Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5073/2021 01.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi olaraq qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, 13 saylı mənzilin, ümumi sahəsi 59,2 kv.m olmaqla, qeyri-yaşayış sahəsi olaraq qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən, 13 saylı mənzil ******* saylı, MA seriyalı Çıxarışa əsasən onun mülkiyyətindədir. Texniki pasporta əsasən mənzilin ümumi sahəsi 52,0 kv.m göstərilmişdir. Bakı şəhəri, Yasamal rayon İcra hakimiyyətinin 04 sentyabr 1997-ci il tarixli, 1456 saylı sərəncamı ilə Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş idarəsinin 22 aprel 1997-ci il tarixli, 18/04ф-3 12 saylı məktubuna istinad edərək, mənzilinin küçəyə baxan pəncərəsinin qapı ilə əvəz olunmasına rəsmi qaydada icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Yanında Memarlıq və Şəhərsalma baş İdarəsi ilə 19 may 1997-ci il tarixli, 18/04ф-312 saylı razılaşdırılmış layihəyə uyğun olaraq, mənzilin küçəyə baxan pəncərəsi qapı ilə əvəz olunmuşdur. Bakı şəhəri, Yasamal rayon İcra hakimiyyətinin 11 sentyabır 1997-ci il tarixli, 1481 saylı sərəncamı ilə ona məxsus olan ünvan 2 ünvanda yerləşən, 13 saylı mənzildə sahibkarlıq fəaliyyəti məqsədi ilə ticarət fəaliyyəti göstərilməsinə rəsmi qaydada icazə verilmişdir. 1997-ci ildə mənzilin küçəyə baxan pəncərəsini qapı ilə əvəz edərək mənzildən qeyri- yaşayış sahəsi kimi istifadə elməyə başlamış. Sahibkarlıq fəaliyyəti məqsədi ilə ticarət fəaliyyəti göstərilmək üçün mənzildə rekonsturuksiya işləri aparılmışdır. Bunun nəticəsində mənzilin ümumi sahəsi 7,2 kv. m. genişlənmiş, mənzilin ümumi sahəsi 59,2 m. kv.m olmuşdur. Artıq iyirmi dörd ildir ki, ailəsinin və digər işçilərin ailələrinin maddi ehtiyaclarının ödənilməsi üçün mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə edir. Lakin mənzil qeyri-yaşayış sahəsi kimi hüquqi qeydiyyata alınmayıb. Göstərilən səbəblərə əsasən, ona məxsus olan ünvan 3 ünvanda yerləşən, 13 saylı mənzilin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması, Çıxarışların və Texniki pasportların verilməsinə dair, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət Reysteri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə rəsmi müraciətlər etmiş. Lakin ona **********91 saylı 10 mart 2021-ci verilərək müraciyyətinin icrasından imtina edilmişdir. Cavabdeh təşkilatın imtinasının əsassız olduğunu qeyd edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, mənzilin yaşayış fondundan qeyri-yaşayış fonduna keçməsi barədə müvafiq icra Hakimiyyəti orqanı tərəfindən verilmiş sərəncam, rəy, bildiriş, yerləşmə sxemi və istismara icazə sənədləri təqdim edilməmişdir. Həmçinin, vətəndaş tərəfindən rekonstruksiya işləri aparılmışdır, pəncərə oyuğundan küçəyə qapı açaraq qeyri-yaşayış sahəsi kimi istifadədədir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********91 saylı, 10.03.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.3-ci maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.9-cu maddəsinə əsasən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.12.2009-cu il tarixli, 200 nömrəli qərarı ilə “yaşayış sahəsinin (qeyri-yaşayış sahəsinin) qeyri-yaşayış sahəsinə (yaşayış sahəsinə) keçirilməsi (keçirilməsindən imtina) haqqında bildirişin forması və məzmunu" təsdiq edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sənədlər: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* saylı 10.08.2011-ci il tarixli çıxarışının surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 52.0 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1443 nömrəli reyestr kitabının 132226 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 10 mart 2021-ci il tarixli № **********91 saylı bildirişdə qeyd edilmişdir ki, mənzilin yaşayış fondundan qeyri yaşayış fonduna keçməsi barədə müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən verilmiş sərəncam, rəy, bildiriş, yerləşmə sxemi və istismara icazə sənədləri təqdim edilməmişdir. Həmçinin, vətəndaş tərəfindən rekonstruksiya işləri aparılmışdır, pəncərə oyuğundan küçəyə qapı açaraq qeyri-yaşayış sahəsi kimi istifadədədir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən göndərilmiş 07 aprel 2021-ci il tarixli № BA-01291-2021 saylı cavab məktubundan görünür ki, Yasamal rayon İH-nin arxiv fondu üzrə 04.09.1997-ci il tarixli, 1456 saylı və 11.09.1997-ci il tarixli, 1481 saylı sərəncamları Dövlət Arxivinin Bakı filialında mövcuddur lakin həmin sərəncamlarda İddiaçı barədə heç bir məlumat qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Başçısının 04.09.1997-ci il tarixli 1456 №-li sərəncamına əsasən, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 22.04.1997-ci il tarixli 18/04ф-312 saylı məktubuna istinad edərək, H.Cavid prospekti 558-ci məhəllə, 30 saylı evin 13-cü mənzilin sahibi vətəndaş C.Abdullayevaya özəlləşdirilmiş mənzilin bir pəncərəsinin qapı ilə əvəz olunmasına icazə verilmişdir. Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Başçısının 11.09.1997-ci il tarixli 1481 №-li sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyətinin Başçısına H.Cavid prospekti, 558-ci məhəllə, ev 30 mənzil 13-də yaşayan vətəndaş S.S.Abdullayeva A-158 saylı 09.09.1997-ci il tarixli ərizə ilə müraciət edərək, öz şəxsi özəlləşdirilmiş mənzilində sahibkarlıq məqsədi ilə ticarət fəaliyyətinə icazə verilməsini xahiş etmişdir. Təqdim edilən sənədlər toplusuna və sahibkarlıq haqqında mövcud qanunvericilik aktlarına əsasən, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 558-ci məhəllə, ev 30, mənzil 13-də yaşayan vətəndaş S.S.Abdullayevaya öz şəxsi özəlləşdirilmiş mənzilində sahibkarlıq məqsədi ilə ticarət fəaliyyətinə icazə verilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 558-ci məhəllə, ev 30 ünvanında yerləşən 13 saylı mənzili İddiaçı mülkiyyətindədir. İddiaçı hazırda icra hakimiyyətinin sərəncamı və razılaşdırılmış layihə əsasında mənzilin qeyri-yaşayış sahəsinə keçirilməklə, həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir. Məhkəmə ilkin olaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 558-ci məhəllə, ev 30 ünvanında yerləşən 13 saylı mənzilin qanunvericiliyin tələblərinə uyğun olaraq qeyri-yaşayış sahəsi kimi qiymətləndirilməsinə yol verilb-verilməməsini araşdırmalıdır. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaş-dırılma-sının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyü-nün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Həmin Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli olan sənədlərin siyahısı göstərilmişdir. Bu maddəyə görə, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı). Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı belə sənədlərin olmadığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun müvafiq normalarına əsasən maraqlı şəxsə yardım etməli və ya işin həlli üçün zəruri olan əlavə sənədlərin təqdim olunmasını tələb etməlidir. Həmin Qanunun 32.2-1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Cavabdehin imtina məktubuna nəzər yetirdikdə məlum olur ki, iddiaçının müraciətinə baxılarkən iddiaçının daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün müvafiq sənədlər təqdim olunmadığına qiymət verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24.05.2010-cu il tarixli Fərmanıın 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-1-ci maddəsinə əsasən insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə görə bu Məcəllənin 79 - 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (AR Prezidentinin 04.09.2012-ci il tarixli 199 saylı Fərmanına əsasən yerli icra hakimiyyəti orqanları) tərəfindən tikintiyə icazə verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.09.2008-ci il tarixli 214 nömrəli qərarı ilə «l, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların Təsnifatı» təsdiq edilmişdir. Təsnifatda İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular İİ normal məsuliyyət səviyyəli bina və qurğular kimi müəyyən edilmişdir. Hazırki iş üzrə təqdim olunmuş sənədlərdən görünür ki, ünvan 6 ünvanında yerləşən 13 saylı mənzil İddiaçı xüsusi mülkiyyətində olması ilə bağlı rəsmiləşdirilmiş çıxarışda, həmçinin, texniki pasportda, sözügedən daşınmaz əmlakın ümumi sahəsi 52.0 kv.m təşkil etmişdir. Mübahisə predmetini təşkil edən əmlakın əvvəlki mülkiyyətçisi olan C.Abdullayevaya ünvan 6 ünvanında yerləşən 13 saylı mənzildə bir pəncərənin qapı ilə əvəz olunmasına və küçədən giriş təşkil edilməsinə icazə verilməsi ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 04 sentyabr 1997-ci il tarixdə 1456 saylı sərəncam qəbul edilmişdir. Bundan savayı isə, ünvan 7 ünvanında pəncərə oyuğunun qapı ilə əvəz olunmasına dair eskiz layihəsi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və müvafiq imza, möhürlü təsdiq edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqana təqdim edilmiş, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 04.09.1997-ci il tarixli, 1456 saylı sərəncamı və Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış qeyri-yaşayış sahəsinə dair eskiz layihəsi və mənzilin iddiaçının mülkiyyətində olmasını təsdiq edən 10.08.2011-ci il tarixli çıxarış, o cümlədən də, mövcud olan razılaşmalar və aktlar iddiaçının mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməklə, üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab edildiyindən, cavabdeh tərəfindən mübahisələndirilən daşınmaz əmlakla bağlı əlavə sənədlərin tələb edilməsi yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə zidd hesab olunur. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasinda təsdiqlənməsi tələb olunmayan sənədlərin formasi və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı göstərilən halların heç birisi hazırki iş üzrə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan qeyri-yaşayış binası üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, ünvan 6 ünvanında yerləşən 13 saylı mənzilin ümumi sahəsi 59.2 kv.m olmaqla qeyri yaşayış sahəsi kimi İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 6 ünvanında yerləşən 13 saylı mənzilin ümumi sahəsi 59.2 kv.m olmaqla qeyri-yaşayış sahəsi kimi İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyusun. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5073/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5073/2021
01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver