Məhkəmə qərarları › İş №2-1(112)-5075/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5075/2023

27.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5075/2023 27.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 112 saylı evin, 56 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınsa da, cavabdeh inzibati orqan onunla kirayə müqaviləsinin bağlanmasından imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Cavabdeh Bakı şəhəri Cavabdeh iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, İddiaçı Nizami rayonu, E.Süleymanov küçəsi 112 nömrəli evin 56 saylı mənzilinə heç bir hüquqi əsası olmadığından məsələ öz müsbət həllini tapmamışdır. Belə ki, qeyd edilən ünvandakı mənzil dövlət mənzil fonduna aid olub, Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Yuxarıda qeyd edilən ünvandakı mənzil 08 iyun 1971-ci il tarixli 109051 saylı orderə əsasən orderə əsasən X5 məxsus olmuşdur. O, 1994-cü ildə vəfat etdikdən sonra həmin mənzilə Laçın rayonundan məcburi köçkün X8 və onun övladı Əsgərova (Səfərova) Nigar Həkimxan qızı məskunlaşmış və müvəqqəti olaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Bakı şəhər Nizami rayon sektoru tərəfindən həmin ünvana qeydiyyata alınmışlar. Sonra isə İ.S.Məmmədova E.Süleymanov küçəsi 116-58 ünvanında (qeyri-yaşayış) qeydiyyata alınıblar. Məcburi köçkünlər öz evlərinə qayıtdıqdan sonra mənzillə bağlı bütün hüquqi prossedurlar həyata keçiriləcəkdir. Tərəflərin iştirakı və izahatları: Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş orderdən görünür ki, həmin order əsasında ünvan 3 ünvanında yerləşən mənzil X5 verilmişdir. 57 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışına əsasən Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 112 saylı binanın 56 saylı mənzili dövlət mənzil fonduna aiddir, şəxsi mülk deyil və Nizami rayon mənzil kommunal təsərrüfat birliyinin balansındadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin sorğuya cavab məktubundan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdən ünvan 4 ünvanında, xx.xx.2021-ci il tarixdən ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 112, 56 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Nizami rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 112, mənzil 56, 08 iyun 1971-ci il tarixli 109051 saylı orderə əsasən X7 adındadır. Sözügedən mənzilə aid 57 saylı MKİS-də kiminsə adına kirayə müqaviləsi yoxdur. İddiaçı xx.xx.2021-ci il tarixli 4 saylı Asan xidmətin verdiyi şəxsiyyət vəsiqəsinə əsasən E.Süleymanov küçəsi 112, mənzil 56da pasport qeydiyyatdadır. İddiaçı sözügedən mənzildə yaşayış-yaşamamasının müəyyən edilməsi üçün baxış keçirilmiş və şəxsin həmin mənzildə yaşamağı müəyyən olunmamışdır. Hal-hazırda sözügedən mənzildə Laçın rayonundan məcburi köçkün xx.xx.1967-ci il təvəllüdlü X8 və xx.xx.1992-ci il təvəllüdlü X4 məcburi köçkün kimi yaşayırlar. 57 saylı MKİS-də İddiaçı ailə üzvlərinin X10 ilə birgə yaşaması barədə heç bir məlumat yoxdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır; 51-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir; 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə həmçinin, diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.4-cü maddəsinə əsasən, uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir; 51.5-ci maddəsinə əsasən, uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir; 51.6-cı maddəsinə əsasən, uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir; 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1 bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2 müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3 bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə əsasən, Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır; 53.3-cü maddəsinə əsasən, uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə də rəhbər tutaraq hesab edir ki, iddiaçının adına kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd, o cümlədən yaşayış sahəsinə köçmə əsası kimi order olmadığından, iddiaçı “kirayə müqaviləsinin bağlanması” barədə iddiası əsaslı hesab edə bilməz. İddiaçının mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşaması da onun hazırkı müzakirə edilən hüquqi statusuna əlverişli təsir göstərmir. Bununla bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli Qərarının da müvafiq müddəalarının qeyd edilməsi zəruridir. Qərardan da göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi yaşayış yeri üzrə şəxsin qeydiyyatı ancaq qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi nəticə yarada bilməsi nəzərdə tutulmuşdur ki, qanunvericiliklə də qeydiyyatın şəxsə hər hansı mülkiyyət hüquq verməsi nəzərdə tutulmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-226/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İddiaçının mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşaması da onun hazırkı müzakirə edilən hüquqi statusuna əlverişli təsir göstərmir. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır” Məhkəmə xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab edir ki, mübahisə predmetini təşkil edən mənzil ilə bağlı X11 adına verilmiş order aşkar olunmudur. Nəzərə alınmalıdır ki, həmin şəxs hal hazırda vəfat etsə də, iddiaçının yalnız yaşayış sahəsində qeydiyyatda olması əsası mənzilə kirayə müqaviləsinin bağlanılmasını tələb etmək hüququ olmamışdır. Belə ki, 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54 və 85-ci maddələrinin birgə təhli onu deməyə əsas verir ki, hazırkı iddia tələbinin təmin olunması o halda mümkün ola bilərdi ki, iddiaçı mənzilin icarədarı (X11) ilə mübahisəli mənzildə birgə yaşayıb, onunla birgə təsərrüfat aparmaqla icarədarın ailə üzvü hesab olunsun. Çünki, mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53- cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Eyni zamanda Mənzil Məcəlləsinin (köhnə redaksiya) 85-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı öldüyü halda (iddiaçı da məhz bu əsasla icarə müqaviləsinin onunla bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir) yalnız icarədarın ailə üzvləri icarə müqaviləsinin onunla bağlanmasını tələb edə bilər. Beləliklə, iddiaçının sözügedən yaşayış sahəsinin əvvəlki icarədarının ailə üzvü olması, o cümlədən həmin şəxs ilə birgə təsərrüfat aparması sübuta yetirilmədiyindən, mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması mümkün deyil. Məhkəmə, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-400/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarını əsas gətirir. Həmin qərarda qeyd olunmuşdur ki, “iddiaçının hazırki tələbinin təmin olunması üçün sözügedən mənzilin keçmiş icarədarı X2 ilə (order adına olduğu bildirilsə də, bu barədə order təqdim olunmamışdır) birgə yaşayıb, onunla ümumi təsərrüfat aparmasını təsdiq edən subutları təqdim etməsi zəruridir. Kollegiya apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının sözügedən mənzildə təqdim etdiyi sənədlərə əsasən, onun 2021-ci ildən sonra mənzildə qeydiyyatda olması və mənzilə dair kirayə haqqını 2017-ci ildən sonra ödəməsi müəyyən olunur ki, bu da onun mənzilin keçmiş icarədarı X1 sağlığında onunla birlikdə həmin mənzildə yaşayıb, onunla birgə təsərrüfat aparması, beləliklə də icarədarın ailə üzvü hesab olunması anlamına gəlməyə əsas vermir. Beləliklə də, iddiaçının sözügedən yaşayış sahəsinin əvvəlki icarədarının ailə üzvü olması sübuta yetirilmədiyindən, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından kollegiya hesab edir ki, iddiaçının tələbinin təmin olunmasından cavabdehin imtinası qanuna zidd olmamışdır. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi məzmunda öhdəliyin qoyulmasını istisna edir.” Göründüyü kimi oxşar iş üzrə kassasiya instansiya məhkəməsinin mövqeyi məhz o istiqamətdə olmuşdur ki, icarədarın vəfatından sonra şəxs yalnız o zaman kirayə müqaviləsini tələb etmək hüququna malik olur ki, əgər həmin şəxs icarədarın ailə üzvü olmaqla, onun birgə təsərrüfat aparsın. Hazırki mərhələdə bu halların heç biri müəyyən olunmadığından, həmçinin iddiaçının mənzilə dair hüququmüəyyənedici sənədlərə malik olması aşkar olunmadığından, cavabdehin imtinası əsaslı olmuşdur. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı hal-hazırda yaşayış yeri üzrə qeydiyyatda olsa da, iddia olunan mənzildə məcburi köçkünlər məskunlaşmışdır. Beləliklə cavabdeh iddiaçının müraciətinin müsbət icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar