Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5079/2023 14.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinə qarşı «bağlanmış müqavilə üzrə bağ sahəsinin rəsmiləşdirilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinə qarşı «bağlanmış müqavilə üzrə bağ sahəsinin rəsmiləşdirilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Sabunçu rayonu Maştağa bələdiyyəsinin 1 noyabr 2022ci il tarixli 15/90 nömrəli icra sənədi üzrə iddiaçının amlakı üzərinə həbs qoyulması barədə Sabunçu rayon İcra şöbəsinin icra məmuru tərəfindən Bakı şəhəri sabunçu Rayon Məhkəməsinə təqdimat verilmişdir. Naştağa Bələdiyyəsi tərəfindən Bakı ŞİH başçısının 17 aprel 2006-cı il tarixli 94 nömrəli “Torpaq sahələri üzərində fiziki şəxslərin hüquqlarına xitam verilməsi barədə” sərəncamına əsasən bir il və daha çox müddət əvvəl bağ salmaq məqsədilə torpaq sahələri götürmüş, lakin indiyədək üzürlü səbəb olmadan istifadələrindəki sahələrdə heç bir əməli iş görməyən vətəndaşları müəyyənləşdirib akt tərtib edərək, həmin vətəndaşların istifadə hüquqlarına xitam verilməsi ilə əlaqədar komissiya yaradılmışdır. 2 may 2006-cı il tarixdə Sabunçu RİH başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsi, Maştağa Bələdiyyəsinin sədri, X5 və X11 ərazisi üzrə böyük mühəndisi, 2 sahə mühəndisinin iştirakı ilə akt tərtib edilərək, bağ sahələrinin gələcəkdə zibilxanalara çevrilərək antisanitariyanın qarşısının alınması məqsədilə ŞİH-in 17 aprel 2006-cı il tarixli sözügedən sərəncamını və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 2, 4, 8-ci abzaslarını əsas tutaraq, vətəndaşlara verilmiş orderlər ləğv olunmuş və sahələrin X5 və İstismarı Birliyinin boş bağlar balansına keçirilməsi məqsədəuyğun sayılmışdır. Maştağa qəsəbəsi XDS tərəfindən tərtib edilmiş 21 yanvar 1993-cü il tarixli akta əsasən bağ sahəsinin mərhum sahibinin vərəsəsi X3 müəyyən olunmuş və özəlləşdirilməsi məqsədəuyğun hesab edilmişdir. Maştağa Bələdiyyəsi iddiaçı ilə 0,24 ha ərazisi olan bağ sahəsinin torpaq icarəsinə dair (bağ sahəsinin nömrəsi qeyd edilmədən) 12 may 2006-cı il tarixdə 15 illik icarə müqaviləsi bağlayaraq, baxımsız qalmış bağ sahəsini iddiaçıya təhvil vermişdir. İddiaçı icarəsinə verilmiş 0,24 ha bağ sahəsini abadlaşdırmağa başlamış, bağ sahəsinə su xətti çəkdirmiş, orada ağaclar əkmişdir. 2007-ci ildə icarəyə verilmiş həmin bağın və digər qonşu bağların yerləşdiyi ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar “See Brize” şirkəti həmin ərazidə bütün bağ sahələrinin onlara məxsus olmasına iddia edərək, hazırkı iddiaçının icarəsində olan bağ sahəsini müqaviləyə xitam verilmədən zəbt etmiş və hər hansı kompensasiya ödəməmişdir. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 3 may 2005ci il tarixli 3/348 nömrəli arayışına əsasən Maştağa kəndinin 1886-cı ilə dair kameral siyahısında adları qeyd olunan 38 yaşlı X7 və onun qardaşı 30 yaşlı X4 Maştağa kəndində sahəsi 1.730 sajına bərabər üzüm bağlarının olması qeyd edilmiş, həmin üzüm bağlarının üzün müddət baxımsız qalaraq yararsız hala düşdüyü məlum olmuşdur ki, həmin üzüm bağları 3078 – 3078 “A” saylı bağlardır ki, 1939-cu ilədək iddiaçının babası X2 məxsus olmuş və sonradan əvəz ödənilmədən ondan alınmışdır. 15 fevral 2007-ci il tarixdə iddiaçı bağ sahəsindən istifadə edə bilməməsi barədə Maştağa Bələdiyyəsinə məlumat vermiş və babasına məxsus olmuş 3078 – 3078 “A” saylı bağa dair yeni müqavilənin bağlanmasını xahiş etmişdir. Lakin bununla bağlı nəticə olmamışdır. Maştağa Bələdiyyəsinin iddiaçıya ünvanlanmış 9 sentyabr 2022-ci il tarixli 129 nömrəli xəbərdarlığına əsasən iddiaçının 2.570 manat əsas vergi borcu yaranmışdır. Həmin xəbərdarlığın 1.1-ci bəndində həyətyanı və bağ sahələrinin torpaqları üçün fiziki şəxslərin torpaq vergisi 10.000 kv.m-dək olduqda illik vergi dərəcəsi 100 kv.m üçün 0,6 manat qeyd olunmuşdur. İddiaçının icarəsində olan 2.400 kv.m sahənin illik vergi dərəcəsi 14,40 manat təşkil etdiyi halda, Maştağa Bələdiyyəsi iddiaçının istifadəsində olmayan torpaq sahəsi üçün 2.570 manat borc hesablamışdır. 14 sentyabr 2022-ci il tarixdə iddiaçı Maştağa Bələdiyyəsinə ərizə ilə müraciət edərək, 12 may 2006-cı il tarixdə onun adına bağlanmış “torpaq icarəsi”nə dair 15 illik müqaviləyə əsasən ayrılmış torpaq sahəsinin “See Brize” şirkətinə aid olması səbəbindən heç vaxt istifadə etmədiyini, həmin torpaq sahələri barədə Maştağa Bələdiyyəsinin keçmiş rəhbərliyinə məlumat verildiyini bildirmiş və onun adına bağlanmış, lakin müddəti bitmiş müqaviləyə yenidən baxılaraq boş qalmış hər hansı bir bağ sahəsinə dair yeni müqavilənin bağlanmasını xahiş etmişdir. Maştağa Bələdiyyəsinin iddiaçıya ünvanlanmış 29 sentyabr 2022-ci il tarixli 178 nömrəli məktubunda 12 may 2006-cı il tarixli icarə müqaviləsinin əslinin Bələdiyyətə təqdim olunmasının vacibliyi bildirilmişdir. 30 noyabr 2022-ci il tarixdə iddiaçı cavabdehin məktubuna cavab olaraq, 3078 – 3078 “A” saylı bağların üzun müddət baxımsız qalaraq yararsız hala düşdüyü, bağ sahələrinin babasına məxsus olması və həmin bağlara dair yeni müqavilənin bağlanması barədə müraciət etmişdir. Maştağa Bələdiyyəsinin iddiaçıya ünvanlanmış 5 dekabr 2022-ci il tarixli 205 nömrəli məktubunda 3078 saylı bağ sahəsinin Mirzəbala İbrahim oğlunun və 3078 “A” saylı bağ sahəsinin X1 adına qeydiyyata alındığının aşkar edildiyi qeyd edilmiş və hansısa etirazın və ya iddianın olduğu təqdirdə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29-cu maddələrinə, İPM-in 2.2.3, 14, 15, 34-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139- 1.1.1-ci maddəsinə, Torpaq Məcəlləsinin 67, 84-cü maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin müddəalarına, «İnzibati icraat haqqında» Qanunun 19, 24-cü maddələrinə əsaslanaraq, iddiaçı ilə bağlanmış 12 may 2006-cı il tarixli müqavilə üzrə istifadəsiz və ya boş qalmış bağ sahəsinin qeydiyyata alınması öhdəliyinin cavabdeh Sabunçu rayonu Maştağa Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsi məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, iddiaçı məhkəməyə müraciət edərək, icarə müqaviləsi ilə 12 may 2006-cı il tarixdə verilmiş torpaq sahəsi onun istifadəsində olmadığından hər hansı başqa bağ sahəsinin biri ilə əvəzləşdirilməsi və bunun rəsmiləşdirilməsi vəzifəsinin Maştağa Bələdiyyəsinə həvalə olunmasını iddia edir. Şəraitin dəyişməsi ilə əlaqədar bələdiyyə orqanları tərəfindən torpaq sahələrinin istifadəyə və ya mülkiyyətə ayrılmasına, alqı-satqı işinin aparılmasına səlahiyyətləri yoxdur. Göstərilənləri nəzərə alaraq hesab olunur ki, iddia təmin edilməməlidir. Məhkəmədən etirazın nəzərə alınması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavandehin nümayəndəsi X10 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. O, qeyd etdi ki, ərizənin təmin olunması mümkün deyil, hazırda bələdiyyənin bu səlahiyyəti yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1-ci maddəsinə görə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 6-cı maddəsinə görə bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri sırasına daxildir. Həmin Məcəllənin 8-ci maddəsianə görə qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Hüquqi və fiziki şəxslər müraciətlərində aşağıdakıları göstərməlidirlər: torpaq sahəsinin hansı məqsəd üçün ayrılmasını, torpaq sahəsinin hansı hüquqda (xüsusi mülkiyyət və ya icarə hüququ ilə) ayrılmasını, əvvəllər torpaq sahəsi alıbalmadığını, ailə üzvlərinin adına torpaq sahəsi olub-olmadığını; ailə üzvlərinin sayını və tərkibini, torpaq sahəsinin yerini yaxud həmin yerin ünvanını və ölçüsünü, torpaq sahəsində tikilməsi yaxud quraşdırılması nəzərdə tutulan obyektin eskizini, daimi yaşayış yerini (fiziki şəxslər) və ya hüquqi ünvanını (hüquqi şəxslər). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 4.2-ci bəndinə görə hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Qərarın 5.1-ci bəndində qeyd olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Prezidentinin «Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında» 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndində göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın. Sadalanan qanunvericilik aktlarının tələblərindən görünür ki, hər hansı bir hüquqla bələdiyyə torpağının şəxsə (fiziki və hüquqi şəxsə) ayrılması üzrə inzibati icraat ona torpaq ayrılmasını istəyən şəxsin müvafiq bələdiyyəyə müraciəti ilə başlanır və belə icraat çərçivəsində müraciətdə qaldırılan məsələnin (yəni, torpaq ayrılmasının) həllinin birbaşa asılı olduğu hallardan biri də yerli icra hakimiyyəti orqanından alınmış rəydir. Məlum olduğu kimi, Bakı şəhəri üzrə yerli icra hakimiyyəti orqanları tərəfindən bu qəbildən olan rəylərin verilməsi Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə artıq 2017-ci ilin yanvar ayının 1-dən dayandırılmışdır. Həmin rəyin verilməsinin dayandırılması birmənalı olaraq müvafiq bələdiyyələr tərəfindən tərəfindən şəxslərə hazırda torpaq sahəsi ayrılmasını mümkünsüz edir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı hazırda ona cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsi tərəfindən müvafiq ərazidə torpaq sahəsinin ayrılmasını arzulasa da, həmin sahənin bunun yeni müqavilə bağlanmaqla deyil, onunla bağlanmış 12 may 2006-cı il tarixli müqavilə əsasında ayrılmasını tələb edir. Torpaq sahəsinin bu qaydada ayrılması isə, torpaq qanunvericiliyinin tələblərinə görə hər bir halda mümkünsüzdür. Qeyd olunanlar sonda belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Beləliklə, məhkəmə hazırkı iddianı mümkün saymır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5079/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5079/2023
14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver