Məhkəmə qərarları › İş №2-1(112)-5075/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5075/2021

20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5075/2021 20.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı «keçmiş dövr üzrə müavinətin ödənilməsi»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı «keçmiş dövr üzrə müavinətin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirlir ki, iddiaçı (X3) 1992-ci yanvar ayının 2-də X5 batalyonuna könüllü olaraq daxil olmuş, 07 iyul 1992-ci il tarixdə ehtiyata buraxılmışdır. Ağdərə – Talış – Suqovuşan – Qlobus uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona müddətsiz olaraq 11 fevral 2015-cı İİ tarixli M/V 056473 nömrəli “müharibə veteranı” vəsiqəsi verilmişdir və həmin tarixdən də müharibə veteranı kimi sosial müavinət ödənilir. İddiaçı hesab edir ki, müavinət ona «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi gündən, yəni 01 yanvar 2006-cı il tarixdən ödənilməlidir. Çünki o, müharibə veteranı statusu almaq üçün uzun illər şikayət etmiş, yalnız 11 fevral 2015-ci ıl tarixdən bu statusu çətinliklə olsa da ala bilmiş və belə gecikmə onun təqsiri üzündən baş verməmişdir. «Sosial müavinətlər haqqında» AR Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriyä'şəxslərə sosial yardım göstərilməsi məqsədi ilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən edilmiş şərtlə və qaydada aylıq birdəfəlik müavinət almaq hüququna malikdir. Həmin qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş, Azərbaycan Respublikasının keçmiş prezidentinin, arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranları adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim etdikdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 saylı qərarı ilə təsdiq olunmuş «Müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim etdikdə həyata keçirilir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, döyüş əməlyatlarında iştirak etdiyindən, artıq «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranları kimi ona verilməli olan aylıq sosial müavinət, «Sosial müavinətlər haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixindən ödənilməlidir. Belə olan halda «Veteranlar haqqında» AR Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndi, «Sosial müavinətlər haqqında» AR Qanununun 9.1-ci maddəsi, İPM-nin 34.1-ci maddəsindən irəli gələn əsaslara görə onun 1 yanvar 2006-cı il tarixdən 19 avqust 2020-ci ıl tarixədək olan dövrü əhatə edən aylıq sosial müavinət almaq hüququm vardır. Onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı kimi 01 yanvar 2006-cı il tarixdən 11 fevral 2015-ci il tarixədək ödənilməmiş aylıq sosial müavinət pulunun hesablanıb ödənilməsi üçün qərar qəbul edilməlidir. Göstərilənlərə və İPM-in 2.2-ci maddəsinə əsaslanaraq, məhkəmədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı kimi ona (iddiaçıya) 01 yanvar 2006-cı il tarixdən 11 fevral 2015-ci il tarixədək ödənilməmiş aylıq sosial müavinət pulunun hesablanıb ödənilməsinə dair qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - Hesab edilir ki, İddiaçı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 11 fevral 2015-ci il tarixində 056473 nömrəli veteran vəsiqəsi verilmişdir. Vətəndaşın müraciəti və həmin veteran vəsiqəsi əsasında DSMF-nin ona müharibə veteranı statusunu aldığı vaxtdan, yəni 11.02.2015-ci il tarixdən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilmiş və əsaslı olaraq şəxsin müavinət almaq hüququnun yaranmasından əvvəlki dövr üçün müavinət ödəməkdən imtina edilmişdir. Belə ki, «Sosial müavinətlər haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Ona görə də bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Maddənin dispozisiyasından göründüyü kimi, qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüququnun yarandığı günlə şərtləndirmişdir. Bu müddəadan da göründüyü kimi, qanunverici sosial müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. 28 iyun 1994-cü il tarixli «Veteranlar haqqında» AR Qanununun 7-ci maddəsində və AR Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndində təsbit olunmuşdur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu da onu göstərir ki, vətəndaşın veteran vəsiqəsi olmadığı dövrdə, yəni 11.02.2015-ci il tarixindən əvvəlki dövrdə sözügedən sosial müavinətə hüququ yaranmamışdır. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Buna müvafiq olaraq, hazırki iş üzrə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi veteran statusu almaq hüququnun 1992-ci ildən yaranması işin mübahisəsiz halıdır, lakin iddiaçının «Veteranlar haqqında» AR Qanunun 3-cü maddəsində göstərilən fəaliyyəti həyata keçirmiş olması – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş olması onun bəhs edilən sosial müavinəti alması üçün deyil, ona veteran vəsiqəsinin verilməsi üçün hüquqi əsasdır. Həmçinin, AR Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 7 nömrəli əlavəsinin – Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının 29 may 2019-cu ilə qədər qüvvədə olan redaksiyasının 2.2ci bəndinə görə müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Həmçinin Siyahının hazırki redaksiyasında 2.33.1-ci bəndinə əsasən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti tələb olunur. Sosial müavinətin təyin olunması üçün hüquqi əsas «Veteranlar haqqında» Qanunun 7-ci maddəsində tələb olunduğu kimi veteran vəsiqəsinin təqdim olunmasıdır. Oxşar mövqe müharibə əlilinə təqaüdün ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-575/2018 saylı qərarında əsaslandırılmışdır. Həmin Qərarda hüququn yarandığı anın müəyyən olunması aşağıdakı kimi əsaslandırılmışdır: Hazırkı iş üzrə iddiaçıya Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin edilməsinə əsas Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilməsi olmuşdur. Başqa sözlə, iddiaçının Azərbaycan Respublikasının Prezidentinin təqaüdünü almaq hüququ ona üçüncü dərəcə əlillik təyin edildiyi andan yəni, 09.03.2016-cı il tarixdən yaranmışdır. Nəzərə alınsa ki, müharibə əlillərinin onların xüsusi statusuna görə aldıqları ödənişlərə hüququnun yaranması anı (müharibə əlili statusunun yarandığı an) kimi onların döyüş əməliyyatlarında iştirak etdiyi deyil, əlilliyinin rəsmiləşdirildiyi (müəyyən olunduğu) anın müəyyən olunması yanaşması müharibə veteranları üçün də tətbiq olunmalıdır. Çünki bu münasibətlər tamamilə analojidir: 1) hər iki kateqoriyadan olan şəxslərin xüsusi statusunun yaranması üçün əsas (müharibə veteram və müharibə əlili statusu) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak olmuşdur; 2) hər iki kateqoriya şəxsin statusu rəsmiləşdirilir (müharibə əlillərində – əlilliyin müəyyən edilməsi ilə bağlı TSEK qərarı ilə, müharibə veteranlarında – veteran vəsiqəsi ilə). Bütün bu faktlar birmənalı şəkildə göstərir ki, müharibə veteranlarının da xüsusi statusu – qanunvericilikdə onlar üçün müəyyən edilmiş istənilən hüquq, o cümlədən, sosial ödənişləri almağa hüquq müharibə əlillərində olduğu kimi, onların xüsusi statusunun rəsmiləşdirildiyi anda – vəsiqənin verildiyi anda yaranmış olur. Beləliklə, şərh olunan normaların əlaqəli təhlilindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlərə, aylıq müavinətlərə, təqaüdlərə hüququ yalnız şəxs tərəfindən müharibə veteranı statusu əldə edildikdən, müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra həyata keçirilir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-575/2018 saylı həmin qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli, 604 saylı Fərmanında məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasının təmin edilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı müvafiq tövsiyələr verilmişdir. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. 1 aprel 2019-cu il tarixindən etibarən müharibə veteranlarına ödənilən müavinət Prezident təqaüdü ilə əvəz olunmuşdur ki, təqaüd təyinatına görə müavinətdən tamamilə fərqlənən digər bir sosial ödəniş formasıdır. AR Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nda da təqaüdlərin əvvəlki dövr üçün ödənilməsi nəzərdə tutulmamışdır. Deməli, hazırki halda iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki dövr üçün sosial müavinət almaq hüququ istisna edilir. Buna görə də yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirlir ki, iddia təmin olunmamalıdır. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstəilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Sosial müavinətlər haqqında» AR Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 2.3-cü maddəsinə görə bu Qanunla nəzərdə tutulmuş bəzi kateqoriya şəxslərə verilən digər sosial müavinətlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən bu Qanunla aşağıdakı aylıq müavinətlər təyin edilir: dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına «Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət, beşdən çox uşağı olan qadınlara müavinət. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2005-ci il tarixli 257 nömrəli Fərmanının 1-ci bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilsin və bu məqsədlə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 759; 2002-ci il, № 12, maddə 728; 2003-cü il, № 8, maddə 438; № 9, maddə 472; 2005-ci il, № 3, maddə 162; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 03 may tarixli 234 nömrəli Fərmanı) 1-ci bəndinin doqquzuncu abzasının əvvəlində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə,” sözləri əvəz edilsin. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə qərara alınmışdır ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının “müharibə veteranı” adı və vəsiqəsi alması və ona müavinət verilməsi (vəsiqəsinin alındığı vaxtdan etibarən) işin mübahisəli hallarına aid deyil. Hazırkı inzibati mübahisə iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin «Sosial müavinətlər haqında» AR Qanununun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixdən ona “müharibə veteranı” adı və vəsiqəsinin verildiyi 11 fevral 2015-ci il tarixədək olan dövr üzrə verilməsi ilə bağlıdır. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaətinə görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi 11 fevral 2015-ci il tarixdə verilsə də, bu satusa o, əvvəllki dövrdə olan xidmətlərinə görə malik olduğundan, «Sosial müavinətlər haqqında» AR Qanununun 9.1.5-ci maddəsinə uyğun olaraq müavinətin vəsiqənin alındığı vaxtdan üç il əvvəlki dövrdən, yəni 11 fevral 2012-ci il tarixdən başlayaraq hesablanmalıdır. 11 fevral 2012-ci il tarixdən əvvəlki dövrə gəldikdə isə, məhkəmə «Sosial müavinətlər haqqında» AR Qanununun 9.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddiaçı həmiun dövr üzrə müavinət məbləğinin ödənilməsini tələb etməkdə haqlı deyil. Odur ki, cavabdeh inzibati orqanın imtinası qismən qanuna zidd və iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı müharibə veteranları üçün nəzərdə tutulan müavinətin 11 fevral 2015-ci il tarixdən əvvəlki 3 illik dövr üzrə ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulan müavinətin 11 fevral 2015-ci il tarixdən əvvəlki 3 illik dövr üzrə ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar