Məhkəmə qərarları › İş №2-1(112)-5082/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5082/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5082/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta məbləğinin ödənilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol qəza hadisəsi nəticəsində X3 dəymiş ziyan 8.000 manat dəyərləndirilərək Azərbaycan Sənaye Sığorta ASC tərəfindən ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 29.10.2021-ci il tarixdə zərərçəkmiş X4 idarə etdiyi dövlət qeydiyyat nişanı ** BO *** “HYUNDAY SONATA” markalı minik avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olan zaman 14-15 radələrində Bakı- Qazax magistralının 321-ci kilometrində sol zolaqda hərəkət edən zaman onun sağ tərəfində sağ zolaqla hərəkətdə olan “Qazel” markalı, dövlət qeydiyyat nişanı ** BT *** nömrəli avtomobilin qəfildən, sola dönmə və ya sol zolağa keçərək ötmə əməliyyatını həyata keçirmək məqsədi ilə sola dönmə xəbərdarlıq işığını yandırmadan qəfil sola tərəf dönmüş və nəticədə X2 avtomobilinin sağ ön hissəsinə çırpılaraq sonuncunun idarəetməni itirməsinə səbəb olaraq onun idarə etdiyi avtomobilin dəmir dayaqlara çırpılaraq xeyli ziyan dəyməsinə səbəb olmuşdur. Qəzadan sonra qəza barədə DYP-nə və Sığorta Şirkətinə məlumat verilmişdir. Qəza yerinə gəlmiş DYP-nin əməkdaşları müvafiq prosedur hərəkətləri həyata keçirmiş, ilkin olaraq şifahi qaydada hər iki sürücülərin izahatlarını dinləyərək yol hərəkəti qəzasının ekspertizasını keçirərək “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” DİN-in 12.01.2012-ci il tarixli Q1-001-12 nömrəli qəranna əsasən yol-nəqliyyat hadisəsinin müfəssəl sxemini çəkmiş, sürücülərə təqdim etmiş və sürücülərin heç bir iradı olmamışdır. Sonradan "xxxx" ASC-nin əməkdaşı gələrək hər iki sürücüdən izahatlar almışdır. Sığorta şirkəti tərəfindən Q.E.Bayramova sığorta ödənişinin verilməsindən imtina məktubu göndərilmişdir (№21/901 20 noyabr 2021-ci il tarixdə tərtib edilib). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclas 17 fevral 2022-ci il tarixə təyin edilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərzəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün hesab olunmaqla təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Ağstafa RPŞ tərəfindən 25.02.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 21.0.1965-ci ildə Sumqayıt şəhərində doğulmuş Qədimov X1 rayonu, Muğanlı kəndində qeydiyyatdadır. "xxxx" ASC tərəfindən X3 ünvanlanmış 29 noyabr 2021-ci il tarixli sığorta ödənişlərindən imtinaya dair bildirişdə qeyd olunmuşdur ki, “Qaz 2705" markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil PSS********** saylı “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası" növü üzrə sığorta şəhadətnaməsinə əsasən Cəmiyyətlərində sığortalanmışdır. Vİİİ tağım Yol Patrul Xidmətinin cəmiyyətlərinə təqdim etdiyi sənədlərdən görünür ki, 29.10.2021-cı il tarixdə, saat 14:15 dəqiqədə "Qaz 2705" markalı, 02BT271 dövlət qeydiyyat nişanlı avtomobil və "Hyundai Sonata" minik markalı. 99BD372 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakları ilə Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin növü toqquşmadır “İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 23 1 və 23.1.3-cü maddələrinə əsasən sığorta müqaviləsinin aid olduğu sahələrə (binalara, tikililərə və s.) daxil olmaq, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat aldıqdan sonra hadisənin baş vermə səbəblərini araşdırmaq, o cümlədən hadisəyə səbəb olmuş əmlaka baxış keçirmək, yaxud şəxsdən izahat almaq və ya bu məqsədlə ekspertlər dəvət etmək sığortaçının hüququdur. Cəmiyyətləri sözügedən yol-nəqliyyat hadisəsi barədə məlumat aldıqdan sonra hadisənin baş vermə səbəblərini araşdırmış, hadisəyə səbəb olmuş əmlaka baxış keçirmiş, hadisə iştirakçılarından videogörüntü ilə izahat almış və hadisəni araşdırıb qiymət vermək üçün məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspert dəvət etmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertin cəmiyyətlərinə təqdim etdiyi “Yol-nəqliyyat hadisələrinin hallarının tədqiqi", "Nəqliyyat vasitələrinin üzərində və yolnəqliyyat hadisəsi yerində olan izlərin tədqiqi"nə dair 18.11.2021-ci il tarixli, 29 saylı ekspert rəyində qeyd edilmişdir kı, ekspertizanın təyini haqqında müraciətdə göstərilən məlumatlara və nəqliyyat vasitələrinin üzərində olan zədə və izlərə görə aparılan nəqliyyat-trasoloji tədqiqata əsasən, “Qaz 2705" markalı, 02BT271 dövlət qeydiyyat nişanlı və "Hyundai Sonata" minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillərin sürücülərinin göstərdiyi hadisə mexanizmi, yəni “Hyundai Sonata" minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin "Qaz 2705" markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması və bununla əlaqədar idarəolunmaz vəziyyətdə yolun sağ və sol kənarında olan dəmir konstruksiyalı sədlərə dəyməsi reallığa uyğun deyildir. Belə ki, sürücülərin göstərdikləri vəziyyətdə nəqliyyat vasitələrinin arasında kontaktın baş verdiyi halda, onların üzərində yaranmalı olan zədələr Hyundai Sonata markalı ** BD *** dövlət qeydiyyat nişanlı və QAZ-2705 markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində olmamışdır. Bu da onu izah edir ki, həmin nəqliyyat vasitələri arasında toqquşma baş verməmişdir. Hyundai Sonata markalı avtomobilin üzərində olan bütün zədələr, QAZ- 2705 markalı avtomobillə kontaktdan deyil, Hyundai Sonata markalı avtomobilin yolun sağ və sol kənarında olan maneələrə (dəmir səddə) dəyməsi nəticəsində yaranmışdır. Hyundai Sonata markalı ** BD *** dövlət qeydiyyat nişanlı və QAZ-2705 markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillər arasında toqquşma baş vermədiyindən, qeyd olunan hadisə mexanizmi üzrə sürücü C.Ə.Əzizovun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri tədqiq olunmur. Hyundai Sonata markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göründüyü kimi araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən avtomobillərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi, yəni sahibliyində olan “Hyundai Sonata" minik markalı, 99BD372 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan bütün zədələr, “Qaz 2705" markalı, 02BT271 dövlət qeydiyyat nişanlı avtomobillə kontaktdan deyil, Hyundai Sonata markalı avtomobilin yolun sağ və sol kənarında olan maneələrə (dəmir səddə) dəyməsi nəticəsində yarandığından və onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olduğu müəyyən olunduğundan müvafiq hal sığorta hadisəsi hesab edilmir və Cəmiyyətlərinin onun qarşısında heç bir öhdəliyi yaranmamışdır. "İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə də sığorta ödənişindən imtina verilə bilər Beləliklə, “İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.10-cu maddələrinin tələbinə əsasən 29.10.2021-ci il tarixdə, saat 14:15 dəqiqədə Goranboy rayonu ərazisində baş vermiş müvafiq hal sığorta hadisəsi hesab edilmədiyi üçün "Hyundai Sonata" minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Cəmiyyətlərinin heç bir öhdəliyi yaranmadığından ona sığorta ödənişinin verilməsi mümkün deyildir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-nin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-nin normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Belə ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda konkret olaraq göstərilmişdir. Hazırda iddiaçı tərəfindən iş üzrə cavabdeh qismində göstərilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin təsnifatda inzibati orqan kimi nəzərdə tutulmamışdır. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində cavabdeh qismində göstərdiyi orqan inzibati orqan olmadığından və tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından işə inzibati qaydada baxılması mümkün deyildir. Odur ki, iddiaçının hazırkı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıya izah olunur ki, hazırki tələblə (iddia ərizəsi ilə) mülki məhkəmə icraatı qaydasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, müvafiq ümumi məhkəməyə müraciət etmək hüququ vardır. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta məbləğinin ödənilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayə verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar