud ölçüləri arasında uyğunsuzluq olması müəyyən edildiyi, torpaq sahəsinin cizgisinin arxiv arayışının rayon icra hakimiyyətinə təqdim ediləcəyi təqdirdə müraciətə baxılacağı bildirilmişdir. Hesab edir ki, cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin bu hərəkəti qanunsuzdur. Çünki Binəqədi RİHB-nin Xocasən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş cizginin vaxtında arxivə təhvil verilməməsi mənim günahı ucbatından baş verməmişdir.

3. İddiaçının müraciətinə cavab olaraq Binəqədi rayon icra hakimiyyəti tərəfindən bildirilmişdir ki, sənədlərin araşdırılması zamanı təqdim edilən cizgi ilə torpaq sahəsinin mövcud ölçüləri arasında uyğunsuzluq olduğu məlum olmuşdur. Eyni zamanda bildirilmişdir ki, əlavə torpaq sahəsinə və mövcud tikiliyə dair hüquqmüəyyənedici sənədlərin surətinin, həmçinin sözügüdən torpaq sahəsinin cizgisinin Arxiv arayışı Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra müraciətinə yenidən baxıla bilər.

4. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən vətəndaş Z.İddiaçı fərdi ev tikintisi məqsədi ilə BŞİH-nin 659 saylı 02.05.1994-cü tarixli sərəncamı ilə “Binəqədineft” NQÇİ-nin işçilərinə ayrılmış ərazidən torpaq sahəsinin ayrılması haqqında Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11.01.1998-ci il tarixli 13 nömrəli sərəncamı təqdim edilmişdir. Həmin sərəncama əsasən müəyyən olunur ki, vətəndaş X4 fərdi ev tikintisi məqsədi ilə BŞİH-nin 659 saylı 02.05.1994-cü il tarixli sərəncamı ilə “Binəqədineft” NQÇİ-nin işçilərinə ayrılmış ərazidən təqdim edilmiş cizgi əsasında 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Z.İddiaçı bir pay torpaq sahəsinin ayrılmasına dair “Binəqədineft” NQÇİ-nin Binəqədi rayon icra hakimiyyətinə 03.11.1998-ci il tarixli müraciəti və “Binəqədineft” NQÇİ-nin geoloqu tərəfindən torpaq sahəsinin sxemi arxiv sənədlərinə əlavə edilmişdir (Əsas: Fond – 146, siy-1, iş-1322, vər- 45, 46, 48).

5. Ölüm haqqında şəhadətnaməyə əsasən, X5 21.03.2010-cu il tarixdə vəfat etmişdir.

6. Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X6 ilə X11 arasındakı nikah 20.08.1983-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, nikahdan sonra arvada “Mamedova” soyadı verilmişdir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyinin alınması haqqında qərardad qəbul edilmişdir: - BŞİH başçısının 02.05.1994-cü il tarixli 659 nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsinin cənub hissəsində, Şamaxı şossesində “Binəqədi-Neft” istehsalat birliyinin işçilərinə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahəsindən Binəqədi rayon icra hakimiyyəti başçısının 11.01.1998-ci il tarixli 13 nömrəli Sərəncamına əsasən X2 ayrılmış 600 kv.m. torpaq sahəsinin (bundan sonratorpaq sahəsi) koordinatlar üzrə yerləşmə sxemi müəyyən olunması barədə; - Həmin torpaq sahəsinin məqsədli təyinatı və hüquqi rejiminə uyğun olaraq kateqoriyası barədə (kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları); - Həmin torpaq sahəsi üzərində hüququn forması barədə (dövlət, bələdiyyə və xüsusi mülkiyyət); -Həmin torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənmə (məhdudiyyətlər) barədə;

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən müəyyən olunur ki, iddiaçının idda etdiyi və natirada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin mütəxəssisləri ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrlərini əks etdirən sxemlər hazırlanmış, həmin sxemlər rəyə əlavə olunmuşdur. Təqdim edilmiş sənədlərə və sxemlərə əsasən: - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11.01.1998-ci il tarixli 13 nömrəli sərəncamının əlavəsi oln müraciətə əlavə edilmiş cizgi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilməklə hazırlanmadığından və hazırlandığı müddətdən uzun illər keçdiyi üçün situasiyanın dəyişdiyindən bu cizgidə qeyd edilən torpaq sahəsinin naturada yerinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11.01.1998-ci il tarixli sərəncamına əsasən X2 ayrılmış torpaq sahəsinin sənəd üzrə (sxemdə qeyd edilən torpaq sahəsini koordinata gətirilməsi) yerləşmə yerini naturada müəyyən etmək mümkün olmamışdır. Lakin İddiaçı iddia etdiyi və naturada göstərdiyi Sulu- Təpə qəsəbəsində yerləşən torpaq sahəsinin faktiki sahəsi (622 kv.m.) ölçülüb koordinatları müəyyən edilmişdir. Sxem rəyə əlavə edilmişdir; - Həmin toraq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində olmaqla məqsədli təyinatı sənaye, nəqliyyat, rabitə təyinatlı torpaq sahəsidir; - Həmin torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır; - Həmin torpaq sahəsindən istifadəyə dair yüklənmə (məhdudiyyətlər) barədə məlumat aşkar edilmədi.

9. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iddiaçı iddia tələbini dəqiqləşdirərək Bakı şəhər İcra Hakimiyyətinin 659 saylı 02.05.1994-cü il tarixli sərəncamı və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11.01.1998-ci il tarixli 13 nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X2 ayrılmış 600 kv. m. torpaq sahəsinin cizgisinin təsdiq edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması kimi qərar qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və bildirdi ki, həmin torpaq sahəsi 1998-ci ildən istifadəsindədir. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi.

11. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı cavabdeh iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

16. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

17. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

18. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

19. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının torpaq sahəsinə cizginin verilməsinə dair “qanuni gözləntisi” varmı? Belə ki, X10 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

20. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

21. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

22. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 11.01.1998-ci il tarixli 13 nömrəli sərəncamına əsasən, vətəndaş X4 fərdi yaşayış evinin tikintisi məqsədi ilə BŞİH-nin 659 saylı 02.05.1994-cü il tarixli sərəncamı ilə “Binəqədineft” NQÇİ-nin işçilərinə ayrılmış ərazidən təqdim edilmiş cizgi əsasında 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Sərəncamın 2-ci bəndinə əsasən torpağın ayrılması rayonun baş memarına tapşırılmışdır. Sərəncam qüvvədədir. Odur ki, icra olunmalıdır.

23. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Xocəsən qəsəbə üzrə nümayəndəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi (Sulutəpə) ərazisində vətəndaş X4 BŞİH-nin 659 saylı 02.05.1994-cü il tarixli sərəncamı ilə ayrılmış 600 kv.m. torpaq sahəsinin cizgisi təsdiq edilmişdir.

24. X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

25. Məhkəmə hazırki iş üzrə araşdırmanı X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?

26. Məhkəmə hesab edir ki, istifadəsində olan torpaq sahəsinin cizgisinin verilməsinə iddiaçının “qanuni gözləntisi” vardır. Cizginin verilməsindən imtina onun mülkiyyət hüququna müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X13 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106).

27. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.

28. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

29. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinə əsasən (bundan sonra 1991-ci il Torpaq Məcəlləsi): Maddə 14 (Torpaq sahələrindən daimi istifadə) Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir

30. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.

31. Odur ki, məhkəmə hesab edir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən səlahiyyətli qurum tərəfindən təsdiq edilmiş dəqiq cizgi mövcud deyildir. Məhkəmə araşdırması zamanı həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Sxem iş materiallarında mövcuddur. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, iddiaçı müvafiq öhdəliyin qoyulmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

32. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin 659 saylı 02.05.1994-cü il tarixli sərəncamı və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11.01.1998-ci il tarixli 13 nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X2 ayrılmış 600 kv. m. torpaq sahəsinin cizgisinin təsdiq edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar