Məhkəmə qərarları › İş №2-1(112)-5086/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5086/2024

06.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5086/2024 06.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nurəddin İbrahimov küçəsi, 41 saylı evin 13 saylı mənzilinə dair mənzil kirayə müqaviləsinin mərhum X2 adından çıxarılaraq iddiaçının adına müqavilə bağlanılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki ünvan 1 ünvanında yaşayır. Həmin mənzilə dair ilkin olaraq onun mərhum əri ilə kirayə müqaviləsi bağlanmış, lakin onun vəfatından sonra kirayə müqaviləsi iddiaçının adına dəyişdirilməmişdir. İddiaçı mənzilə dair daimi kirayə müqaviləsinin onun adına dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciəti üzrə rəsmi cavab verməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X1 arasında 04 may 1978-ci il tarixdə nigah bağlanmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 30 iyun 2021-ci il tarixdə vəfat etmişdir. Əzizbəyov RİH xx.xx.2008-ci il tarixli, 333 nömrəli Sərəncamı ilə Buzovna qəsəbəsi, N.İbrahimov küçəsi, ev 41 ünvanında vət.X4 məxsus 13 saylı mənzildəki 11,8 kv.m mətbəxin, 11,9 kv.m təsərrüfat otağının yaşayış otağına çevrilməsi, 16,2 kv.m mətbəx və sanitar qovşağının tikintisindən ibarət əlavələr qeydiyyata alınmaqla faktiki vəziyyətdə balansa qəbul edilməsi qərara alınmışdır. Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamentinin xx.xx.2008-ci il tarixli 163 №-li əmri ilə Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, N.İbrahimov küçəsi 41 saylı evin 13 saylı mövcud mənzilinə sahəsi 23,7 kv.m olan 2 (iki) yaşayış otağı, sahəsi 8 kv.m olan mətbəx, sahəsi 8,2 kv.m olan sanitar qovşağı birləşdirildikdən sonra mənzilin ümumi sahəsi 87,85 kv.m, yaşayış sahəsi 39,7 kv.m olmaqla 3 otaqlı hesab edilməsi və X2 adına olan mövcud şəxsi hesab vərəqəsində müvafiq dəyişikliklərin aparılması əmr edilmişdir. Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli, 62/3 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nurəddin İbrahimov küçəsi, 41 saylı evin, yaşayış sahəsi 39,7 kv.m olan 3 otaqlı 13 saylı mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və arvadı) X3 adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. Sxemdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nurəddin İbrahimov küçəsi, 41 saylı evin, yaşayış sahəsi 39,7 kv.m olan 3 otaqlı 13 saylı mənzilin ölçülərini və faktiki vəziyyətini əks etdirən sxem 112 saylı MKİS tərəfindən tərtib olunmuşdur. 112 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında mərhum həyat yoldaşı X2 adında olan evdə 1986-cı ildən 2020-ci ilə kimi qeydiyyatda olmuşdur. “SOCAR” tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 435s Sərəncamına əsasən, SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, bütün sənədlərlə bərabər Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan şəxs müəyyən edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından görünür ki, İddiaçı hazırki iddia tələbi ilə cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək mənzilə dair mərhum əri ilə bağlanmış kirayə müqaviləsinin onun adına dəyişdirilməsini xahiş etmiş, lakin sonuncu onun müraciətinə rəsmi cavab verməmişdir. İddiaçı hesab edir ki, o, mənzilin kirayəçisinin (mərhum əri) ailə üzvü olduğundan, onun Mənzil Məcəlləsinin tələblərinə əsasən kirayə müqaviləsinin öz adına dəyişdirməyi tələb etmək hüququ yaranır. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir; 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır; 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 66.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin aşağıdakı vəzifələri vardır: 66.3.1. yaşayış sahəsindən təyinatı üzrə və bu Məcəllə ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; 63.2. yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 66.3.3. yaşayış sahəsini yararlı vəziyyətdə saxlamaq; 66.3.4. yaşayış sahəsinin cari təmirini aparmaq; 66.3.5. yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında ödəmək; 66.3.6. sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə müqavilə ilə nəzərdə tutulmuş müddətdə kirayə verəni məlumatlandırmaq. 81.2. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Məhkəmə yuxarıda göstərilən normalara məcmu şəkildə qiymət verərək bildirir ki, yaşayış sahəsindən istifadə üçün kirayəçilər və mənzil-istismar təşkilatı arasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında təsdiq edilmiş Birtipli müqavilə əsasında yazılı surətdə müqavilə bağlanır. Bu müqavilənin bağlanmasının əsasında dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərarı dayanır. Xüsusi ilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin həm köhnə, həm də hazırda qüvvədə olan redaksiyasına görə mənzilin kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin kirayəçisi ilə bərabər hüquqlara malikdirlər ki, onların öz adlarına kirayə müqaviləsinin dəyişdirilməsini tələb etmək hüquqların (kirayəçinin və digər ailə üzvlərinin razılığı ilə) olduğu maddənin normasına nəzərdə tutulmuşdur. Bu hüquq həmçinin kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə də məxsusdur. Məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti olan mənzildə uzun illərdir ki, faktiki yaşadığından, həmçinin Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli, 62/3 nömrəli Sərəncamı ilə o, mərhum əri və mənzilin kirayəçisi olan X3 ailə üzvü olduğundan, onun Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə əsasən kirayəçinin vəfatından sonra kirayə müqaviləsinin öz adına dəyişdirilməsini tələb etmək hüququ yaranır. Mübahisə predmetini təşkil edən yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan hər hansı bir digər şəxs olmadığından, eyni zamanda yuxarıda adıçəkilən sərəncamda kirayəçinin ailə üzvü kimi yalnız iddiaçının adı göstərildiyindən, iddiaçı tərəfindən kirayə müqaviləsinin öz adına dəyişdirilməsi ilə bağlı hüququn reallaşdırılması üçün hər hansı şəxsin razılığınada ehtiyac yoxdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. AR İPM-nin 52-ci maddəsinin tələbinə əsasən Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Lakin, nəzərə alınmalıdır ki, hazırkı iş üzrə iddianın nəticə hissəsinin ifadə tərzi işə mahiyyəti üzrə qiymətləndirilməsinə, iddiaçının hüquqi marağının konkret olaraq nədən ibarət olmasına imkan verir. Yəni, iddiaçı faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nurəddin İbrahimov küçəsi, 41 saylı evin 13 saylı mənzilinə dair mənzil kirayə müqaviləsinin mərhum X2 adından çıxarılaraq iddiaçının adına müqavilə bağlanılmasını tələb etsə də, faktiki olaraq onun hüquqi marağı məhz kirayə müqaviləsinin öz adına dəyişdirilməsi kontekstində olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nurəddin İbrahimov küçəsi, 41 saylı evin 13 saylı mənzilinə dair kirayə müqaviləsinin mərhum X2 adından çıxarılaraq İddiaçı adına müqavilə bağlanılması (kirayə müqaviləsinin dəyişdirilməsi) öhdəliyi cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar