Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5084/2025 04.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “dövlət özəlləşdirmə çekləri əsasında səhmlərin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yenidən müddətin bərpa edilməsi və onlara məxsus özəlləşdirmə çekləri əsasında səhmlərin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 20-ci əsrin 90-cı illərində iddiaçıların ailəsinə səhmlər verilmişdir (ailə tərkibi 4 nəfər olmuşdur). Ağır maddi şəraitləri səbəbindən mərhum həyat yoldaşı və oğluna məxsus çeklər satılmış, yalnız iddiaçılara məxus səhmlər saxlanılmışdır. Hazırda yenə çətin maddi vəziyyətlə bağlı səhmlərdən istifadə etmək qərarına gəlmişlər və bunun üçün cavabdehə müraciət etmişdirlər. Cavabdeh tərəfindən çeklər əsasında səhmlərin verilməsinin dayandırıldığı bildirilərək, tələbin təmin edilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılaraq iddia tələbinə münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, İddiaçı1 hazırkı tələblə bağlı xx.xx.2024-cü il tarixli müraciətinə Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-N-0841-8/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə cavab verilmişdir. İş üzrə digər İddiaçı2 tərəfindən iddia ərizəsində göstərilən tələblə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə hər hansı müraciət olunmamışdır. “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 7 yanvar 1993-cü il tarixli Qanununda, Azərbaycan Respublikasının 29 sentyabr 1995-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nda vətəndaşlara Azərbaycan Respublikasında özəlləşdirilən dövlət əmlakının bir hissəsini pulsuz əldə etmək imkanı verən dövlət özəlləşdirmə paylarının verilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 450 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası vətəndaşlarına dövlət özəlləşdirmə payları (çekləri) verilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi prosesində ödəmə vasitəsi kimi təqdim olunan çeklərin və xaricilərin təqdim etdikləri opsionların tədavüldən çıxarılması qaydaları Dövlət Proqramı ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinə dair qanunvericilik aktlarına uyğun olaraq ölkə vətəndaşlarına paylanmış dövlət özəlləşdirmə payları (çekləri) 2011-ci il yanvar ayının 1-dək tədavüldədir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə dövlət özəlləşdirmə paylarının tədavüldə olma müddəti 2002-ci ilin yanvar ayının 1-dək, 11 oktyabr 2001-ci il tarixli, 587 nömrəli Fərmanı ilə 2004cü ilin iyul ayının 1-dək, 11 iyun 2004-cü il tarixli, 75 nömrəli Fərmanı ilə 2008-ci ilin yanvar ayının 1-dək, 13 noyabr 2007-ci il tarixli, 649 nömrəli Fərmanı ilə 2010-cu ilin yanvar ayının 1-dək, 23 dekabr 2009-cu il tarixli, 202 nömrəli Fərmanı ilə 2011-ci ilin yanvar ayının 1-dək 5 dəfə uzadılmış və özəlləşdirmə paylarının tədiyyə vasitəsi kimi son istifadə müddəti 01 yanvar 2011-ci il tarixinədək müəyyən edilmişdir. Bu səbəbdən dövlət özəlləşdirmə payları özəlləşdirmədə tədiyyə vasitəsi kimi istifadə müddəti başa çatdığından dövriyyədən çıxarılmışdır və hazırda qiymətli kağız kimi hər hansı dəyərə malik deyil. Mülki Məcəllənin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Göründüyü kimi, mövcud halda iddianın predmeti olan dövlət özəlləşdirmə payları hüquq münasibətlərinin obyekti olmadığından, onun əsasında hər hansı iddia irəli sürülməsi yolverilməzdir. Eyni zamanda iddiaçılar tərəfindən iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2009-cu il tarixli, 202 nömrəli Fərmanı ilə özəlləşdirmə paylarının tədiyyə vasitəsi kimi son istifadə müddəti 2011-ci ilin yanvar ayının 1-dək müəyyən edilmiş, iddiaçılar tərəfindən bu müddət ərzində hüquqlarından istifadə olunmamış, qanunvericiliklə müəyyən edilmiş iddia müddətləri ötürüldükdən sonra 2024-cü il tarixdə hazırkı tələblə məhkəməyə müraciət olunmuşdur. Mülki Məcəllənin 373.1 -ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Bundan əlavə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.11-ci maddəsinə əsasən maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddianın mümkünülüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və iddiaçının fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. X2 həmçinin qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır (4.1, 5.1, 5.2 və 5.3-cü bəndlər). Məhkəmə hesab edir ki, iddiaçıların ehtimal etdiyi hüquqlarının qorunması indiki məhkəmə baxışı çərçivəsində bilavasitə qanundan irəli gəlmir və onların konkret halda hüquqi müdafiəyə ehtiyacının olması müəyyən edilmir. Belə ki, özəlləşdirmə çekləri “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 mart 1996-cı il tarixli, 450 №-li Fərmanına əsasən tədavülə buraxılmışdır. Həmin Fərmanın 2-ci bəndinə əsasən dövlət özəlləşdirmə payları (çekləri) Azərbaycan Respublikasının hər bir vətəndaşına Azərbaycan Respublikasına məxsus dövlət mülkiyyətinin bir hissəsinin əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağız kimi müəyyən edilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” 16 may 2000-ci il tarixli, 878-İQ №-li Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”nin 3-cü bəndinə əsasən özəlləşdirilən dövlət əmlakının (o cümlədən dövlət müəssisələrinin əsasında yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin, investisiya fondlarının səhmlərinin) alınmasında (ödəniş vasitəsi kimi) dövlət özəlləşdirmə paylarından (çeklərindən) tam və ya hissə-hissə istifadə oluna bilər. Qeyd olunan qanunvericilik aktlarından göründüyü kimi vətəndaşlara, o cümlədən iddiaçılara verilmiş özəlləşdirmə (payları) dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi istifadə imkanını nəzərdə tutmuşdur. Lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 1.5-ci bəndinə (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 202 №-li Fərmanı ilə edilmiş dəyişikliyə görə) əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinə dair qanunvericilik aktlarına uyğun olaraq ölkə vətəndaşlarına paylanmış dövlət özəlləşdirmə payları (çekləri) 2011-ci il yanvar ayının 1-dək tədavüldədir. Göründüyü kimi ölkə vətəndaşlarına paylanmış dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədavüldə olma müddəti 2011-ci ilin yanvar ayının 1-dək müəyyənləşdirilmiş, bundan sonra isə tədavül müddətinin uzadılması barədə həmin Fərmana dəyişiklik edilməmişdir. Məhkəmə hesab edir ki, faktiki olaraq iddiaçılar onlara verilmiş özəlləşdirmə çeklərindən 2011-ci ilin yanvar ayının 1-dək istifadə etmək hüquqlarından istifadə etməyərək bu imkanı qaçırmışlar. İddiaçılar qeyd olunanları bilməli olduqları halda, dövlət aktlarının tələblərinə ciddi yanaşmamış, özəlləşdirmə çeklərini saxlamış, mübahisələndirilən prosedur qapandığı və artıq məsələ ilə bağlı subyektiv hüquqlarını itirdikləri halda hazırkı tələbi irəli sürmüşlər. Belə olan halda isə cavabdeh inzibati orqanın hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində iddiaçının hansısa hüquqlarının pozulması müəyyən edilmir. Halbuki, iddianın mümkün sayılması baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Aparılmış araşdırma ilə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbinin mövcudluğu və beləliklə də, işə mahiyyəti üzrə baxmağa imkan verən şərtlər mövcud deyildir. İddiaçılar hazırkı iddia ilə qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almamış, İPM-in 35.1-ci maddəsinə uyğun olaraq cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişlər. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5084/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5084/2025
04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver