Məhkəmə qərarları › İş №2-1(112)-5071/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5071/2021

16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5071/2021 16.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X7, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu X15 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu X15 Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu X15 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu X15 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi və Məmmədov Mehman Dəmir oğlu üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə icra sənədinin icrasının təmin olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu X15 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu X15 Binəqədi rayon şöbəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu X15 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən borclu şəxs Məmmədov Mehman Dəmir oğluna təyin edilmiş pensiyadan, məhkəmə qətnaməsinə əsasən ½ hissəsi miqdarında alimentin tutularaq, tələbkarın (onun) hesabına köçürülməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu X15 Binəqədi rayon şöbəsi tərəfindən borclu şəxs Məmmədov Mehman Dəmir oğluna təyin edilmiş pensiyadan məhkəmə qətnaməsinə əsasən ½ hissəsi miqdarında alimentin tutularaq, ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Qormaz qızı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehlər qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu X15 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu X15 Binəqədi rayon şöbəsini göstərməklə, məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu X15 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən borclu şəxs Məmmədov Mehman Dəmir oğluna təyin edilmiş pensiyasından, məhkəmə qətnaməsinə əsasən ½ hissəsi miqdarında alimentin tutularaq, tələbkarın (onun) hesabına köçürülməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu X15 Binəqədi rayon şöbəsi tərəfindən borclu şəxs Məmmədov Mehman Dəmir oğluna təyin edilmiş pensiyasından məhkəmə qətnaməsinə əsasən ½ hissəsi miqdarında alimentin tutularaq, ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İPM-45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqanlara təqdim edilərək, cavabdehlərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) tövsiyə olunmuşdur. İddiaçı İPM-nin 54-cü maddəsinə əsasən iddianı dəyişdirərək (tələbini dəqiqləşdirərək), cavabdehlər qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu X15 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu X15 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını göstərməklə, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi və Məmmədov Mehman Dəmir oğlu üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, məhkəmədən cavabdehlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə X15 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X6 rayon İcra və Probasiya şöbəsi tərəfindən göndərilmiş məhkəmə qətnaməsi üzrə tələbin icra sənədi üzrə borclu Məmmədov Mehman Dəmir oğlunun pensiyasına yönəldilməsi barədə 20.08.2020-ci il tarixli bildirişlərinin icra olunmasından imtina olunması barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və cavabdehlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə X15 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X9 rayon İcra və Probasiya şöbəsi tərəfindən göndərilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.05.2019-cu il tarixli məhkəmə qətnaməsi üzrə tələbin icra sənədi üzrə borclu Məmmədov Mehman Dəmir oğlunun pensiyasına yönəldilməsi barədə 20.08.2020-ci il tarixli bildirişlərinin icra olunmasının həvalə edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi **********4 №li 22 aprel 2021-ci il tarixli etirazda göstərmişdir ki, iddiaçı 30 oktyabr 2020-ci İl və 07 dekabr 2020-ci il tarixlərində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Mərkəzi Filiala Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin 20 avqust 2020-ci il tarixli 17/68-40029-7 nömrəli məktubu ilə ünvanlanmış Binəqədi Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(001)-3811/2019 nömrəli icra sənədi X4 əmək pensiyasından tutulmanın təmin edilməsi üçün müvafiq banka yönləndirilməsi məqsədilə aidiyyəti sənədlərlə birlikdə İdarə tərəfindən 21 sentyabr 2020-ci il tarixli **********5 nömrəli məktubla geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yerli icra qurumlarının müraciətləri əsasında müvafiq məhkəmə qərarlarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı müəyyən hallarda tələbin borclunun pensiyasına və digər sosial ödənişlərinə yönəldilməsi kimi məcburi icra tədbiri həyata keçirir. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 10-1.1-ci maddəsinə əsasən müavinətlər tam məbləğdə ödənilir. Həmçinin “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsində də analoji tənzimləmə müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “bu Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələbləri vergi orqanları, bank və digər kredit təşkilatları tərəfindən icra olunur”. Banklar və digər kredit təşkilatları tərəfindən icra hərəkətlərinin təmin edilməsi isə həmin Qanunun 5-ci maddəsi ilə müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 5.1-ci maddəsinə uyğun olaraq, bankda və ya digər kredit təşkilatında borclunun hesablarının və həmin hesablarda pul vəsaitlərinin olması barədə məlumatı olan icra məmuru məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələblərinin göstərildiyi icra sənədinin icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş surətini bilavasitə banka və ya digər kredit təşkilatına göndərir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən borclunun hesablarına xidmət edən bank və ya digər kredit təşkilatı icra məmurundan İcra sənədini aldığı vaxtdan yeddi gün müddətində icra sənədinin pul vəsaitlərinin tutulmasına dair tələblərini icra edir, yaxud borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitləri olmadığından, həmin tələblərin tamamilə və ya qismən icra edilməməsi barədə icra sənədində qeyd yazır. Göstərilən tələblərə əməl etməyən bank və ya digər kredit təşkilatı icra məmurunun inzibati xəta haqqında protokoluna əsasən müvafiq məhkəmə tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunur. Bu səbəbdən də Qanunun qeyd olunan tələblərini rəhbər tutaraq cari ilin may ayından etibarən Ədliyyə Nazirliyinin yerli icra qurumları tərəfindən Mərkəzi Filiala göndərilən, tələbin borclunun əmək pensiyasına yönləndirilməsi ilə bağlı icra sənədləri İdarə tərəfindən icra olunmadan aidiyyəti sənədlərlə birlikdə geri qaytarılır. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının təqdim olunan sosial ödənişlərdən tutulmalarla bağlı icra sənədlərini həmin ödənişlərə yönəltmək səlahiyyəti yalnız Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 175-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq işçilərin əmək haqqından tutulmalara və İnzibati Xətalar Məcəlləsinin 150.5-ci maddəsinə uyğun olaraq pensiyaçının əmək pensiyasından inzibati cərimənin tutulmasına şamil olunur. X12 əmək pensiyası ödədiyi şəxslərin digər şəxslərə, o cümlədən kredit təşkilatlarına olan borclarını, yaxud aliment tutulmalarını onların pensiyasını ödəyərkən tutmaq hüququ yoxdur. Yuxarıda qeyd olunduğu kimi, bu cür səlahiyyət “İcra haqqında” Qanuna uyğun olaraq ödəniş xidmətlərini həyata keçirən kredit təşkilatlarının vəzifəsi kimi müəyyən edilmişdir. Cavabdeh inibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu X15 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etirazı məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsi və Məmmədov Mehman Dəmir oğlu müvafiq olaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə iclasına gəlməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi- X10 məhkəmə iclasında yazılı etiraza uyğun verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu X15 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu X15 Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarında olan; AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1987-ci ildə doğulmuşdur. AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Məmmədov Mehman Dəmir oğlu 03.01.1979-cu ildə doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən verilmiş 19.02.2019-cu il tarixli 19620269 №li məktubdan müəyyən olunur ki, Məmmədov Mehman Dəmir oğlu şöbədən 2-ci qrup Qarabağ əlili kimi hər ay 230 manat məbləğində Prezident təqaüdü alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən verilmiş **********1 №li 20.02.2019-cu il tarixli məktubdan məyyən olunur ki, Məmmədov Mehman Dəmir oğluna hər ay 506,48 manat məbləğində əmək pensiyası ödənilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3811/2019 saylı iş üzrə qəbul etdiyi 21 may 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli 2(0010-7139/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə 20 sentyabr 2009-cu il təvəllüdlü X1, 17 iyun 2011-ci il təvəllüdlü X5 və 02 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Məmmədov Mehman Dəmir oğlundan hər ay aylıq qazancının (başqa gəlirlərin) yarısı miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi və həmin məbləğdə alimentin tutulmasının qətnamə qanuni qüvvəvə mindiyi günsən hesablanması qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və DSMF Binəqədi rayon şöbəsinə ünvanlanmış 17/68-40029-7 saylı 20.08.2020-ci il tarixli məktublarda (Bildiriş) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3811/2019 saylı iş üzrə qəbul etdiyi 21 may 2019-cu il tarixli qətnaməsinin icrasının təmin olunması məqsədilə “Borclu” Məmmədov Mehman Dəmir oğlunun pensiyasından ½ hissəsi miqdarında alimentin tutularaq, tələbkar İddiaçı məktuba əlavə edilmiş hesabına köçürülməsinin təmin edilməsi xahiş olunmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə 17/68-40029-7 saylı 20.08.2020-ci il tarixli məktuba cavab olaraq, ünvanlanmış məktubda göstərilmişdir ki, “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 10-1.1-ci maddəsinə əsasən müavinətlər tam məbləğdə ödənilir. Həmçinin “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsində də analoji tənzimləmə müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “bu Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələbləri vergi orqanları, bank və digər kredit təşkilatları tərəfindən icra olunur”. Banklar və digər kredit təşkilatları tərəfindən icra hərəkətlərinin təmin edilməsi isə həmin Qanunun 5-ci maddəsi ilə müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 5.1-ci maddəsinə uyğun olaraq, bankda və ya digər kredit təşkilatında borclunun hesablarının və həmin hesablarda pul vəsaitlərinin olması barədə məlumatı olan icra məmuru məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələblərinin göstərildiyi icra sənədinin icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş surətini bilavasitə banka və ya digər kredit təşkilatına göndərir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən borclunun hesablarına xidmət edən bank və ya digər kredit təşkilatı icra məmurundan İcra sənədini aldığı vaxtdan yeddi gün müddətində icra sənədinin pul vəsaitlərinin tutulmasına dair tələblərini icra edir, yaxud borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitləri olmadığından, həmin tələblərin tamamilə və ya qismən icra edilməməsi barədə icra sənədində qeyd yazır. Göstərilən tələblərə əməl etməyən bank və ya digər kredit təşkilatı icra məmurunun inzibati xəta haqqında protokoluna əsasən müvafiq məhkəmə tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunur. Məmmədov Mehman Dəmir oğluna “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən müharibə əlillərinə təqaüd 2-ci qrupa görə sosial müavinət təyin edilmişdir. Məmmədov Mehman Dəmir oğlunun sosial müavinətinin məbləği 230 manat təşkil edir və ödəniş "xxxx" ASC vasitəsilə həyata keçirilir. Qeyd olunan məktubla idarə tərəfindən icra sənədi icra olunmadan aidiyyəti sənədlərlə birlikdə geri qaytarılaraq, qeyd olunan məsələ ilə bağlı "xxxx" ASC-yə müraciət olunması tövsiyə olunmuşdur. Məktubda həmçinin bildirilmişdir ki, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının təqdim olunan sosial ödənişlərdən tutulmalarla bağlı icra sənədlərini həmin ödənişlərə yönəltmək səlahiyyəti yalnız Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 175-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq işçilərin əmək haqqından tutulmalara və İnzibati Xətalar Məcəlləsinin 150.5-ci maddəsinə uyğun olaraq pensiyaçının əmək pensiyasından inzibati cərimənin tutulmasına şamil olunur. İddiaçının hazırki tələblə bağlı müraciətlərinə; - DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən **********8 №li 18.12.2020-ci il tarixli məktubla, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin 17/68-40029-7 saylı 20.08.2020-ci il tarixli məktubuna cavab olaraq verilmiş məktubla eyni məzmunlu cavab verilmişdir. - DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 19.01.2021ci iltarixli **********6 №li məktubda müraciətçiyə bildirilmişdir ki, Məmmədov Mehman Dəmir oğlunun "xxxx" ASC vasitəsilə 230,00 manat sosial müavinət alması barədə 27.10.2020-ci il tarixli **********3 saylı məktubla Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə məlumat verilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" ASC-yə müraciət olunmalıdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 43.1.2.-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirdir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.4-cü maddəsinə əsasən tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 105-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş və ya məhkəmənin qətnaməsi əsasında müəyyən olunmuş miqdarda aliment, habelə aliment üzrə borclar aliment ödəməli olan şəxsin qazancından və (və ya) digər gəlirlərindən tutulur. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, aliment tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının təmin olunması məqsədilə tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi icra sənədini icra edən icra şöbəsinin həyata keçirdiyi məcburi icra tədbiridir ki, qeyd olunan tələblərin də icra olunmaması qanunla müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olur. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarının məcburi icrası barədə icra məmurunun qanuni tələblərinin icra edilməsindən yəni, aliment ödənişləri ilə bağlı tutmanın icra sənədi üzrə borclu-hazırki iş üzrə üçüncü şəxs olan Məmmədov Mehman Dəmir oğlunun pensiyasına yönəldilməsindən imtina olunarkən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əməl olunmamış, nəticədə iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmuş və onların həyata keçirilməsinə maneəçilik yaradılmışdır, həmin hərəkətlərdə ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün əsaslar olduğundan hazırkı iddia tələbi təmin olunmalıdır. Cavabdehlərin etirazda və iddiaçıya ünvanladıqları imtina məktubunda göstərdikləri dəlillərə gəldikdə isə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Məmmədov Mehman Dəmir oğluna pensiya (təqaüd) məhz onlar (cavabdeh inzibati orqanlar) tərəfindən ödənildiyindən, icra məmurunun tutmanın icra sənədi üzrə birclunun pensiyasına (təqaüdünə) yönəldilməsi barədə tələblə müvafiq banka müraciət etməli olması ilə bağlı dəlilləri əsassızdır. İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X15 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X6 rayon İcra və Probasiya şöbəsi tərəfindən göndərilmiş məhkəmə qətnaməsi üzrə tələbin icra sənədi üzrə borclu Məmmədov Mehman Dəmir oğlunun pensiyasına yönəldilməsi barədə 20.08.2020-ci il tarixli bildirişlərinin icra olunmasından imtina olunması barədə hərəkətləri qanunsuz hesab edilməklə, cavabdehlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X15 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X9 rayon İcra və Probasiya şöbəsi tərəfindən göndərilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.05.2019-cu il tarixli məhkəmə qətnaməsi üzrə tələbin icra sənədi üzrə borclu Məmmədov Mehman Dəmir oğlunun pensiyasına yönəldilməsi barədə 20.08.2020-ci il tarixli bildirişlərin icra olunması həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdehlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X15 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X6 rayon İcra və Probasiya şöbəsi tərəfindən göndərilmiş məhkəmə qətnaməsi üzrə tələbin icra sənədi üzrə borclu Məmmədov Mehman Dəmir oğlunun pensiyasına yönəldilməsi barədə 20.08.2020-ci il tarixli bildirişlərinin icra olunmasından imtina olunması barədə hərəkətləri qanunsuz hesab edilsin. Cavabdehlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X15 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X9 rayon İcra və Probasiya şöbəsi tərəfindən göndərilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.05.2019-cu il tarixli məhkəmə qətnaməsi üzrə tələbin icra sənədi üzrə borclu Məmmədov Mehman Dəmir oğlunun pensiyasına yönəldilməsi barədə 20.08.2020-ci il tarixli bildirişlərinin icra olunması həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar