Məhkəmə qərarları › İş №2-1(112)-5076/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5076/2020

11.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5076/2020 11.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi, Şükürov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsi X4 və Cavabdeh X1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə və X3 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə və X3 qarşı X1 adına verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o və ailə üzvləri Zəngilan rayonundan olan məcburi köçkün ailəsi kimi 1993-cü ilin oktyabr ayından ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasında məskunlaşmışlar. Bir müddət əvvəl X5 həmin qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu bildirərək məhkəmə qaydasında iddiaçının ailə üzvləri ilə birlikdə oradan çıxmasını tələb etmişdir. Hesab edir ki, K.Musayev həmin qeyri-yaşayış sahəsini qanunsuz olaraq özəlləşdirmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşadığına görə bu hal onların hüquqlarını pozur. Onların yaşamağa yerləri yoxdur, dövlət onları yaşayış sahəsi ilə təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehlərə göndərilmiş, iddianın mümkünlüyü məsələsinə baxılması ilə əlaqədar məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verib, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsi T.Yeganlı məhkəmə iclasında iddiaya etiraz ərizəsini təqdim edib, etiraza uyğun məzmunda izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən X1 adına verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamələr əsasında xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Kons-titusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mübahisəli daşınmaz əmlak hüquqi sənədlər əsasında və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq X1 adına qeydiyyatdan keçirilmişdir. Cavabdeh idarənin nümayəndəsi göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Cavabdeh K.Musayev xx.xx.2020-ci il tarixdə məhkəmənin dəftərxanasına iddiaya etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının və ailəsinin qanunsuz olaraq yaşadığı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 1992-ci ildən K.Musayevin icarəsində olmuşdur. Sonra xx.xx.1995-ci il tarixli qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”na əsasən özəlləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə əsasən özəlləşdirilən həmin qeyri-yaşayış sahəsinin yerləşdiyii torpaq sahəsi 1998-ci il tarixdə tərəfindən satın alınaraq mülkiyyət hüququ ilə dövlət qeydiyyatından keçirilmişdir. Qeyd edilən özəlləşdirmə proqramına 1 saylı əlavənin birinci bəndində özəlləşdirilməsi qadağan edilən müəssisə və obyektlərin siyahısında məcburi köçkünlərin məskunlaşdığı obyektlər nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının 3-cü bəndində qeyd edilir ki, qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşadıqları ictimai binaların və mənzillərin özəlləşdirilməsinin müvəqqəti dayandırılması məsələsinə baxılması, işğaldan azad edilmiş ərazilərdə dövlət əmlakının məcburi köçkünlər üçün pulsuz özəlləşdirilməsinin təmin edilməsi məsələsinə baxılması Nazirlər Kabinetinə, Dövlət Əmlak Komitəsinə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, şəhər və rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1999-cu il tarixli 200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması” Qaydasının 4-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır. Yəni, yuxarıda qeyd edilən həm Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, həm də Nazirlər Kabinetinin Qərarı qəbul edilənə qədər artıq həmin qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən özəlləşdirilmiş və həmin sahənin yerləşdiyi torpaq sahəsi isə dövlətdən satın alınmışdır. Cavabdeh qeyri-yaşayış sahəsini özəlləşdirən vaxt İddiaçı qonşuluqdakı binada yaşayırdı. Daha sonra gecə vaxtı oranı tərk edib cavabdehə məxsus qeyri-yaşayış sahəsinə girməklə oranı qanunsuz zəbt etmişdir. K.Musayev İddiaçı və ailəsinin həmin sahədən çıxarılması ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırmış və xx.xx.2019-cu il tarixli qətnamə ilə iddiası təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qətnamənin icrası ilə bağlı icra məmuru tərəfindən İddiaçı və ailə üzvlərinin adlarına hər hansı yaşayış sahəsinin olub-olmaması ilə bağlı sorğu verildikdə məlum olmuş ki, İddiaçı həyat yoldaşı İradə İsmayılovanın adına Xırdalan şəhərində, qızı Ruhanə Göyüşovanın adına isə Nərimanov rayonunda mənzillər var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 65 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” qaydasının 2.11.2-ci bəndində qeyd olunur ki, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) yeni yaşayış sahəsi verilmir. Bu səbəbdən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı və ailə üzvlərinə ev verilməyəcəyi şəklində cavab verilmişdir. Yəni İddiaçı 2015-ci ilə qədər həmin sahədə yaşamasını ona dövlət tərəfindən mənzil verilməməsi ilə əsaslandırsa da 2015-ci ildən sonrakı dövrdə artıq dövlət tərəfindən ona mənzil verilməyəcəyi nəzərə alınsa İddiaçı oradan çıxmamasının yeganə məqsədi həmin sahəni cavabdehə satdırmaqdır. Yuxarıda göstərilənlərlə yanaşı, hazırkı iddianın mümkünlüyü məsələsinin həllində, həmçinin, məhkəmə aidiyyəti məsələsinə diqqət yetirilməlidir. AR Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2014-cü il tarixli qərarı nəzərə alaraq, hazırkı mübahisə əmlak hüquqları ilə bağlı yarandığından və mübahisə predmeti olan hüquqların dövlət qeydiyyatından çıxarış alqı-satqı müqaviləsinin nəticəsi olduğundan hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. İddiaçının həmin sahə ilə bağlı heç bir subyektiv hüququ olmadığı kimi, hazırkı iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Subyektiv hüquq hər hansı bir şəxsin (idarəetmənin bir qolu olan inzibati orqanın deyil) qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə bir tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara, xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də adi qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Hazırkı halda isə iddiaçı nə Konstitusiya ilə, nə qanunlarla, nə də ki, digər normativ hüquqi aktlarla həmin sahəyə dair hər hansı subyektiv hüququnun olmasını əsaslandırmır. Məhkəmə iclasında cavabdeh K.Musayevin nümayəndəsi və vəkili V.Ramazanov iddiaya etiraza uyğun məzmunda izahat verib, iddiaçının subyektiv hüququnun olmaması, həmçinin məhkəmə adiyyətinin pozulmasına görə iddianın qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün hesab edilmir. Belə ki, inzibati məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. Qeyd edilməlidir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış o vaxt mübahisələndirilə bilər ki, ona əsas verən hüquqmüəyyənedici sənədlər ləğv və ya məhkəmə qayda-sında etibarsız hesab edilsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Kons-titusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli qərarında gəldiyi nəticəyə görə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış şəxsin mülkiyyət hüququnu faktiki olaraq onun adına əmla-kın DƏDRX-də qeydiyyatını əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Azərbay-can Respub-li-kası Əmlak Məsə--lə--ləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmə-ti-nin 1 saylı Bakı ərazi idarəsi inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci mad-də--lərinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmla-kın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ pre-zump-siyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Konstitusiya Məhkəməsinin Plenumunun gəldiyi nəticəyə görə: -Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərə-findən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyin-dən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. -DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki iş üzrə araşdırılmış sübutlardan məlum olur ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və qeyri-yaşayış binası Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən X1 adına xx.xx.2005-ci il tarixdə verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamələr əsasında xx.xx.2011-ci il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Göründüyü kimi, qeyd olunan daşınmaz əmlak dövlət əmlakının özəlləşdirilməsi qaydalarına uyğun K.Musayevin mülkiyyətinə keçmiş və bunun əsasında dövlət qeydiyyatına alındığından, bu barədə çıxarışın verilməsi cavabdeh DƏRDX-nin 1 saylı Bakı ərazi idarəsinin hərəkət və hərəkətsizliyi ilə bağlı olmamışdır. Bundan əlavə, hazırki işin faktiki və mübahisə edilməyən hallarından məlum olur ki, İddiaçı mübahisələndirdiyi çıxarışın verildiyi qeyri-yaşayış sahəsi üzərində heç bir hüququ yoxdur və həmin qeyri-yaşayış sahəsində Zəngilan rayonundan olan məcburi köçkün kimi müvəqqəti olaraq məskunlaşmışdır. Buna görə də İddiaçı hazırki iddia ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ da yaranmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respub-likası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddə-sinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olun-ması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquq-larının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddə-sinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə və X3 qarşı çıxarışın ləğv edilməsi haqqında iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. Hakim Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar