Məhkəmə qərarları › İş №2-1(112)-5071/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5071/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5071/2020 12.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərar qəbul edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin onun “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması” barədə qəbul etmiş olduğu xx.xx.2020-ci il tarixli, ******* saylı qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasının cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibatiprosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 8.1.4-cü maddəsin əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və İPM-nin 8.1.4-cü maddəsinə əsasən cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2020-ci il tarixli qərarı ilə Azəbraycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Həmin Qərardan xx.xx.2020-ci il tarixdə məlumatı olmuşdur. Qərar qanunsuz və əsassızdır. Doğum haqqında şəhadətnaməsini Bakı şəhərində almışdır. xx xxxxxx 1963-cü il tarixli doğum haqqında şəhadətnaməsi var. Attestat və diplomu Bakı şəhərində almışdır. Atası, anası Azərbaycan Respublikasının vətəndaşıdır. Ona görə də, cavabdehin mübahisəli qərarı ləğv edilməsi və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsi cavabdehə həvalə edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada məhkəmə tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verilmiş, sərəncama əsasən məhkəməyə iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, iddia ərizəsinə etiraz edərək və hesab edirlər ki, iddianın heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Baş prokurorluğu İddiaçı Ağaxəlil oğlunun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmadığı müəyyən edilərək İddiaçı Ağaxəlil oğlunun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmadığı barədə xx.xx.2020-ci il tarixdə ******* nömrəli qərar qəbul edilmişdir (qərar etiraza əlavə olunur). Hesab edirlər ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, onun Azərbaycan Respublikasında pasport qeydiyyatında olması barədə məlumat yoxdur, VMMS üzrə məlumat etiraza əlavə olunur). Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (Qaydaların 3.4.3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasma dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (‘Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7-dək- Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in - vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). İşin hallarından da, görünür ki, şəxs 2012-ci il tarixinədək Azərbaycan Respublikasında olmamış, 2012-ci il tarixdə Rusiya Federasiyasına məxsus pasportla ölkə ərazisinə daxil olmuşdur (bununla bağlı İAMAS üzrə məlumatlar etiraza əlavə olunur- buna görə də şəxsə münasibətdə yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz). Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X5 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hazırki mübahisədə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyini nəzərə alaraq, cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunub-olunmamasını, diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilib-keçirilməməsini yoxlayaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçıya məxsus Vİİ-ЖГ seriyalı, 318361 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Kələntərov X11 xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş; ata qrafasında Kalantarov Aqa-Xalil Melikoviç, milliyyəti azərbaycanlı; ana qrafasında X4, milliyyəti rus göstərilmişdir. Doğum haqqında şəhadətnamə Şaumyan rayonu (Xətai rayonu) qeydiyyat şöbəsi tərəfindən verilmişdir. İşdə olan iddiaçıya məxsus orta təhsil haqqında attestatın surətindən görünür ki, iddiaçı xx xxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində orta məktəbi bitirmişdir və buna dair ona xx xxxx 1980-ci il tarixli atesstat verilmişdir. İşdə olan mübahisəli qərarın qəbul edilməsi ilə bağlı inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı toplanmış materiallarının surətlərindən müəyyən edilir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinə xx.xx.2020-ci il tarixli, 12/1-664-20 nömrəli məktub ünvanlanaraq ekstradisiya sənədlərinin baxılması ilə əlaqədar xx.xx.1963-cü il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı X2 haqqında Azərbaycan Respublikası Nazirlər Kabintinin xx xxxx 2015-ci il tarixli, 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın tələblərinə uyğun şəkildə tərtib olunmuş sorğu vərəqəsi əlavə sənədlərlə birgə göndərilərək sonuncunun vətəndaşlıq mənsubiyyətinə dair rəy və qaçqınlıq statusunun alınması üçün müraciət edib-etməməsi barədə şəxsin həbsdə saxlanılmasını nəzərə alaraq mümkün qədər qısa müddətdə məlumat verilməsi xahiş edilmişdir. Bundan sonra cavabdeh tərəfindən müvafiq araşdırmalar (VMMS və İAMAS üzrə müvafiq sorğu məlumatları toplanılaraq) aparılaraq, Kələntərov X9 xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikasında qeyydiyyatda olması barədə məlumatın olmaması və onun 2012-ci il tarixinədək Azərbaycan Respublikasında olmaması, 2012-ci il tarixdə Rusiya Federasiyasına məxsus pasportla ölkə ərazisinə daxil olması müəyyən edilərək yekunda Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli Qərar qəbul edilmişdir. İşdə olan cavabdeh tərəfindən qəbul edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli Qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx xxxx 2020ci il tarilxi, 121566/m daxil olma nömrəsi ilə qeydiyyatdan keçmiş sorğusuna baxaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu sorğusunda xx xxxxxxx 1963-cü il təvəllüdlü İddiaçı Ağaxəlil oğlunun Azərbaycan Respublikasının ətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Təqdim edilən sənədlər araşdırılaraq aşağıdakı səbəblərdən belə nəticəyə gəlinmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, şəxsin xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respulikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Göstərilənlər nəzərə alınaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli, 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11.-ci bəndi və 4.1-ci bəndi rəhbər tutaraq, xx xxxxxxx 1963-cü il təvəllüdlü İddiaçı Ağaxəlil oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərar alınmışdır. İşdə olan məhkəmənin “xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Ağaxəlil oğlunun xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikasında qeydiyyatının olub-olmaması barədə məlumatın qısa müddət ərzində təqdim edilməsi barədə” sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 018-6258-1220 nömrəli cavab məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Ağaxəlil oğlunun ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Hazırda qüvvədə olan mövcud qanunvericiliyə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası isə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun «Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət» adlanan 5-ci maddəsinin tələblərinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Göründüyü kimi, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin tələbinə əsasən həmin qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslərin, Azərbaycan Respublikasının vətəndaşları sayılması üçün Azərbaycan Respublikasının vətəndaşı həmin Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma əsas şərtdir. Eyni zamanda, «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 2.2.1-ci yarımbəndinə görə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin «Qaydalar»ın 4.1.1-ci yarımbəndinə əsasən, həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. İstinad olunan müddəalardan göründüyü kimi, qanunverici şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan əsas diqqətini onun özünə daimi yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, şəxs Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda və bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Lakin, iş üzrə cavabdeh DMX tərəfindən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılan zaman məlum olmuşdur ki, iddiaçı qanunda göstərilən müddətdə Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Bundan başqa, iş materiallarından da göründüyü kimi, iddiaçı 5-ci maddənin birinci hissəsinin 2, 3 və 4-cü bəndlərində təsbit olunmuş şəxslər kateqoriyasına da düşmür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının müraciətinə DMX tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, diskresion səlahiyyətləri həyata keçirən zaman bu səlahiyyətlərin hədləri, onun məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyi nəzərə alınmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, iddiaçının hüquq və azadlıqlarının həyata keçirilməsinə maneçilik yaradılmamışdır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X7 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun xx xxxx 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar