Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5076/2025 11.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı mənzil kirayəsi haqqında sənədin ləğv edilməsi və onun adına yeni mənzil kirayə müqaviləsinin bağlanması barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı ünvan 2 ünvanındakı özbaşına tikilinin Maraqlı şəxs adına olan şəxsi hesabı və mənzil kirayəsi haqqında olan 17509 saylı, xx.xx.2012-ci il tarixli sənədin ləğv olunması və onun adına yeni mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “Bibiheybət” Neft və Qazçıxarma İdarəsində uzun müddət işləmişdir. Həmin İdarənin verdiyi təqdimat əsasında Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 30 saylı sərəncamı ilə ev almışdır. Əmircan qəsəbəsi, Bazar küçəsi (Malik Mustafayev), ev 16 ünvanında yerləşən həmin mənzilə dair ona xx.xx.2006-cı il tarixli, 002351 saylı order verilmişdir. 2010-cu ildə o, həmin mənzili özəlləşdirmiş və xx.xx.2011-ci il tarixdə X1. Həmin pulla ünvan 2 ünvanındakı özbaşına tikilini X2 almış və tikilinin kirayəçisi kimi şəxsi hesab vərəqəsini oğlu Maraqlı şəxs adına yazdırmışdır. 2016-cı ildə Samir onun yaxın qohumu Könül adlı şəxslə ailə həyatı qurmuşdur. Beləliklə, o, oğlu və gəlini ilə birlikdə həmin evdə yaşamağa başlamışlar. 2011ci ildə oğlu evdən getmiş, onu və arvadını atmışdır. Artıq 3 ildən artıqdır ki, onlarla birgə yaşamırlar. Könül ilə o, bir şəkildə kommunal xidmətləri ödəyir, dolanırlar. Könülün getməyə başqa yeri yoxdur, onunla yaşayır, Könül ona qızı kimi baxır, qayğısına qalır. 2021-ci ilin aprelində Maraqlı şəxs ilə Könül rəsmi olaraq boşanmışlar. O, nə evə gəlir, nə də, bir məlumat verir. Evin bütün xərclərini özü çəkir, özü kommunal xərcləri ödəyir. Bütün bunları nəzərə alaraq, ərazi üzrə Səbail rayonu 149 saylı Mənzil Kommunal İstismarı Sahəsinə müraciət etmişdir. İdarənin cavabını iddia ərizəsinə əlavə edir. Cavabda qeyd edilmişdir ki, məişət tullantılarının daşınma haqqını ödəmək üçün olan 17509 nömrəli məlumat vərəqəsinin onun adına dəyişdirilməsi üçün Samirin razılıq ərizəsi lazımdır. Həmin cavab tamamilə əsassızdır. Bununla bağlı məhkəməyə müraciət etmiş, iddia tələbi ev özbaşına tikili olduğundan təmin edilməmişdir. Lakin, qətnamənin 2-ci vərəqəsinin 8-ci və 9-cu abzaslarında qeyd edilir ki, ev Mirzəyeva Sevincin istifadəsində olmuş, iddiaçı Əmircandakı evini sataraq bu mənzili almış, şəxsi hesab vərəqini oğlunun adına dəyişdirmişdir. Qətnamənin 4-cü vərəqinin 4-cü abzasında qeyd olunur ki, “... iddiaçının göstərdiyi kimi, cavabdeh artıq həmin evdən köçüb getmişsə və kommunal xidmətlərlə bağlı ödənişlər iddiaçı tərəfindən həyata keçirilirsə, o, bu barədə Mənzil-İstismar sahəsinə müraciət etməklə kommunal xidmətləri ödəyən şəxs kimi öz adını qeyd etdirə bilər”. Göründüyü kimi, o, məhkəmənin tövsiyəsi ilə MİS-nə müraciət etmiş, lakin, onlara əsassız, qanunsuz və qərəzli cavab verilmişdir. Bunddan başqa, Maraqlı şəxs onlara qarşı məhkəmədə fərdi yaşayış evindən çıxarılma barədə iddia qaldırsa da, məhkəmə tərəfindən iddia tələbi təmin edilməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh məhkəməyə etiraz təqdim edərək iddianının mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, İddiaçı yaşayış sahəsinə dair sənədlərdə dəyişiklik edilməsi barədə eyni məzmunlu ərizə ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, 3-52-13/2-İ-xx-xx/2024 saylı məktubla onun ərizəsinə cavab verilmişdir ki, “Yaşayış sahəsinə kirayə müqaviləsinin dəyişdirilməsi barədə müraciətnə baxılmışdır. Bildirilir ki, ünvan 3 ünvanında yerləşən 2/3 saylı mənzil özbaşına tikili olmaqla dövlət mənzil fonduna aid olmadığından xahişinin təmin edilməsi mümkün olmamışdır. İddiaçı qeyd edilən ərizəsi araşdırılarkən məlum olmuşdur ki, onun yaşayış sahəsi kimi istifadə etdiyi tikili özbaşına tikilidir, həmin tikiliyə aid heç bir icazə sənədi aşkar edilməmişdir. Hətta onun şəxsiyyət vəsiqəsində həmin ünvan V.Muradov kçəsi, ev 19, mənzil 2/3 kimi göstərilsə də, digər sənədlərdə ünvan Səbail rayonu, Bayıl qəsəbəsi, A.İsmayılov küçəsi, ev 31 kimi qeyd edilmişdir. İddiaçı qaldırdığı məsələ ilə bağlı Departamentə ünvanladığı ərizədə, habelə iddia ərizəsində özü də, etiraz etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 30 saylı sərəncamına əsasən xx.xx.2006cı il tarilxi, 002351 saylı orderlə ünvan 6 ünvanında mənzil almışdır. Həmin mənzili sataraq Səbail rayonu, Bayıl qəsəbəsi, A.İsmayılov küçəsi, ev 31 ünvanındakı özbaşına tikilini almışdır. Onun istinad etdiyi digər sənədlər isə bərk məişət tullantılarının yığılmasına, daşınmasına və zərərsizləşdirimləsinə görə xidmət haqqının toplanması məqsədi ilə mənzil-kommunal istismar sahələrində aparılan qeyri-rəsmi daxili uçot-məlumat sənədləridir. Heç bir hüquqmüəyyənedici əhəmiyyət daşımır. Həmçinin, iddiaçının sözügedən yaşayış sahəsində qeydiyyatda olması da, mənzil üzərində hüquqların yaranmasına, onun hüquqi statusuna təsir göstərmir. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti “Bakı şəhəri mənzil-kommunal təsərrüfatını idarəetmə sisteminin təkmilləşdirmək tədbirləri haqqqında” Bakı şəhəri İcra Hakimiyyəti başçısının 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamına uyğun olaraq vahid dövlət idarəetmə orqanı kimi yaradılmışdır və Departamentin Nizamnaməsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 154 saylı sərəncamının 1 №-li əlavəsi ilə təsdiq edilmişdir. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2001-ci il tarixli, 118/1 saylı sərəncamı ilə təsdiq edilmiş “Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Əsasnaməsi”nə əsasən Birlik, qismən büdcədən maliyyələşdirilməklə təsərrüfat hesabı əsasında fəaliyyətini həyata keçirir, ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyən edilmiş hədlərdə təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir, müstəqil balansa malik olan hüquqi şəxsdir. İddiaçı ünvan 2 və ya Səbail rayonu, V.Muradov küçəsi, ev 19 ünvanınında yerləşən 2/3 saylı mənzilin sənədləşdirilməsi barədə iddia ərizəsində iddiaçı tərəfindən göstərilən dəlillər tamamilə əsassız olmaqla mənzil qanunvericiliyinin tələblərinə ziddir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin məzmunundan göründüyü kimi, iddiaçı hazırki iddia tələbində mübahisəli fərdi yaşayış evinə dair cavabdehlə onun arasında kirayə müqaviləsinin bağlanmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının tələbi ilə bağlı ilk öncə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 48.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilmir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.2-1. Bu Məcəllənin 48.1-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli, 153 nömrəli Fərmanının: Bənd 2. Müəyyən edilsin ki: Bənd 2.3. həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti “Bakı şəhəri mənzilkommunal təsərrüfatını idarəetmə sisteminin təkmilləşdirmək tədbirləri haqqqında” Bakı şəhəri İcra Hakimiyyəti başçısının 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamına uyğun olaraq vahid dövlət idarəetmə orqanı kimi yaradılmışdır və Departamentin Nizamnaməsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 154 saylı sərəncamının 1 №li əlavəsi ilə təsdiq edilmişdir. Qüvvədə olan qanunvericiliyin normalarından tələblərindən göründüyü kimi, sosial kirayə müqavilələri əsasında yaşayış sahələri Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlıl vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondundan yaşayış sahələri verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanına) və ya bələdiyyə orqanına təqdim etdikəri ərizələri əsasında əsasında həmin orqan tərəfindən həyata keçirilir. Hazırki işin hallarının araşdırılmasından müəyyən edilmişdir ki, iddiaçının onunla kirayə müqaviləsinin bağlanmasını xahiş etdiyi mübahisəli tikili özbaşına tikilidir, həmin tikili nə yerli icra hakimiyyəti orqanının, nə də ki, bələdiyyənin balansında deyil. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, iddiaçının sözügedən öz başına tikiliyə dair kirayə müqaviləsinin bağlanması barədə tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə eləcə də, qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin digər hissəsində mənzil kirayəçisi haqqında məlumat barədə 149 saylı MKİS-də tərtib edilmiş daxili uçotməlumat sənədi mübahisələndirilir ki, həmin sənəd inzibati akt olmayıb, bərk məişət tullantılarını yığılmasına, daşınmasına və zərərsizləşdirilməsinə görə xidmət haqqının toplanması məqsədi ilə mənzil-kommunal istismar sahələrində aparılan uçot-məlumat xarakterli sənəddir və həmin sənədin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi qeyri-mümkündür. Belə ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarətmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi akt qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.2.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr ayaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -hakimiyyət tədbiri olmalıdır. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da, hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Yəni xaricə ünvanlanmaqla tənzimləmə xüsusiyyəti daşıyır. İddiaçının hazırda mübahisələndirdiyi mənzil kirayəsi haqqında sənəd isə, yuxarıda sadalanan xüsusiyyətlərdən məhrum olmaqla, uçot-məlumat xarakterinə malikdir. Məhkəmə həmçinin, hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağını nəzərə alaraq iddiaçıya izah edir ki, o, məişət tullantılarının daşınması ilə bağlı adına məlumat vərəqəsinin tərtib edilməsindən imtina edilməsi ilə bağlı 149 saylı Mənzil- Kommunal İstismarı Sahəsinə qarşı iddia tələbi qaldıraraq pozulmasını ehtimal etdiyi hüquqlarını inzibati məhkəmə qaydasında mübahisələndirə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5076/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5076/2025
11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver