Məhkəmə qərarları › İş №2-1(112)-5080/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5080/2023

14.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5080/2023 14.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı dəqiqləşmə verərək cavabdehin əsl cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini, iddia tələbinin ləğv edilmiş əlilliyinin bərpa edilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı dəqiqləşmə verərək müddəti bitmiş ikinci dərəcə əlilliyin müddətinin bitdiyi 24 iyun 2021-ci il tarixdən yenidən təyin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.. İddiaçının əsaslandırması: İddianın məzmunundan aydın olur ki, iddiaçıya əlilliyin təyinindən imtina edildiyindən, əlilliklə bağlı ödənişlərin ödənilməsinin iddiaçıya münasibətdə təmin edilməməsi səbəbindən iddiaçı hazırkı ərizə ilə müraciət etmiş, ödənişlərin bərpasını tələb etmişdir. Cavabdehin etirazı Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlilliyi göndəriş əsasında əyani müayinə zamanı da qiymətləndirilmiş və müəyyən edilmiş dir ki, onun sağlamlıq vəziyyəti qanunvericiliyin tələbinə uyğun olaraq əlilliyin təyinatına əsas verən hər hansı xəstəliyin əhatə dairəsinə düşmür. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göndərişlərdən və qiymətləndirmə məlumatlarından görünür ki, iddiaçıya ikinci dərəcə qapalı kəllə beyin travması ilə əlaqədar 10 sentyabr 2014-cü il tarixdən əlillik təyin edilmiş, həmin əlilliyin müddəti 24 iyun 2021-ci il tarixədək uzadılmışdır. Komissiyanın sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron qaydada sənədin surətindən görünür ki, əlilik əlamətinin təyin edilməməsi ilə bağlı iddiaçıya əlilliyin təyinindən imtina edilmişdir. 09 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, göndərişdə əsas xəstəlik və ağırlaşmalar müayinə zamanı öz təsdiqini tapmamışdır. Nevroloji statusda əlillik təyinatına əsas verən patoloji əlamətlər müəyyən edilmir. Ümumiyyətlə diaqnoz əlillik əlaməti təyin etmir. Əlillik altsistemindən görünür ki, 29 aprel 2022-ci il tarixli göndəriş əsasında diaqnozun əlillik əlaməti təyin etməməsi ilə bağlı qərar qəbul edilmişdir. 24 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya əlilliyin təyin edilməsindən növbəti dəfə imtina edilmişdir. Ekspert rəyindən görünür ki, iddiaçı barəsində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozlar xəstənin hazırkı vəziyyəti ilə uyğunluq təşkil etmir. Belə ki, diaqnozlar əyani müayinə zamanı obyektiv əlamətlərlə təsdiq edilmir, nevroloji statusda obyektiv patoloji əlamətlər aşkar edilmir, diaqnoz xəstənin hazırkı obyektiv vəziyyətin deyil, subyektiv şikayətlərinə əsasən müəyyən edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Hazırda qüvvədə olan qanunvericiliyin tələbindən də göründüyü kimi Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında cavabdeh tərəfindən şəxsin əlilliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən edilməkdədir. Lakin, qeyd olunmalıdır ki, hazırkı iş üzrə əlilliyin təyininə dair müraciət və imtina tarixləri nəzərə alınmaqla aparılan qiymətləndirmə zamanı “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” ilə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələbləri də nəzərə alınmalıdır. Nəzərə alınma ilə bağlı tələblər isə konkretdir. Cavabdeh tərəfindən göndərişdə adları sadalanan və yuxarıda adıçəkilən normativ hüquqi aktlarda təsbit edilmiş xəstəliklərin iddiaçıda mövcud olub-olmaması yoxlanılmaqla əlillik dərəcəsinin təyininə dair və ya imtinaya dair qərar qəbul edilməlidir ki, cavabdeh hər iki normativ hüquqi aktın tələblərinə uyğun olaraq yoxlama aparmış və adıçəkilən təyinatı üçün əsasın olmaması qənaətinə gəlinmişdir. Belə ki, iş materiallarında müxtəlif sayda olan göndərişlərdən görünür ki, iddiaçıda mövcud olan əsas diaqnoz və ağırlaşma xarakterli mövcud olması ehtimal olunan xəstəliklər müxfəlif kodlarda (T90.5, G93.2,G93.4, F07.0,) yanakı xəstəliklərlə birgə göstərilmişdir. Cavabdeh tərəfindən həmin xəstəliklərin mövcud olması, mövcud olduğu təqdirdə əlilliyin təyininə əsas verib-verməməsi barədə həm göndəriş əsasında tibbi sənədlər, eləcə də əyani müayinəyə cəlb edilməklə müxtəlif tarixlərdə yoxlanılmış və müəyyən edilmişdir ki, iddiaçıya əlilliyin təyinatı üçün hər hansı əsas mövcud deyil. Əyani müayinə barədə 09 sentyabr 2021-ci il tarixli protokolda qeyd edilir ki, göndərişdə əsas diaqnoz və ağırlaşma kimi qeyd edilən keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət, postravmatik ensefalopatiya. Emosional labil pozuntu, kəllədaxili hipertenziya, koqnitiv funksiyaların pozulması (yaddaş və qavrama pozuntusu), Hipermetropiya. Vegetativ disfunksiya. Polialgia, şəkərli diabet İİ tip, OU-Torqişanın angiopatiyası, Arterial hipertenziya İİ dər, Hepatoxolesistit anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Kəllə-beyin travmasının qalıqları aşkarlanmır, Nevroloji statusda əlillik təyinatına əsas verən patoloji əlamətlər müəyyən edilmir. 24 oktyabr 2022-ci il tarixli qərarda da müəyyən edilmişdir ki, iddiaçının Baş beyin MRT müayinəsinin nəticəsi yaşla əlaqədar olmuş, tibbi rəyində üzvi mənşəli şəxsiyyət pozuntusu göstərilsə də klinik olaraq öz təsdiqini tapmamış, müayinə zamanı aşağı ətraflarda hərəkt məhdudluğu, atrofiy, trofiki pozğunluq aşkar edilməmişdir. Psixapotoloji simptomatika aşkar edilməmişdir. İş üzrə mötəbər sübut kimi qiymətləndirilməsinə hər hansı şübhəli halın olmadığı ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı barəsində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozlar xəstənin hazırkı vəziyyəti ilə uyğunluq təşkil etmir. Belə ki, diaqnozlar əyani müayinə zamanı obyektiv əlamətlərlə təsdiq edilmir, nevroloji statusda obyektiv patoloji əlamətlər aşkar edilmir, diaqnoz xəstənin hazırkı obyektiv vəziyyətin deyil, subyektiv şikayətlərinə əsasən müəyyən edilmişdir. Göründüyü kimi iş üzrə təyin edilmiş ekspert tərəfindən verilmiş rəylə iddiaçının əlilliyin təyinatına əsas verə biləcək əsas diaqnoz və ağırlaşmaların iddiaçıda mövcud olmadığı, diaqnozların xəstənin hazırkı obyektiv vəziyyətin deyil, subyektiv şikayətlərinə əsasən müəyyən edildiyi aşkar edilmişdir ki, məhkəmə hesab edir ki, işin tam və obyektiv araşdırılması, xüsusi bilik tələb edən hallarla bağlı qiymətləndirmənin aparılması üçün təyin edilmiş məhkəmə tibbi ekspertizasına dair ekspert rəyi ilə iddiaçıda xəstəliklərin mövcud olmaması öz təsdiqini tapmışdır ki, həmin rəyin şübhə altına alınmasına əsas ola biləcək hər hansı hal müəyyən edilməmiş, verilmiş rəyin mötəbərliyi məhkəmədə şübhə doğurmamışdır. Odur ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar