Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5075/2024 25.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Türkiyə Respublikasının Atatürk Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 73938 saylı diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildə Türkiyə Respublikasının Atatürk Universitetinin Qiyabi və Distant Təhsil fakültəsinə İctamaiyyətlə əlaqələr və təbliğat ixtisasına daxil olmuşdur. 2023-cü ildə təhsilini uğurla başa vurduqdan sonra ona xx.xx.2023-cü il tarixli, 73938 saylı bakalavr diplomu və həmin diploma eyni tarixli 81694 saylı əlavə verilmişdir. O, cavabdehə qeyd olunan diplomun ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən distant təhsil forması üzrə təhsil aldığım, lakin Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində distant təhsil alma formasının nəzərdə tutulmadığı bildirilmiş və bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarımn tanınması Qaydalar”nın 4.1.5-ci bəndinə əsasən müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasından imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. Qeyd etmək istəyirik ki, “Təhsil haqqında" AR Qanununun 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: -əyani; -qiyabi; -distant (məsafədən); -sərbəst (eksternat). Göründüyü kimi Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanunun 13-cü maddəsində təhsilalma formaları arasında “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması müəyyən edilməmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, “açıköğretim” təhsil forması qeyri-ənənəvi təhsil formasıdır.Türkiyə Cümhuriyyətinin “X3 haqqında qanunun 8-ci maddəsinə əsasən imkanlar daxilində a) ali təhsildə çap edilmiş tədris alətləri, kasetlər, videolar, lentlər, lentlər və filmlər, b) Radio və televiziya c) oxşar avadanlıq və sistemlərdən istifadə olunur. Qeyd olununan maddəyə əsasən məlum olur ki, tələbə tədris zamanı hər hansı dərs ixtisas dərsi tədris edilmədən, göndərilmiş materillar əsasında diplom əldə edir. “Açıköğretim" təhsil forması beynəlxalaq təcrübədə modul tipli təhsil formasına uyğundur. Sözügedən təhsil Azərbaycan Respublikası qanunvericilik sistemində mövcud deyildir. Həmçinin bu hal ilə bağlı Türkiyə Respublikası qanunvericiliyində də “açıköğretim" və “distant" təhslin fərqli anlayışlar olduğu qeyd olunmuşdur.“Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarının tanınması (nostrifikasiya) Qaydalarf’nın 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Qüvvədə olan qaydaların 4.1.5-ci bəndinə əsasən Milli Kvalifıkasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aid edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən, bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmaması xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsasdır. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı Türkiyə Respublikasının Atatürk Universiteti tərəfindən verilmiş bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Türkiyə Respublikası “Atatürk Universiteti”nin xx.xx.2023-cü il tarixdə verilmiş 73938 nömrəli bakalavr diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı ictimaiyyətlə əlaqələr və təqdimat ixtisası üzrə bakalvr dərəcəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Türkiyə Respublikası “Atatürk Universiteti”nin xx.xx.2020-ci il tarixdə verilmiş 81694 nömrəli diploma əlavədən görünür ki, İddiaçı “İctimaiyyətlə əlaqələr və təbliğat” ixtisası üzrə açıq təhsil formasında 4 il müddəti olmaqla bakalavr dərəcəsi verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli 3-38-33/2-101/24 nömrəli məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı 2015-2023-cü illər ərzində dövlət sərhədindən Gürcüstan istiqamətində hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2015 Çıxış xx.xx.2015 Giriş xx.xx.2016 Çıxış xx.xx.2016 Giriş xx.xx.2016 Çıxış xx.xx.2016 Giriş xx.xx.2017 Çıxış xx.xx.2017 Giriş xx.xx.2017 Çıxış xx.xx.2017 Giriş xx.xx.2018 Çıxış xx.xx.2018 Giriş xx.xx.2018 Çıxış xx.xx.2018 Giriş xx.xx.2019 Çıxış xx.xx.2019 Giriş Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2023-cü il tarixli, NA00019734 nömrəli qərarından görünür ki, ərizəçinin müraciətinə baxılaraq onun bakalavriat səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsil əldə etmədiyi müəyyən edilmişdir. Belə ki, ərizəçinin bütün təlim müddəti ərzində vasitəsilə təhsil aldığı "açık öğretim" təhsilalma forması ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid deyildir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.5-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aiddir. Bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ənənəvi təlim metodlarına əsaslanan təhsilalma forması olaraq "əyani" və "qiyabi" təhsilalma formaları müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilsin. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2023-cü il tarixli imtina cavabından sonra iddia ərizəsini xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etməklə, 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından görünür ki, iddiaçı Türkiyə Respublikasının Atatürk Universitetinin Qiyabi və Distant Təhsil fakültəsinin İctamaiyyətlə əlaqələr və təbliğat ixtisası üzrə 2015- 2023-cü illərdə bakalavr pilləsində açıköyrətim təhsil formasında təhsil almış, ona təhsilini başa vurmaq barədə xx.xx.2023-cü il tarixli, 73938 saylı bakalavr diplomu verilmişdir. İddiaçı aldığı təhsil üzrə ixtisasının öllkədə tanınamsı ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən “açık öyrətim” təhsilalma formasının ənənəvi təlim metodlarına əsaslanan təhsilalma forması olmadığını əsas gətirərək müracitəin təminindən imtina edillmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasının əsassızlığını və ona verilmiş bakalavr diplomu üzrə ixtisasın tanınması barədə qərar qəbul edilməsini mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinasını əsaslı hesab edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun aşağıdakı maddələrinə əsasən: -13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). -22.4. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. -29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; -44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı 3 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən: - 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən edir. -1.2. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. -1.3.Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. - 3. Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. İlk növbədə ərizəçinin təqdim etdiyi sənədlərin rəsmi məlumat mənbələri (Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri, təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə, xarici ölkələrin aidiyyəti dövlət orqanlarının informasiya sistemləri, xarici ölkələrin ali təhsil müəssisələrinin ali təhsilə dair məlumat bazaları və s.) vasitəsilə doğruluğu müəyyən edilir. Apostil reyestri mövcud olan ölkələr tərəfindən verilmiş apostil şəhadətnaməsinin (möhürünün) həqiqiliyi həmin reyestr vasitəsilə yoxlanılır. Ərizəçinin müraciətinə baxılması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq aşağıdakı məlumatların yoxlanılması məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına sorğular edilir: ərizəçinin fərdi məlumatlarındakı (adı, soyadı, atasının adı, yaşayış ünvanı, qeydiyyat ünvanı, vətəndaşlığı və s.) dəyişiklik; ərizəçinin təhsilalma tarixi; ərizəçinin hərbi mükəlləfiyyəti; ərizəçinin əmək fəaliyyəti; ərizəçinin sərhədkeçmə qeydiyyatı. -3.6. Agentlik tanınma üçün yerli və xarici müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edə bilər. -3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. -3.9. Bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. -3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. -3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. -4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta xtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli, 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi Qaydaları” 1.5. Magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” 1.6....Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2010-cu il tarixli, 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları” nın aşağıdakı bəndlərinə əsasən: -4. Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir. -5.4. ali təhsil pilləsi üzrə: bakalavriat səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), əsas (baza ali) tibb təhsili səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime); magistratura səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, rezidentura səviyyəsində - əyani; doktorantura səviyyəsində - əyani; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti"nin 1.5-ci bəndinə görə ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrıayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: -3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. -3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. -3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Hazırkı iş üzrə iddiamının diploma əlavəsindən görünür ki, iddiaçı təhsili “açıq öyrətim” formasında almışdır. Açıq öyrətim ali təhsil qurumlarında üz-üzrə və distant təhsil istisna olmaqla, tələbələrin və müəllimlərin məkandan asılı olmayaraq qarşılıqlı əlaqəsi və ünsiyyəti olmadan həyata keçirilən təhsil formasıdır. Tələbə tədris zamanı hər hansı dərs, ixtisas dərsi tədris edilmədən, göndərilmiş materiallar əsasında diplom əldə edir. “Distant (məsafədən)” təhsil isə ali təhsil müəssisələrində təlim-tədris prosesinin informasiya və kommunikasiya texnologiyaları əsasında planlaşdırıldığı və həyata keçirildiyi, tələbə ilə müəllimin və tələbələrin öz aralarında qarşılıqlı ünsiyyəti/əlaqəsi əsasında dərslərin şəxsən müəllim tərəfindən eyni mühitdə olma zərurəti olmadan ancaq sinxron şəkildə keçirildiyi təlim-tədris formasıdır. Açıq öyrətim distant təhsilalma formasından fərqli olaraq özündə təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətini ehtiva etmir. Elə bu səbəbdən həm də açıq öyrətim distant təhsilin xüsusi forması kimi də qəbul edilə bilməz. Göründüyü kimi, “açık öyrətim” təhsil “distant (məsafədən)” təhsil ilə eyni olmamaqla fərqli təhsilalma formalarıdır Qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə “açıqöyrətim” formasında xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. “Təhsil haqqında” Qanunun 13-cü maddəsində əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma forması müəyyən edilmişdir, yəni təhsil qanunvericiliyində “açıq öyrətim” təhsilalma forması nəzərdə tutmamışdır Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlarda iddiaçının Türkiyə Respublikasında təhsil aldığı “açıq öyrətim” təhsil forması nəzərdə tutulmamışdır. Distant təhsil və açıq öyrətim təhsil fərqli təhsilalma formaları olduğundan və Azərbaycan Respublikasının təhsil qanunvericiliyində açıq öyrətim təhsilalma forması nəzərdə tutulmadığından iddiaçının açıq öyrətim təhsil formasında aldığı diplomun tanınması və ekvivalentliyi haqqında iddiası təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, hazrıkı iş üzrə gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2312/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarındakı mövqeyinə uyğundur. Beləliklə, cavabdeh orqanın iddiaçının müraciətin təminindən imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Təhsildə X2rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5075/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5075/2024
25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver