Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5086/2022 10.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin “ASAN Xidmət”lə İş və Elektron İdarəetmə Departamentinə qarşı “müqavilədən əmələ gələn öhdəliyin icra edilməsinin həvalə edilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin “ASAN Xidmət”lə İş və Elektron İdarəetmə Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədən əmələ gələn öhdəliyin icra edilməsinin həvalə olunması və dəymiş ziyan 10.000 (on min) manatın və dövlət rüsumunun cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun məhkəməyə müraciət etməsinin səbəbi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “ASAN Xidmət”lə İş və Elektron İdaretmə Departamenti tərəfindən ona və digər 4 fermer təsərrüfatına vurduğu külli miqdarda maddi ziyanla əlaqədardır. Onun Biləsuvar rayonu, Gəncə yolu 35-ci km-də 65 sot özünə məxsus torpaq sahəsi əkinçilik, heyvandarlıq və bağçılıqla məşğul olmaq üçün 10 ha torpaq sahəsi istifadəsindədir. Həmin torpaq sahəsindən həm də örüş yeri kimi istifadə olunur. Həmin ərazidə o, özünə məxsus elektrik Transformatoru quraşdırmış, o və digər 4 fermer təsərrüfatını və su nasoslarını elektrik enerjisi ilə təchiz edir. 2020-ci ilin iyul ayında həmin Transformatorda texniki baxış keçirmiş və müəyyən qüsurlar aşkar edilmişdir. 01.07.2020-ci ildə X1 rəsmi məktub göndərərək Transformatorun qəzalı vəziyyətdə olmasını aradan qaldırmaq üçün “ASAN Xidmət”ə müraciət etməsini zəruri hesab etmiş, əks təqdirdə elektrik enerjisinin dayandırılacağı bildirilmişdir. Bu məqsədlə o, 11.08.2020-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Perspektiv İnkişaf və “ASAN Xidmət”lə İş İdarəsinə müraciət etmiş, Transformatora texniki baxış keçirib qüsurları aradan qaldırmasını xahiş etmişdir. Uzun müddətdən sonra onunla 06.04.2021-ci il tarixdə “Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin “ASAN Xidmət”lə İş və Elektron İdaretmə Departamentinin direktoru Fərid Əmirov arasında xidmət göstərilməsi haqqında 004046/20 saylı müqavilə bağlanmışdır. 14.04.2021-ci ildə görüləcək işlərə və göstəriləcək xidmətə görə qarşılıqlı razılaşma əsasında o, X3 Filalına 972 manat pul köçürmüşdür. Onun tərəfindən müqavilə imzalanıb xidmət haqqı tam ödənildikdən sonra o, dəfələrlə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müvafiq qurumlarına müraciət etsə də heç bir nəticəsi olmamışdır. Bəzi məmurların səhlənkarlığı nəticəsində Transformator təmir edilməmiş, elektrik enerjisi olmadığı üçün su nasosları işləməmiş, susuzluqdan onun və digər 4 nəfər fermerin fəaliyyəti tam iflic vəziyyətinə düşmüş, əkin sahələri və bağçılıq təsərrüfatı quraqlıqdan tam məhv olmuş, heyvanlar qırılmışdır. Həmçinin şəxsən onun təsərrüfatında 5 nəfərlik bir ailə iş olmadığı üçün (əmək haqqı almadığı üçün) işsiz qalmışdır. Həmin vəziyyət digər fermer təsərrüfatlarında da baş vermişdir. Hazırda o və digər 4 nəfər fermerin təsərrüfatı külli miqdarda zərərə düşmüşdür. Cavabdeh qurum öz öhdəliyini yerinə yetirməmiş, Transformator uzun müddətdir ki, qəzalı vəziyyətdə olduğu üçün işləmir, elektrik enerjisi olmadığı üçün bütün fermer təsərrüfaiları iflic vəziyyətinə düşmüşdür, onun çox saylı müraciətləri cavabsız qalmışdır. Nəticədə təkcə ona əldən çıxmış fayda nəzərə alınmadan 10.000 manatdan çox zərər dəymiş, susuzluqdan meyvə ağacları qurumuş, əkinçilikdə məhsuldarlıq olmamış, iri və xırda buynuzlu heyvanlarda heç bir artım olmamış, əksinə bu ilki anormal istilərdə müxtəlif xəstəliklərə tutulmuşlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırki iddia ərizəsində cavabdeh kimi "xxxx" ASC-nin “ASAN Xidmət”lə İş və Elektron İdarəetmə Departamenti göstərilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cavabdehin əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilməli olması iddiaçıya təklif olunsa da, bununla bağlı iddiaçıya təklif məktubu göndərilsə də, iddiaçı tərəfindən cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsinə münasibət bildirilməmişdir, cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdir. Göründüyü kimi, iddia tələbi iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir. Həmçinin iddia tələbində dəymiş ziyana görə 10.000 (on min) manatın tutulması tələb edilsə də, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh orqana həmin iddia iddia tələbi ilə əlaqədar müraciət etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5086/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5086/2022
10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver