Məhkəmə qərarları › İş №2-1(112)-5071/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5071/2022

06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5071/2022 06.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1978-ci il tarixdən xx.xx.2003-cü il tarixədək fasiəsiz 24 il 06 ay əmək fəaliyyətində olduğu müddətin və 1976-1978-ci illər ərzində həqiqi hərbi xidmətdə olduğu illərin cəmi 26 il 06 ay iş stajı müddətinin sosial sığorta stajına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 1976-1978-ci illər ərzində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən gəldikdən sonra xx.xx.1978-ci il tarixdən xx.xx.2003-cü il tarixədək fasiləsiz 24 il 06 ay əmək fəaliyyətində olmuşdur. Bu hal rəsmi olaraq əmək fəailiyyətində olduğu idərə və müəssisələrin möhürü ilə təsdiq olunmaqla əmək kitabçasında qeyd edilmişdir. Ona görə də o, işlədiyi, yəni əmək fəaliyyətində olduğu cəmi 26 il 06 ay müddətin ümumi sosial siğorta stajına əlavə edilməsi və buna uyğun pensiyanın təyin edilməsi məqsədilə cavabdehə müraciət etsə də, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan əmək haqqına dair sənədləri X6 natamam verildiyindən və digər səbəblərdən həmin dövrlərin sığorta stajına əlavə edilməsinin mümkün olmadığını bildirməklə müraciətinin təmin edilməsindən imtina etmişlər və məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Bu isə onun hüquqlarının pozulmasıdır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, iddiaçının Yevlax kolxozlararası tikinti idarəsində xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi dövrlər üzrə əmək haqqı sənədləri arxivə təhvil verilmədiyi üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Həmin Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Mübahisəli müddətlər üzrə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun “Əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə görə qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun pensiyaların ödənilməsi üçün vəsait adlanan 10-cu maddəsinə görə isə bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Respublika Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsait mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sosial sığorta ayırmalarından əmələ gəlir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Göründüyü kimi, istər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Belə olan halda iddiaçı tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı regional ərazi filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz xx.xx.1979-cu il tarixində tərtib edilmiş İT-İ seriyalı, ******* saylı əmək, kitabçanızın surətinə və hərbi xidmət haqqında arayışa əsasən Sizin ümumi sığorta stajınız 23 il 6 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17.908,65 manat olmaqla qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinə qədər Yevlax Kolxozlararası Tikinti idarəsinin əmək haqqı sənədləri X6 natamam verildiyindən Sizin həmin müəssisədə qazandığınız əmək haqqını tam şəkildə müəyyən edib həmin dövrlərin sığorta stajınıza əlavə edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən Sizə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq Sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat” haqqında Azərbaycan Respublikasının Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbayan Respublikası Milli Arxiv İdarəsi Azərbayan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2021-ci il tarixli, 242/10 nömrəli arxiv arayışından (iddiaçıya ünvanlanmış) görünür ki, İddiaçı Yevlax Kolxozlararası Tikinti İdarəsində 1981-1994-cü illərdə sürücü tşləmişdir və 1981-ci il yanvar, mart, may-dekabr; 1982-ci il yanvar-may, iyul-oktyabr, dekabr; 1983-cü il yanvar-iyun, avqust-dekabr; 1984-cü il yanvar-iyun, avqust-dekabr, 1985-ci il yanvar-oktyabr, dekabr; 1986-cı il iyul, sentyabr, noyabr-dekabr; 1987-ci il yanvar-fevral, aprel; 1989-cu il may-dekabr; 1990-cı il yanvarfevral, may, iyul, sentyabr-dekabr; 1993-cü il aprel-may, iyul-dekabr; 1994-cü il yanvaraprel, iyul-avqust ayları üzrə əmək haqqı qazanmışdır. Əsas fond: 124 s 3 iş 1 v 5, 17, 31, 33, 44, 50, 54, 63, 67, 75 iş 2 v 3, 13, 25, 34, 49, 55, 63, 78 iş 3 v 3, 12, 18, 24, 31, 36, 51, 58, 60, 69, 75 iş 4 v 5, 12, 20, 27, 33, 39, 53, 59, 66, 72, 78 iş 5 v 5, 11, 16, 24, 27, 37, 45, 51, 57, 64, 74 iş 6 v 38, 56, 66, 75 iş 7 v 11, 27, iş 9 v 31, 36, 42, 52, 63, 67, 76, 82, iş 10 v 3, 10, 25, 39, 49, 56, 61, 67 iş 12 v 3, 5, 12 iş 13 v 6, iş 14 v 3, 4, 9, 12 iş 15 v 3, 6 iş 16 v 1, 2, 12, 15, iş 21 v 2, 5, 6, iş 22 v 9, 11. İş materiallarında olan Azərbayan Respublikası Milli Arxiv İdarəsi Azərbayan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 241/10 məktubdan görünür ki, İddiaçı Yevlax Kolxozlararası Tikinti İdarəsində sürücü işləməsi barədə aşağıdakı əmrlər vardır. Yevlax kolxozlararası tikinti idarəsinin 20 may 1981-cı il tarixli 33 saylı əmrilə İddiaçı idarənin sürücüsü növbəti əmək məzuniyyətinə buraxılmışdır. İdarənin 03 dekabr 1984-cü il tarixli 101 saylı əmrilə növbəti əmək məzuniyyətinə buraxılmışdır. Yevlax kolxozlararası tikinti idarəsinin 20 avqust 1985-ci il tarixli 58 saylı əmrin 5-ci paraqrafına əsasən İddiaçı növbəti əmək məzuniyyətinə buraxılmışdır. İdarənin 26 fevral 1987-ci il tarixli 1 saylı əmrinə əsasən baş idarənin göstərişi ilə Abbasov X2 5 №-li Ərazi Nəqliyyat İdarəsinə sürücü keçirilmişdir. İdarənin 22 may 1989-cu il tarixli 30 saylı əmrinə əsasən Mingəçevir 5 nömrəli Ərazi Nəqliyyat İdarəsindən Yevlax 52 nömrəli tikinti idarəsinə sürücü keçirilmişdir. İdarənin 07 yanvar 1992-ci il tarixli 02 saylı əmrinə əsasən idarənin sürücüsü növbəti məzuniyyətə buraxılmışdır. Yevlax kolxozlararası tikinti idarəsinin 01 iyul 1992-ci il tarixli 26 saylı əmri ilə növbəti əmək məzuniyyətinə buraxılmışdır. İdarənin 30 aprel 1993-cü il tarixli 50 saylı əmrilə növbəti əmək məzuniyyətinə buraxılmışdır. Yevlax kolxozlararası tikinti idarəsinin 01 may 2003-cü il tarixli 4 saylı əmri ilə idarənin fəaliyyəti dayandığı üçün işdən azad olunmuşdur. İş materiallarında olan «Mingəçevir Avtonəqliyyat-2» ATSC-nin xx.xx.2022-ci il tarixli, 10 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək 5 saylı Mingəçevir Ərazi Nəqliyyat İdarəsində sürücü vəzifəsində işləmiş və 1987-ci il martdekabr, 1988-ci il yanvar-dekabr, 1989-cu il yanvar-iyun, sentyabr ayları üzrə əmək haqqı almışdır. İş materiallarında olan Azərbayan Respublikası Milli Arxiv İdarəsi Azərbayan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Dövlət Arxivi Yevlax filialının rəhbərliyi Sizin 26 aprel 2022-ci il tarixli, 2-1(112)-5071/2022 saylı məktubunuza cavab olaraq bildirir ki, Yevlax Rayon Quşçu kəndində yaşayan İddiaçı Yevlax Kolxozlararası Tikinti İdarəsində sürücü işləməsi barədə aşağıdakı əmrlər vardır. Yevlax kolxozlararası tikinti idarəsinin 1978, 1979, 1980-ci illərin əmr kitabları X6 verilmədiyi üçün İddiaçı işə girmə əmrini müəyyən edə bilmədik. Yevlax kolxozlararası tikinti idarəsinin 20 may 1981-cı il tarixli 33 saylı əmrilə İddiaçı idarənin sürücüsü növbəti əmək məzuniyyətinə buraxılmışdır. İdarənin 03 dekabr 1984-cü il tarixli 101 saylı əmrilə növbəti əmək məzuniyyətinə buraxılmışdır. Yevlax kolxozlararası tikinti idarəsinin 20 avqust 1985-ci il tarixli 58 saylı əmrin 5-ci paraqrafına əsasən İddiaçı növbəti əmək məzuniyyətinə buraxılmışdır. İdarənin 26 fevral 1987-ci il tarixli 1 saylı əmrinə əsasən baş idarənin göstərişi ilə Abbasov X2 5 №-li Ərazi Nəqliyyat İdarəsinə sürücü keçirilmişdir. İdarənin 22 may 1989-cu il tarixli 30 saylı əmrinə əsasən Mingəçevir 5 nömrəli Ərazi Nəqliyyat İdarəsindən Yevlax 52 nömrəli tikinti idarəsinə sürücü keçirilmişdir. İdarənin 07 yanvar 1992-ci il tarixli 02 saylı əmrinə əsasən idarənin sürücüsü növbəti məzuniyyətə buraxılmışdır. Yevlax kolxozlararası tikinti idarəsinin 01 iyul 1992-ci il tarixli 26 saylı əmri ilə növbəti əmək məzuniyyətinə buraxılmışdır. İdarənin 30 aprel 1993-cü il tarixli 50 saylı əmrilə növbəti əmək məzuniyyətinə buraxılmışdır. Yevlax kolxozlararası tikinti idarəsinin 01 may 2003-cü il tarixli 4 saylı əmri ilə idarənin fəaliyyəti dayandığı üçün işdən azad olunmuşdur. İş materiallarında olan Azərbayan Respublikası Milli Arxiv İdarəsi Azərbayan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2022-ci il tarixli, 32 nömrəli arxiv arayışından (məhkəməyə ünvanlanmış) görünür ki, Yevlax rayonu Quşçu kəndində yaşayan İddiaçı Yevlax Kolxozlararası Tikinti İdarəsində 1981-ci il yanvar, mart, maydekabr; 1982-ci il yanvar-may, iyul-oktyabr, dekabr; 1983-cü il yanvar-iyun, avqust-dekabr; 1984-cü il yanvar-iyun, avqust-dekabr, 1985-ci il yanvar-oktyabr, dekabr; 1986-cı il iyul, sentyabr, noyabr-dekabr; 1987-ci il yanvar-fevral, aprel; 1989-cu il may-dekabr; 1990-cı il yanvar-fevral, may, iyul, sentyabr-dekabr; 1993-cü il may-iyun, avqust-dekabr; 1994-cü il yanvar-aprel, iyul-avqust ayları üzrə əmək haqqı qazanmışdır. Əsas fond: 124 s 3 iş 1 v 5, 17, 31, 33, 44, 50, 54, 63, 67, 75 iş 2 v 3, 13, 25, 34, 49, 55, 63, 78 iş 3 v 3, 12,18, 24, 31, 36, 51, 58, 60, 69, 75 iş 4 v 5, 12, 20, 27, 33, 39, 53, 59, 66, 72, 78 iş 5 v 5, 11, 16, 24, 27, 37, 45, 51, 57, 64, 74 iş 6 v 38, 56, 66, 75 iş 7 v 11, 27, iş 9 v 31, 36, 42, 52, 63, 67, 76, 82, iş 10 v 3, 10, 25, 39, 49, 56, 61, 67 iş 12 v 3, 5, 12 iş 13 v 6, iş 14 v 3, 4, 9, 12 iş 15 v 3, 6 iş 16 v 1, 2, 12, 15, iş 21 v 2, 5, 6, iş 22 v 9, 11. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Yevlax Kolxozlararası Tikinti İdarəində birinci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1979-cu ildə fəhləlikdən dəyişdirilib 18-36 nömrəli avtomaşına 3-cü dərəcəli sürücü qəbul edilmiş, xx.xx.1983-cü ildə 2-ci sinif sürücü kvalifikasiyası verilmiş, xx.xx.1987-ci ildə “Aqrarpromstroy” Birliyinin Mingəçevir ƏND-5 köçürülmə yolu ilə işdən azad olunmuş, xx.xx.1987-ci ildə Yevlax avtomobil kolonuna keçmə yolu ilə 2-ci sinif sürücü qəbul edilmiş, xx.xx.1989-cu ildə MNK - 52 5 keçməsi ilə əlaqədar işdən azad olunmuş, xx.xx.1989-cu ildə Mingəçevir ƏND-5 köçürülmə yolu ilə 2-ci sinif sürücü qəbul edilmiş, xx.xx.1989-cu ildə Mingəçevir 5 saylı Ərazi Nəqliyyat Kontorundan dəyişdirilib 52 nömrəli TSMD-yə 2-ci dərəcəli sürücü qəbul edilmiş, xx.xx.2003-cü ildə idarənin fəaliyyətini dayandırması ilə əlaqədar işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1978-ci ildə Yevlax Kolxozlararası Tikinti İdarəində birinci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1979-cu ildə fəhləlikdən dəyişdirilib 18-36 nömrəli avtomaşına 3-cü dərəcəli sürücü qəbul edilmiş, xx.xx.1983-cü ildə 2-ci sinif sürücü kvalifikasiyası verilmiş, xx.xx.1987-ci ildə “Aqrarpromstroy” Birliyinin Mingəçevir ƏND-5 köçürülmə yolu ilə işdən azad olunmuş, xx.xx.1987-ci ildə Yevlax avtomobil kolonuna keçmə yolu ilə 2-ci sinif sürücü qəbul edilmiş, xx.xx.1989-cu ildə MNK - 52 5 keçməsi ilə əlaqədar işdən azad olunmuş, xx.xx.1989-cu ildə Mingəçevir ƏND-5 köçürülmə yolu ilə 2-ci sinif sürücü qəbul edilmiş, xx.xx.1989-cu ildə Mingəçevir 5 saylı Ərazi Nəqliyyat Kontorundan dəyişdirilib 52 nömrəli TSMD-yə 2-ci dərəcəli sürücü qəbul edilmiş, xx.xx.2003-cü ildə idarənin fəaliyyətini dayandırması ilə əlaqədar işdən azad edilmişdir. Beləliklə, hərbi xidmət dövrü də nəzərə alınmaqla iddiaçı ümumilikdə 26 il 05 ay 12 gün sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının sığorta stajı 25 ildən çoxdur. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Cavabdeh tərəfindən bununla bağlı sübutlar da məhkəməyə təqdim edilməmişdir. Sənədlərin arxivə tam təhvil verilməməsinə görə isə iddiaçı məsuliyyət daşımır. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olundu ki, iddiaçı hazırda pensiyaçı deyil və yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının tələb olunan sığorta stajı az olduğu üçün iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Halbuki iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının 65 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya qeyd olunan dövrdən pensiya hesablanıb ödənilərkən müvafiq dövr üçün aldığı müavinət məbləği nəzərə alınmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar