Məhkəmə qərarları › İş №2-1(112)-5078/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5078/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5078/2022 10.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 980,30 manat dövlət vəsaitinin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsinin 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyaçısı vəfat etdikdə ona təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi onun vəfat etdiyi gündən dayandırılır. Araşdırma zamanı məlum olmuşdur ki, Aytən Abdullayevə mərhum bibisinin ölümü haqqında məlumatı, həmçinin ölüm haqqında şəhadətnaməni vaxtında Mərkəzi Filiala təqdim etmədiyindən 2020-ci ilin mart (vəfat etdiyi gündən həmin ayın sonuncu gününədək), aprel və may ayları üzrə əmək pensiyası mərhuma məxsus kart hesabına tam məbləğdə köçürülmüş, müvafiq kart hesabından 1580,30 (bır min beş yüz səksən manat otuz qəpik) manat pul vəsaiti götürülmüşdür. Cavabdeh Mərkəzi Filiala dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında" Qanunun 42.2-cı maddəsinə uyğun olaraq ona ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1580,30 manat məbləğindən çıxılmış, qalan 980,30 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. İdarə tərəfindən Cavabdeh yaranmış qalıq 980,30 manat borcu DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə 08.05.2021 -ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq tədbirlər görüləcəyi bildirilmişdir. Lakin hazıradək cavabdeh tərəfindən sözügedən razılıq Mərkəzi Filiala daxil olmamışdır. Bu səbəbdən də tərəfimizdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə uyğun qaydada "artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması haqqında” 27.10.2021-ci il tarixli **********7 nömrəli Qərar tərtib olunaraq cavabdehin ünvanına göndərilmişdir. Lakin SS750293252AZ nömrəli poçt xəbərnaməsinə əsasən cavabdehin həmin ünvanda yaşamaması səbəbindən sözügedən X4 geri qaytarılmışdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə bağlı yazılı etirazı (mülahizə) məhkəməyə təqdim olunmamışdır. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iddiaçı və cavabdeh gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddiaçının və cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və elektron məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1991-ci ildə Gəncə şəhərində doğulmuş Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, 6A, 31 ünvanında qeydiyyatdadır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Gəncə şəhəri Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2, 8.5 və 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair 2- 1(112)-5078/2022 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardadın işin baxılması üçün aidiyyəti üzrə göndərilməsi hissəsindən həmin qərardadın təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar