Məhkəmə qərarları › İş №2-1(112)-5072/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5072/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5072/2024 23.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi ilə, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “müavinətin ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı məhkəməyə müraciət edərək qanunvericilikdə nəzərdə tutulmuş, lakin 2016, 2017, 2019, 2020, 2021, 2022 və 2023-cü illərdə nəzərdə tutulmuş ödənilməyən kəşfiyyat və əks-kəşfiyyat subyekti kimi qanunun 20.6 və 20.7 bir dəfəlik müavinətin ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, DSX-də 20 il xidmət edərək, 2023-cü ilin iyun aynında DSX rəisinin əmri ilə X9 X10 şöbəsinin rəisi vəzifəsindən ehtiyata buraxılmışdır. Vəzifəsi isə şöbənin ərazisində əməliyyat fəaliyyətinə və tabeliyində olan əməliyyat üzrə müavinin əməliyyat-axtariş fəaliyyətinə rəhbərlik etməkdən ibarət olmuşdur. xx.xx.2004-cü tarixli 711-İİQ nömrəli “Kəşfiyyat və Əks-Kəşfiyyat fəaliyyəti haqqında” qanununa əsasən Kəşfiyyat və Əks kəşfiyyat fəaliyyəti subyektini hərbi qulluqçularına (Müddətli Həqiqi hərbi Xidmət hərbi qulluqçularından başqa) DSX rəisinin müvafiq əmrinə əsasən hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində məzuniyyət müavinəti və müalicə müavinəti ödənilir. Ehtiyata buraxılarkən bölmə şöbə rəisləri üçün qanunvericilikdə nəzərdə tutulmuş güzəşt-imtiyazlarından qanunsuz məhrum olmuşdur. 2016, 2017, 2019, 2020, 2021, 2022 və 2023-cü illərdə Kəşfiyyat və Əks-Kəşfiyyat subyekti üçün nəzərdə tutulmuş 20.6 və 20.7-ci maddələrinə ilə müavinətdən yararlanmamışdır. Yalnız 2018-ci ildə yuxarıda qeyd olunan 20.6 və 20.7-ci mədələrlə nəzərdə tutulmuş müavinətlərdən yararlanmışdır. Bu barədə DSX rəisinin ünvanına ərizə-məktub ünvanlamışdır xx.xx.2023ci il tarixli 3-38-10/2-M-284/2-21/23 nömrəli imtina verilmişdir. Hesab edir ki DSX Maliyyə plan idarəsi əsasız yerə ona qanunvericilikdə nəzərdə tutulmuş müavinəti ödəməkdən imtina edərək onun hüquqların pozub.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilir ki, xx.xx.2004-cü il tarixli 711-İİQ №li “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrinə əsasən hər il məzuniyyətə çıxarkən, iki aylıq pul təminatı məbləğində məzuniyyət müavinəti və müalicə müavinəti ödənilir. Tutduğunuz vəzifə Dövlət Sərhəd xidməti rəisinin müvafiq əmrində öz əksin tapmadığı üçün ona “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.6 və 20.7-ci maddələrinin şamil olunması imkan xaricindədir.

4. Cavabdeh məhkəmə ünvanlandığı iddia tələbinə dair etirazında qeyd etmişdir ki, qoşmaya əlavə edilmiş Dövlət Sərhəd Xidməti X5 Nəzarəti Dəstəsi rəisinin xx.xx.2016-cı il tarixli 0244 nömrəli və xx.xx.2017-ci il tarixli 091 nömrəli nizami hissə üzrə əmrlərindən çıxarışdan görünür ki, “Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu 20.6-ci maddəsinə əsasən “Gəncə” Beynəlxalq Aeraportu sərhəd nəzarəti bölməsinin rəisi mayon İddiaçı 2016 və 2017-ci illərdə məzuniyyətə çıxması ilə əlaqədar 2 aylıq pul təminatı məbləğində müavinət ödənilmişdir. Həmin əmrlərin əsası kimi İddiaçı raportları göstərilmişdir. Sabiq hərbi qulluqçu İddiaçı DSX-nin Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2016-cı il tarixli 0030 nömrəli əmrinə əsasən "Kəşfiyyat və Əkskəşfiyyat Fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə görə 2016-cı ildə 2.340 manat və 2017-ci ildə isə 2.400,50 manat müavinət ödənilmişdir (müvafiq ödənişlərin verilməsi ilə bağlı əmrlərin surəti qoşmaya əlavə edilmişdir). Lakin yuxarıda qeyd edilən əmrə (DSX rəisinin xx.xx.2016-cı il tarixli 0030 №-li əmri) əsasən "Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinə görə 2016-2017-ci illərdə sabiq hərbi qulluqçu İddiaçı müvafiq ödənişin edilməsi mümkün olmamışdır. Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2019-cu il tarixli 0016 nömrəli əmrinə əsasən sabiq hərbi qulluqçu İddiaçı 2019-2023-cü illərdə “Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6 və 20.7-ci maddələrinə əsasən pul müavinətinin verilməsi dayandırılmışdır. Həmçinin qeyd edirik ki, İddiaçı Sərhəd Nəzarətində xidmət etdiyi müddət ərzində “Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyəti haqqında" AR Qanununun 20.6 və 20.7-ci maddələrinə əsasən, “hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət”in və “müalicə olunması ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin" verilməsi ilə bağlı aidiyyəti üzrə Raportla müraciət edibetməməsi barədə məlumatın, müraciət etdiyi halda isə həmin raport əsasında görülmüş tədbirlərin nəticəsi barədə məlumatların təqdim olunması üçün DSX-nin Sərhəd Nəzarətinə sorğu göndərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçuların ayrı-ayrı müavinət və pul təminatı qismində digər ödənişlər almaq hüquqları olmasına baxmayaraq, mövcud inzibati praktikada bu hüquqlardan istifadə hərbi qulluqçuların xidmətinin müvafiq dövründə aidiyyəti üzrə müvafiq müraciəti tələb olunur (analoji iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1 (102)-1646/2023 №-li qərarı). Qoşmaya əlavə edilmiş Sərhəd Nəzarətindən daxil olmuş xx.xx.2024-cü il tarixli cavab məktubunda Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2019-cu il tarixli 0016 nömrəli əmrinə əsasən sabiq hərbi qulluqçu İddiaçı 2019-2023-cü illərdə “Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6 və 20.7-ci maddələrinə əsasən pul müavinətinin verilməsinin dayandırıldığı qeyd edilmişdir. Göstərilənlərə əsasən qeyd etmək istəyirik ki, sabiq hərbi qulluqçu İddiaçı 2019- 2023-cü illərdə ona “Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyəti haqqında" AR Qanununun 20.6 və 20.7-ci maddələrinə əsasən müavinətin verilməsi ilə bağlı aidiyyəti üzrə Raportla müraciət etməməsi halı da göstərir ki, o, Dövlət Sərhəd Xidməti rəisinin yuxarıda adıçəkilən əmrindən və həmin əmrə əsasən pul müavinətinin verilməsinin dayandırılmasından məlumatlı olmuşdur. Bu səbəbdən də iddiaçı sabiq hərbi qulluqçu İddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaikasının Qanununun 20.6 və 20.7-ci maddələrinə əsasən pul təminatının ödənilməsi tələbinə dair iddia tələbinin əsassız olduğunu hesab edirik.

5. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2017-ci il tarixli 01 nömrəli nizami hissə üzrə əmrindən olan çıxarışdan görünür ki, polkovnik-leytenant X4 “Gəncə” Beynəlxalq Aeroportu sərhəd nəzarəti bölməsinin rəisi təyin edilmişdir.

6. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2018-ci il tarixli 055 nömrəli nizami hissə üzrə əmrindən olan çıxarışdan görünür ki, polkovnik-leytenant X4 “Gəncə” Beynəlxalq Aeroportu sərhəd nəzarəti bölməsinin rəisi vəzifəsindən azad olunmaqla “Astara” sərhəd nəzarəti məntəqəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

7. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2020-ci il tarixli 016 nömrəli nizami hissə üzrə əmrindən olan çıxarışdan görünür ki, polkovnik-leytenant X4 “Astara” sərhəd nəzarəti məntəqəsinin rəisi vəzifəsindən azad olunmaqla “Böyük-kəsik” sərhəd nəzarəti məntəqəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

8. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2023-cü il tarixli 0189 nömrəli nizami hissə üzrə əmrindən olan çıxarışdan görünür ki, polkovnik-leytenant X4 “Böyük-kəsik” sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.

9. Dövlət Sərhəd Xidməti X5 Nəzarəti Dəstəsi rəisinin xx.xx.2016-cı il tarixli 0244 nömrəli nizami hissə üzrə əmrindən olan çıxarışdan görünür ki, “Gəncə” Beynəlxalq Aeroportu sərhəd nəzarəti bölməsinin rəisi mayor X4 2017-ci ildə məzuniyyətə çıxması ilə əlaqədar 2 aylıq pul təminatı məbləğində müavinət ödənilməsi əmr edilmişdir.

10. Dövlət Sərhəd Xidməti X5 Nəzarəti Dəstəsi rəisinin xx.xx.2017-ci il tarixli 091 nömrəli nizami hissə üzrə əmrindən olan çıxarışdan görünür ki, “Gəncə” Beynəlxalq Aeroportu sərhəd nəzarəti bölməsinin rəisi mayor X4 2016-cı ildə məzuniyyətə çıxması ilə əlaqədar 2 aylıq pul təminatı məbləğində müavinət ödənilməsi əmr edilmişdir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdilər.

II. İddianın növü və mümkünlüyü

13. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. Azərbaycan Respublikasının «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 2-ci maddəsinin birinci hissəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.

17. Azərbaycan Respublikasının «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Qanunun: 20.1 Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi «Hərbi qulluqçuların statusu haqqında», «Əmək pensiyaları haqqında», «Əməliyyataxtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. 20.2 Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 20.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. 20.7 Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir.

18. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçuların ayrıayrı müavinət və pul təminatı qismində digər ödənişlər almaq hüquqları olmasına baxmayaraq, mövcud inzibati praktikada bu hüquqlardan istifadə hərbi qulluqçuların xidmətinin müvafiq dövründə aidiyyəti üzrə müvafiq müraciəti tələb olunur.

19. Məhkəmə qeyd edir ki, xidmətdə olan hərbi qulluqçunun müvafiq raportla (raporta aidiyyəti tibb müəssisəsinin müvafiq sənədi əlavə olunmaqla) müraciət etməsi, müavinətin təyinatı baxımından onun müalicəyə ehtiyacının və bununla bağlı istifadə olunacaq pul təminatına zərurətin olmasını bəyan edən hal kimi şərtləndirir. İddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçusu kimi xidmətdə olduğu müvafiq dövrdə müalicə olunması ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin verilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq raportla müraciət etməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

20. Qeyd edilməlidir ki, oxşar işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi də qərarlarında belə əsaslandırılmışdır: “Nəzərə almaq lazımdır ki, istinad olunan norma və həmin normada nəzərdə tutulmuş müavinət hərbi xidmət dövründə müalicəyə və reabilitasiyaya ehtiyacı olan hərbi qulluqçuların səhhətinin bərpası, bunun üzərindən də hərbi xidmətin keyfiyyətinin təmin olunması məqsədlərinə xidmət edir. Bu baxımdan müalicəyə ehtiyacı olan hərbi qulluqçu bununla bağlı müavinətin ödənilməsi üçün aidiyyəti üzrə müvafiq qaydada müraciət etməli və müraciətə müvafiq tibbi sənədləri əlavə etməlidir. Müavinətin ödənilməsi həmin sənədlər əsasında müvafiq rəsmiləşdirmə aparılmaqla həyata keçirilir.” (2-1(102)-1646/2023 saylı xx.xx.2023-cü il tarixli qərar).

21. Bu səbəbdən məhkəmə iddiaçının cavabdehə qarşı “ödənilməyən kəşfiyyat və əkskəşfiyyat subyekti kimi qanunun 20.7-ci maddəsinə əsasən birdəfəlik müavinətin ödənilməsi” hissəsində iddia tələbi əsassız hesab edir.

22. İddiaçının iddia tələbinin “ödənilməyən kəşfiyyat və əks-kəşfiyyat subyekti kimi qanunun 20.6-cı maddəsinə əsasən birdəfəlik müavinətin ödənilməsi” hissəsində münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan Dövlət Sərhəd Xidməti X5 Nəzarəti Dəstəsi rəisinin xx.xx.2016-cı il tarixli 0244 nömrəli və xx.xx.2017-ci il tarixli 091 nömrəli nizami hissə üzrə əmrlərindən çıxarışdan görünür ki, “Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu 20.6-ci maddəsinə əsasən “Gəncə” Beynəlxalq Aeraportu sərhəd nəzarəti bölməsinin rəisi mayor İddiaçı 2016 və 2017-ci illərdə məzuniyyətə çıxması ilə əlaqədar 2 aylıq pul təminatı məbləğində müavinət ödənilmişdir.

23. X8 Xidməti rəisinin xx.xx.2016-cı il tarixli 0030 №-li əmrinə əsasən (əmrə məhkəmə iclasında baxış keçirilmişdir) "Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinə görə 2016-2017-ci illərdə sabiq hərbi qulluqçu İddiaçı müvafiq ödənişin edilməsi mümkün olmamışdır, belə ki, xx.xx.2019-cu il tarixli 0016 nömrəli əmrinə əsasən (əmrə məhkəmə iclasında baxış keçirilmişdir) sabiq hərbi qulluqçu İddiaçı 2019-2023-cü illərdə “Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6 və 20.7-ci maddələrinə əsasən pul müavinətinin verilməsi dayandırılmışdır.

24. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Odur ki, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

25. İnzibati Prosessual Məcəllənin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar