Məhkəmə qərarları › İş №2-1(112)-5075/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5075/2022

18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5075/2022 18.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı və digər iddiaçıların nümayəndəsi (vəkili) İddiaçı5 iştirakı ilə, İddiaçılar İddiaçı5 və qeyrilərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və piket keçirilməsinə icazə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6 və İddiaçı7 (bundan sonra – iddiaçılar) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 47ci, 49-cu maddəsində nəzərdə tutulmuş fikir və söz azadlığını, sərbəst toplaşmaq azadlığını pozan, 27 dekabr 2021-ci il tarixdə, saat 11:00-da AR Milli Məclisinin Parlament prospekti tərəfində, insanların hərəkət etmədiyi hissədə, yəni pilləkənların üstündə, tibbi maskadan istifadə etməklə və sosial məsafəni qorumaqla, 7 nəfərdən ibarət tərkibdə Mətbuata və Mediaya Azadlıq!, İfadə azadlığını boğan qanuna etiraz edirik! və sair şüarlarla 30 (otuz) dəqiqəlik piket keçirməyə icazə verilməməsinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə qərar qüvvəyə mindikdən sonra 10 (on) gün ərzində iddiaçılara AR Milli Məclisinin Parlament prospekti tərəfində, insanların hərəkət etmədiyi hissədə, yəni pilləkanların üstündə, tibbi maskadan istifadə etməklə və sosial məsafəni qorumaqla, 7 nəfərdən ibarət tərkibdə Mətbuata və Mediaya Azadlıq!, İfadə azadlığını boğan qanuna etiraz edirik! və sair şüarlarla 30 (otuz) dəqiqəlik piket keçirməyə icazə verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişlər. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı5, İddiaçı1 və İddiaçı7 ölkədə insan hüquqlarını müdafiə edən vəkillərdir. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı6 müstəqil jurnalistlərdir. 2021-ci ildə media nümayəndələri, media ekspertləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə heç bir məsləhətləşmə edilmədən yeni “Media haqqında” Qanun layihəsi birdən birə Milli Məclisin komitəsində müzakirə edilərək, Milli Məclisin iclasına çıxarılmış, 14 dekabr 2021-ci il tarixdə Milli Məclisin birinci oxunuşundan keçmiş, 20 dekabr 2021-ci il tarixdə ikinci oxunuşdan qəbul edilmişdir. Həmin qanun ölkədə böyük ictimai narazılıq doğurmuş, media nümayəndələri, media ekspertləri, vətəndaş cəmiyyətinin nümayəndələrinin kəskin etirazına səbəb olmuş, bununla bağlı bəyanatlar yayılmışdır. Həmin qanun medianın fəaliyyətini məhdudlaşdırmağı nəzərdə tutduğundan və ifadə azadlığı hüququna açıq-aşkar zidd olduğundan həmin qanunun qəbul edilməsi ölkədə media və ifadə azadlığı üçün təhlükədir. İddiaçılar bu təhlükənin qarşısını almaq, həmin qanunun qəbulunu əngəlləmək, bununla bağlı qanunverici orqanın, ölkə ictimaiyyətinin həmin qanunun gələcəkdə media, jurnalistlər və insanlar üçün təhlükəli olacağına diqqətini çəkmək üçün 27 dekabr 2021-ci il tarixdə, saat 11:00-da AR Milli Məclisinin Parlament prospekti tərəfində, insanların hərəkət etmədiyi hissədə, yəni pilləkənlərin üstündə, tibbi maskadan istifadə etməklə və sosial məsafəni qorumaqla Mətbuata və Mediaya Azadlıq!, İfadə azadlığını boğan qanuna etiraz edirik! və ssair şüarlarla 30 (otuz) dəqiqəlik piket keçirmək barədə Bakı Şəhəri İcra Hakimiyyətinə 23 dekabr 2021-ci il tarixdə ərizə göndərmişlər. Lakin Bakı Şəhəri İcra Hakimiyyəti 25 dekabr 2021-ci il tarixli, İ-900-003 saylı məktubu ilə piketə icazə verməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və digər iddiaçıların nümayəndəsi (vəkili) İddiaçı5 iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, o, öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşdən görünür ki, iddiaçılar piket keçirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıların bu müraciətini 25.12.2021-ci il tarixli, İ-900-003 nömrəli məktubla cavablandırmışdır. Həmin məktubda cavabdeh göstərmişdir ki, “koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi tətbiq edilib və bu müddət 1 mart 2022-ci il tarixinədək uzadılıb. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 336 nömrəli, 12 sentyabr 2020-ci il tarixli Qərarına əsasən respublika ərazisində xüsusi karantin rejimi müddətində bütün kütləvi tədbirlərin keçirilməsi dayandırılıb. Toplantı keçirilməsi haqqında müraciətə cavab olaraq “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İ hissəsinin tələblərinə cavab verilmədiyi bildirilmişdir. Göstərilənləri, həmçinin, mövcud epidemioloji vəziyyətlə əlaqədar, respublika ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasının qarşısında planlaşdırılan piketin keçirilməsi məqsədəuyğun hesab edilməmişdir.” İddiaçılar hazırda bu cavabın qanunsuz sayılmasını və cavabdehin üzərinə piket keçirməsinə icazə verilməsi öhdəliyinin qoyulmasını xahiş edirlər. Məhkəmə qeyd edir ki, İPM-in 35.1-ci maddəsinə görə, həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İşdən müəyyən olunur ki, iddiaçılar cavabdehin hərəkəti nəticəsində hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişlər. Belə ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən həmin Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçılar piket keçirmək üçün 23.12.2021-ci il tarixdə cavabdehə müraciət etmiş və piketin 3 gün sonra, 27.12.2021-ci il tarixdə keçiriləcəyini bildirmiş, piketin keçiriləcəyi gündən 5 iş günündən az müddətə təqdim edilmənin nə ilə bağlı olduğunu əsaslandırmamışlar. Cavabdeh də buna uyğun olaraq iddiaçıların müraciətinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olmadığını bildirmişdir. Digər tərəfdən, cavabdehin məktubundan aydın olur ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq müvafiq inzibati icraat aparılmadan, yəni toplantının yeri, vaxtı, məqsədi və s. xüsusatlar qiymətləndirilmədən qaldırılan məsələnin müsbət həlli məqsədəuyğun sayılmamışdır. Məhkəmə qeyd edir ki, dünyada yayılmış koronovirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronovirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan edilmiş, xüsusi karantin rejimi dövründə məhdudiyyətlərin 2022-ci il 1 mart saat 06:00-dək tətbiq edilməsi müəyyən edilmişdir. Aidiyyəti səlahiyyətli qurum (AR Nazirlər Kabineti) tərəfindən müvafiq qadağaların tətbiq edilməsi barədə qərar qəbul olunduğundan, iddiaçıların müraciəti üzrə cavabdeh inzibati orqanın “toplantı keçirilməsinin məqsədəmüvafiq hesab edilməməsi”ndən ibarət hərəkəti müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola biməz. Buna görə də məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar